Binəqədi rayonunda birinci rübün yekunları müzakirə edilmişdir

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın rayon fəallarının iştirakı ilə keçirilən toplantısında ətraflı müzakirə edilmişdir.

 

İclası giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Alı Qocayev ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafından bəhs etmiş, bu tərəqqinin rayon həyatında da özünü qabarıq büruzə verdiyindən danışmışdır.

Natiq göstərmişdir ki, I rübdə rayon üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 473,5 min manat təşkil etmişdir. Rayon üzrə 22630 manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 88 faiz təşkil edir. 2010-cu ilin yanvar-mart aylarında istehlakçılara 22659 min manatlıq və ya bütün sənaye istehsalından 0,1 faiz çox sənaye məhsulu göndərilmişdir.

Sözügedən dövrdə rayon üzrə sənaye müəssisələrinin əmək haqqı fondu 3149 min manat olmuşdur. Yanvar-fevral aylarında sənaye müəssisələrində orta aylıq əmək haqqı 317,7 manat olmuşdur. Bu isə əvvəlki illə müqayisədə 0,7 faiz çoxdur. Əlbəttə, bu sevindirici haldır. Cənab Prezident Azərbaycanda 2010-cu ilin I rübündə orta aylıq əmək haqqının 304 manat olduğunu qeyd etmiş və bu göstəricinin yaxşı nəticə olduğunu vurğulamışdır.

Şura iclasında geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bu ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafında müsbət göstəricilər əldə olunduğunu diqqətə çatdırmışdır. O vurğulamışdır ki, ictimai həyatımızın ən mühüm sferalarından biri olan istehlak bazarında müsbət dinamika nəzərə çarpmışdır. Belə ki, I rübdə rayon ərazisinə 244500,1 manatlıq və ya 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Artım əsasən pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin real həcminin artması hesabına yaranmışdır.

Cari ilin yanvar-mart aylarında əmtəə bazarının vəziyyəti yüksələn xətt üzrə davam etmişdir. Pərakəndə ticarət və iaşə şəbəkəsində əhaliyə 200507,3 min manatlıq istehlak malları satılmış və iaşə xidmətləri göstərilmişdir. 2010-cu ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 0,2 faiz artmış, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə keçən ilin müvafiq dövrünə nisbətən sabit qalmışdır.

Yeri gəlmişkən, şura iclasında rayon icra hakimiyyətində istehlak mallarının keyfiyyətinə nəzarət üzrə ictimai komissiyanın yaradılması haqqında qərar qəbul olunmuşdur.

Natiq çıxışında onu da bildirmişdir ki, I rübdə rayonda “Ekologiya ili” çərçivəsində intensiv tədbirlər keçirilmişdir. Başqa sözlə, hər həftənin şənbə günləri RİH aparatının məsul işçiləri, icra nümayəndələri, bələdiyyələr və bəzi müəssisələr tərəfindən yol kənarlarında, xiyabanlarda, parklarda boş sahələrə ağaclar və bəzək kolları əkilmişdir və bu iş davam etdirilir. Bu günədək rayon ərazisində 10 mindən çox ağac və bəzək kolları əkilmişdir.

V.İsmayılov daha sonra əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsindən danışmışdır. Natiq göstərmişdir ki, rayon QİS tərəfindən cari ilin I rübündə 7-8-9-cu mikrorayonlarda, Binəqədi, Biləcəri, Rəsulzadə və Sulu təpə qəsəbələrində müxtəlif diametrli borularla yeni qaz xətti çəkilmiş və sayğaclar həyətlərdən çıxarılaraq bayır tərəfdən quraşdrılmıışdır.

Rayonda əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması istiqamətində rayon su istehsalatı və istismarı zonası tərəfindən müəyyən işlər görülmüşdür. Rayonun Biləcəri, Rəsulzadə qəsəbələrində müxtəlif diametrli boruların 500 paqonometrdən çox hissəsi yeni borularla əvəz olunmuşdur. Müşviqabad qəsəbəsində yeni 90 kVt/saat gücündə elektrik mühərriki quraşdırılmışdır...

Natiq rayonda aparılan tikinti-abadlıq işlərindən danışaraq demişdir: – MKTB-nin xətti ilə rayonun H.Babaşov küçəsində abadlıq işləri uğurla davam etdirilir. S.S.Axundov küçəsində qanunsuz tikililərin söküntüsü başa çatmaq üzrədir. Bir çox ünvanlarda “nümunəvi həyət”, “nümunəvi məhəllələr” yaradılması məqsədilə MKTB təqdirəlayiq işlər aparır...

“Bakıelektrikşəbəkə” ASC-nin rayon şöbəsinin işini qənaətbəxş hesab etmək olar. Doğrudur, bəzən baş vermiş qəzaların aradan qaldırılması naməlum səbəblərdən ləngidilir, lakin ədalət naminə desək, şəbəkənin işçiləri öz işlərinə məsuliyyətlə yanaşırlar. Müxtəlif ünvanlarda müxtəlif markalı 800 metrə yaxın kabel dəyişdirilmişdir. Bundan əlavə izolyator və kabel bağları yenisi ilə əvəz olunmuşdur.

Şura iclasında görülən işlərlə yanaşı, yol verilən nöqsanlara da toxunulmuş, çatışmazlıqların aradan qaldırılması məqsədilə konkret qərarlar qəbul edilmişdir.

İclasda həmçinin rayonun ayrı-ayrı qurumlarının nümayəndələri üzərlərinə düşən vəzifələrin icra vəziyyətindən danışmışlar. Sonda iclasın qərar layihəsi oxunmuşdur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 20 aprel.- S. 7.