Vətənə və xalqa xidmət amalı ilə...

 

Təyyarədə, ağ pəmbə buludların arasından gözəl Göyçə gölünü seyr edirəm. İçimdəki istəklərin, dilək və arzuların fövqündə duran vətən torpağının üstündə gəzmək arzusu təyyarədə olduğumu bir anlıq unutdurur mənə. Vətən nisgilli hər bir kəs mənim bu an hansı hisslər keçirdiyimi, yəqin ki, dərk edir. Yerimdən qalxıb qapıya doğru gedirəm ki, Göyçənin səma rəngli suyundan bircə ovuc içib bir “oxxay”- deyib də təşnə könlümün yanğısına aram verəm. Bir an sonra Ağrının ağ çalması görünür. İndi də aşağıdan Zəngibasarın, Vedinin əkin, örüş yerlərinin üstündən keçirəm. Bağışla, bağışla vətən! Bağışla ki, torpağından öpüb əzizləmək əvəzinə, sənin üstündən keçirəm! Sənə dönəcəyimə olan inamım isə heç zaman itməyəcək. Xəyallarımda səninlə yaşadığım bu şirin anlara stüardessanın qəfil səsi son verir. Hörmətli sərnişinlər...

 

Hava limanının avtomatlaşdırılmış şüşə qapılarının arxasında dayanıb bir anlıq hara gedəcəyimi qərarlaşdırmaq istəyirəm. Gələnlərlə qarşılayanlar arasındakı məhəbbətli görüşlərə həsəd aparıram. Ağrıdan üzü bəri gələn meh eynimi açır. Limanın ətrafındakı gül-çiçəkli xiyaban İrəvandakı həyət-baxçamızı xatırladır mənə. Torpağın şabalıdı rəngi də lap elə bizim həyətdəkinin eynidir.

... Səliqəylə sıralanmış taksilərdən birinə yaxınlaşıb Aralığa getmək istədiyimi bildirirəm. Təhər-töhrüm, rəng-ruhum da sürücüyə doğma adam təsiri bağışladığından haqq-hesablaşmadan yola düşürük. Naxçıvana hər gəlişimdə (bu tez-tez olmur) ilk getdiyim ünvan rəhmətlik atam Telman Xəlil oğlunun tövsiyəsinə əsasən, bu yerlərdə çörək verən kişi kimi tanınan nəcabətli insan Yusif əminin Aralıq kəndindəki sadə məzarını ziyarət olur. Məzarlıq kənd məscidinin yaxınlığında olduğundan oradan Quran oxuya bilən bir nələri də özümlə götürürəm ki, indi yalnız bir duaya ehtiyacı olan Yusif əmiyə və cəmi məzarlıqdakı əməli-salehlərə Allah kəlamını oxutdura bilim. Tanrı niyyətimə yetirir. El dilində deyildiyi kimi, şüşə kimi yollar bizi ünvana tozsuz-torpaqsız yetirir. “Allah bu yolu salanın ömrünü uzun, balasını xoşbəxt etsin” – duası Naxçıvanda eşitdiyim ilk səda olur. Sadə peşə adamlarından eşitdiyim hər kəlməyə diqqətli olmağı çox sevirəm və onlara ehtiramla yanaşıram. Çünki bu adamlar riyakarlıqdan və yalandan uzaq olurlar. Və nə deyirlərsə, doğrunu-dürüstü söyləyirlər. Yerindən ağırdan-ağır duran molla ədəb-ərkanla mənimlə birgə məzarlığa gəlib Quran oxuyur. Doğrusu, bu oxunanları dərk etmədiyimdən, səma kitabının sözlərinin mənasının deyil, avazının rənglərinə diqqət yetirirdim. Qəribədir ki, həmin anda düşündüyüm də bundan ibarət idi ki, cəmi əməli-saleh ölülərin ruhu mollanın oxuduqlarını eşidir və bundan şad olurlar. Məhz bu savab işi görə bildiyim üçün elə özüm də kifayət qədər rahatlandım. Mənim üçün bu səfərdə mütləq olan vacib əməli yerinə yetirdikdən sonra mollayla sağollaşıb kəndin içinə doğru gedirəm, insanlarla bir ağız danışmaq üçün. İndi əkin vaxtı olduğundan çörəyini torpaqdan çıxaran camaatın “kənd içi” deyilən yerə toplaşmasını gözləmək mənim səhvim idi. Burada bir-iki ixtiyar yaşlıdan savayı, heç kim yox idi. Onlarla salamlaşıb, hal-əhval tutur, dolanışıqları ilə maraqlanıram. Tanrını sevən bu adamlar, Allaha şükür deyib, güzəranlarının yaxşılığından danışırlar. A bala, qonağa oxşayırsan, gedək qonağım ol deyə, — evlərinə dəvət edirlər. Yaxşı qovurmamız, toyuq-cücəmiz var, hansından istəsən süfrəmizdə olacaq, - deyirlər. Qonaq-qara sevən, çörək verməyi ürəkdən istəyən Aralığın bu kişilərinə bol süfrə, uzun ömür diləyib, bəzilərinə daydostu, bəzilərinə xala, mənə isə bibi olan Yusif əminin Dərələyəzdən sevib-seçdiyi insana baş çəkməyə dönürəm... Bu xanım-xatın, başı örpəkli, min gəlindən həyalı, əli çörəkli, ağzı dualı ağbirçək bibiylə görüşmədən geriyə dönmək, doğrudan-doğruya, günah olardı.

