Sumqayıt: I rübün
yekunları nikbinlik yaradır
Cari ilin start rübündə
Sumqayıtda sosial-iqtisadi inkişaf göstəriciləri xeyli
yüksək olub. Burada möhkəm təməl üzərində
qurulan inkişaf konsepsiyasının planauyğun icrası sayəsində
infrastruktur layihələri, tərəqqi proqramları
ardıcıl həyata keçirilir, şəhər sakinlərinin
rifahı yaxşılaşır.
İlin lik üç
ayında şəhər üzrə ümumi məhsul
buraxılışı ötən ilin müvafiq dövrü
ilə müqayisədə iki dəfə artaraq 135 milyon manata
çatıb. Bu nailiyyətdə qeyri-dövlət sektorunun
payı 60 faizə enib. Başqa sözlə desək, 20 faiz
azalıb. Böyük artım əsasən Sumqayıt Elektrik
Stansiyasının işə salınması və kimya məhsulları
istehsalının qismən bərpası ilə əlaqədardır.
Bunun müqabilində isə özəl bölmədə nəzərəçarpan
sıçrayış olmayıb. Şəhər
iqtisadiyyatında əhəmiyyətli paya malik olan sənaye
sahəsində buraxılan məhsulların həcmi
müqayisə edilən dövrə nisbətən 2,5 dəfə
çoxalıb və 90 milyon manat təşkil edib. İstehsal
olunmuş sənaye məhsullarının əksəriyyəti
istehlakçılarına göndərilib.
Rübün
yekunlarına həsr olunan yığıncaqda Sumqayıt
Şəhər İcra Hakimiyyətinin
başçısı Vaqif Əliyev nəticələri hərtərəfli
şərh edərək bildirdi ki, hesabat dövründə
sosial-iqtisadi sahələrdə çalışan
işçilərin orta aylıq əməkhaqqı 13,5 faiz
artaraq 260 manat olub. Şəhərdə bütün maliyyə
mənbələri hesabına ayrı-ayrı sahələrin
inkişafına 20 milyon manat investisiya yönəldilib. Hələ
nəzərə alsaq ki, sözügedən uğurlar
Sumqayıt alüminium istehsalı sahəsinin, “Superfosfat”,
“Aşqarlar” və “Sumqayıt Kompressorları” kimi iri səhmdar
cəmiyyətlərinin fəaliyyətini
dayandırdığı bir şəraitdə
qazanılıb, inkişaf göstəricilərinin necə
böyük zəhmət hesabına əldə edildiyi
aydınlaşar. Üstəlik, xammal təchizatı və məhsullarının
satışı məsələləri həll edilmədiyindən
“Azərkimya” Dövlət Şirkətinin zavodları üzrə
proqnozlaşdırılan əmtəəlik məhsul
istehsalı çox aşağı olub. Əgər istifadə olunmayan
potensial da reallaşdırılsa idi, uğurlar daha yüksək
olardı. Məruzəçi inamla ifadə etdi ki, Prezident
İlham Əliyevin sərəncamı ilə “Azərkimya”
Dövlət Şirkətinin Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin tabeliyinə verilməsi kimya
və neft-kimya müəssisələrinin fəaliyyətində
ciddi dönüş yaradacaq, Sumqayıta yeni ruh, yeni nəfəs
verəcək.
Şəhərin digər
müəssisələrində vəziyyət ürəkaçan
olub. “Azkompozit” şüşə lifli boru istehsalı zavodunda
diametri 300-1800 millimetr olan borular, “Bismak” Qida Sənaye Kompleksi
MMC-də yeni qənnadı məmulatları istehsal edilib.
Burada istehsal həcmi ötən ilin həmin dövrünə
nisbətən 4 dəfə artıb. “İntertekstil” və
“Xovlu İplik” ASC-də yenidənqurma işləri davam
etdirilib.
Sumqayıt
Texnoparkının ikinci növbəsində 500 kilovoltluq kabel,
qaynar sinkləmə, böyük mexaniki təmir, dəqiq
emal, arqon-azot-oksigen, sayğaclar istehsalı zavodlarının
tikintisi, plastik boru zavodunun genişləndirilməsi istiqamətində
inşaat-quraşdırma işləri aparılmaqdadır.
“Azərbaycan Karton” MMC tərəfindən
şəhərdə tamamilə yeni olan bir sahə –
kağız emalı zavodunun inşası başa
çatdırılıb, avadanlıqlar
quraşdırılıb, ilkin məhsul istehsalına
başlanılıb. Bu müəssisədə gündəlik
50 ton kağız istehsalı nəzərdə tutulur. Eyni
zamanda, “Azərsun Holdinq” tərəfindən gündəlik
170 ton istehsal gücünə malik karton və kağız
emalı fabrikinin tikintisi davam etdirilib. Təmizləyici
qurğuda çirkab sularının təmizlənməsinə
başlanılıb.
