Dünya uşaqları Bakıda ekoloji layihələr irəli sürdülər

 

Aprelin 7-dən Azərbaycan paytaxtında start götürən Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası (İNEPO — Avrasiya) Bakı Əl Oyunları Sarayında keçirilən təntənəli mərasimlə başa çatdı. “Çağ” Öyrətim Şirkətinin təşkilatçılığı, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Neft və İctimai Teleradio Yayımları şirkətlərinin dəstəyi ilə keçirilən dünya məktəblilərinin ekoloji layihə yarışmasında ölkəmizin təmsilçiləri 37 medaldan 15-ni qazandılar.

 

33 ölkədən 300-dək məktəblinin qoşulduğu beynəlxalq layihə olimpiadasının yekun mərhələsində 97 məktəblinin təqdim etdiyi layihələrə Əl Oyunları Sarayının geniş salonunda on minlərlə təbiətsevər tamaşa etmiş, uşaqların ətraf mühitin mühafizəsi ilə bağlı cəsarətli ideya və təklifləri ilə maraqla tanış olmuşlar. Müxtəlif ölkələrin ekoloq mütəxəssislərindən ibarət nüfuzlu münsiflər heyəti məktəbli layihələrini diqqətlə nəzərdən keçirmiş, ən yaxşı işləri medallara layiq görmüşlər. Ümumiyyətlə, yekun mərhələdə nümayiş etdirilmək hüququ qazanmış layihələr elmi-təcrübi dəyərinə görə yüksək qiymətləndirilmiş və mükafatlandırılmışdır.

Olimpiadanın təntənəli bağlanışına və qaliblərin təltif olunmasına həsr olunmuş mərasimə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış elm və mədəniyyət adamları, ekoloji hərəkat fəalları, məktəblilərin müəllimləri və valideynləri toplaşmışdılar. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra “Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən iştirakçıları salamladı və dördüncü dəfə Bakıda keçirilən məktəblilərin beynəlxalq ekoloji layihə yarışması barədə məlumat verdi.

Təhsil naziri Misir Mərdanov uğurla başa çatan növbəti beynəlxalq olimpiadanın ölkəmizin təhsil həyatında mühüm və yaddaqalan hadisə olduğunu söylədi, bu yarışmanı Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə elan etdiyi “Ekologiya ili”nə layiqli töhfə kimi dəyərləndirdi. Nazir qalibləri səmimi təbrik etdi, olimpiadanı ərsəyə gətirənlərə təşəkkürünü bildirdi.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc iki qardaş ölkənin təhsil işçilərinin növbəti layihəsi olan olimpiadanın yüksək nəticələrindən məmnun qaldığını söylədi, müəllimlərimizə və onların yetirmələrinə yeni uğurlar arzuladı.

Millət vəkilləri Yaqub Mahmudov, Qənirə Paşayeva, BDU-nun professoru Şahlar Əsgərov, Türkiyə səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu və digər natiqlər də qalibləri təbrik etdilər, olimpiadanın ətraf mühitin mühafizəsi kimi qlobal hərəkata məktəblilərin əməli töhfəsi olduğunu vurğuladılar. Yarışmanın təşkilatçısı və hamisi olmuş qurumların rəhbərləri, nüfuzlu rəsmilər və ziyalılar mükafatları təntənəli surətdə qalib məktəblilərə təqdim etdilər.

Təşkilat Komitəsinin sədri, Azərbaycan—Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz qəzetimiz üçün müsahibəsində bildirdi:

— İldən-ilə aktuallaşan və kəskinləşən ekoloji problemlərə şagirdlərimizin diqqətini cəlb etmək, onları ətraf mühitin tarazlığını təmin edə biləcək vətəndaşlar kimi yetişdirmək, ölkə və dünya məktəblilərinin bu hərəkatda fəallığına və əməkdaşlığına nail olmaq üçün 4 ildir ki, Bakıda beynəlxalq məktəbli olimpiadası təşkil edirik. Ötən illərdə əldə etdiyimiz təcrübə, beynəlxalq fənn olimpiadalarında qazandığımız uğurlar imkan verdi ki, dördüncü yarışmanı da yüksək səviyyədə həyata keçirək.

Yekun mərhələdə iştirak edən 97 şagirdin 45-i Azərbaycan məktəblisi idi. Sevindirici haldır ki, 37 medalın 16-nı onlar qazandılar. Olimpiadada bizim liseylərin şagirdləri daha fəal iştirak etdilər. Bu dəfə ölkəmiz üzrə qazanılan 5 qızıl medaldan 2-ni, 4 gümüşdən də 2-ni, 6 bürüncdən isə 1-ni “Çağ” məktəbliləri qazandılar. Bununla, liseylərimizin yetirmələrinin beynəlxalq bilik və bacarıq yarışmalarında qazandıqları medalların sayı — qızıllar 77-yə, gümüşlər 119-a, bürünclər isə 167-yə çatdı.

Beynəlxalq yarışmanın yüksək səviyyədə keçirilməsinə göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinə və digər hamilərə dərin təşəkkürümüzü bildiririk. Sonda onu deyim ki, dünyanın müxtəlif qitələrini təmsil edən 33 ölkənin məktəbliləri Bakıda olduqları 5 gündə ölkəmiz barədə bir çox zəruri məlumatlar aldılar, vətənlərinə Azərbaycan barədə xoş təəssürat apardılar. Qarşımıza qoyduğumuz bütün hədəflərə nail olduq.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2010.- 14 aprel.- S. 4.