Sonuncu dubl
“Mən özümü dünyanın ən xoşbəxt
qadını hesab edirəm, çünki mənim Azərbaycan
dolusu oğlum və qızım var.”
Nəsibə ZEYNALOVA
O, səhnələri fəth edəndə mən hələ
həyatda yox idim. O, sənətdə parlaq səmimiyyəti
ilə milyonların məhəbbətini qazananda ağlım
hələ kəsmirdi. O, yaşının ixtiyar
çağında belə tükənməz enerjisi ilə səhnələri
titrədəndə artıq nəhəngliyinin fərqindəydim.
Və ağlıma da gəlməzdi ki, bir gün mən də
onun sənətinin cazibəsinə düşüb səhnəmizin
nəsibi ilə-Nəsibə xanımla qabaq-qənşər
oturub dərdləşəcəm. Onun
ağrılı-acılı anlarında yanında olacam. Onun
bivəfa dostlarının yerinə utanacam... Və çox
ağrılı olsa da, hər zaman gülərüz
simasına alışdığım aktrisanın göz
yaşlarını siləcəm. Həmişə məni bir
tamaşaçı kimi gözlərim yaşaranadək
güldürən Nəsibə xanımla son görüşdə
də gözlərimdən yaş gəldi, amma gülməkdən
yox... Təəssüf...
“Elə bilirdim ki, həmişə
cavan qalacam, həmişə səhnədə qalıb belə
obrazlar yaradacam. Əfsus, tez, çox tez qocaldım. Elə
bilirəm ki,səhnəyə dünən gəlmişəm.
Belə tez qocalmağıma özüm də məətəl
qalmışam.Nə tez qocaldım... .”
Bu sözləri deyərkən
hələ canında səhnə təravəti var idi. Hələ
teletamaşalara çəkilirdi, baxmayaraq ki, amansız xəstəlik
artıq onu yaxalamışdı. O isə mübarizə
aparırdı. Bu, yaşamaqdan çox, səhnəni
yaşatmaq uğrunda mübarizəyə bənzəyirdi. O
zaman onunla sırf yaradıcılıqdan
danışmış, ötüb keçənləri
xatırlamışdıq.
Səhnənin, efirin
cazibəsi o qədər güclüdür ki, ondan ayrılmaq
çox çətindir. Nəsibə Zeynalova sağ ola-ola səhnədən
ayrı düşəcəyini ağlına belə gətirməmişdi.
Daha dogrusu, özünü səhnəsiz yaşam həyatına
kökləməmişdi. Deyirdi ki, nə vaxtsa səhnədən
ayrı düşəcəyim ağlıma belə gəlməzdi.
Amma biz həyata yox, həyat bizə diktə edir. Onun
aramsız göz yaşları göstərirdi ki, Nəsibə
xanım özünü səhnəsiz həyata kökləyə
bilməyib. Amma ondan bəhrələnən
tamaşaçı və həm də böyük bir aktyor
ansamblı da Nəsibəsiz səhnəyə alışa
bilmir axı?!
İkinci dəfə onunla xəstəxanada görüşdüm. Ömrünün bir hissəsi səhnələrdə, çəkiliş meydançalarında, tamaşaçılarla gülüş ünsiyyətində keçən Nəsibə xanım bu dəfə də səhnədə idi. Amma həyat səhnəsində... və fərqli rolda... Bu dəfə səhnə də kiçik idi, adi xəstəxana palatası... Və ona replikanı tərəf müqabil kimi həkim verirdi. Tez sağalması, yenidən ayağa qalxması üçün. Yenə də nikbin görünürdü və bu halında da zarafatından, yumorundan qalmırdı. Səhnəyə yenidən qayıdacağınamı ümidlüydü, ya obrazlarını unutmaq istərmirdimi, bilmirəm, tez-tez məhşur rollarından sitatlar gətirirdi. Sanki məşqdəydi. Lakin nə qədər nikbin, nə qədər zarafatcıl olsa belə, yenə də kövrək idi. Söhbət əsnasında dəfələrlə göz yaşını saxlaya bilmir, özü ilə bərabər bizi də qəhərləndirirdi. Amma yenə də zarafatlarından qalmırdı, nə özü darıxırdı xəstəxana palatasında, nə də ətrafdakıları darıxmağa qoyurdu. Amma diqqətlə baxanda görürdün ki, gülən ancaq üzüdür. Gözlərində bu sevincdən, bu ovqatdan əsər-əlamət belə yoxdur. Gözləri yol çəkirdi, kimisə gözləyirdi. Kənara çəkilib nəvəsi Nəsibədən “kimi gözləyir, nədən belə nigarandır?”-deyə soruşdum. Bu pıçıltıdan sanki nə isə duymuş kimi dedi :
“Ömrümü-günümü səhnədə keçirdim. Elə bilirdim ki, tamaşaçı məhəbbətindən savayı sənətdə yeni dostlar qazanmışam. Elə güman edirdim ki, başıma bir iş gəlsə, mənə həyan duran, məni axtaran olacaq. Təəssüf, çox təəssüf. Tanımadığım, sadəcə sənətimə pərəstiş edən adamlardan daha çox qayğı və diqqət gördüm, nəinki illərlə səhnədə çiyin-çiyinə çalışdığım insanlardan... Nə bilim, bəlkə də işləri, qayğıları çoxdur. Hardadır mənə dost deyənlər, hardadır mənim xoş günümdə yanımdan çəkilməyənlər, niyə sənət dostlarım gəlib məni yoluxmur. Axı, mən onlara belə olmamışam. Hardasınız ay vəfasızlar ?!”