... Naxçıvana dönürəm. Naxçıvan hər gün yeniləşir desəm, bu heç də şişirdilmiş fikir olmazdı. İki il öncə burada olanda gördüklərimdən heyrətlənib, təəssüratlarımı yazanda Naxçıvanı Avropa şəhərləri ilə müqayisə etmişdim. İndi isə bilmirəm, Naxçıvanı öz ahəngdar inkişafı ilə hara ilə müqayisə edim. Düşünürəm ki, artıq o zaman yetib ki, Naxçıvanı elə özü ilə, özünün yaşı, tarixi, ənənəsi, mənəvi dəyərləri, sənətkarlığı və insanları ilə müqayisə etmək daha düzgün olardı. Çünki buranın adamları kiməsə bənzəməyi yox, nümunə olmağı daha üstün tuturlar. Elə buna görə də, bir az da gileylə, Avropa bizə oxşasın, biz niyə onlara oxşamalıyıq, - deyirlər. Əhsən bu iddiaya, min əhsən olsun bu azad istəyə! Bəli, bugünkü Naxçıvanın inkişafının kökündə vətənə sonsuz məhəbbət dayanır . Hər kəs – ən yüksək vəzifəlisindən tutmuş, sadə insana qədər hamı bir məqsədə xidmət edir: erməni və ermənipərəsət xəyanətin nəticəsi olaraq Azərbaycandan tam təcrid olunmuş Naxçıvanı yaşatmaq və inkişaf etdirmək üçün məqsəd birliyi hər şeydən üstün tutulur. Bu aydın ideyanı irəli sürən Ali Məclisin sədri Vasif Talıbovun səyi və tələbkarlığı, eləcə də yerli əhalinin sədrə inamı fantastik görünən istəklərin gerçəkləşməsini təmin edir. Həftəsonu iməciliklər zamanı hər kəs eyni qiyafədə vətən naminə çalışır – general çavuşdan, fəhlə nazirdən seçilmir.

Hər zaman xoşrəftarlığı ilə xatırlanan Yusif kişinin zabitəli baxışları altında ərsəyə yetmiş övladları da, nəvələri də xalqla birgə Naxçıvanın çiçəklənməsinə xidmət edirlər. Düşünürəm ki, ölkəyə yalnız təyyarə vasitəsilə gediş-gəlişi olan muxtar respublikanın son dövürkü inkişafının əsasında məhz rəhbər vətəndaş münasibətindəki qarşılıqlı etibar və etimad dayanır. Ölkənin digər regionlarında görülən eyni işə görə xərclənən maliyyə vəsaitinin müqayisəsi də dediklərimizə sübutdur. Naxçıvanda hər kəs bilir ki, dövlət vəsaitinə qənaətlə yanaşılır, ondan səmərəli istifadə olunur. Hamı aydın dərk edir ki, blokadada yaşayan vətəni yalnız pak və şəffaf idarəçiliklə yaşatmaq və inkişaf etdirmək olar. Burada harama yer olmadığından hər kəs zəhmətə üstünlük verir. Kriminogen vəziyyət sabit olduğundan əhali gündəlik həyatını arın-arxayın yaşayır. Qeyd etdiyim kimi, bu rahatlığın əsasında isə sadəlik, qarşılıqlı inam və Ali Məclisin sədri Vasif Talıbovun xalq arasında qazandığı böyük etimad dayanır. Ulu öndərin sərrast seçimi, üstəgəl xalq etimadı buradakı əsaslı inkişafın bazisini təşkil edir. Müşahidələrimin, eləcə də ağsaqqallarla etdiyim söhbətlərin nəticəsi olaraq deyə bilərəm ki, ölkənin regionunda hamı Prezident İlham Əliyevin inam və etibarını şərəflə doğrultmağa xidmət edir.

