Sabunçu yeni quruculuq yollarında

 

Son illər Bakı şəhərinin rayonlarında sürətli quruculuq işləri həyata keçirilməkdədir. Söz yox ki, bu nailiyyətlərdə Sabunçu rayonunun da öz payı vardır. Xüsusilə, axır zamanlar bu rayonun əhatə etdiyi bütün qəsəbələrdə canlanma, yeniləşmə çox aydın nəzərə çarpır. Elə bu ilin I rübündə də bu inkişaf davam etmiş, yeni uğurlar qazanılmışdır. Sabunçu rayonunda I rübün yekunlarına həsr olunmuş yığıncaqda da bu barədə ətraflı məlumat verilmişdir. Yığıncağı giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibala Əliyev açdı.

 

Yığıncaqda 2010-cu ilin I rübündə Sabunçu rayonunun sosial-iqtisadi inkişafı haqqında rayon icra hakimiyyəti başçısının I müavini Qəzənfər Həsənov məruzə etdi. Natiq Nazirlər Kabinetinin 2010-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələrdən danışdı və bildirdi ki, son üç ayda Azərbaycan Respublikası öz inkişaf tempini davam etdirmişdir. Sabunçu rayonu da yeni inkişaf mərhələsinə qədəm qoymuş, burada quruculuq, abadlıq işləri davam etdirilmişdir.

 

Cari ilin birinci rübündə rayonun sənaye müəssisələri və idarələri tərəfindən məhsul istehsalı 18,1 faiz artaraq 29,5 mln. manat, pərakəndə əmtəə dövriyyəsi 1,7 faiz artaraq 168,5 mln.manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 42,5 mln. manat, əsas kapitala yönəldilən investisiyalar 5,9 mln.manat təşkil etmişdir. Rayon üzrə orta aylıq əmək haqqı ötən ilin müvafiq dövründəkinə nisbətən 13,8 faiz artaraq 276,5 manat olmuş, 3 ay ərzində cəmi 116 yeni daimi iş yeri yaradılmışdır ki, bunlar da rayonun həm iqtisadi, həm də sosial sahələrinin dinamik inkişaf etdiyini göstərir.

Cari ilin əvvəlindən rayonun sosial-iqtisadi inkişaf planına uyğun olaraq rayon ərazisində respublikanın və şəhərin müvafiq mərkəzi dövlət orqanları, eləcə də rayonun daxili imkanları hesabına xeyli sosial əhəmiyyətli tədbirlərin, obyektlərin, qurğuların, tikinti-quraşdırma və abadlıq işlərinin aparılması təmin edilmişdir.

Maştağa qəsəbəsində 14 nömrəli polis bölməsi üçün ikimərtəbəli inzibati binanın tikintisi başa çatdırılaraq lazımi mebel və avadanlıqlarla təchiz olunmuş, həyətyanı sahəsi abadlaşdırılaraq istismara hazır vəziyyətə gətirilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Pirşağı qəsəbəsindəki 34 nömrəli poliklinikanın və təcili yardım stansiyasının genişləndirilərək müasir tələblərə uyğun yenidən qurulması işləri başa çatdırılmaq üzrədir. Hazırda Balaxanı qəsəbəsində idman zalının tikintisi, Maştağa qəsəbəsindəki 7 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsində, Balaxanı qəsəbəsindəki 22 nömrəli poliklinikada, Sabunçu qəsəbəsindəki 3 nömrəli körpələr evi-uşaq bağçasında, Maştağa qəsəbəsindəki 9 nömrəli uşaq bağçasında və Sabunçu qəsəbəsindəki 17 nömrəli texniki peşə məktəbində əsaslı təmir işləri davam etdirilməkdədir. “Lalə”, “Araz” və “Sünbül” uşaq bağçalarında isə təmir işləri artıq başa çatdırılmışdır.

Əhalinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə 2010-cu ilin birinci rübündə Bakıxanov, Balaxanı və Zabrat qəsəbələrində 2 ədəd 630 KVA, 3 ədəd isə 400 KVA gücündə 5 yeni transformator məntəqələri quraşdırılmışdır. Qaz İstismar İdarəsinin daxili imkanları hesabına da bir sıra işlər yerinə yetirilmişdir. Kürdəxanı qəsəbəsi üzrə 18000 m, Maştağa qəsəbəsi üzrə 8600 m, Zabrat qəsəbəsi üzrə 8400 m, Balaxanı qəsəbəsi üzrə 6700 m, Nardaran qəsəbəsi üzrə 5200 m, Pirşağı qəsəbəsi üzrə 4100 m, Bilgəh qəsəbəsi üzrə 4400 m, Sabunçu qəsəbəsi üzrə 1700 m olmaqla, qəsəbələrdə cəmi müxtəlif diametrli 57100 m qaz xətləri çəkilmiş, 10 ədəd qaztənzimləyici şkaf quraşdırılmışdır.

O da qeyd olundu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə komissiya yaradılmışdır və həmin komissiya tərəfindən rayon ərazisində salınacaq yeni yaşıllıq sahələri müəyyənləşdirilmişdir. Bizim ilkin təklifimizdə rayonda 10 yerdə cəmi 240 ha yaxın sahədə yaşıllıqların salınması nəzərdə tutulmuş və indiyədək icra hakimiyyəti tərəfindən təşkil edilmiş iməciliklərdə 16 ha sahədə 15 minə yaxın həmişəyaşıl ağaclar və kollar əkilmişdir və bu işlər indi də davam etdirilir. Bundan başqa, Əzizbəyov metrostansiyasından Atəşgah kompleksinədək Aeroport yolunun hər iki tərəfində 30 hektardan çox sahəyə torpaq tökülməklə göllər qurudulmuş, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən orada xüsusi layihə əsasında yaşıllaşdırma və abadlıq işləri aparılır. Rayon ərazisində cari ilin I rübü ərzində 67300 kvadratmetr əraziyə asfalt örtüyü salınmışdır.

Mənzil fondu üzrə 2010-cu ilin I rübü ərzində 2900 kvadratmetr məhəllədaxili yola və həyətlərə yeni asfalt örtüyü vurulmuş, 1000 kvadratmetrə yaxın dam örtüyündə cari təmir işləri aparılmış, 10 lift təmir edilmişdir.

O da qeyd edilməlidir ki, 1941-45-ci illər Böyük Vətən müharibəsində yaralanaraq Bakı şəhərindəki qospitallarda vəfat etmiş müxtəlif millətlərdən olan əsgərlərin uyuduğu Sabunçu qəsəbəsindəki Qardaşlıq qəbiristanlığının Qələbənin 65-illiyi ilə bağlı abadlaşdırılması və oradakı 475 qəbrin mərmər daşlarla yenidən qurulması və eləcə də Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanının abadlaşdırılması işlərinə başlanmışdır.

İlin əvvəlindən Bakı-Aeroport yolunun və Bilgəh-Sumqayıt yolunun rayon ərazisinə düşən hissələrinin yolun yenidən qurulması və genişləndirilməsi işləri davam etdirilmişdir. Burada da icra hakimiyyəti tikinti təşkilatlarına üzərinə düşən bütün zəruri köməklikləri göstərmiş, həmin sahədə yolun kənarlarındakı bütün bina və obyektlərdə təmir-bərpa işləri aparılaraq, hasarlar çəkilmişdir və bu işlər indi də davam etdirilir.

Nazirlər Kabinetinin iclasında Prezident keyfiyyətsiz və primitiv üsullarla istehsal olunan mallara, xüsusilə də qida məhsullarına və onların qiymətinə nəzarətin gücləndirilməsi zərurətini bildirmiş, bu işdə yerli icra orqanlarının üzərinə də bir sıra vəzifələr qoymuşdur. Belə ki, bununla bağlı tövsiyə edilmişdir ki, yerlərdə icra hakimiyyəti yanında istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət üzrə aidiyyatı qurumların mütəxəssisləri, qeyri-hökümət təşkilatlarının və ictimaiyyətin nümayəndələrindən ibarət ictimai komissiya yaradılsın.

