Daşkənddə Hüseyn Cavidin “Topal Teymur”
dramının 85 illiyi qeyd edildi
Aprelin ilk ongünlüyündə Daşkənddə
görkəmli dramaturq, şair, ictimai xadim Hüseyn Cavidin
(1882-1941) “Topal Teymur” dramının 85 illik yubileyi qeyd edildi.
Yubileyə həsr olunmuş xatirə gecəsi Azərbaycan
Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi
və Teymurilər Tarixi Dövlət Muzeyinin birgə səyləri
nəticəsində təşkil olunmuşdu. Tədbirin məhz
aprelin 9-u keçirilməsi heç də təsadüfi
deyil, çünki həmin gün bəşəriyyətin
böyük şəxsiyyətlərindən olan Əmir
Teymurun 674 yaşı tamam oldu.
Onilliklərlə Əmir
Teymur şəxsiyyəti həm elmi, həm də bədii ədəbiyyatda
qərəzlə işıqlandırılıb. Çar
hakimiyyəti dövründə Əmir Teymur zalım
istilaçı kimi qələmə verilirdi. Elə bu illərdə
alimlərin tədqiqatlarında böyük sərkərdə
“Tamerlan”, “Topal Teymur” adı ilə qeyd olunurdu. Sonraki illərdə
sovet tarixşünaslığında da onu qəddar
işğalçı kimi xarakterizə edirdilər.
Azərbaycanda Əmir Teymura
xüsusi münasibət yaranmışdı. Azərbaycan ədəbiyyatı
və incəsənətində Əmir Teymur obrazına
bütün türk dünyasının əzəmət
simvolu kimi baxılırdı. XX əsrin əvvəllərində
Əmir Teymur obrazına müraciət edənlərdən
biri Hüseyn Cavid olmuşdu. “Topal Teymur” dramı Azərbaycan
müəlliflərinin Əmir Teymura həsr etdikləri əsərlər
sırasında ən qiymətlisidir desək,
yanılmarıq. H.Cavid obraz üzərində işləyərkən
böyük çətinliklərlə üz-üzə gəlir.
Sovet İttifaqında böyük türk sərkərdəsinə
bəlli münasibətə görə H.Cavid təzyiqlərlə
qarşılaşır. Hüseyn Cavid “Topal Teymur” tarixi
dramını 1925-ci ildə tamamlayır, elə həmin ildə
əsər Bakı və Daşkənddə “Əmir Teymur”
adı ilə səhnəyə qoyulur. Hüseyn Cavid Azərbaycanın
mədəni həyatında böyük nüfüza malik bir
şəxs olduğuna görə dramın səhnələşdirilməsinə
icazə verilir. Dramdakı Əmir Teymur obrazı sovet
ideologiyasına uyğun gəlmirdi – müəllif onu qəddar,
zalım axsaq kimi yox, böyük sərkərdə, türk
dünyasını birləşdirən, elmin, incəsənətin,
ticarətin hamisi kimi təqdim etmişdi. 1926-cı ildə əsər
Bakıda teatrın səhnəsində göstərilir.
Baş rolu dramatik planlı aktyor Sidqi Ruhulla ifa edirdi. Tamaşa
böyük maraqla qarşılansa da tezliklə əsərə
qadağa qoyuldu: Cavidə və teatrın rəhbərliyinə
təkidlə məsləhət görüldü ki, Əmir
Teymur obrazı xoşagələn tərzdə verilməsin.
1937-ci ildə Hüseyn Cavid həbs olunarkən ona qarşı
irəli sürülən ittihamlardan biri də Əmir Teymur
şəxsiyyətini təbliğ etməyi idi. Dramaturq 8 illik
həbs edilərək dustaq düşərgəsinə
göndərildi.
1983-cü ildə Azərbaycan
Televiziyası dramı ekranlaşdırır. Uzun illərdən
sonra Azərbaycan tamaşaçısı görkəmli sərkərdənin
siyasi sifarişlərdən uzaq bir obrazını
görür.
