Azərbaycan cəmiyyətinin və dövlətinin modernləşdirilməsinin müasir elmi-fəlsəfi konsepsiyası və yeni dövr

 

Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Məlumdur ki, Azərbaycan dövlətçiliyi modelinin baza əsaslarının, eləcə də milli inkişaf konseptinin formalaşması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı ərəfəsində müstəqilliyini yenicə əldə etmiş Azərbaycan daxildən siyasi böhranın məngənəsində çırpınırdı ki, bu da ölkənin real surətdə parçalanması ilə nəticələnə bilərdi. Son dərəcə əlverişli geosiyasi mövqeyə və nəhəng enerji resurslarına malik olan Azərbaycan dünya dövlətləri, o cümlədən regional dövlətlər arasında nüfuz dairəsinin bölünməsi uğrunda mübarizədə geosiyasi oyunlar meydanına çevrilmişdi. Üstəlik, bütün bunlar Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü, Azərbaycan ərazisinin 20 faizinin xarici qüvvələrin dəstəyi ilə erməni silahlı birləşmələri tərəfindən işğalı, münaqişə zonasından bir milyon qaçqının və məcburi köçkünün qovulması, iqtisadiyyatın tamamilə çökməsi, işsizliyin və kütləvi yoxsulluğun görünməmiş vüsət alması fonunda baş verirdi. Ölkənin siyasi və iqtisadi kollaps vəziyyətinə düşməsi labüd görünürdü. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkənin sürətlə uçuruma yuvarlanmasının qarşısını aldı. Azərbaycan siyasətinin patriarxı çox ağır bir şəraitdə, millətin bütün resurslarını qətiyyətlə səfərbər etmək yolu ilə yeni dövlət hakimiyyəti sxemini qura, Azərbaycanda ictimai həmrəyliyə və siyasi sabitliyə nail ola bildi.

Gənc dövlətin yeni ideologiyasının elmi-nəzəri əsaslarını təmin etməyə, yaxın on ildə Azərbaycan cəmiyyətinin inkişafının qanunauyğunluqlarını üzə çıxarmağa və inkişaf perspektivlərini müəyyənləşdirməyə qadir olan qeyri-adi düşüncəli mütəxəssis alimlərə məhz bu dövrdə ehtiyac yarandı.

Bu kontekstdə fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevin ölkəmizin tarixində ilk dəfə formalaşan Azərbaycan siyasətşünaslıq məktəbinin fəlsəfi-nəzəri aspektlərinin hazırlanması prosesinə rəhbərlik etməsi son dərəcə böyük rol oynadı.

Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda nəşr olunmuş fundamental elmi-fəlsəfi və siyasi əsərlərin - dövlət quruculuğuna, demokratik inkişaf modellərinə, milli ideya və ideologiyaya dair onlarca elmi monoqrafiyanın və yüzlərlə məqalənin müəllifi olan akademik Ramiz Mehdiyev müstəqil elm sahəsi kimi müasir Azərbaycan siyasətşünaslığının nəzəri əsaslarının təməlini qoymuşdur. Akademik Ramiz Mehdiyev həm də ölkəmizdə ictimai və humanitar elmlər sahəsində fəlsəfə, sosiologiya və siyasətşünaslıq elmlərini özündə birləşdirən yeni bir elmi məktəbin yaradıcısıdır. Ən aktual problemləri öz tədqiqat obyektinə çevirən bu məktəb zamanın sınağından keçərək günbəgün inkişaf edir, elmimizi zənginləşdirir. Üstəlik, Ramiz Mehdiyevin elmi-tədqiqat fəaliyyəti dərin fəlsəfi məzmunu və geniş mövzu əhatəsi ilə fərqlənir. Ötən əsrin 90-cı illərinin birinci yarısında ölkədə yaranmış son dərəcə mürəkkəb siyasi və sosial-iqtisadi şəraitin ilkin çağlarında milli dövlət quruculuğu prosesində yaxından iştirakı onun elmi fəaliyyətinə çox kömək etdi.