Canıyananlıqla başlanılan hər bir işin sonu uğurla nəticələnir, – deyir ağsaqqallar. Onların dediyinə görə, Naxçıvandakı quruculuq işinin əsasında hər şeydən öncə halallıq dayanır. Burada mənəvi-əxlaqi dəyərlər əziz tutulur. Namus, qeyrət olan yerdəsə halallıq kimi dəyər şəffaflığı təmin edir. Demək, halallıqla fədakarlıq bir amala xidmət edəndə daha hansı çətinlikdən danışmaq olar ki?! Odur ki, Naxçıvanda qurub yaratmaq işi bir proses olaraq gündəlik fəaliyyətə çevrilmişdir. Amma nə yazıq ki, hər şeyə ağız büzüb baş bulayanlar buradakı dinamik inkişaf proqramına da obyektiv yanaşa bilmirlər. Şər-böhtan, yalan-iftira mənbəyinin məhsulu da, şübhəsiz ki, sahibinə oxşayacaqdır. Ara-sıra çap olunan qara yaxmaqla məşğul qəzetlərdə görülən işləri şübhə altına almaq cəhdləri Naxçıvanda haqlı olaraq çamur qismində kənara atılır. Haqqa, ədalətə inanan naxçıvanlılar gözlə görünən işlərə dayaq dururlar, nəinki yalana, iftiraya. Naxçıvanın bugünkü iqtisadi durumu, əhalinin həyat səviyyəsi, mühüm markroiqtisadi göstəricilər sübut edir ki, ölkənin bu regionu ilbəil inkişaf edir, çiçəklənir.

Naxçıvan Muxtar Respublikasında yeni quruculuq xəttinin, əsaslı yüksəlişin təməli isə ötən əsrin 90-cı illərinin əvvəlində qoyulub. Belə ki, həmin təlatümlü, çətin günlərdə sosial-iqtisadi problemlərin məngənəsində sıxılan muxtar respublika xalqın sevimlisi, ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas oldu. Məhz ümummilli liderimizin rəhbərliyi altında Naxçıvanda bazar münasibətlərinə əsaslanan yeni iqtisadi model formalaşdırıldı. Məkrli düşmənin blokadaya aldığı regionda möhkəm ictimai-siyasi sabitlik əldə olunmaqla yanaşı, bir sıra ardıcıl və sürətli islahatlar həyata keçirildi.

Ötən illər ərzində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi mənzərəsi əsaslı şəkildə dəyişilmiş, Naxçıvan şəhərində, rayon mərkəzlərində, eləcə də bütün yaşayış məntəqələrində mühüm quruculuq işləri həyata keçirilmişdir. Artıq muxtar respublika əhalisinin elektrik enerjisi, qaz, içməli və suvarma suyu ilə bağlı əvvəlki illərdə üzləşdiyi problemlərdən əsər-əlamət qalmayıb. Son illər burada bütün kommunikasiyalar yeniləşdirilib, rabitə-nəqliyyat şəbəkəsi tamamilə müasirləşdirilib.

