Yüksək döyüş hazırlığı

 

Silahlı Qüvvələrimiz düşmənə layiqli cavab verməyə hər an hazırdır

 

Azərbaycan Prezidentinin ölkədə ordu quruculuğu işini prioritet elan etməsi və Dağlıq Qarabağ probleminin həllində prinsipial mövqe sərgiləməsi Silahlı Qüvvələrimizin həyatında, sözün həqiqi mənasında, əsaslı dönüş yaratmışdır. Bu sahədə qısa zaman kəsiyində həyata keçirilən mühüm dövlət tədbirləri, aparılan islahatlar Azərbaycan Ordusunu Qafqazın ən güclü silahlı qurumu kimi dəyərləndirməyə zəmin yaratmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimizdə son illər yüksək döyüş hazırlığına zəmanət verən bir sıra mühüm uğurlara imza atılmışdır. Sevindirici haldır ki, bu uğurların ünvanı yalnız ölkə daxilində məhdudlaşmır. Azərbaycan Ordusu az bir vaxtda beynəlxalq aləmdə də özünə kifayət qədər yüksək imic və nüfuz qazanmışdır.

 

Bu haqda danışarkən ilk növbədə onu vurğulamalıyıq ki, beynəlxalq əməkdaşlıq ordumuzun mühüm inkişaf istiqamətlərindən biridir. Bu sırada əsas yeri dünyanın ən güclü hərbi strukturu sayılan NATO ilə münasibətlər tutur. Azərbaycan Respublikası ilə NATO arasındakı hərbi-strateji münasibətlərin əsası da 1993-cü ildə məhz Heydər Əliyev tərəfindən qoyulub. Həmin ilin 3-4 may tarixlərində Belçikaya rəsmi səfər edən ümummilli liderimiz NATO-nun Brüsseldəki Mənzil-qərargahında NATO “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramının çərçivə sənədini imzaladı. 1994-cü ilin mayında Şimali Atlantika Şurası nəzdində SNT proqramını qəbul etməklə Azərbaycanla NATO arasında hərbi-strateji münasibətlərin əsası qoyuldu.

Ölkəmiz üçün NATO ilə əməkdaşlıq strateji xarakter daşıyır. Təsadüfi deyil ki, 14 noyabr 1997-ci il tarixdə ölkə Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlıq üzrə Dövlət Komissyası yaradıldı. 15 noyabr 1998-ci ildə isə Azərbaycan Şimali Atlantika müqaviləsi iştirakçı dövlətləri və SNT proqramında iştirak edən digər dövlətlər arasında onların qüvvələrinin statusu haqqında sazişi imzaladı və bu saziş 20 noyabr 1999-cu il tarixdə ratifikasiya edildi.

Azərbaycan NATO ilə iki böyük proqram üzrə ciddi münasibətlər qurub: Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) və Planlaşdırma, Analiz Prosesi (PAP). Hal-hazırda bu münasibətlər müxtəlif istiqamətlərdə uğurla həyata keçirilir və inkişaf etdirilir. Silahlı Qüvvələrdə çavuş məktəbinin, kiçik zabitlər üçün ixtisas proqramlarının təkmilləşdirilməsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının təhsil proqramına hərbi strateji sənədlərin hazırlanması üzrə fənnin yeni modul kimi daxil edilməsi də Azərbaycanın NATO-nun Hərbi Təlim və Təhsil Sistemi Proqramına qoşulması ilə bağlıdır. Bu da öz növbəsində hərbi təhsil ocaqlarında müasir hərb elminin tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasına əsaslı zəmin yaratmışdır. Təsadüfi deyil ki, bu gün Azərbaycanın hərbi təhsil ocaqlarında digər xarici ölkələri təmsil edən gənclər də təhsil alırlar.

