Prezident İlham ƏLİYEV: Azərbaycan
öz müsbət inkişafını gücləndirir və
davam etdirir
Son illərin qlobal maliyyə böhranının
yaratdığı çətinliklərdən, ağır
sınaqdan şərəflə, üzüağ
çıxmış Azərbaycan Respubilkasının
sosial-iqtisadi inkişafı öz axarı ilə davam edir, həyatın
bütün sahələrində yüksək tərəqqi,
sürətli inkişaf nəzərə çarpır. Bu da
təsadüfi deyil. Çünki özünün daxili
imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan
ölkəmiz artıq 17 ilə yaxındır ki, müstəqil
iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin
təşəbbüskarı və əsas
iştirakçısı kimi regionda və dünyada
mühüm tərəfdaşa, nüfuz sahibinə
çevrilir. Əlverişli geosiyasi mövqeyə malik
olması, mühüm enerji layihələri ölkəmizin
iqtisadi qüdrətinin ilbəil artmasına, ümumi
inkişaf tendensiyasına görə liderlik mövqeyinin
qorunub saxlanmasına imkan yaradır. Elə 2004-2009-cu illərdə
iqtisadiyyatımızın 2,8 dəfə artması da bir daha
sübut edir ki, əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş siyasi, iqtisadi və sosial
islahatlar öz müsbət nəticələrini verməkdədir.
Dünya tarixində
böhran ili kimi qalan 2009-cu ildə 10 faizlik iqtisadi artıma
nail olan Azərbaycan Respublikası cari ilə də yüksək
iqtisadi göstəricilərlə başlamışdır. Təkcə
onu demək kifayətdir ki, 2010-cu ilin birinci rübündə
Azərbaycanda 5,4 faizlik iqtisadi artıma nail olunmuş, sənaye
istehsalın 5,6 faiz, kənd təsərrüfatı isə
1,5 faiz artmışdır.
Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da ümumi tərəqqini səciyyələndirən bu kimi məqamlara toxunuldu, həyata keçirilən bütün islahatların, görülən tədbirlərin başlıca hədəfinin məhz Azərbaycanı qüdrətli bir dövlətə çevirməklə ölkə əhalisinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarət olduğu vurğulandı. Hökumətin iclasındakı giriş nitqində dövlət başçısı ölkəmizin son illər qazandığı uğurlardan, cari ilin ilk rübündə əldə olunmuş yüksək nəticələrdən söhbət açarkən bəyan etdi ki, bütün makroiqtisadi göstəricilərimiz bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Ölkəmiz öz müsbət inkişafını gücləndirir və davam etdirir.
Azərbaycanın iqtisadi inkişafının ilbəil sürətlənməsi büdcə gəlirlərinin, ölkənin valyuta ehtiyatlarının artmasına səbəb olur. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 22,3 milyard dollara çatmışdır ki, bu da qarşıya qoyulan istənilən məsələni həll etməyə, qəbul olunmuş proqramları uğurla reallaşdırmağa imkan yaradır. Bu müsbət tendensiyasını yüksək dəyərləndirən Prezident İlham Əliyev demişdir: “... Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil və ölkə iqtisadiyyatına qoyulan sərmayələr də yüksək səviyyədədir, əlbəttə ki, biz gələcəkdə də valyuta ehtiyatlarımızın artımını görəcəyik. Çünki əvvəlki illərdə görülən işlər, xüsusilə neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatlarımızı yığaq ki, öz növbəsində həm iqtisadi, həm infrastruktur, həm də sosial məsələlərin həlli üçün onlardan istifadə edək və güclü bir maliyyə resursları əldə edək”.
Sevindirici haldır ki, Azərbaycan artıq öz maliyyə imkanları ilə dünyanın investisiya qoyan ölkəsinə çevrilməkdədir. Təsadüfi deyil ki, indi Azərbaycan Dövlət Neft Fondu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasında iştirak edir. Bu da ölkəmizin beynəlxalq qurumlar tərəfindən artıq bərabərhüquqlu tərəfdaş kimi tanınmasına, uğurlu əməkdaşlığa dəlalət edir.