Son 15 ildə Naxçıvan Muxtar Respublikasında 188 yeni təhsil, 158 səhiyyə, 143 mədəniyyət müəssisəsi və 335 inzibati bina tikilib istifadəyə verilib. 1995-ci ildə muxtar respublikada 56 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, hazırda onların sayı 390-a çatıb. Ötən müddətdə burada 105 yeni körpü salınıb, 52 tarixi abidə və dini obyekt əsaslı təmir və bərpa olunub. 15 il əvvəl Naxçıvan Muxtar Respublikasında cəmi 16 kilometr asfalt yol çəkilmişdisə, 2009-cu ildə bu rəqəm 198,6 kilometr təşkil etmişdir. Son illər əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəmək məqsədilə 331 artezian quyusu qazılmış, 148 nasos stansiyası qurulmuşdur. Bütövlükdə isə Naxçıvanın son 15 ildəki sürətli inkişafı dövründə 3763 yeni istehsal, xidmət və əlavə infrastruktur obyekti yaradılmışdır. Bütün bunlar isə, öz növbəsində, muxtar respublikada məşğulluq strategiyasının uğurla reallaşdırılmasına geniş imkanlar açmışdır. Təkcə onu demək kifayətdir ki, 1995-ci ildən indiyədək Naxçıvanda 61391 yeni iş yeri yaradılmışdır ki, bunun da 33,4 faizi dövlət, 66,6 faizi isə özəl bölmənin payına düşür. Yeni iş yerlərinin 60 faizə yaxını və ya 36585-i daimi məşğuliyyətlə bağlıdır.

2009-cu ildə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf sahəsində yüksək uğurlar əldə olunmuşdur. Belə ki, ötən il muxtar respublikada iqtisadiyyatın tarazlı inkişafı təmin olunmuş, regionların, ucqar dağ kəndlərinin inkişafı, əhalinin məşğulluq məsələləri diqqət mərkəzində saxlanılmış, geniş miqyaslı quruculuq işləri həyata keçirilmişdir. Muxtar respublikanın tarixində ilk dəfə olaraq ümumi daxili məhsulun həcmi 1 milyard ABŞ dolları səviyyəsini ötmüşdür. İl ərzində burada sosial-iqtisadi inkişafın indikatoru sayılan ümumi daxili məhsul müqayisəli qiymətlərlə 21 faiz artaraq 973 milyon manatı ötmüş, onun adambaşına düşən həcmi isə 377 manat artaraq 2435 manat təşkil etmişdir.

Əvvəlki dövrlərdə olduğu kimi, iqtisadiyyatın mühüm istiqaməti sayılan sənaye 2009-cu ildə də muxtar respublikanın ən dinamik inkişaf edən sahələrindən birinə çevrilmişdir. Belə ki, sənaye müəssisələrinin işinin bərpası, istehsal olunan məhsulun həcminin və çeşidinin artırılması istiqamətində aparılan tədbirlər nəticəsində il ərzində 212 milyon 469 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 24,5 faiz çoxdur. Ümumi sənaye məhsulunun 179 milyon 51 manatlığının qeyri-dövlət sektorunda istehsal edilməsi isə, heç şübhəsiz, muxtar respublikada sahibkarlıq mühitinin formalaşmasına, özəl sektorun inkişafına göstərilən qayğı və diqqətin təcəssümüdür. Yeri gəlmişkən, özəl sektorun ümumi fəaliyyəti üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 280 adda məhsul istehsal olunur ki, onun da 106 növü ərzaq, 174 növü isə qeyri-ərzaq məhsullarıdır.

Naxçıvan Muxtar Respublikasında sakinlərin normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi də davamlı olaraq yüksəldilir, zəruri infrastruktur layihələri həyata keçirilir. Əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunur. Məhz bu baxımdan son illər iqtisadi inkişafda diqqəti cəlb edən əsas amillərdən biri də ümumi daxili məhsul istehsalında tikinti-quraşdırma işlərinin xüsusi çəkisinin davamlı olaraq yüksəlməsidir. Belə ki, 2009-cu il ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 411 milyon 522 min manat həcmində investisiya yönəldilmişdir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, hazırda ölkə üzrə adambaşına düşən əsas kapitala yönəldilən investisiyanın həcmi üzrə Naxçıvan Muxtar Respublikası Bakı şəhərindən sonra ikinci yerdə, iqtisadi rayonlar arasında isə ilk yerdədir.

Ötən il muxtar respublikada tikinti və əsaslı təmirdən sonra 726 müxtəlif təyinatlı obyekt istifadəyə verilmişdir. Hazırda isə 116 obyektin tikintisi və ya əsaslı təmiri davam etdirilir. İl ərzində Naxçıvanda 3 yeni yaşayış binasının tikntisi davam etdirilmiş, 79 yaşayış binasında təmir-bərpa işləri aparılmış, 49 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənmişdir. 2009-cu ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilkdə 132 min 54 kvadratmetr yaşayış sahəsi tikilmişdir.