Ramiz Mehdiyevin “Azərbaycanın inkişaf dialektikası”, “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi”, “XXI əsrdə milli dövlətçilik: Demokratik inkişaf və müxalifət”, “Azərbaycan: qloballaşma dövrünün tələbləri: keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri”, “2005-ci il parlament seçkiləri: ilkin təhlil”, “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə”, “Demokratiya yolunda: irs haqqında düşünərkən”, “Modernləşmə xətti yenə də gündəlikdədir”, “Yeni siyasət: inkişafa doğru”, “Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən” və bir sıra digər elmi əsərlərində yeni əsrdə Azərbaycanda gedən müasir ictimai-siyasi və sosial-iqtisadi proseslərdən irəli gələn əsas nəzəri müddəalar və nəticələr öz əksini tapmışdır. Dərin elmi təhlil ilə səciyyələnən bu əsərlər nəzəri ümumiləşdirmələrin tarixi ənənələr və müasir praktika ilə vəhdətdə araşdırılması, eyni zamanda, gələcək üçün istiqamətverici proqnozların müəyyən edilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Akademik Ramiz Mehdiyevin əsərləri qaldırılan problemlərin çoxşaxəliliyi və müzakirəyə çıxarılan ideyaların zənginliyi baxımından da olduqca qiymətlidir. Görkəmli alim yaradıcılığında bir çox problemin ilk dəfə təhlilinin əsasını qoymuş və yeni yanaşma tərzini ənənəyə çevirə bilmişdir. Təsadüfi deyil ki, ümumbəşəri mənəvi sərvətlər xəzinəsinə qiymətli əsərlər bəxş etmiş görkəmli filosof alimin vaxtaşırı işıq üzü görən dərin məzmunlu əsərləri, mətbuatda dərc olunan parlaq elmi məqalələri, bir qayda olaraq, böyük maraqla qarşılanır, geniş əks-səda tapır. Alimlər, filosoflar, siyasətçilər, politoloqlar, qələm sahibləri bu əsərlərdən dünyada və ölkədə gedən siyasi proseslərə, baş verən hadisələrə, qlobal dəyişikliklərə münasibətdə böyük alim-filosofun fikirlərini, çıxardığı nəticələri, verdiyi proqnozları öyrənir, onları müzakirə edirlər.

Ramiz Mehdiyevin böyük aktuallıq kəsb edən “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşdirmə xətti” adlı konseptual əsəri ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli hadisə oldu. Bu əsər Azərbaycanda modernləşmə və dayanıqlı inkişafın fəlsəfi konsepsiyası kimi də dəyərləndirilə bilər. Əsər Azərbaycanın seçdiyi inkişaf yolunun təməl prinsiplərinin müasir dövrün tələbləri baxımından elmi-nəzəri cəhətdən araşdırılmasına həsr olunmuşdur. Əsərdə Azərbaycan şəraitində iqtisadiyyatdan demokratiyaya, sabitlikdən modernləşməyə doğru tranzitin xüsusiyyətlərindən bəhs edilir, güclü dövlət, modernləşmiş iqtisadiyyat və azad vətəndaş cəmiyyəti quruculuğu yolunda qarşıdakı dövr üçün fəaliyyətin gündəliyinin ümumi mənzərəsi verilir.

Azərbaycanda müasir siyasi sistemin bərqərar olması prosesini səciyyələndirən Ramiz Mehdiyev haqlı olaraq vurğulayır ki, Azərbaycanın “zəif və geriləyən iqtisadi sistemli, durğun siyasi institusional quruluşlu, ictimai şüuru marginallaşdırılmış sosiumdan iqtisadi strukturun bazar sistemi üçün səciyyəvi olan yeni davranış normalarına və stereotiplərə, sabit siyasi sistemə və mərhələ-mərhələ formalaşan demokratik təsisatlara malik məkana gələcək transformasiyasının əsası məhz ötən əsrin 90-cı illərində qoyulmuşdur”.

2003-cü ildə Azərbaycanın rəhbərliyinə İlham Əliyevin gəlişi isə ölkənin modernləşdirmə yolu ilə inkişafına, daha mükəmməl strukturlu effektiv dövlətçiliyin bərqərar olmasına təkan verdi, Azərbaycanın regional proseslərdə rəqabətədavamlılığını və buna müvafiq olaraq Cənubi Qafqazda qeyd-şərtsiz iqtisadi liderliyini təmin etdi.

İnkişafın yeni mərhələsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə elmin və təhsilin, qeyri-neft sektorunun modernləşməsinə, milli strategiyada yeni hədəflərin müəyyən edilməsinə, cəmiyyətdə mövcud olan resurs və potensialın bütün istiqamətlərdə reallaşdırılmasına yönəlmiş fəaliyyəti, imzalanmış sərəncamlar və həyata keçirilən dövlət proqramlarının miqyası adıçəkilən sahəyə dövlətin həssas münasibətinin bariz nümunəsidir.