Yeri gəlmişkən, ölkənin maliyyə imkanlarının ilbəil artması büdcə xərclərini tam təmin etməyə imkan verir. Məhz bunun nəticəsdir ki, hazırda Azərbaycanda Dövlət İnvestisiya Proqramı icra edilir. Son illər ölkəmizdə mühüm infrastruktur obyektləri tikilir, yeni-yeni iş yerləri açılır. Azərbaycanda investisiya layihələrinin uğurla icra olunduğunu vurğulayan dövlət başçısı bildirdi ki, son illər ərzində sərf olunan on milyardlarla dollar investisiyanın böyük hissəsini daxili investisiyalar təşkil edir. Ölkənin tələbatını ödəmək üçün investisiya şəklində yönəldilən vəsait hesabına həm sənaye istehsalının artırılması, həm də yeni iş yerlərinin açılması mümkün olmuşdur.
Bu yaxınlarda dövlət başçısının iştirakı və xeyir-duası ilə Bakıda yeni, müasir gəmiqayırma zavodunun təməli qoyulmuşdur. Bundan əlavə, qarşıdakı illərdə Azərbaycanda ixtisaslaşdırılmış texnoparkların, hərbi sənaye kompleksinin yaradılması planlaşdırılır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”na əsasən bölgələrin sənaye potensialının hərəkətə gətirilməsi, emal sahələrinin inkişafı nəzərdə tutulur ki, bu da ölkəmizdə sənayeləşmə siyasətinin uğurla reallaşdırılmasına təkan verəcəkdir.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən birinin iqtisadiyyatın şaxələndirilməsindən ibarət olduğunu dəfələrlə bəyan edən Prezident İlham Əliyev bu məsələyə xüsusi önəm verildiyini cari ilin ilk rübünün sosial-iqitisadi inkişafının yekunlarına həsr olunmuş iclasda da səsləndirdi: “Əgər iqtisadiyyatımız şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabət qabiliyyətliliyinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı. Məhz ona görə birinci yeri tutmuşuq ki, iqtisadiyyatımız çoxşaxəlidir, bir sektordan asılı deyildir. Neft-qaz sənayesi, güclü neft-qaz potensialımız, o sektora cəlb edilən investisiyalar, onlardan düzgün istifadə edilməsi bizə imkan yaratdı ki, iqtisadiyyatımızı şaxələndirək. Bu gün biz buna nail ola bilmişik və dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 51-ci yerdədir. Bu, çox böyük uğurdur, böyük nəticədir. Əminəm ki, biz bu yüksək yerləri daim əlimizdə saxlayacağıq”.
Qeyri-neft sektorunun inkişaf etdirilməsini özünün iqtisadi siyasətinin əsas prioritetlərindən sayan Azərbaycan Respublikası bu sahədəki nəticələrini ilbəil yaxşılaşdırır. Bu tendensiya cari ilin birinci rübü ərzində də davam etmiş, ölkəmizin qeyri-neft sektorunda 2,8 faizlik artım qeydə alınmışdır. Bununla belə, ölkəmizin davamlı inkişafının başlıca katalizatoru sayılan neft-qaz sektorunda da bir sıra layihələr reallaşdırılır. 2010-cu ilin birinci rübündə Azərbaycanın neft-qaz sənayesi üçün böyük əhəmiyyət kəsb edən “Çıraq – 2” layihəsinə start verilmişdir. Məlum olduğu kimi, layihə çərçivəsində nəzərdə tutulan işlərin reallaşdırılmasına 6 milyard dollar əlavə investisiya yönəldiləcək, minlərlə yeni iş yeri yaradılacaq.
Ölkədə davam edən dinamik inkişaf sosial obyektlərin tikintisini də xeyli sürətləndirmişdir. Son illər bölgələrdə ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş müasir xəstəxanaların, müalicə-diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsini dövlət başçısı daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, yerlərdən gələn təklif və xahişlər nəzərə alınaraq Prezidentin Ehtiyat Fondundan müasir səhiyyə obyektlərinin tikintisi, mövcud xəstəxanaların əsaslı təmiri üçün lazımi vəsait ayrılır.
Bütövlükdə isə 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişaf baxımından çox uğurlu olduğunu vurğulayan Prezident İlham Əliyev əminliklə bildirdi ki, bu müsbət dinamika qarşıdakı aylarda da qorunub saxlanılacaq və Dövlət İnvestisiya Proqramı çərçivəsində dövlət büdcəsində nəzərdə tutulmuş bütün vəzifələr uğurla icra ediləcəkdir. Hökumətin iclasına yekun vuran dövlət başçısı bildirdi ki, əldə olunmuş makroiqtisadi sabitliyin qorunub saxlanılması, inflyasiyanın arzu olunmayan səviyyəyə qalxmasına imkan verilməməsi üçün istehlak qiymətlərinə nəzarət gücləndirilməlidir. Elə etmək lazımdır ki, Azərbaycan vətəndaşları 2010-cu ildə öz yaşayış səviyyəsini artıra bilsinlər. Bu məqama toxunan Prezident onu da qeyd etdi ki, ölkə iqtisadiyyatı elə inkişaf etməlidir ki, orta əmək haqqı artsın, yoxsulluğun səviyyəsi daha da aşağı salınsın.
