Azərbaycan təhsili xalqın maraqlarına, dövlətin
mənafeyinə uyğun şəkildə inkişaf etdirilir
Ən inkişaf
etmiş ölkələrin təcrübəsinə baxsaq,
görərik ki, o ölkənin inkişafında ən
aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir,
yeni texnologiyalardır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
İnkişaf, tərəqqi, iqtisadi imkanların
artması, dövlətin qüdrətlənməsi və nəhayət,
insanların sosial-rifah halının
yaxşılaşması... Bu amillər cəmiyyətin
bütün sahələrində çalışan sənət-peşə
sahibləri üçün həyati dərəcədə əhəmiyyətlidir.
Yəni ölkədə inkişaf olmasa tikinti-abadlıq
işlərində heç bir irəliləyiş
mümkün deyil. İqtisadi imkanlar artmasa, dövlət
büdcəsindən maliyyələşən təşkilatlarda
çalışanların maaşı artırıla bilməz.
Dövlət qüdrətli olmasa, ordunun qüdrətindən
danışmaq absurddur. İnsanların sosial-rifah halı
yaxşı deyilsə, bütövlükdə cəmiyyətin
inkişafı ləngiyər və sairə.
Bütün bunlar təbii şəkildə bir-biri ilə bağlıdır. Ancaq bu amillərin hansısa biri yarımçıq olarsa, onda ölkənin təhsil sistemi axsayar. Özü də əsaslı surətdə. Təhsil sistemi axsayanda isə həmin amillərə nail olmaq mümkün deyil. Çünki təhsilin inkişafı məhz bu amillərin hamısından, həmin amillər isə təhsilin inkişafından asılıdır. Ona görə də bu gün Azərbaycanda təhsilin məlum səviyyəsi bilavasitə inkişaf, tərəqqi, iqtisadi imkanların artması, dövlətin qüdrətlənməsi tendensiyası ilə bağlıdır deyənlər tamamilə haqlıdırlar. Dövlət və dövlət başçısı Azərbaycan təhsilinin inkişafı üçün lazım olan bütün addımları atmaqla bizim bu gün fəxrlə söylədiyimiz “Azərbaycan təhsili heç zaman olmayan bir səviyyəyə qalxmışdır” — ifadəsinə zəmin yaratmışdır. Bu səviyyə isə nəinki ölkə əhalisinin, eləcə də bütün dünyanın gözü qabağındadır.
Bu il aprel ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Estoniya Xarici İşlər Nazirliyində çıxış edərkən ölkəmizin sosial-iqtisadi inkişafını özündə əks etdirən çoxsaylı faktları böyük fəxr və iftixarla sadaladı. Həmin tədbirdən hazırlanmış telesüjetə baxarkən məni bir məqam daha da sevindirdi. Dövlət başçımız Avropa Birliyinin üzvü olan ölkənin diplomatları qarşısında dedi: “Bu gün Azərbaycanda müasir, inkişaf etmiş və intellektual səviyyəyə malik olan cəmiyyət qurulub”. Bir təhsil sahəsi mütəxəssisi kimi fəxr etdim. Sanki cənab Prezident şəxsən mənim, mənim işlədiyim kollektivin, təmsil etdiyim nazirliyin uğurlarından danışırdı. Çünki müasir, inkişaf etmiş və intellektual səviyyəyə malik cəmiyyətə gedən yol bilavasitə təhsildən keçir. Fikrimizi bir az da sadələşdirsək, yüksək səviyyədə təhsili olmayan ölkədə belə bir cəmiyyətin yaranması qətiyyən mümkün deyil.
Xalqımız və onun öncül zümrələrindən olan biz müəllimlər xoşbəxtik ki, milli təhsilimizin son 40 ili — əlbəttə, müəyyən qısa dövrlər istisna olmaqla — başdan-başa inkişaf yolundan ibarət olmuşdur. Biz bu gün bilavasitə Azərbaycan təhsilinin inkişafı ilə bağlı olan 16 Dövlət Proqramının təsdiq və icra edilməsindən fəxrlə danışırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət başçısı seçiləndən sonra ölkə təhsilinin sürətli inkişafına nail olmaq üçün bu sistemin bütün sahələrini əhatə edən, konkret sahələrin inkişafını nəzərdə tutan, eyni zamanda elmi şəkildə əsaslandırılmış müvafiq dövlət proqramları imzalamışdır. Təhsil sahəsində böyük idarəçilik təcrübəsi və bu sahəyə həqiqi müəllim yanaşması olan nazir Misir Mərdanovun rəhbərliyi ilə biz — təhsil ictimaiyyəti həmin proqramların məhz dövlətin qarşıya qoyduğu şəkildə icrasına nail olmuşuq. Bu proses davam edir. Nəticədə beynəlxalq aləmə iti sürətlə inteqrasiya edən Azərbaycan dövlətinin təhsil sistemi də həmin inteqrasiyaya öz töhfələrini verib.