Yeri gəlmişkən, Azərbaycan NATO ilə FTƏP və PAP proqramının tələblərindən irəli gələn öhdəlikləri uğurla yerinə yetirir. Silahlı Qüvvələrimizin bütün qoşun növlərinin ştat-strukturu NATO standartlarına uyğunlaşdırılıb. NATO qüvvələri ilə birgə əməliyyat aparmaq üçün uyarlığı təmin etmək məqsədilə Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycanın fəaliyyəti beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək dəyərləndirilir. Xüsusilə sülhməramlılarımızın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarda yaxından iştirakı Azərbaycanın bütün dünyada artan nüfuzuna böyük töhfə vermişdir. İndiyədək NATO-nun SNT proqramı çərçivəsində 2009-cu ilin razılaşdırılmış Fərdi Tərəfdaşlıq Proqramının Müdafiə Nazirliyinə aid hissəsində əsas əməkdaşlıq prioritetləri ilə bağlı keçirilən 126 tədbirdə 1200-dən çox hərbi qulluqçumuz iştirak etmişdir. Ötən il NATO tərəfindən Bakıda müxtəlif mövzular üzrə təşkil olunan 9 Mobil Təlim Qrupu Kursları, Qərargah danışıqları, Ekspert işçi görüşləri və seminarlar təcrübə mübadiləsi baxımından xüsusilə yadda qalmışdır. Hərbçilərimiz 44 kursda, 6 təlimdə, təlimlə bağlı 24 planlaşdırma konfransında, 11 seminarda, 10 konfrans və simpoziumda və s. iştirak etmişlər. Bu il təkcə FTƏP çərçivəsində Azərbaycan hərbçilərinin 120 NATO tədbirində iştirakı nəzərdə tutulur. Bundan əlavə, ikitərəfli hərbi əməkdaşlıq üzrə təkcə 2009-cu il ərzində Azərbaycanda və xaricdə keçirilən 400-dək müxtəlif tədbirlərdə 1500-dək hərbçimiz iştirak etmişdir.

Hərbi təlim və təhsil sahəsində müasir tələblərə cavab verən islahatların aparılmasına xüsusi önəm verən Müdafiə Nazirliyi rəhbərliyi bu məqsədlə NATO ilə əlaqələrdən yetərincə bəhrələnir. Silahlı Qüvvələrimizdə hərbi təlim və təhsil sahəsinə yardım mövzusunda taktiki və əməliyyat səviyyəsində NATO-nun Beynəlxalq Qərargahı tərəfindən keçirilən işçi görüşü buna əyani sübutdur. Bundan əlavə, NATO Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən ötən ilin noyabrında tədris müəssisələrimizdə bir həftə keçirilən “NATO günləri” də az əhəmiyyət daşımır. Ümumiyyətlə, PAP çərçivəsində Azərbaycan Respublikasının qəbul etdiyi 38 tərəfdaşlıq məqsədlərindən 32-si məhz Silahlı Qüvvələrimizə aiddir. Hal-hazırda bu məqsədlərin bir hissəsi tam yerinə yetirilib, uzunmüddətli digər məqsədlərin reallaşdırılması üzrə müvafiq tədbirlər həyata keçirilir.

Əlbəttə, bütün bunlarda əsas məqsəd Azərbaycan ordusunun yüksək döyüş hazırlığını daha da artırmaq və müasir hərb elminin əsas inkişaf prioritetlərinə yiyələnməkdir.

Azərbaycan dövləti bu sahədə hərbçilərimizə hərtərəfli diqqət və qayğı göstərir. Təsadüfi deyil ki, son illər ərzində hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət rəhbəri tərəfindən müxtəlif fərman və sərəncamlar imzalanmış, hərbi qulluqçuların aylıq vəzifə maaşları, kursantların pul təminatı dəfələrlə artırılmışdır.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2006-cı ilin iyul ayında hərbi qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər dövlət rəhbərliyinin ordu mənsublarına inam və etimadının nümunəsidir. Bu əlavələr hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsini, müvəqqəti mənzil kirayəsinə görə ödənilən kompensasiyanın hərbi qulluqçular üçün hər ay konkret məbləğdə müəyyənləşdirilməsini, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizinin müəyyən edilməsini nəzərdə tutur. Bundan əlavə, ölkə başçısının müvafiq sərəncamları ilə hərbçilərə ərzaq əvəzinə ödənilən kompensasiyanın məbləği 2008-ci ildən iki dəfə, hərbi qulluqçuların sığorta məbləği isə 2006-cı ildən 10 dəfə artırılmışdır. Bütün bunlar dövlət rəhbərliyi tərəfindən müvafiq yöndə həyata keçirilən tədbirlərin yalnız bir hissəsidir.

Hərbi qulluqçularımız bu qayğıya sayğı ilə yanaşır, yüksək döyüş hazırlığı ilə cavab verirlər. Hər il Silahlı Qüvvələrimizdə təsdiq olunmuş plan üzrə həyata keçirilən, real döyüş vəziyyətinə yaxınlaşdırılmış təlimlər və bu təlimlərdə qazanılan uğurlar ordu mənsublarının öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən xəbər verir.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

Xalq qəzeti.- 2010.- 17 aprel.- S. 7.