Nazirlər Kabinetinin iclasındakı yekun nitqində qarşıda duran digər məsələlərə toxunan Prezident İlham Əliyev ilin sonuna qədər nəzərdə tutulmuş əsas investisiya, infrastruktur layihələrinin başa çatdırılmasının vacibliyini vurğuladı. Həmin layihələrə isə Bakı – Gürcüstan, Bakı – Rusiya sərhədi, Bakı – Şamaxı və Şamaxı – Qəbələ yolu kimi mühüm əhəmiyyət kəsb edən dövlət əhəmiyyətli magistral yolları, habelə Oğuz – Qəbələ – Bakı su kəməri və paytaxtda yaradılan nadir bayraq meydanı daxildir. Bundan əlavə, dövlət başçısı ilin sonunadək sosial infrastrukturun yeniləşməsi, olimpiya kompleksləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqlarının da inşasının vaxtında başa çatdırılması ilə bağlı konkret tapşırıqlarını verdi.
Prezident həmçinin ölkəmizin 2013-cü ilə qədərki dövrünün sosial-iqtisadi inkişafı planını özündə əks etdirən ikinci regional Dövlət Proqramının icrasını sürətləndirmək məqsədilə bir sıra göstəriş və tövsiyələrini verərək bildirdi: “...Bütün dövlət qurumları bu istiqamətdə öz vəzifələrini bilirlər. Bu il nəzərdə tutulan kreditlər vaxtında verilməlidir. Aqrolizinqlər, aqroservislər kənd təsərrufatı texnikası ilə təmin edilməlidir, damazlıq heyvanlar alınmalıdır, gübrələr, subsidiyalar verilməlidir. Kənd təsərrüfatı, sahibkarlıq, regional inkişaf bir-biri ilə bağlı olan məsələlərdir. Əgər nəzərdə tutulmuş bütün tədbirlər görülərsə, – nəzərə alsaq ki, maliyyə resursları da vardır, – bu sahədə daha müsbət irəliləyiş əldə olunacaqdır”.
Ətraf mühitin sağlamlaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyevin təşəbbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan olunmuşdur. Hökumətin iclasında dövlət başçısı vətəndaşların sağlamlıqlarının təmin olunmasında mühüm amil sayılan ekoloji tarazlığın qorunması məqsədilə mütəmadi şəkildə ekoloji monitorinqlərin aparılmasını tövsiyə etdi. Dövlət başçısı paytaxtımızın, ölkəmizin sərvəti kimi dəyərləndirdiyi Bakı buxtasının təmizlənməsi, dənizə axıdılan çirkab sularının qarşısının alınması üçün kanalizasiya xətlərində ciddi tədbirlər görülməsi, təmizləyici qurğuların inşa edilməsi ilə bağlı aidiyyatı qurumlara müvafiq tapşırıqlar verdi.
Nazirlər Kabinetinin iclasında dövlət başçısı ölkənin neft-qaz strategiyası ilə bağlı qarşıda duran vəzifələrə də aydınlıq gətirdi. Bildirdi ki, bizim qazımız üçün etibarlı, uzunmüddətli və qanunlarla tənzimlənən bazarlar lazımdır. “Cənub dəhlizi” layihəsi baş tutarsa, Azərbaycanda qazın hasilatı indikindən ən azı 16 milyard kubmetr çox olacaq və ümumi hasilatımız 40 milyard kubmetri keçəcək. Məhz “Cənub layihəsi”nin həyata keçirilməsində ən maraqlı tərəf Azərbaycandır. Bütövlükdə Prezident İlham Əliyev Azərbaycan qazına getikcə artmaqda olan marağa geniş toxundu və bu sahədə istənilən danışıqların ölkəmizin mənafeyinə uyğun həll olunacağını bildirdi.
Hökumətin iclasına yekun vuran Prezident İlham Əliyev əminliklə bildirdi ki, növbəti üç ay ərzində həm dövlət büdcəsində, həm də Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan bütün sosial məsələlərin həllinə nail olunmaqla, Azərbaycanın uğurlu dinamik inkişafı təmin ediləcəkdir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 16 aprel.- S. 2.