Milli təhsil sistemimizin beynəlxalq aləmə inteqrasiyasının göstəricisi olan bəzi məqamları xüsusilə qeyd edək. Təhsil Nazirliyi mütəxəssislərinin çoxsaylı təhlil və müzakirələrindən sonra nazirlik rəhbərliyinin qərarı ilə Azərbaycan 2005-ci ildə rəsmi olaraq Bolonya prosesinə qoşuldu və Bolonya Bəyannaməsinin tələblərinə uyğun olaraq ölkənin ali məktəblərində köklü islahatların aparılmasına başlanıldı. Bəzi ekspertlər belə düşünürlər ki, bizim Bolonya prosesinə qoşulmağımız təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə kifayətlənəcək. Əsla belə deyil. Çünki Bolonya prosesinə qoşulmağımızın əsas məqsədi bu günki tələbələrin ali təhsil aldıqdan sonrakı fəaliyyəti üçün münbit şərait yaratmaqdan ibarətdir. Çünki Avropa Birliyinə üzv olan və həmin qurumdan kənarda olan Avropa ölkələrinin əksəriyyəti adı çəkilən prosesə qoşulub. Bizim həmin prosesə qoşulmağımızdan sonra diplom alan gənclərimiz üçün Avropa ölkələrində yaşıl işıq yanacaq. Bu isə Avropaya inteqrasiyanın ən mühüm cəhətlərindən biridir.
Yaxud orta
ümumtəhsil məktəblərində buraxılış
imtahanlarının indiyədək məlum olan qaydada
keçirilməsi beynəlxalq aləmdə köhnəlmiş
variant kimi qəbul edilirdi. Avropa məktəblərində
uğurla sınaqdan çıxarılmış mərkəzləşdirilmiş
qaydada buraxılış imtahanlarının keçirilməsi
daha mütərəqqi variant kimi qəbul edilirdi. Ancaq Avropada
uğur qazanmış həmin qaydanın Azərbaycana
kor-koranə gətirilməsini qəbul etməyən Təhsil
Nazirliyi əvvəlcə bu üsulun əhəmiyyətini, həyata
keçirilmə mexanizmini, tətbiqdən sonrakı nəticələrini
öyrənməyi üçtün tutdu. Sonra bu qayda pilot layihə kimi bir
neçə rayonda tətbiq olundu. Layihə öz müsbət
nəticələrini verdikdən sonra isə ölkəmizin hər
yerində orta məktəb məzunları buraxılış
imtahanlarını məhz Avropa ölkələrindəki kimi
— mərkəzləşdirilmiş qadydada verirlər. Eləcə
də şagird biliyinin qiymətləndirilməsi ibtidai təhsilin
təşkili, yeni dərslik siyasətinin müyyənləşdirilməsi
və bir çox başqa məsələlər də ənənəviliyin
müsbət cəhətləri qorunmaqla beynəlxalq təcrübəyə
əsaslanaraq təşkil edildi. Bunun isə bircə adı
var — inkişaf.
Azərbaycan təhsilinin
inkişafını, bu sahənin müasirləşdirilməsini
özündə göstərən daha nəzərəçarpacaq
məqamlardan biri də ölkə Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin
İnformasiya-Kommunikasiya Texnologiyaları ilə təminatı
Proqramı”nın uğurla icra etdirilməsidir. Bu faktı
milli təhsilimizin tarixi nailiyyəti adlandıranlar tamamilə
haqlıdırlar. İndi ölkə məktəblərinin
V-XI siniflərində hər 29 şagirdə bir kompyuter
düşür. Halbuki proqramın təsdiq edilməsinə qədər
hər 1000 (min) şagirdə bir kompyüter
düşürdü. Məktəblərin internet şəbəkəsinə
qoşulması, elektron dərsliklərin, elektron məktəblərin
yaradılması, pedaqoji kadrların elektron bankının təşkil
edilməsi, şagird, müəllim və məktəb rəhbərlərinin
İKT ilə fəal işləməsini təmin etmək məqsədilə
20 mindən çox adamı əhatə edən treninqlərin
keçirilməsi və başqa məqamlar milli təhsilimizin
müasirləşdirilməsindən və əsaslı şəkildə
yenidən qurulmasından xəbər verir.
