Naftalan uğurlu yol üstədir...

 

Naftalana yolu düşənlər ilk baxışda qəribə bir mənzərənin şahidi olarlar: şəhər, demək olar ki, təzədən tikilir, bütün küçə və meydanlarda, park və xiyabanlarda, hətta hər bir ictimai və yaşayış binasında əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılır. Eyni vaxtda burada 4-5 müxtəlif təyinatlı briqada işləyir. Özü də bu abadlıq və yenidənqurma işləri sistemli, ardıcıl və müntəzəm aparılır.

 

Oxucuda aydın təsəvvür yaransın deyə əlavə etməyi lazım bilirik ki, dünya şöhrətli Naftalanın əsas inkişaf və yüksəlişi, kurort şəhəri kimi tanınması ötən əsrin 70-80-ci illərində olmuşdur. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyi həmin illərdə bu şəhərdə kurort kompleksinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmiş, dövlət proqramları təsdiq olunmuşdur. Hazırda burada mövcud olan sanatoriyalar, çoxmərtəbəli yaşayış binaları və s. o illərin yadigarlarıdır.

Təəssüf ki, 90-cı illərin əvvəllərində respublikanı bürüyən xaos və anarxiya, qarşıdurma və başıpozuqluq Naftalan şəhərindən də yan keçməmişdir. Namərd erməni hücumları ilə başlanan qaçqın və məcburi köçkün axını isə şəhəri, sözün əsl mənasında, iflic vəziyyətinə salmışdı. Belə ki, yerli büdcənin, demək olar ki, hamısını təmin edən kurort kompleksinin fəaliyyəti az qala dayanmışdı. Ona görə ki, qaçqın və məcburi köçkünlər sanatoriyalarda yerləşdirilmişdi. Bundan başqa, Vəzirov — Mütəllibov, AXC — Müsavat hakimiyyəti illərində şəhərdə daş-daş üstə qoyulmamışdı. Əksinə, olanlar da amansızcasına talan edilmişdi, dağıdılmışdı.

Son illərdə isə elə bil ki, respublikanı bürüyən və geniş vüsət alan tikinti-abadlıq, quruculuq işlərinin Naftalan şəhərinə dəxli yox idi. Görülən işlər isə kampaniya xarakteri daşıyırdı, qeyri-ardıcıl idi. Nəticədə, uzun illər davam edən və şəhər sakinlərinin, eləcə də qonaqların haqlı narazılığına və giley-güzarına səbəb olan bir sıra vacib sosial problemlər həll olunmamış qalırdı.

Bəs vəziyyət indi necədir? Bu sahədə qısaca da olsa yuxarıda bəhs etdik. Başlanmış genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin sürəti getdikcə artır.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar təşkil edilmiş planın Naftalan şəhərinə aid hissəsində Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, şəhərin elektrik şəbəkəsinin yenidən qurulması, ümumtəhsil məktəbləri və yaşayış binaları üçün yeni qazanxanaların tikintisi, yeni salınmış yaşayış massivinin qazlaşdırılması, su təchizatı və kanalizasiya sisteminin, səhiyyə-kurort müəssisələrinin bərpası və tikintisi nəzərdə tutulmuşdur.

Hazırda şəhərin yeni salınmış yaşayış massivinin qazlaşdırılmasına, o cümlədən şəhərdaxili qaz xətlərinin yenisi ilə əvəz edilməsinə başlanmışdır. Bu məqsədlə Goranboy qazpaylayıcı məntəqəsindən 14,5 kilometr uzunluğunda xətt diametri plastik borularla əvəz edilir. Yerüstü elektrik xətləri də yüksək gərginlikli yeraltı elektrik xətləri isə əvəz etdilər. Doqquzmərtəbəli yaşayış binalarının liftləri 1994-cü ildən işləmirdi. Qısa müddət ərzində bu məsələ də müsbət həllini tapmışdır.

Çoxmərtəbəli yaşayış binalarının istilik sistemi ilə təmin olunması məqsədilə layihə-smeta sənədləri hazırlanmış və artıq bu işə başlanılmışdır. Cari ilin payız-qış mövsümünə kimi çoxmərtəbəli binaların istiliklə təchizatı təmin ediləcəkdir. Şəhərin su və kanalizasiya sisteminin də yenidən qurulması, binaların dam örtüyünün və fasadının əsaslı təmirinə də başlanılmışdır. Ekologiya ili ilə əlaqədar olaraq təkcə ötən 3 ay ərzində şəhərin Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov adına parklarında 7 mindən çox ağac əkilmişdir.

Əlamətdar bir cəhət isə odur ki, son illər müxtəlif səbəblərdən şəhəri tərk etmiş iş adamları indi geri qayıdır, yeni istehsal sahələri yaratmaq üçün müraciət edirlər. Əvvəllər dayanmış müəssisələr fəaliyyətlərini bərpa edir, yeni iş yerləri açılır. Bunun nəticəsidir ki, hazırda kurort şəhərində işsizliyin sayı gündən-günə azalır.

Elə vacib məsələlər də var ki, onların həlli, təəssüf ki, Dövlət Proqramında nəzərdə tutulmamışdır. Ancaq bu, heç də o demək deyildir ki, onların həlli yubadılmalıdır. Şəhər İcra Hakimiyyətində bu istiqamətdə geniş tədbirlər planı işlənib hazırlanmışdır. Məsələn, Goran dəmir yol stansiyasından şəhərə qədər uzunluğu 18 kilometr olan magistral yolun əsaslı təmir olunaraq müasir standartlara cavab verən ikitərəfli yolla əvəz edilməsi, 240 yerlik yeganə uşaq bağçası-körpələr evinin yenidən qurulması, şəhər yeddiillik uşaq musiqi məktəbi üçün müasir binanın tikintisi, heç bir tələbata cavab verməyən tikililərdə yerləşən xəstəxana üçün binaların, məişət tullantılarının təkrar emalı zavodunun, Naftalan neftindən dərman preparatları hazırlayan zavodun, müasir olimpiya idman kompleksinin tikintisi və s. nəzərdə tutulur.

Bir sözlə, bu gün Naftalanda böyük canlanma, mütəşəkkillik və irəliləyiş var. Ən əsası isə odur ki, sağlam mənəvi-psixoloji mühit yaranmış, işə münasibət dəyişmiş, təşəbbüskarlıq artmışdır. Belə bir cəhət də dərin razılıq doğurur ki, yaşından, sənətindən asılı olmayaraq şəhər əhalisi bu ümumi inkişaf və quruculuq tədbirlərində fəal iştirak edir. Söhbət etdiyimiz, təmasda olduğumuz adamlar razılıqla bildirdilər ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı Naftalan şəhərini də yeni inkişaf yoluna çıxarıb, problemlərin həllinə imkan yaradıb.

Onlar möhkəm əmindirlər ki, yaxın vaxtlarda Naftalan, nəhayət, öz əvvəlki şöhrətini qaytaracaq. Onun qurucuları yeni, abad və gözəl bir şəhərdə yaşayacaqlar.

Uğur olsun, naftalanlılar...

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2010.- 17 aprel.- S. 5.