Orta Asiyada ziyalılarımız ölkəmizi
ləyaqətlə təbliğ
edir
Azərbaycanla Orta Asiya ölkələri arasında
ictimai-mədəni əlaqələr genişləndikcə,
xalqlar bir-birlərinin mədəniyyəti, ənənələri
ilə daha yaxından tanış olurlar. Xaricdə fəaliyyət
göstərən diaspor təşkilatlarımızın, eləcə
də ziyalılarımızın bu işdə fəaliyyəti
isə danılmazdır. Bu yaxınlarda Bakıya səfər
etmiş Qazaxıstanda yaşayan soydaşımız,
Ahısqka Mətbuat Mərkəzinin həmsədri, “Vətən”,
“Türkel” qəzetlərinin, “Altun körpü” dərgisinin
baş redaktoru Ramiz Məşədihəsənli və “Vətən”
qəzetinin redaktoru, filologiya elmləri namizədi Hökümə
Xəlilova da belə insanlardandır.
Bir qrup fəal tələbə
ilə görüşən qonaqlar fəaliyyətləri barədə
ətraflı məlumat verdilər. Bakı Dövlət
Universitetinin filologiya fakültəsinin məzunu Seymur Həsənli
qonaqlara türk dövlətlərinin gəncləri ilə
qurduqları əlaqələr barədə məlumat verdi və
gələcəkdə bu cür əlaqələri daha da
inkişaf etdirəcəklərini vurğuladı.
Uzun müddət Azərbaycan
jurnalistikasında fəaliyyət göstərmiş, ölkəmizin
Dövlət Televiziyasının Almaniya təmsilçisi
olmuş Ramiz Məşədihəsənli gənclərə
Qazaxıstan və Qırğızıstandakı fəaliyyətlərindən
söhbət açaraq bildirdi ki, rəhbərlik etdikləri
mətbu nəşrlər özbək, qazax, Azərbaycan
türkcələrində, eləcə də rus dilində
işıq üzü görür. Vətəndən kənarda
yaşasaq da, daima mətbu orqanlarda Azərbaycanın
yürütdüyü siyasət, Ermənistan-Azərbaycan
münaqişəsi, ölkəmizin mədəniyyəti və
inkişafı barədə məlumat verir və Orta Asiya
dövlətlərində ölkəmizlə bağlı
obyektiv informasiyanın yayımına çalışırıq.
Bizim “Türkel” qəzetinin bir sıra ölkələrdə
təmsilçiləri var və qəzet Türkiyənin
Prezidenti Abdulla Gül, eləcə də Baş naziri Rəcəb
Tayyip Ərdoğan tərəfindən yüksək qiymətləndirilib.
Bunun nəticəsi kimi qəzet redaksiyasının daha keyfiyyətlə
çalışması üçün TİKA şirkəti
tərəfindən bizə texniki avadanlıq verilib.”
Ortaq türk dili məsələsinə
toxunan R. Məşədihəsənli yaxın gələcəkdə
Qazaxıstanda açılış mərasimi gerçəkləşəcək
türkdilli xalqların ortaq dil Akademiyasını nümunə
gətirib. Onun fikrincə, Qazaxıstan Prezidenti N.Nazarbayevin təşəbbüsü
ilə qurulmuş bu Akademiya türk xalqlarının ortaq
dilinin formalaşmasında, xalqlar arasında ünsiyyətin
daha da sürətlənməsində böyük rol oynaya bilər.
Hökümə Xəlilova
R. Məşədihəsənli ilə birgə
Qırğızıstanın Atatürk-Alatau Universitetində
sonuncu kurs tələbələrinə Azərbaycan dili və
ədəbiyyatı fənnini tədris edirlər. Qırğız
tələbələr Azərbaycanın mədəniyyəti,
ədəbiyyatı, eləcə də tarixi memarlıq abidələri
ilə yaxından maraqlanırlar. Qonaqlar həmçinin
bildirdilər ki, hazırda Qazaxıstan dövlət radiosunda
Azərbaycan haqqında həftədə 40 dəqiqəlik
veriliş yayımlanır. Bununla yanaşı, “Manas FM 102.9”
radio dalğasında Azərbaycan dilində yayımlanan
“Dostluq körpüsü” Qırğızıstan-Azərbaycan
arasındakı mədəni əlaqələrə
işıq salır. Hökümə Xəlilova Orta Asiyada
yaşayan soydaşlarımız haqqında məlumatında
bildirdi ki, repressiya illərində vətənlərindən
Orta Asiyaya sürgün olunmuş Şıxlinskilər, Rəfibəylilər
kimi tanınmış nəslin nümayəndələrinin
davamçıları indi də orada yaşayırlar. Onların
taleyi, keçdikləri acılı-şirinli ömür yolu
isə xalq şairi Zəlimxan Yaqubun bu yaxınlarda
işıq üzü görmüş “Sürgün”
kitabında öz əksini tapıb. Vətəndən uzaqda
yaşayan soydaşlarımızla daima əlaqələr
yaratdıqlarını bildirən H.Xəlilova bu dəfə də
qəzet və dərgilərində onların marağına
səbəb olacaq materiallar hazırlayacaqlarını söylədilər.
“Altun-köprü” dərgisində, eləcə də qəzetimizdə
çalışırıq ki, Azərbaycanda, digər
türk dövlətlərində baş verən ən
mühüm ictimai-mədəni hadisələri
işıqlandıraq. Dərgimizin növbəti sayında səfər
təəssüratlarımız, eləcə də ölkəmizin
müxtəlif səfalı yerlərindən reportajlar olacaq. Ümid
edirik ki, bu yazılar və fotolar vətəndən uzaqda
yaşayan soydaşlarımızın sevincinə səbəb
olacaq.” Qonaqlar Orta Asiyada fəaliyyət göstərən diaspor
təşkilatlarımızla, eləcə də
Qazaxıstanda Ziyəddin İsmixanoğlunun rəhbərlik
etdiyi Ahısqka türklərinin dərnəyi ilə əməkdaşlıq
etdiklərini də bildirdilər.
Ziyalılarımızın
uğurlu və məhsuldar fəaliyyəti Qazaxıstan və
Qırğızıstanda da yüksək qiymətləndirilib.
Onlara hər iki ölkənin xalqlarının
assambleyalarının fəxri fərmanları təqdim edilib.
“Türkel” qəzeti isə Qırğızıstanda xarici mətbuat
nümunələri arasında birinci diploma layiq
görülüb. Qazaxıstanda fəaliyyət göstərən
Türk Dünyası Assosiasiyasının vitse-prezidenti,
hüquqşünas Yəhya Əliyev də xaricdəki diaspor
təşkilatlarımızın fəaliyyətindən
söhbət açdı və qonaqlara bundan sonrakı fəaliyyətlərində
uğurlar arzuladı. Qırğızıstandakı son
olaylara toxunan qonaqlar baş verən hadisələrin tezliklə
nizama düşəcəyininə ümid etdiklərini
bildirdilər. Onların fikrincə, hansı proseslərin
baş verməsindən asılı olmayaraq,
Qırğızıstan-Azərbaycan arasında dostluq və
qardaşlıq əlaqələrinin qədim kökləri
var və yeni formalaşacaq hökümət də bu əlaqələrin
inkişafında öz töhfələrini verəcək. Sonda
qonaqlar gəncləri maraqlandıran suallara cavab verdilər.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 18 aprel.- S. 7.