Prezident İlham ƏLİYEV: Biz bütün sosial proqramları uğurla icra edirik

 

Ölkənin sosial-iqtisadi inkişafını nəzərdə tutan məsələlərin hər üç aydan bir geniş müzakirə edilməsi işlərin daha rəvan getməsinə müsbət təsir göstərir. Biz bunu son illər ənənə şəklini almış Nazirlər Kabinetinin iclaslarının materialları ilə tanış olanda aydın görürük. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aparılan həmin iclaslarda ölkənin sosial-iqtisadi həyatında baş verən dəyişikliklər hərtərəfli nəzərdən keçirilir, qarşıya qoyulan məqsədlərin icrasında əldə olunan nailiyyətlərlə yanaşı, buraxılan nöqsan və çatışmazlıqlar da öz əksini tapır. Təqdirəlayiq cəhət burasındadır ki, belə yığıncaqlarda tövsiyə olunan məsələlərin, verilən tapşırıqların necə yerinə yetirildiyi növbəti iclasda nəzərdən keçirilməklə görülən işlərə müvafiq qiymət verilir.

 

2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş və aprelin 14-də keçirilən Nazirlər Kabinetinin iclası bir daha sübut etdi ki, dünyanı bürüyən maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı öz uğurlu inkişafını davam etdirir. Prezident İlham Əliyev iclasdakı giriş nitqində görülən işləri yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, bütün sosial-iqtisadi göstəricilər yüksək səviyyədədir. İlin birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır. Azərbaycanın uğuru ondan ibarətdir ki, 2004 — 2009-cu illərdə iqtisadiyyatımız 2,8 dəfə yüksəlmişdir. Ölkədə aparılan siyasi, iqtisadi və sosial islahatlar əhalinin güzəranının yaxşılaşmasına səbəb olmuşdur. Bunun ən gözəl göstəricisi banklara qoyulan əmanətlərin 30 faizdən çox artmasıdır.

Dövlətimizin rəhbəri bir daha vurğulamışdır ki, ölkədə aparılan bütün islahatlar əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün edilir. Son altı ildə yoxsulluq həddinin 49 faizdən 11 faizədək azaldılması görülən müsbət işlərin bəhrəsidir. Bununla kifayətlənmək olmaz. Təbii ehtiyatlarla zəngin olan Azərbaycanda yoxsul adam yaşamamalıdır. Sosial problemlərin həlli hamı üçün həyati məsələyə çevrilməlidir.

Prezident İlham Əliyev sosial məsələlərin həllinin vacibliyindən danışarkən demişdir: “Sosial məsələlərin həllinə gəldikdə, iqtisadi inkişaf bu məsələlərin həlli üçün başlıca şərtdir. Əgər güclü iqtisadi siyasət olmasa, heç bir sosial layihəni, sosial proqramı icra etmək mümkün olmayacaqdır. Biz bütün sosial proqramları uğurla icra edirik. Pensiyalar, maaşlar vaxtaşırı artırılır. Bu il də maaşların və pensiyaların artımı nəzərdə tutulur. Ünvanlı sosial proqram uğurla icra edilir. Bütün sosial proqramlar, sosial ödəmələr vaxtında təmin edilir”.

Ölkədə sosial obyektlərin tikintisi istiqamətində çox böyük işlər görülür. Təkcə bu ilin birinci rübündə proqrama dövlət büdcəsində nəzərdə tutulmayan layihələr əlavə edildi. Ona görə ki, yerlərdən xahişlər daxil oldu. Bəzi rayonlarda tibbi xidmətin lazımi səviyyədə olmaması insanları narahat edir.

Hələ ki, bu problem tam şəkildə həll edilməmişdir. Ona görə yerlərdən gələn təkliflər, xahişlər əsasında göstəriş verildi ki, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılsın, Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni müasir xəstəxanaların tikintisi, yaxud da mövcud xəstəxanaların əsaslı təmiri məsələləri öz həllini tapsın.