Hazırda Naxçıvanda kənd təsərrüfatının inkişaf etdirilməsi də əsas prioritetlərdəndir. Son illər aqrar sektorda çalışanlara müxtəlif təyinatlı güzəştli kreditlərin verilməsi, yeni texnika və avadanlıqların alınıb gətirilməsi, meliorativ tədbirlərin həyata keçirilməsi bu sahəyə marağı bir qədər də artırmışdır. 2009-cu ilin məhsulu üçün 59 min 200 hektar sahədə əkin aparılmış, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə məhsul istehsalçılarına ümumi dəyəri 3 milyon 730 min manatadək olan 8508 tondan çox azot və fosfor gübrəsi paylanmış, muxtar respublikaya 108 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmişdir. Ötən il Naxçıvanda 185 milyon 117 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 13,4 faiz artım deməkdir. İl ərzində muxtar respublikada taxılçılıq sahəsində də yüksək nəticə əldə edilmiş, dənli və dənli-paxlalı bitkilərin əkin sahəsindən 100 min 760 ton məhsul yığılmışdır. Bununla yanaşı, kartofçuluğun inkişafı da xüsusi diqqət mərkəzində saxlanılır. Təkcə onu demək kifayətdir ki, ötən il əkin sahələrindən 37 min 423 ton məhsul yığılmışdır.

Muxtar respublikada heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər də müsbət nəticə vermiş, 1 yanvar 2010-cu il tarixə bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 98 min 807 baş, qoyun və keçilərin sayı isə 589 min 603 baş olmuşdur. Bundan əlavə, Naxçıvanda maldarlıqla yanaşı, quşçuluğun, arıçılığın, balıqçılığın və digər sahələrin inkişaf etdirilməsi sahəsində də məqsədyönlü işlər görülmüşdür.

İl ərzində Naxçıvan Muxtar Respublikasında nəqliyyat, rabitə və energetika sahələrində uğurlu nəticələr əldə edilmişdir. 2009-cu ildə muxtar respublikada yük daşınması əvvəlki illə müqayisədə 11,7 faiz, sərnişin daşınması isə 8,3 faiz artmışdır. Bütövlükdə isə il ərzində sərnişin və yük daşınmasından 30 milyon 878 min manat gəlir əldə edilmişdir. 2009-cu ildə nəqliyyat infrastrukturunun imkanları da xeyli yaxşılaşdırılmış, Naxçıvan, Culfa, Şahbuz və Şərur şəhərlərində müasir avtovağzallar tikilib istifadəyə verilmişdir.

Ötən il rabitə müəssisələri tərəfindən ayrı-ayrı təşkilatlara və əhaliyə faktiki qiymətlərlə 31 milyon 120 min manatlıq xidmət göstərilmişdir ki, bu da 2008-ci illə müqayisədə 34 faiz çoxdur. Bununla yanaşı, il ərzində muxtar respublikanın elektroenergetika sahəsində də geniş miqyaslı yenidənqurma tədbirləri həyata keçirilmiş, istehlakçılara 301 milyon 747 min kilovat-saat elektrik enerjisi çatdırılmış, sərf olunmuş enerji haqqının yığım səviyyəsi 101,4 faiz təşkil etmişdir. 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında əhali təsərrüfatlarına qaz çəkilişi başa çatdırılmış, 77 min 97 abunəçi qazla təmin olunmuşdur.

Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhalinin həyat səviyyəsinin davamlı yüksəlişinə zəmin yaratmış, hər bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 273,3 min manata çatmışdır.

Göründüyü kimi, 2009-cu il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 85 illik yubleyini qeyd etmiş Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli və yaddaqalan hadisələrlə zəngin olmuşdur. Bütövlükdə isə Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş mühüm dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi Şərqin qapısı olan Naxçıvanın sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişmiş, yeniləşdirmişdir.

...Bəli, iki illik fasilədən sonra Naxçıvanda gördüklərim məni qəlbən sevindirdi. İki günlük səfərimdə aldığım zövq ağrılarıma su çilədi. “Su qədər ömrünüz olsun, əziz eloğlular” duası ilə Bakıya döndüm.

 

 

Mübariz SƏFƏROV,

professor

 

Xalq qəzeti.- 2010.- 18 aprel.- S. 5.