Nərimanov rayonunda cari ilin ilk
rübünün yekunları təhlil olunmuşdur
Son illər Azərbaycanın sosial-iqtisadi inkişaf
sahəsində əldə olunmuş uğurlar 2010-cu ilin
birinci rübündə də davam etmiş, ölkəmizdə
ümumi daxili məhsul 5,4 faiz, sənaye 5,6 faiz, qeyri-neft
sektoru 2,8 faiz, kənd təsərrüfatı istehsalı isə
1,5 faiz artmışdır. Aprelin 14-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin cari ilin ilk rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclasında
bütün bunlar barədə ətraflı
danışılmış, qazanılmış uğurlar
yüksək qiymətləndirilmişdir. Hazırda ölkəmizin
bütün şəhər və rayonlarında 2010-cu ilin
birinci rübünün sosial-iqtisadi mənzərəsi
geniş təhlil olunur, Nazirlər Kabinetinin məlum
iclasında dövlət başçısının proqram
xarakterli nitqindən irəli gələn məsələlərin
icrası istiqamətində konkret vəzifələr müəyyənləşdirilir.
Dünən Nərimanov
Rayon İcra Hakimiyyəti başçısı yanında
şuranın iclasında 2010-cu ilin birinci rübündə
rayonun sosial-iqtisadi inkişafının yekunları geniş
müzakirə edildi, qarşıda duran vəzifələr
müəyyənləşdirildi.
Tədbir
iştirakçıları öncə ümummilli lider Heydər
Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki
büstü önünə gül dəstələri
qoydular, ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Rayon fəallarının, idarə, müəssisə və təşkilatların,
hüquq-mühafizə orqanları rəhbərliklərinin
iştirakı ilə keçirilən
yığıncağı giriş sözü ilə Nərimanov
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
açdı. Ölkənin davamlı inkişaf prosesində
paytaxtın Nərimanov rayonunun da mühüm rol
oynadığını bildirən natiq diqqəti 2010-cu ilin
birinci rübündə əldə olunmuş uğurlara
yönəltdi. Qeyd olundu ki, cari ilin yanvar-mart aylarında rayon
iqtisadiyyatının əsasını təşkil edən sənayenin
dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində
xidmətlər də daxil olmaqla 36,1 milyon manatlıq məhsul
istehsal olunmuşdur. Sənaye məhsulunun ümumi həcmində
qeyri-dövlət sektorunun xüsusi çəkisi 77 faizə
çatmışdır. İlin əvvəlindən sənaye
müəssisələrində işləyənlərin
sayı 6745 nəfər, onların orta nominal əmək
haqları isə 11,4 faiz artaraq 293,1 manat təşkil
etmişdir. Ötən üç ayda rayonda yeni iş yerlərinin
açılması ilə bağlı işlər davam
etdirilmiş, rüb ərzində 701 daimi iş yeri
yaradılmışdır.
Cari ilin ilk rübündə
rayon üzrə əsas kapitala ümumi investisiya qoyuluşunun
9,6 milyon manat təşkil etdiyini və bunun 2009-cu ilin
müvafiq dövrünə nisbətən 36 faiz çox
olduğunu bildirən natiq rayonun tikinti sektorunda da yüksək
göstəricilər əldə edildiyini diqqətə
çatdırdı. Qeyd olundu ki, hesabat dövründə
rayonun tikinti təşkilatları tərəfindən öz
gücləri ilə yerinə yetirilmiş işin həcmi
46,6 milyon manat təşkil etmişdir. Rüb ərzində
tikinti təşkilatlarında çalışan
işçilərin sayı 6514 nəfər olmuş,
onların orta aylıq əmək haqları 457 min manata
çatmışdır.
Natiq iqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən olan pullu xidmətlərin də həcminin xeyli artaraq 40,9 milyon təşkil etdiyini, rayon ərazisində fəaliyyət göstərən ticarət müəssisələri üzrə əmtəə dövriyyəsinin 152,1 milyon manat, ictimai iaşənin əmtəə dövriyyəsinin isə 4,8 milyon manat olduğunu diqqətə çatdırdı.
A.Fərzəliyev əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən aylarında da Nərimanov rayonunda çox mühüm sosial və digər infrastruktur layihələrinin həyata keçirildiyini, bir sıra obyektlərin rəsmi açılış mərasimlərində ölkə Prezidenti İlham Əliyevin şəxsən iştirak etdiyini bildirdi. Natiq qeyd etdi ki, son zamanlar Heydər Əliyev Fondunun təşəbbüsü və bilavasitə maliyyə dəstəyi ilə rayon ərazisində mühüm sosial əhəmiyyətli layihələr həyata keçirilmişdir. Həmin layihələrin davamı olaraq 5 saylı şəhər kliniki xəstəxanasının yaxınlığında yeni məktəb binasının inşasına başlanılmış, Aşıq Molla Cümə küçəsində daun sindromlu xəstələr üçün mərkəzin inşası nəzərdə tutulmuşdur.
Məruzəçi daha sonra rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq tədbirlərindən, kommunal sektorda görülən işlərdən bəhs etdi. Qeyd olundu ki, əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də sakinlərin elektrik enerjisi, qaz və içməli su ilə etibarlı şəkildə təminatı diqqət mərkəzində saxlanılmışdır.
Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan etmiş, ətraf mühitin sağlamlaşdırılması, ekoloji tarazlığın qorunması ilə bağlı icra strukturlarına mühüm tapşırıqlar vermişdir. Bu məqsədlə Nərimanov rayonunda da mühüm işlər görülmüş, idarə, müəssisə və təşkilat kollektivlərinin, eləcə də rayon sakinlərinin iştirakı ilə geniş ağacəkmə kampaniyası həyata keçirilmişdir.
Məruzəçi həmçinin bildirdi ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyev əhalinin sağlamlığının qorunması məsələsinə böyük önəm verərək istehlak mallarının keyfiyyətinin aşağı olması ilə bağlı narahatlığını ifadə etdi və bu cür halların qarşısının alınmasına nəzarətin gücləndirilməsi barədə tapşırıq və göstəriş vermişdir. Məhz bu cür hallarla mübarizə tədbirlərini gücləndirmək məqsədilə rayon icra hakimiyyəti tərəfindən müvafiq komissiya yaradılmışdır. Həmin komissiya isə rayon ərazisində keyfiyyətsiz məhsulların istehsalına və satışına ictimai nəzarəti həyata keçirəcəkdir.
Natiq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, eləcə də rayonun sosial-iqtisadi həyatının digər sahələrində həyata keçirilən tədbirlərdən bəhs etdi. Bundan əlavə, məruzəçi ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyan növbəti parlament seçkilərinə hazırlıqla bağlı Nərimanov rayonunda aparılan məqsədyönlü işlərə toxundu, hamını bu vacib tədbirdə fəal iştiraka səslədi.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclasında çıxış edən natiqlər təmsil etdikləri sahələrin işi ilə bağlı hesabat verdilər, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi strategiyanın yerinə yetirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqlarını bildirdilər.
Tədbirə yekun vuran icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun daha da abadlaşdırılması, əhalinin rahat və firavan yaşaması üçün tədbirlərin bundan sonra da davam etdiriləcəyini, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün böyük məsuliyyətlə çalışacaqlarını bildirdi, 2010-cu ildə Nərimanov rayonunun sosial-iqtisadi inkişafının təmin olunması üçün bütün tədbirlərin həyata keçiriləcəyini bəyan etdi.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 21 aprel.- S. 5.