Artıq iclaslarda elektrik enerjisi, qaz təchizatı məsələləri daha geniş şəkildə müzakirə olunmur. Çünki bu məsələlərin böyük bir hissəsi öz həllini tapıb. Ölkədə qazlaşdırma prosesi davam edir. Qarşıya məqsəd qoyulub ki, bütün insanlar, yaşayış məntəqələri maksimum dərəcədə qazla təmin olunsun. Bu gün bütün səylər, əsas infrastruktur layihələri içməli su, kanalizasiya məsələlərinin həllinə yönəldilmişdir. Bu istiqamətdə də artıq işlərə başlanılmışdır. Ölkə rəhbərliyinin istəyi budur ki, bütün rayon mərkəzləri içməli su və etibarlı kanalizasiya xətləri ilə təmin olunsun. Onu da deməliyik ki, bizim əksər yaşayış məntəqələrində heç vaxt, heç bir dövrdə kanalizasiya xətləri olmamışdır. İçməli su həmişə problem olmuşdur. Ancaq indi bu ciddi problemlər dərhal həll edilir. Tapşırıq belədir ki, bu problemlər Azərbaycanda birdəfəlik aradan qaldırılsın, insanlar tam şəkildə öz haqlı hüquqlarından istifadə edə bilsinlər.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ölkənin davamlı iqtisadi inkişafının əhalinin sosial-müdafiəsinin gücləndirilməsi, aztəminatlı insanlara dövlət qayğısının artırılması istiqamətində tədbirlərin uğurla həyata keçirilməsinə yaratdığı imkanlardan danışaraq dedi:

- Dünya maliyyə böhranının aparıcı dünya ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşmədiyi bir vaxtda respublikamızın iqtisadiyyatında baş verə biləcək hər hansı mənfi təsirə qarşı, məhz Sizin uzaqgörən siyasətinizin bəhrəsi olaraq, qabaqlayıcı tədbirlər görülmüş və nəticə etibarilə nəzərdə tutulmuş sosial proqramların həyata keçirilməsi işləri səngimədən davam etdirilmişdir. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş konfranslarda Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət xüsusi qeyd olunmuş və əldə edilmiş nailiyyətlər müxtəlif ölkələrə nümunə kimi göstərilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında qoyulan vəzifələrin icrası üzrə 2010-cu ilin birinci rübündə müvafiq tədbirlər həyata keçirmişdir. Hazırda 165 min 730 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnir. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 115 manatdır. Ümumilikdə, əhalinin həyat səviyyəsinin və pul gəlirlərinin artmasını nəzərə alaraq, cari ilin sonuna 145 min ailənin yardım alacağı proqnozlaşdırılır.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, nazirlikdə “Azərbaycan Respublikasında aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı”nın layihəsinin hazırlanması prosesinə başlanılmışdır.

Son 5 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilən “Pensiya və sosial təminat” layihəsi çərçivəsində qazanılan təcrübəyə əsaslanaraq, ötən il Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə sosial sahədə daha geniş islahatların aparılmasına şərait yaradacaq yeni “Sosial müdafiənin inkişafı” layihəsinin icrasına başlanmışdır. Dünya Bankı “Pensiya və sosial təminat” layihəsi çərçivəsində Ünvanlı Dövlət Sosial Yardımı Proqramının monitorinqi məqsədilə ölkə üzrə 6660 ev təsərrüfatında sorğular keçirmişdir. Bu sorğuların nəticələrinin təhlili yardımların təyinatında ünvanlılıq prinsipinə 90 faizə qədər əməl olunduğunu təsdiqləmişdir.

Ölkəmizin iqtisadi imkanları artdıqca əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər daha uğurla davam etdirilir. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması hər zaman diqqət mərkəzindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil və şəhid ailələri üçün 2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil istifadəyə verilmişdisə, keçən il bundan təxminən iki dəfə artıq - 707 mənzilin tikintisi başa çatdırılmışdır.

