Qaxda “Ekologiya ili” çərçivəsində
işlər canlanmaqdadır
Respublikamızın hər yerində olduğu kimi
Qaxda da tikinti-quruculuq, abadlıq işlərinin daha da
genişləndirilməsi üçün müəyyən tədbirlər
görülür. Aprelin 16-da rayon icra hakimiyyətində idarə
və müəssisə rəhbərlərinin, YAP rayon təşkilatının
fəallarının iştirakı ilə keçirilən
müşavirə də məhz bu sahədə qarşıda
duran vəzifələrin həllinə xidmət edirdi.
Müşavirədə
rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev
respublikamızda gedən quruculuq işlərinin ahənginə
uyğun olaraq rayonun sosial-iqtisadi inkişafı,
tikinti-abadlıq işləri ilə bağlı
qarşıda duran vəzifələri təhlil etdi. Qeyd etdi
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən bu gün digər
bölgələrdə olduğu kimi, Qaxda da əhalinin rifah
halının yüksəldilməsi üçün yeni
iş yerlərinin açılması, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, kənd təsərrüfatının,
emal sənayesinin dirçəldilməsi, adamları narahat edən
digər bir sıra sosial problemlərin həlli ilə
bağlı müəyyən layihələrin həyata
keçirilməsi planlaşdırılmışdır. Bütün
bunlar dövlətimizin dəstəyi və özəl sektorun
inkişaf etdirilməsi ilə mərhələ-mərhələ
öz həllini tapacaqdır. Lakin tezliklə həllini
gözləyən bir çox məsələlər
vardır ki, gərək bu məsələləri idarə,
müəssisə kollektivləri və ictimaiyyətin qüvvəsilə
qısa müddətə həll edək. Xüsusilə
“Ekologiya ili” çərçivəsində
başlanmış işləri sürətləndirməli,
yaşayış yerlərində, rayondaxili və magistral
yolların kənarlarında, şəhərin küçə
və meydanlarında, şəhərətrafı ərazilərdə
səliqə-sahman yaratmalı, yaşıllaşdırma
işlərini başa çatdırmalıyıq.
Müşavirədə
qərara alındı ki, rayonun ərazisində nümunəvi
səliqə-sahman yaradılanadək hər həftənin
şənbə, bazar günləri ümumrayon iməcilikləri
keçirilsin.
Müşavirənin
yekunlarına uyğun olaraq, aprelin 17-də keçirilən iməcilikdə
idarə, müəssisə rəhbərləri, YAP rayon təşkilatının
fəalları da daxil olmaqla 2000 nəfərə yaxın rayon
sakini tərəfindən 1300 ədəd ağac əkildi,
küçələrdəki, yol kənarlarındakı minlərlə
ağaca qulluq edildi, ağardıldı, su arxları təmizləndi,
məişət tullantıları götürüldü. İməcilik
günü xüsusilə Qax-Güllük, Qax-Pavilyon
yollarının, rayonun ərazisindən keçən
Xaldan-Balakən magistral yolunun ətrafında nümunəvi səliqə-sahman
yaradıldı. Həmçinin həmin gün şəhərin
S.Vurğun, M.Məmmədov, Ü.Hacıbəyov, Vidadi, A.Məmmədov
küçələrində sıradan
çıxmış asfalt örtüyünün təmirinə
başlandı.
Qax bələdiyyəsinin
sədri Eyvaz Orucovun verdiyi məlumata görə, növbəti
həftələrdə də iməciliklər davam etdirilməklə
rayon ərazisində abadlıq işləri
aparılacaqdır. Eyni zamanda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında verdiyi
tapşırığa əsasən, şəhərdə
uyğunsuz, şəhərin arxitekturasına, nəqliyyatın
təhlükəsizliyinə xələl gətirən su, qaz
xətlərinin mövcud standartlara uyğun şəkildə
çəkilməsi də təmin ediləcəkdir.
İlqar MUSAOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 18 aprel.- S. 5.