“Təhsil müəssisəsi və
media: qarşılıqlı münasibətlər” mövzusu
dəyirmi masada müzakirə edildi
“Bu tədbir Azərbaycan təhsil sisteminin mətbuatla
daha yaxın münasibətlərinin qurulması, mövcud əlaqələrin
daha da təkmilləşdirilməsi, təhsildəki uğur
və nailiyyətlərin ədalətli şəkildə
işıqlandırılması, problemlərin obyektiv olaraq, qərəzsiz
qaldırılması və ümumiyyətlə, bizimlə
media arasındakı əməkdaşlığın
günün tələbləri səviyyəsinə
çatdırılması istiqamətində son 20 ildə
atılan ən uğurlu addımdır. Mən əminəm
ki və bunu hamımıza borc bilirəm ki, gələcəkdə
belə tədbirlər dövri olaraq, özü də
respublikanın müxtəlif bölgələrində
keçiriləcəkdir”. Bu fikirləri təhsil naziri Misir Mərdanov
aprelin 21-də Bakıdakı 60 nömrəli orta məktəbin
akt zalında keçirilən dəyirmi masada söylədi.
Azərbaycan Mətbuat
Şurası və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Bakı şəhəri üzrə Təhsil
İdarəsinin birgə təşkilatçılığı
ilə keçirilən “Təhsil müəssisəsi və
media: qarşılıqlı münasibətlər” adlı dəyirmi
masa milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində
keçiriləcək silsilə tədbirlərin birincisi idi. Tədbir
iştirakçıları əvvəlcə ötən ilin
sentyabrında əsaslı təmirdən sonra dövlət
başçısı İlham Əliyevin iştirakı ilə
açılmış məktəbin sinif otaqları,
maddi-texniki təchizatı və dərs prosesi ilə
tanış oldular. İlk dərs ilini başa vurmaqda olan
birincilər qonaqları böyük sevinc və maraqla
qarşıladılar və tədbir
iştirakçılarını müxtəlif şeirlərlə
salamladılar. Sonra akt zalında dəyirmi masa
iştirakçılarının geniş müzakirələri
və çoxsaylı təklifləri ilə zəngin olan tədbir
öz işinə başladı.
Nazir Misir Mərdanov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası yanında reket qəzetlərə qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Mətbuat Şurasının üzvü Umud Rəhimoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Təhsil Nazirliyinin müvafiq qurum rəhbəri Bayram Hüseynzadə, BŞTC-nin rəsmisi Zəminə Əliqızı, məktəb direktorlarından Sara Xanlarova, Almaz Əsgərova və başqaları çıxış edərək gündəliyə çıxarılmış məsələnin əhəmiyyətindən danışdılar.
Çoxsaylı faktlar və arqumentlərlə əsaslandırılan çıxışların hamısının yekununda ümumi işə kömək edəcək təkliflər səslənirdi. Almaz Əsgərovanın söylədiyi “Heç bir təklif olmadan vətəndaşın ailəsinə daxil olan iki qurum var: bunlar təhsil və mətbuatdır. Bu iki qurumun tərəqqisi, saflığı və birgə fəaliyyəti hamının, bütövlükdə xalqımızın mənafeyinə xidmət edə bilər” ifadəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Təhsil naziri qeyd etdi ki, “Biz Azərbaycan təhsilinin inkişafına nail olmuşuq. İcra edilən dövlət proqramları bu inkişafı daha da sürətləndirəcək. İndi növbə məktəbin və müəllimin cəmiyyətdəki nüfuzunun qorunmasına çatmışdır. Milli mətbuatın dəstəyi ilə həmin məsələ də müsbət həll ediləcəkdir”. Tədbirdə orta məktəblərdə “mətbuat əlaqələndiricisi” ictimai vəzifənin təsis edilməsi, mətbuat mövzusunda yazan jurnalistlərin maarifləndirilməsi üçün müəyyən treninqlərin, təhsil mövzusunda yazılan məqalələrin müsabiqəsinin təşkil edilməsi, belə tədbirlərin tək paytaxtda deyil, başqa bölgələrdə də keçirilməsi və başqa təkliflər maraqla qarşılandı.
Qeyd edildi ki, dəyirmi masada səsləndirilən bütün fikirlər ümumiləşdirilərək gələcək birgə fəaliyyətdə istifadə edilmək üçün rəsmi sənəd şəklinə salınacaqdır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 22 aprel.- S. 6.