Tanınmış özbək
dilçisi Osman Kuçkarın tərcümə etdiyi əsər
1998-ci ildə özbək dilində “Cahon adabiyoti”
jurnalında dərc olunur. Tədbir öncəsi səfirliyimizin
əməkdaşları Özbəkistan Respublikasının
rəsmiləri ilə birlikdə böyük sərkərdənin
şəxsiyyətinə ehtiram əlaməti olaraq Əmir
Teymurun heykəlinə gül çələnginin
qoyulması mərasimində iştirak etdilər. Teymurilər
Tarixi Dövlət Muzeyinin böyük zalında keçirilən
tədbirə Özbəkistan dövlət qurumlarının
və ictimai təşkilatlarının rəhbərləri,
Daşkənddə akkreditə olunmuş səfirliklər və
digər xarici təmsilçiliklərin
başçıları, tanınmış ziyalılar,
KİV nümayəndələri, Azərbaycan diasporunun fəalları
dəvət olunmuşdular.
Tədbirə qonaq və
iştirakçı qismində AMEA-nın müxbir
üzvü, professor Teymur Kərimli, Hüseyn Cavid ev-muzeyinin
direktoru, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz
Babaxanlı, sənətşünaslıq namizədi Fəridə
Quliyeva dəvət olunmuşdular. Tədbiri giriş
sözü ilə Teymurilər Tarixi Dövlət Muzeyinin
direktoru, tarix elmləri doktoru Nazim Həbibullayev
açmışdır. Azərbaycan Respublikasının
Özbəkistan Respublikasında müvəqqəti işlər
vəkili, tarix elmləri namizədi Akif Əliyev
çıxışında qeyd etmişdir ki, yalnız
dövlətlərimiz müstəqillik əldə etdikdən
sonra türk aləminin böyük oğlunun həyat və fəaliyyəti
həqiqi tarixi mənbələr əsasında ciddi tədqiq
olunmağa başlamışdır.
Əmir Teymur şəxsiyyəti
Özbəkistandan kənarda da getdikcə daha çox tədqiqatçı,
yazıçı və dramaturqları özünə cəlb
edir. Azərbaycanda “Əmir Teymurun qanunlar külliyatı” tərcümə
və çap edilib, onun yürüşlərini
işıqlandıran mənbələr dərc olunub, Azərbaycan
yazıçı və dramaturqları Məmməd Səid
Ordubadi, Hüseyn Cavid və İsa Hüseynovun əsərlərində,
“Nəsimi” bədii filmində, “Topal Teymur” televiziya
tamaşasında Əmir Teymur böyük dövlət xadimi
kimi xarakterizə olunmuşdur.
AMEA-nın müxbir
üzvü, professor Teymur Kərimli
çıxışında Hüseyn Cavid
yaradıcılığının təkcə Azərbaycanın
deyil, qonşu ölkələrin də dramaturgiyasının
formalaşmasına təsir göstərməsindən
danışmışdır. Dramaturqun Qafqaz və Orta Asiya səhnələrində
göstərilən əsərləri dövrün
mühüm ümumbəşəri problemlərinə həsr
olunurdu. Bu əsərlər o qədər məşhur idi ki,
müasirləri onu “Azərbaycan teatrının Şekspiri”
adlandırırdılar.
Səfirliyin ikinci katibi, tarix
elmləri namizədi Səbuhi Əhmədov Hüseyn Cavidin “Əmir
Teymur” əsərinin səhnə taleyi barədə məlumat
vermişdir. O qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin
səyləri nəticəsində respublikada Hüseyn Cavidin həyat
və fəaliyyəti tədqiq olunmağa
başlamışdır.
Tədbirdə 1983-cü ildə
Azərbaycan Televiziyası tərəfindən çəkilmiş
“Topal Teymur” tamaşasından fraqmentlər nümayiş
olunmuş, Ə.Nəvai adına Dövlət Akademik
Böyük Teatrının aktyorları Abdulla Aripovun “Əmir
Teymur” dramından parçalar ifa etmişlər.
Muzeyin foyesində dramaturqun həyat
və fəaliyyətini, eləcə də əsərlərinin
səhnə həyatını əks etdirən fotosərgi təşkil
olunmuşdur.
Pərzad ABDİNOVA,
Daşkənddəki Heydər Əliyev
adına
Azərbaycan Mədəniyyət Mərkəzinin
əməkdaşı
Xalq qəzeti.- 2010.- 16 aprel.- S. 7.