Natiq qüsurlardan da danışdı. Bildirdi ki, ötən yığıncaqlardakı bir sıra iradlar tədricən aradan qaldırılsa da, hələ də xüsusilə kommunal xidmət sahələrində sakinlərin haqlı narazılıqlarına səbəb olan bir çox çatışmazlıqlar da mövcuddur. Bunlar özünü əsasən yerlərdə məişət tullantılarının vaxtında daşınmamasında, sanitar-təmizlik işlərinin zəif aparılmasında göstərir. Ötən ilin sonlarında Sabunçu, Zabrat və Maştağa qəsəbələrinin ərazilərindən keçən magistral yolun ətrafından küçə ticarəti tamamilə yığışdırılıb, bir neçə ay bu işə ciddi nəzarət edilsə də, sonradan Bakı şəhər Ticarət Departamenti və yerli post-patrul xidməti əməkdaşları tərəfindən həmin ərazidə qanunsuz küçə ticarətinə yenidən icazə verilmişdir ki, bu da həm nəqliyyat vasitələrinin keçidini çətinləşdirir, həm də həmin sahələrdə məişət tullantılarının yığılmasına səbəb olur.

Sabunçu şossesinin ətrafında bir neçə yerdə heç bir sanitar-gigiyenik şəraiti olmayan obyektlərdə ət satışına yol verilir. Qeyri-qanuni sallaqxanalar fəaliyyət göstərir. Buna görə də həmin sahələrdə antisanitariya şəraiti hökm sürür. Qəsəbə nümayəndələri, tibb nəzarət və polis əməkdaşları bugünkü tənqiddən düzgün nəticə çıxarmalı, mövcud olan nöqsanların aradan qaldırılmasını təmin etməlidirlər.

Sabunçu rayonu üzrə mühəndis qurğularının (elektrik, qaz, rabitə, su, kanalizasiya və s.) mühafizə zolaqlarındakı tikililərin inventarizasiyası aparılmış və müəyyən edilmişdir ki, onların əksəriyyəti 80-cı illərin sonlarında və 90-cı illərin əvvəlində qeyri-qanuni inşa edilmiş tikililərdir. Lakin az da olsa, qanunsuz tikintilər son illər ərzində də aparılmışdır ki, bunların da qarşısı birdəfəlik alınmalıdır.

13 qanunsuz tikilmiş ev, 19 daş hasar və 28 müxtəlif təyinatlı qeyri-qanuni tikili sökülmüşdür.

Rayon ərazisində 50 müxtəlif binada məskunlaşmış 2100 məcburi köçkün ailəsinin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması, binalarda müəyyən təmir-bərpa işlərinin aparılmasına köməkliklər edilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanmışdır. Novruz bayramı ərəfəsində ərazidə məskunlaşmış məcburi köçkün, Qarabağ əlilləri, şəhid ailələri və digər az təminatlı 4500-ə yaxın ailəyə ərzaq bağlamaları verilmiş, digər gündəlik tələbat malları ilə köməkliklər göstərilmişdir.

Məruzəçi son olaraq bildirdi ki, rayonda quruculuq işləri 2010-cu ilin sonuna kimi layiqincə davam etdiriləcək, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvələr səfərbər olunacaqdır.

Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Məhərrəm Balakişiyev, Bakıxanov Bələdiyyəsinin sədri Nadir Əsədov, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Bəxtiyar Qasımov çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Rayon icra hakimiyyətinin başçısı Əlibala Əliyev iclasa yekun vuraraq, ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin ləyaqətlə yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunacağını bildirdi.

Yığıncaqda Milli Məclisin deputatları Eldar Quliyev və Fərrux Zeynalov çıxış etdilər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 22 aprel.- S. 7.