Ramiz Mehdiyevin qeyd etdiyi kimi, “məhz 2003-cü il milli transformasiyanın yeni mərhələsinin başlanğıcı oldu, səlis qurulmuş sabit iqtisadi sistemi inkişafda olan iqtisadi strukturun intensiv formalaşması məkanına yönəltdi. İlham Əliyevin prezidentliyinin əsas konsepti güclü iqtisadi bazanın formalaşdırılmasından ibarət idi. Bu da kütləvi şüurun və cəmiyyətin sosial-mədəni bazisinin postindustrial dəyərlər və demokratik ənənələr məcrasına mərhələ-mərhələ transformasiyasına imkan yaratmalıdır. Bununla yanaşı, geostrateji və geoiqtisadi məsələlər kompleksini həll etmək, milli artımın sabitliyini və davamlılığını təmin etmək, ölkəni beynəlxalq münasibətlərin obyektinə deyil, subyektinə çevirmək lazım idi, çünki yeni dünya nizamını formalaşdıran ümumdünya transformasiyaları dövründə Azərbaycanın qlobal proseslərdə iştirakının təmin edilməsi son dərəcə zəruridir”.

Ramiz Mehdiyev öz əsərlərində Azərbaycan cəmiyyətinin və ölkənin demokratik modernləşməyə, liberallaşmaya, milli ideyaya - azərbaycançılığa, cəmiyyətin intellektuallaşdırılmasına, fəal və çoxşaxəli diplomatiyaya, ölkənin müdafiə qabiliyyətinin artırılmasına, regional liderliyin təmin olunmasına əsaslanan müasir inkişafının əsas istiqamətlərinin fundamental prinsiplərini elmi cəhətdən əsaslandırmış və səlis ifadə etmişdir.

Ramiz Mehdiyevin belə bir qənaəti tamamilə ədalətlidir ki, Azərbaycanın “bir tərəfdən güclü dövlət hakimiyyətini və hüquq qaydalarını, digər tərəfdən azadlığı və iqtisadi fəaliyyəti dəstəkləyən mühafizəkar-liberal sistemi tarazlığı saxlaya bildi. Məhz bu sistemdə prodövlət və dövlət başlanğıclarının, milli və universalçı elementlərin simbiozu əldə edildi. Liberalizm dinamik bir ruh verdi, mühafizəkarlıq isə bu ruhu radikal qəsdlərdən qorudu”.

Azərbaycan üçün münasib olan neomühafizəkarlığın əsas prinsipi Ramiz Mehdiyev tərəfindən ifadə olunmuşdur: “Məhz milli hisslər, milli ənənələrə dərin bağlılıq - milli identikliyin, özgürlüyün bərpası və saxlanılması cəhdi, cəmiyyətin Qərbin və Şərqin tarixi nailiyyətlərinin zənginləşdirilməsi yolu ilə modernləşdirilməsi, güclü və müstəqil Azərbaycan yaratmağa qadir milli çoxluğun formalaşdırılması son səkkiz il ərzində həyata keçirilən möhkəm və uğurlu dövlət quruculuğunun rəhnidir. Neomühafizəkarlıq da elə budur”.

Ramiz Mehdiyev yazır ki, hazırda ölkəmiz “Azərbaycan cəmiyyətinin total transformasiyası” şəraitindədir, ona görə də bütün dəyişikliklərdə ölçünü müəyyənləşdirmək lazımdır ki, sabitliyə xələl gətirmədən demokratiyanı inkişaf etdirmək mümkün olsun.

Sabitlik mərhələli modernləşmənin, dövlətin və cəmiyyətin transformasiyasının əsas şərtidir. Bunsuz köklü transformasiya mümkün deyil, məhz bu səbəbdən də, inkişafa təhlükə yarada biləcək riskləri müəyyən etmək vacibdir.

Demokratiya cəmiyyətin modernləşməsinin mühüm mərhələsi olduğundan, o, Azərbaycan konteksti mahiyyəti almalı, milli layihəmizə çevrilməli, mentalitetimizin və suverenliyimizin hissəsi kimi formalaşmalıdır.