Mənzillərin inşasında bu həcmin saxlanılması və nəticədə növbədə olan insanların yeni müasir mənzillərlə təminatının tam başa çatdırılması və aparılan işlərin gücləndirilməsi ilə əlaqədar verilən tapşırıqların icrası cari ildə də davam etdiriləcəkdir. Ümumilikdə, indiyədək 3 mindən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Eyni zamanda, 1998-ci ildən 2009-cu ilədək 2114 ədəd “Oka” markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilmişdir. Ötən il bu sahədə də irəliləyişə nail olunmuş, keyfiyyəti və rahatlığı ilə daha üstün olan 500 “Slavuta” markalı avtomobil respublikaya gətirilmişdir. Bu il daha 350 ədəd avtomobilin alınması planlaşdırılır.

Son illər müxtəlif bölgələrdə yeni tibb müəssisələrinin istifadəyə verilməsi, səhiyyə xidmətlərinin təkmilləşməsi, eyni zamanda, zona tibbi sosial ekspert komissiyalarının fəaliyyətinə nəzarətin gücləndirilməsi əlillərin reabilitasiya göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. 2009-cu ildə ilkin əlilliyin artımı əvvəlki illə müqayisədə 6412 nəfər və ya 25,9 faiz azalmış, tam reabilitasiyası 5,4 faizə yüksəlmişdir. Bu da son 5 ildə ən yüksək göstəricidir. Nəticədə əlilliyin artım faizi, demək olar ki, sıfıra endirilmişdir. Müsbət tendensiya yanvar-mart aylarında da davam etdirilmiş və tam reabilitasiya göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmışdır.

Əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədi ilə respublika üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının təşkilinə başlanılmışdır. Bütün bu tədbirlərlə paralel olaraq, aktiv sosial müdafiə tədbirlərinə də önəm verilir. Cari ilin birinci rübü ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən 5266 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunmuş, 1460 nəfər vətəndaş müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2 dəfə çoxdur. Bu yaxınlarda respublikamızın əksər şəhər və rayonlarında əmək yarmarkalarının təşkilinə start veriləcəkdir. Ötən il 57 şəhər və rayonda keçirilmiş bu tədbirlər vasitəsilə 8132 nəfər işə düzəlmişdir. Ümumilikdə, 2009-cu il ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 28382 nəfər işlə təmin olunmuşdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. 2010-cu il üçün bu kvota cəmi 10700 nəfərdir. Hazırda respublikamızda müvafiq fərdi icazə əsasında 82 ölkədən 6386 nəfər əmək fəaliyyəti ilə məşğul olur ki, bu da ötən ilin müvafiq dövründəkindən 602 nəfər və ya 1,4 dəfə çoxdur.

Hesabat dövrü ərzində verilmiş və müddəti uzadılmış fərdi icazələrin sayı 1976 olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 397 nəfər və ya 1,3 dəfə çoxdur. Əcnəbilərə fərdi icazələrin alınması üçün dövlət rüsumu məbləğinin 45 manatdan 1000 manata qaldırılması daxili əmək bazarının qorunması ilə yanaşı, həm də işəgötürənlər tərəfindən ölkəmizə əsasən yüksək ixtisaslı kadrların gətirilməsinə, həmçinin yerli mütəxəssislərin peşə və ixtisaslarının artırılmasına daha artıq dərəcədə diqqət göstərmələrinə xidmət edir.

İş yerlərində əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsi işləri davam etdirilmişdir. 2009-cu il ərzində Dövlət Əmək Müfəttişliyi tərəfindən 2438 müəssisədə həyata keçirilən dövlət nəzarəti nəticəsində 9124 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmiş, 553 870 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmçinin, 7048 nəfər işçi ilə əmək müqaviləsi bağlatdırılmış, vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş vəsaitin ümumi məbləği 1045564 manat olmuşdur.

Bir sözlə, ölkəmizdə bütövlükdə sosial-rifah məsələləri uğurla icra edilir. Birinci rübdə orta əmək haqqı qalxmışdır. Bu gün orta əmək haqqı 304 manat, yaxud da ki, 380 dollar təşkil edir. İqtisadiyyat yüksəldikcə maaşlar, pensiyalar, təqaüdlər və müavinətlər də müvafiq surətdə artır.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2010.- 17 aprel.- S. 7.