Əlbəttə, ən
mütərəqqi beynəlxalq konvensiyalara qoşulması, ən
yeni elektron resursların tərtib edilməsi və ya
imtahanların ən ali dünya təcrübəsi əsasında
təşkil edilməsi hələ işin hamısı deyil.
Əsas məsələlərdən biri də müasir tələblərə
cavab verən orta məktəb və ali təhsil müəssisəsi
binalarının tikilib istifadəyə verilməsidir.
Sevindirici haldır ki, 2003-cü ilin payızından sonra
ölkəmizdə 350 mindən çox şagird yeri olan 1300
yeni məktəb binası tikilərək təhsil ictimaiyyətinin
və şagirdlərin ixtiyarına verilmişdir. Artıq
ölkə üzrə bütün şagirdlərin təxminən
50 faizi yeni məktəblərdə təhsil alır. Bu
prosesin iti sürətlə getməsində dövlətlə
yanaşı Heydər Əliyev Fondunun da yeni məktəb
tikintisinə böyük dəstək verməsinin
böyük rolu olmuşdur. Fondun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsi ölkə əhalisi tərəfindən
böyük maraq və məmnunluqla
qarşılanmışdır. Mən məmnunam ki, son illər
ali təhsil müəssisələri üçün də
müvafiq tədris korpusları tikilərək müəllim
və tələbələrin ixtiyarına verilir.
Bu məqamda mənim
yadıma başqa bir məsələ də düşür.
Belə ki, Azərbaycan təhsilinin bugünki inkişafı
bilavasitə ulu öndər Heydər Əliyev, onun siyasi
kursunun ən layiqli davamçısı olan cənab Prezident
İlham Əliyev və ümummilli liderimizin əməllərini
əbədiləşdirmək üçün yaradılan
Heydər Əliyev Fondunun adı ilə bağlıdır.
Ancaq həmin ünvanların hər üçünün həyatında
xüsusi rolu və xidmətləri olan daha bir şəxs
vardır ki, aprel ayında onun adı ölkə ictimaiyyəti
tərəfindən iki dəfə — həm 15 aprel anım
günü, həm də 28 aprel doğum günü kimi
böyük ehtiramla yad edilir. Bu, görkəmli oftolmoloq alim,
akademik Zərifə xanım Əliyevadır. Zərifə
xanım Azərbaycan xalqına nicat və qurtuluş gətirmiş
ulu öndərimizin sədaqətli arxa və dayağı
kimi nə qədər böyük ehtirama layiqdirsə,
müasir dünya siyasətində özünəməxsus
üslubu olan Prezident İlham Əliyevi dünyaya gətirib tərbiyə
etmiş, Vətən və xalq üçün gərəkli
bir şəxsiyyət kimi yetişdirmiş ana kimi də bir o
qədər əziz və dəyərlidir. Biz təhsil
ictimaiyyəti onun xatirəsini həmişə əziz tuturuq.
Yeri gəlmişkən, mən
ali təhsil sahəsində çalışdığıma
görə bilavasitə təhsilin bu mərhələsindəki
yeniliklər barədə söz açmaq istəyirdim. Ancaq sərlövhəmiz
bütövlükdə Azərbaycan təhsilini əhatə
etdiyinə görə, həm də son zamanlar ümumilikdə
təhsilimizin uğurları tez-tez gündəliyə gətirildiyinə
görə qələmə aldığım yazı daha əhatəli
oldu. Qoy olsun. Ən başlıcası odur ki, Azərbaycan təhsili
sözün həqiqi mənasında xalqın maraqlarına,
dövlətin mənafeyinə uyğun şəkildə
inkişaf etdirilir. Sonda qısa olaraq qeyd edim ki,
çalışdığım Azərbaycan Müəllimlər
İnstitutu rektor, professor Aqiyə xanım
Naxçıvanlının rəhbərliyi ilə həm
milli təhsilimizin, həm də ümumilikdə ölkəmizin
inkişafına öz töhfələrini uğurla təqdim
edir. Filialımızın yerləşdiyi Zaqatala rayonunun rəhbərliyi
və ictimai təşkilatları isə bizim fəaliyyətimizin
səmərəliliyinə daim dəstək verir. El bir olanda
isə, inkişafın səviyyəsi məhz bizim indi nail
olduğumuz səviyyədə olur.
Tovuz EMİNLİ,
Azərbaycan Müəllimlər İnstitutu
Zaqatala filialının direktoru
Xalq qəzeti.- 2010.- 18 aprel.- S. 6.