Azadlıq böyük nemətdir, qədrini bilin...

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirəndə ki, onlar Milli Məclisin üzvü, yazıçı dramaturq Hüseynbala Mirələmov və bir qrup yaradıcı şəxslə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində cəza çəkən yeniyetmələrin görüşünə gedirlər, mən də böyük maraqla onlara qoşuldum. Mənim üçün yad mövzu deyildi. Hələ 90-cı illərin əvvəllərində Respublika radiosunun “Gənclik” redaksiyasında çalışarkən şəxsi layihəm əsasında məhz belə yeniyetmələrin taleyindən, problemlərindən bəhs edən “Narahat səslər” adlı verilişlər də hazırlamışdım.

 

Elə o vaxtdan görürdüm ki, ən müxtəlif səbəblərdən həyatlarının sevinc və şənlik yaşanası anlarını məhbəsdə keçirən belə yeniyetmələrin taleyin ilk zərbəsindən həyatın dibinə çökməmələri üçün ziyalı sözünə, ağsaqqal nəsihətinə, xoş rəftara və azadlıqdan gələn isti və doğma münasibətə böyük ehtiyacları var. Düz 20 il sonra gördüm ki, bu ehtiyac heç də dəyişməyib.

Bir gözləri nəzarətçilərdə, bir gözləri də məhbəsə azadlığın isti nəfəsini gətirən qonaqlarda olan yeniyetmələrin baxışlarından elə ilk andan hər şeyi duymaq olurdu. Görüş başlamazdan öncə saçları qısa kəsilmiş, gözlərində həyat eşqinin parıltısı olan yeniyetmələr dərhal yerlərini tutdular.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti rəisinin müavini, ədliyyə podpolkovniki Hüseyn Əlixanov görüş iştirakçılarını salamlayıb bildirdi ki, Penitensiar Xidmət Baş İdarəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə islah olunan uşaqlarla 2010-cu ildə görüləcək işlərə dair Tədbirlər Planı işləyib hazırlamış və təsdiq etmişdir. Bugünkü görüş həmin Planın növbəti tədbirlərindən biridir və bu səviyyədə ictimai-siyasi xadimlərin, yaradıcı, ziyalı şəxslərin tərbiyə müəssisəsinə görüşə gəlməsi, doğurdan da, bizim üçün böyük hadisədir.

Rəis müavini yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun yaradıcılığından, onun “Xəcalət” dramının islah-əmək müəssisələrinin birində uğurla nümayişinin böyük əks-səda doğurmasından danışdı və bunun cəzaçəkmə müəssisələrindəki məhbusların islah olunmasında təsirli rol oynayacağını diqqətə çatdırdı.

Sonra tədbirin təşkilatçısı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxış edərək bildirdi ki, bir daha bu yeniyetmələrin cəmiyyətimiz, dövlətimiz və xalqımız tərəfindən unudulmadığını nümayiş etdirdik. Qonaqları görüş iştirakçılarına təqdim edən A.Sofiyeva daha sonra dedi:

– İki millət vəkilinin – Hüseynbala Mirələmov və Hadi Rəcəblinin, eləcə də “Azərbaycan” jurnalının baş redaktorunun, Xətai Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsinin, tanınmış publisistlərin, jurnalistlərin bura gəlişində məqsəd odur ki, siz unutmayasınız: Azərbaycan xalqının bir parçasısınız və düşünüb, səhvlərinizi dərk edib daxilən təmizlənməli və azadlığa qovuşduqdan sonra dövlətə, Vətənə ləyaqətlə xidmət etməlisiniz.

Millət vəkili Hadi Rəcəbli həmkarı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun həyat və yaradıcılığından bir neçə maraqlı məqamı xatırladaraq bildirdi ki, onun qazandığı uğurların təməlində zəhmət, ailəsinə, elinə, obasına, xalqına sevgi və məhəbbət, təbii ki, bir də daim mütaliə edib, öyrənib mənən zənginləşmək durur. O bu gün tanınmış yazıçı-dramaturq, alim olmasına baxmayaraq, yenə mütaliə edir. Natiq müəssisədəki yeniyetmələrə həyatın hər üzünü göstərən bədii ədəbiyyat oxumağı, məşhur və dahi insanların həyat və fəaliyyətini öyrənməyi və bununla özünə doğru yol seçməyi məsləhət gördü.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, ədəbi tənqidçi Bəsti Əlibəyli, Milli Kitabxananın şöbə müdiri Xuraman İsmayılova və digər qonaqlar da yeniyetmələrə mütaliənin, bədii ədəbiyyatın insanın formalaşmasındakı rolundan və bu cəhətdən onların görüşünə gələn yazıçı Hüseynbala Mirələmovun əsərlərinin tərbiyəvi əhəmiyyətindən danışdılar.