Əslində bu, çağırış yox, insanlığa, dostluğa, ən əsası, yaşlı və xəstə bir insanın məlum durumunu anlaya bilənlərə müraciət idi. Bəli, anlaya bilənlərə... Həyat oyunundan isə heç kəs sığortalanmayıb. Bu gün mədəniyyətimizin yarpaq tökümünün getdiyi bir zamanda mən bir tamaşaçı kimi sənətdə “sonuncu dubl”ları izləmək məcburiyyətindəyəm. Bunlar lentlərin yaddaşında yaşayan dubllardır... Hər dəfə o lentlər irəli-geri gəlir, amma bunlar sadəcə lentlərdir, gerisi gəlməyəcək sənət nümunələridir. Nə onların davamı var, nə də o sənətkarların. Sıralar daralır, incəsənətin son magikanları tükənir. Yerində kütləni əyləndirən ucuz şoular və təlxəklər qalır. Təəssüf... Azərbaycan kinosunun “Qaynana”sı, Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, böyüklü-kiçikli yüzlərlə rolun öhdəsindən ləyaqətlə gələn xalq artisti Nəsibə xanım Zeynalovadan sonra həqiqətən də Azərbaycan teatr sənətində bir boşluq yaranmışdır.Bu gün milli incəsənətimiz onun ecazkar oyunu, təkrarsız jestləri ilə Nəsibə Zeynalova modelindən bəhrələnməlidir. Bu model nümunə olaraq tədris və tədqiq olunmalı, yetişən aktyor ansamblı üçün isə sanballı mənbəyə çevrilməlidir.
Bu gün səhnəmizin nəsibinin doğum günündə onu xatırlamaq üçün çox sözlər deyə bilər, onun saysız titullarını sadalayar, gəlişi gözəl sözlərlə bu yazımı bəzəyə bilərdim. Amma ehtiyac görmədim. Çünki Nəsibə xanımın adı yetər bütün sözlərin, təşbehlərin yanında. Bu ad hər şey deməkdir və onun nəhəngliyi qarşısında uzun uzadı yazmaq nə həddimə düşər, nə də haqqıma. “Mən özümü dünyanın ən xoşbəxt qadını hesab edirəm, çünki mənim Azərbaycan dolusu oğlum və qızım var.”-deyən Nəsibə xanım haqqında təbii ki, onun Azərbaycan dolusu övladlarından biri kimi könlümdən keçənləri yazdım. Sadə və səmimi. Məncə oxucular da bu bəsitliyə görə qınamaz məni.
Bir yaz günündə doğulub sənətə yaz təravətini gətirən xanım-xatın sənətkarımız elə yaz günündə də bu vəfasız dünyanın qapılarını birdəfəlik çırpıb getdi. Arxada isə onun Azərbaycan mədəniyyətinə dəyərli irsi, sənətkarlara isə insanlıq sərmayəsi qaldı.. Azərbaycan səhnəsinin nəsibi olmuş NƏSİBƏ XANIM ZEYNALOVA səhnəyə necə gəlmişdisə, onu eləcə də tərk etdi. Qucaq-qucaq çiçəklərlə, bol tamaşaçı alqışı ilə...
Esmira ÇƏRKƏZQIZI
Xalq qəzeti.- 2010.- 21 aprel.- S. 7.