Ramiz Mehdiyevin bütün əsərlərindən qırmızı xətt kimi keçən mühüm tezis ondan ibarətdir ki, Azərbaycanda vətəndaş cəmiyyəti Qərb nümunələrini olduğu kimi tətbiq etməklə qurula bilməz və beynəlxalq aləmin əsas oyunçuları liberal demokratiyanın bu və ya digər modelini heç kəsə zorla qəbul etdirməməlidirlər. Görkəmli filosof yazır: “Azərbaycan demokratiya yolunu öz xalqının iradəsi ilə seçmiş bir ölkədir. Biz bu yola qədəm qoymaqla ümid edirik ki, bütün demokratik normalara riayət etməklə, özümüzün tarixi, geosiyasi və başqa xüsusiyyətlərimizi nəzərə almaqla azadlıq və demokratiya prinsiplərinin reallaşdırılmasını təmin edəcəyik. Möhkəm və suveren dövlətçiliyin formalaşması şəraitində Azərbaycan xalqı konsolidasiya olunmuş demokratiya cəmiyyəti yaradılması yolu ilə hərəkətin sürəti, müddəti və şərtlərini müstəqil şəkildə müəyyən etməyə qadirdir”.

Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki, demokratiya - təfəkkür və davranış tərzidir, cəmiyyətin daxilində onun üzvləri arasında qarşılıqlı fəaliyyətin formasıdır. Ramiz Mehdiyevin fikrincə, bu baxımdan biz hələ yolun başlanğıcındayıq, “dərk edirik ki, siyasi məkanın daim yeniləşməsinə ehtiyac var və biz etiraf edirik ki, demokratik inkişafımızın daha mükəmməl və davamlı olması üçün daha da irəli getməliyik”.

Zəmanəmizin təkamül demokratiyasının, suveren demokratiyanın bazis problemlərini tədqiq edən böyük filosof belə qənaətdədir ki, hansı məkanda qurulmasından asılı olmayaraq, demokratiya təkamül yolu ilə həyata keçirilməli və suveren olmalıdır. Belə demokratiya vətəndaş cəmiyyətinin kompleks və sabit inkişafına, cəmiyyətin səmərəli siyasi strukturunun formalaşmasına, rəqabət qabiliyyətli iqtisadiyyatın yaranmasına və regional proseslərin müsbət yöndə qurulmasına imkan verir. Müəllif bu konseptual yanaşmanı XXI əsrdə Azərbaycanın milli inkişaf strategiyasının əsas istiqaməti hesab edir.

Akademik Ramiz Mehdiyevin postindustrial cəmiyyətin Azərbaycan modelinin qurulması üsulları haqqında da fikirləri çox maraqlı və ibrətamizdir. Bu mənada müasir qloballaşma şəraitində beynəlxalq hərbi, siyasi və iqtisadi sahələrdə qarşılıqlı asılılığın gücləndiyi bir dövrdə ölkənin uzunmüddətli modernləşməsi kontekstində respublikada güclü iqtisadi baza formalaşdırılmasının və əhalinin iqtisadi cəhətdən müdafiə olunması üçün zəruri şərait yaradılmasının prioriteti haqqında tezis xüsusi əhəmiyyət kəsb edir. Başqa sözlə desək, varlı cəmiyyət və müstəqil qərarlar qəbul etməyə qadir olan imkanlı vətəndaşlar kütləvi şüurun və cəmiyyətin sosial-mədəni bazisinin postindustrial dəyərlər və demokratik ənənələr məcrasına mərhələli transformasiyasının əsasıdır.

Hazırkı dövrdə Azərbaycanın iqtisadi yüksəlişi və iqtisadiyyat sahəsində keçid mərhələsini başa çatdırması yeni hədəflər müəyyənləşdirib. Ölkənin modernləşdirilməsi və əsaslı transformasiyası kursu qarşıda duran sosial və siyasi dəyişikliklərin müvafiq nəzəri əsaslandırılmasına tələbat doğurur. Akademik Ramiz Mehdiyev özünün bir çox əsərlərini həmin problemlərin tədqiqinə və həlli yollarının araşdırılmasına həsr etmişdir. Görkəmli alim-filosofun “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı proqram xarakterli məqaləsi bu mənada xüsusi aktuallıq kəsb edir. Belə ki, həmin məqalədə ümumən ölkənin gələcək inkişaf strategiyasının elmi əsaslandırılmasında ictimai və humanitar elmlərin rolu xüsusi qeyd olunur. Məqalədə Azərbaycanın ictimai və humanitar elm sahələrinin müasir durumu sistemli şəkildə təhlil edilir və ümumiləşdirilir, eləcə də bütün dünyada gedən dəyişikliklər şəraitində Azərbaycan elminin inkişafının əsas meyillərini və perspektivlərini göstərmək üçün çox uğurlu cəhd edilir, ictimai səviyyədə narahatlıq doğuran bir çox problemlər elmi şəkildə oxucuların diqqətinə çatdırılır. Məqalədəki tənqidi ruh ümumən xoşməramlı olub problemlərə, nöqsanlara səmimi narahatlıq ifadə edir, eyni zamanda vəziyyətdən çıxış yollarını göstərir.