İntiqam Qasımzadə görüşə yazıçının əliboş gəlmədiyini və öz əsərlərinin yeni nəşrlərini gətirdiyini qeyd edərək dedi:

– Mən çox istərdim siz Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından olan və ümummilli liderimizin bitkin, gerçək obrazını bütün incəliklərinə kimi göstərən “Heydər Əliyev” əsərini oxuyasınız. Bu kitab bütün azərbaycanlılara Vətənə, xalqa və öz dövlətinə necə xidmət etməyi, onları necə sevməyi və bu yolda hansı əzablara tab gətirməyi göstərir. Bu kitabda həyat və fəaliyyətinə hələ uzun illər nəsillərin qibtə edəcəyi misilsiz bir dahinin, cəngavərin, bitkin bir şəxsiyyətin canlı, həyatdan gələn və tarixdə daim qalacaq bir obrazı var. Oxuyun bu kitabı – səbr, təmkin, sevgi, qəhrəmanlıq, mərdlik, qətiyyət, mübarizlik və öz əqidəsinə sədaqətliliyi öyrənin. Hüseynbala Mirələmovun “Yanan qar”, “Xəcalət”, “Cəza”, “Gəlinlik paltarı” əsərlərini oxuyun. Bunların hər birində yazıçının necə bir həyat yaşadığını, necə sevib yaratdığını görəcəksiniz və həyata baxışınız dəyişəcək.

Nəhayət, söz yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmova verildi. Yazıçı ani bir sükutla yeniyetmələrə nəzər salıb dərin köks otürüb dedi:

– Mən bura qədəm qoyandan sizin baxışlarınızda qiymətli bir varlığı itirmiş narahatlıq, gərginlik və bir qədər də xəcalət gördüm. İndi, yalnız indi anladım ki, bu qiymətli varlıq dünyanın heç bir maddiyyəti ilə əvəz edilə bilinməyəcək azadlıqdır. Doğrudur, bura da həyatın bir üzüdür. Ancaq bu, insanın Tanrıdan verilən azadlıq hüququnu məhdudlaşdırır. Sizə nə qədər yaxşı baxsalar, necə gözəl yeməklə, maddiyyətlə təmin etsələr də, ruhən daim azadlığın yanğısı ilə əzab çəkəcəksiniz. Amma bu məqamda sizi azadlığa bir şey apara bilər ...ədəbiyyat, roman, şeir, dastan. Siz onların sehirli dünyasına düşəndə özünüzü ruhən burdan uzaqlarda, evdə, sevdiyiniz insanların yanında anacaq və azadlığı mənən yaşayacaqsınız. Bəlkə də, məhbusa azadlığın dadını unutmağa qoymayan da bu ruhun azadlıqda olmasıdır.

Həyatın üzünüzə gülmədiyi aydındır. Amma o da gerçəkdir ki, həyat heç də həmişə və hamı üçün üzə gülmür. Siz bu dünyanın elə bir üzündəsiniz ki, sizə kimsə yaxşını və pisi ayırmaq dərsi keçə bilməz. Bəlkə, siz bu gün burada onu çoxlarından yaxşı bilirsiniz. Sizə qısaca, keçmiş olsun, – deyirəm. Səhvsiz insan olmur. Nadan o insandır ki, səhvini düzəldə bilmir və ya buna mübarizə ruhu çatmır. Həyatda çox az şey gördünüz və çox şeyin dəyərini bilirsiniz. Buradakı ömrünüzü bada verməyib, azadlıqdakı taleyin xoşbəxtliyi naminə xarakterinizi formalaşdırın.

Gurultulu alqışlardan sonra rəsmi hissə yeniyetmələrin Azərbaycan himnini uca səslə oxuması ilə başa çatdı. Hüseynbala müəllim və qonaqlar yeniyetmələrlə daha səmimi söhbətə başladılar. Qonaqların gətirdiyi hədiyyələr, kitablar və şirniyyat onlara təqdim olundu.

Mən isə nədənsə, sıxılırdım. Qəribəydi, geniş və kifayət qədər işıqlı olan zalda hava o qədər ağır idi ki, nəfəs almağa çətinlik çəkirdim. Bilmirəm, bəlkə bu ona görə idi ki, bu geniş zalın yerləşdiyi ərazi, sadəcə, həbsxana idi və burada ruhu qidalandıran azadlığın havası yox idi.

Yeniyetmələrə tezliklə azadlığa qovuşmaq istəyimizi bildirib oranı tərk etdik. Dəmir qapıların arxasındakı həyatı orda qoyub öz azadlığımızı yaşamağa davam etdik. Amma o uşaqlara vaxtaşırı azadlıq havası aparmaq istəyi qəlbimizdə kök saldı.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2010.- 16 aprel.- S. 5.