Ermənilərin azərbaycanlılara
qarşı törətdikləri soyqırımlarını
faktlarla dünya ictimaiyyətinə
çatdırmalıyıq
“Hər hansı milli, etnik, irqi və
ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən
məhv etmək məqsədilə qrup üzvlərini
öldürmə, qrup üzvlərinin sağlamlığına
ağır zərər vurma və ya onların əqli qabiliyyətinə
ciddi zərər vurma, qrupun bütövlükdə və ya
qismən fiziki məhvinə yönəlmiş
yaşayış şəraiti yaratma, qrup daxilində
doğumların qarşısını almağa yönəlmiş
tədbirləri həyata keçirmə, bir qrupa mənsub
olan uşaqları zorla başqa qrupa keçirmə” — Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində
soyqırıma belə bir anlayış verilmişdir.
Soyqırım cinayəti sülh və insanlıq əleyhinə
yönələn xüsusilə ağır cinayətlərdən
hesab olunur. Təsadüfi deyildir ki, cinayət qanunvericiliyində
həmin cinayəti törədənlər üçün
ömürlük azadlıqdan məhrumetmə cəzası da
nəzərdə tutulmuşdur.
Tarixin təhlili göstərir ki, zaman-zaman Azərbaycan xalqının başına gətirilən faciələr özünün ağır nəticələri, amansızlığı ilə digər oxşar hadisələrdən fərqlənmişdir. Ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanda deyildiyi kimi, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. Əslində, Azərbaycanın ikiyə bölünməsini qəti təsdiq edən Türkmənçay müqaviləsi və onun ağır nəticələri XIX əsrin əvvəllərində Azərbaycan xalqına qarşı soyqırım siyasətinin başlanğıcı idi.
XX əsrin əvvəllərində İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı.
Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab nəticəsində əsrlərlə ömür sürmüş mütləqiyyət quruluşu devrildi. Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın İdarəsi üzrə Xüsusi Komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradıldı. Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra onda iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşdılar və regionda ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplaşdılar.
May ayının 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin iqamətgahında, doktor Həsən bəy Ağayevin sədrliyi ilə Milli İslam Şurasının iclası keçirildi və Azərbaycanın istiqlaliyyəti haqqında Bəyannamə qəbul edildi. Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı bəyan edildi. Sonra Milli İslam Şurası bitərəf deputat Fətəli xan Xoyski başda olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin ilk müvəqqəti hökumətini təşkil etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı.
Sovetlər Birliyi dövründə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk aylarda Bakıda fəaliyyət göstərməməsi səbəbləri ictimaiyyətdən qəsdən gizlədilirdi. Sovetlər dönəmində, hətta, hüquq fakültəsinin tələbələri də bilmirdilər ki, həmin hökumət nə üçün məhz Tiflisdə yaradılmış və ilk günlərdə orada fəaliyyət göstərmişdi?! Ona görə ki, sovet tarix, hüquq və siyasi ədəbiyyatında Azərbaycan Xalq Cümhuriyyətinin və onun hökumətinin demokratik mahiyyəti, kommunist ideologiyasının tələblərinə müvafiq olaraq, bilərəkdən təhrif edilmişdi. Hələ bu azmış kimi, ilk demokratik respublikanın tarixi barədə məlumat da saxtalaşdırılmışdı. Sən demə, səbəb başqa imiş. Bu vaxt Bakıda S.Şaumyan başda olmaqla, Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan Bakı Xalq Komissarları Sovetinin fəaliyyət göstərdiyi şəraitdə onun rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada 50 min azərbaycanlı — qoca, xəstə, qadın, o cümlədən hamilə qadın, uşaq — bir sözlə, günahsız insanlar xüsusi amansızlıqla qətlə yetirilmişlər.
Törədilən azərbaycanlı qırğınlarından sonra “Bakı kommunası” azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə itirdi. Onların hakimiyyəti Bakıdan kənara çıxa bilməmişdi. Azərbaycanın qəzalarında isə tam hakimiyyətsizlik və hərc-mərclik hökm sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918-ci ilin iyunun 16-da Azərbaycan Milli Şurası Tiflisdən Gəncəyə köçdü.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı zamanı Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə (Yelizavetpol) quberniyasında 272, İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdı.
Zaqafqaziyanın zorla sovetləşdirilməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR- in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atdılar.
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır itkilərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran edilmişdir.
1947-ci il dekabrın 23-də İ.Stalinin hökmü ilə “Ermənistan SSR ərazisindən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür—Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sovetinin qərarı qəbul edildi.
Bəli, yüz minlərlə azərbaycanlı məcburi surətdə öz doğma torpaqlarından SSRİ Nazirlər Sovetinin cəmi dörd vərəq həcmində olan qərarı əsasında didərgin salındı. Bu ədalətsiz aktın hansı zərurətdən irəli gəlməsi barədə isə həyasızcasına susmaq üstün tutuldu. Başqa hallarda olduğu kimi, İ.Stalin bu tədbirin də həyata keçirilməsində heç kəs qarşısında məsuliyyət daşımadığını və heç kəsə hesabat vermək istəmədiyini bir daha nümayiş etdirmək üçün elə ilk cümləsi “köçürülsün” sözü ilə başlanan ədalətsiz bir qərara imza atmışdı.