Məqalə bu sahədə vəziyyətin dəyişməsi və dönüş yaradılması, dövlət başçısının yeni siyasi kursu üçün səciyyəvi olan prioritetlər sırasında ən vacibinin - intellektual-elmi potensialın səfərbər edilməsi yönündə elmi ictimaiyyətə ünvanlanan çağırışdır. Bu, eyni zamanda, XXI əsrdə dövlətçiliyin inkişafı üçün həmin sahədə mövcud olan problemlərin əsas istiqamətlərinin aşkar göstərildiyi konseptual sənəddir.

Yeni əsrdə dövlətin rəqabətədavamlı mövqeyini təmin edən siyasi təməl və uğurların təhlili zərurəti haqqında akademik Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsində yazır: “Biz ictimai və humanitar elmi qurumların strukturlarını müasir tələblərə uyğun təkmilləşdirməliyik. Hər bir qurum öz vəzifəsini və fəaliyyət dairəsini dəqiq müəyyən etməlidir. Dünya elminə inteqrasiya mərhələsində olduğumuz indiki vaxtda ictimai və humanitar elmlər sahəsində islahatların başlıca spesifikası müəyyənləşdirilməlidir. Bu elmlər hazırkı fazanın əsas xüsusiyyətlərini araşdırmalı və yeni ideyalar irəli sürməlidir”.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi yarandığı qısa müddət ərzində siyasi elmin qərar qəbulu proseslərinə töhfəsini, dünya analitikasında əsas sayılan meyarları, ekspert cəmiyyətinin problemlərini həm daxildən, həm də ölkədən kənarda müşahidə etmək, müxtəlif ölkələrin beyin və ideya potensialını müqayisə etmək imkanlarımız olmuşdur. Dövlətçilik maraqlarına müvafiq olaraq dünya beyin mərkəzləri məkanına inteqrasiya, qarşılıqlı əməkdaşlıq və fəaliyyət gedişində formalaşan ümumi təsəvvürlər akademik Ramiz Mehdiyevin məqaləsində vurğulanan məsələləri birmənalı olaraq bu cür təsdiq edir: “İctimai və humanitar elmlərin problemlərinin həlli ölkənin elmi elitasını əsas məqsəddən - fundamental tədqiqatların həyata keçirilməsindən yayındırmamalıdır”.

İndi cəmiyyətimiz qarşısında, ilk növbədə elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Akademik Ramiz Mehdiyev yazır: “Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir”.

Beləliklə, müasir Azərbaycan dövlətinin və cəmiyyətinin konseptual triumvirata - siyasi sabitliyə, iqtisadi inkişafa, demokratik modernləşməyə əsaslanan inkişaf modelləri milli siyasətşünaslıq elmində ilk dəfə akademik Ramiz Mehdiyev tərəfindən nəzəri cəhətdən hazırlanmış və dəqiq ifadə olunmuşdur.

Öz nəzəri-fəlsəfi potensialını dövlət quruculuğu istiqamətindəki fəaliyyəti ilə üzvi və ahəngdar şəkildə birləşdirən akademik Ramiz Mehdiyevin adı ölkəmizdə qətiyyətli, prinsipial, ədalətli, erudisiyalı dövlət xadimi imicini formalaşdırmışdır. Ömrünün müdriklik çağını yaşayan böyük alim və dövlət xadiminin elmi və idarəetmə fəaliyyətini elm və əməl vəhdətinin təcəssümü kimi səciyyələndirmək olar.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi-analitik qrupu

 

Xalq qəzeti.- 2010.- 17 aprel.- S. 3.