Bu ədalətsiz sənədin ortaya çıxmasına qədər erməni millətçilərinin hansı “təşkilati” tədbirlərə əl atdıqlarını indi təsəvvür etmək çətin deyil. Onlar Ermənistanı digər millətlərdən, ən başlıcası, azərbaycanlılardan təmizləmək niyyəti güdür və bunun üçün dəridən-qabıqdan çıxırdılar. Tarix göstərdi ki, ermənilər bu məqsədlərinə nail ola bildilər. Dağ şəraitində yaşamış on minlərlə adam Azərbaycanın aran rayonlarına köçürüldü. İllər boyu soydaşlarımızın öz zəhmətləri ilə qurub-yaratdıqları ev-eşik xarici ölkələrdən gələn ermənilərə qismət oldu. İqlim şəraitinin dəyişdirilməsi, min bir əziyyət, eləcə də doğma ocaq həsrəti minlərlə soydaşımızın həyatına son qoydu.
“Ermənistan SSR ərazisindən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” İ.Stalinin 1948-ci il martın 10-da imzaladığı və əvvəlki sənədin davamı olan bu qərar, guya, köçürülənlərə müəyyən imtiyazlar vermək niyyəti güdürdü. Sözsüz, Vətən, torpaq itkisi ilə üzləşən insanları belə imtiyazlarla aldatmaq faydasız idi. Çünki el-obasını tərk edən adamları bu cür xırda güzəştlərlə ovundurmaq da qeyri-mümkün idi. Lakin Stalin rejimi erməni millətçilərinin fitvası ilə öz işini görürdü. Bəs köçürülənlərin sonrakı taleyi necə olacaqdı? Onlar yeni iqlim şəraitinə uyğunlaşıb yaşaya biləcəkdilərmi? Bu suallar Stalin rejimini qətiyyən narahat etmirdi.
Ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikası Prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli fərmanı son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalması, mərhələ-mərhələ gerçəkləşdirən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlıların keçmiş İrəvan xanlığının ərazisindən — min illər boyu yaşadıqları doğma torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalması, xalqımıza məxsus minlərlə tarixi - mədəni abidə və yaşayış məskəninin dağıdılıb viran edilməsi və bu tarixi ədalətsizliyə nəhayət, hüquqi-siyasi qiymət verilməsi zəruriliyindən irəli gəlmişdir.
Təəssüf ki, Azərbaycan xalqının Ermənistan ərazisindən deportasiyası xalqımızın tarixində yeganə hal olmamışdır. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuş, başqa sözlə, qovulmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmişdir. Minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi işgəncələrə dözməyərək həlak olmuşlar.
Həmin dövrdə Ermənistan SSR ərazisindən kütləvi surətdə qovulmuş soydaşlarımızın böyük əksəriyyəti dünyasını dəyişmişdir. Bu hadisələrdən yarım əsrdən də artıq zaman keçsə də tarixi ədalətsizliyin vurduğu mənəvi zərbəni xalqımız heç vaxt yaddan çıxarmamalıdır. Axı gələcək nəslimiz də bu faciədən xəbərdar olmalıdır. Tarixi yaddaşsızlıq, həqiqətən, hər bir xalq, millət üçün faciəvi nəticələrə gətirib çıxarır. Tarix bir daha təkrarlanmaqla, bunu əyani sübut etdi. Belə ki, 1988-ci ildə Ermənistan ərazisində azərbaycanlıların başına gətirilən müsibətlər bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Bu hadisələr 1948-1953-cü illər azərbaycanlıların Ermənistan ərazisindən deportasiyasının bir növ məntiqi davamı hesab edilməlidir. Lakin təəssüf ki, respublikamız müstəqillik əldə etdikdən sonra da bu tarixi ədalətsizliklər beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırılmamış, bu hadisələrə müvafiq beynəlxalq- hüquqi qiymət verilməmişdir.
Ermənilərin azərbaycanlıların əleyhinə həyata keçirdiyi soyqırımlarının tarixi kökləri, siyasi-ictimai, ideoloji cəhətlərinin hər biri dərindən tədqiq olunmalı, aşkarlanıb bu haqda əsl həqiqət dünyaya çatdırılmalıdır. Məhz ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikası Prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli fərmanı xalqımızın başına gətirilən bu ədalətsizliyin həm də dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır. Bu isə qondarma Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün xüsusilə vacibdir.
Ümummilli lider Heydər Əliyev bütün səylərini ona yönəltmişdi ki, qondarma Dağlıq Qarabağ məsələsi dinc yolla, beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllini tapsın. Lakin hazırda dünyada ikili standartlar mövcuddur.
Azərbaycan Respublikasının Konstitusiyasına görə, respublikamız dünyəvi dövlət olmasına baxmayaraq, ayrı-ayrı hallarda bizə də, digər islam dövlətləri ilə yanaşı, əsassız olaraq, “islam damğası” vurulur. Əgər belə olmasaydı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd- şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə (822, 853, 874, 884 ¹-li) indiyədək icra edilmiş olardı.
Ümummilli lider Heydər Əliyev demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında bəyan edir ki, biz sülh yolu ilə qondarma Dağlıq Qarabağ probleminin həllinə çalışırıq. Lakin Azərbaycan xalqının səbrinin hüdudları var. Əgər sülh yolu ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ erməni tapdağından azad olunmazsa, bu torpaqları silah gücünə azad etməyə hazırıq. Bu isə bizim təbii, ayrılmaz, konstitusiya hüququmuzdur.
İlham ABBASOV,
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının
prorektoru, hüquq elmləri üzrə fəlsəfə
doktoru,
baş ədliyyə müşaviri, prokurorluğun fəxri
işçisi
Xalq qəzeti.- 2010.- 20 aprel.- S. 4.