Həyata keçirilən tədbirlər
nəticəsində hamısı daimi olmaqla 486 yeni iş yeri
açılıb. Ümumilikdə isə 2003-cü ildən
başlayaraq Sumqayıtda 22 mini daimi olmaqla, 40 minə yaxın
yeni iş yeri yaradılıb.
Birinci rüb ərzində
şəhərdə geniş miqyaslı abadlıq, quruculuq,
yaşıllaşdırma işləri davam etdirilib.
Əhalinin daha sıx məskunlaşdığı
yaşayış massivlərində, əsasən də şəhərin
mikrorayonlar hissəsindəki yeni parklar, yaşıllıq sahələri,
abadlaşdırılmış xiyabanlar sakinlərin istirahəti
üçün gözəl imkan yaradıb. Hesabat
dövründə 45-ci məhəllədə 14 mərtəbəli
binanın, 4-cü mikrorayonda Tarix muzeyinin qarşısında,
17-ci mikrorayonda Qayıbov küçəsinə paralel ərazidə
yeni, müasir park və istirahət guşələri
yaradılıb. Şəhərdəki fəvvarələrin
bir neçəsi müasir qaydada yenidən qurulub.
“Ekologiya ili” çərçivəsində
ərazinin yaşıllaşdırılmasına, əkilmiş
sahələrə qulluq edilməsinə diqqət daha da
artırılıb. Xeyli miqdarda ağac, dekorativ kollar əkilib,
yeni qazon örtüyü salınıb. Mənzil istismar sahələrinin
ərazilərində xeyli yaşıllaşdırma işləri
aparılıb, ərazilər pasportlaşdırılıb,
yaşıllıqların qorunmasına və becərilməsinə
nəzarət artırılıb.
Dövlət
başçımızın birbaşa sərəncamı ilə
ayrılan vəsait hesabına görülmüş digər
işlərlə yanaşı, şəhər ərazisində
müasir konstruksiyalı, axşamlar
işıqlandırılan və şəhərə
xüsusi gözəllik verən dayanacaqların
quraşdırılması işləri başa
çatdırılıb.
“Azəriqaz” İstehsalat
Birliyi tərəfindən 2010-cu ilə layihələşdirilmiş
yeni qaz xətlərinin çəkilişinə
başlanılıb. Hazırda 6 istiqamətdə, o cümlədən
Çerkassı, Axundov küçələri boyunca, 20 və
21-ci mikrorayonlarda, Corat qəsəbəsində, bağlar
massivində diametri 300 millimetr olan yeni magistral qaz xəttinin
çəkilişi həyata keçirilməkdədir və
artıq 2,5 kilometrə yaxın xətt çəkilib.
Hesabat dövründə
şəhərin telefon şəbəkəsinin tam
elektronlaşması üçün işlərin icrasına
başlanılıb və yaxın zamanlarda başa
çatdırılacaq.
Cari ilin birinci rübündə
şəhərin təhsil müəssisələrində tədrisin
keyfiyyətinin yaxşılaşdırılması istiqamətində
bir sıra mühüm işlər görülüb,
maddi-texniki baza möhkəmləndirilib. Təhsil Nazirliyi tərəfindən
9-cu və 11-ci sinif şagirdləri üçün təşkil
olunmuş sınaq imtahanında şəhər üzrə
orta müvəffəqiyyət göstəricisi respublikada
birinci olub. Fənn olimpiadalarının mart ayında
keçirilmiş respublika mərhələsində şəhər
məktəblilərindən 12 nəfəri 1-4-cü yerləri
tutublar.
Uşaq və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzi və Şahmat məktəbi
müasir şəkildə əsaslı təmir və yenidənqurmadan
sonra uşaqların istifadəsinə verilib. Hər iki məktəbdənkənar
tərbiyə ocağının yeniyetmələrin asudə
vaxtlarının mənalı təşkilində müstəsna
rolu var. Hazırda 1 nömrəli Uşaq Gənclər
İdman Məktəbində müasir olimpiya mərkəzi səviyyəsində
yenidənqurma və əsaslı təmir işləri davam
etdirilir.
İlin əvvəlindən əhaliyə
göstərilən tibb xidmətinin səviyyəsinin yüksəldilməsi
sahəsində bir sıra məqsədyönlü tədbirlər
həyata keçirilib, maddi-texniki bazanın möhkəmləndirilməsi
davam etdirilib. Hazırda Uşaq Xəstəxanasında əsaslı
təmir və yenidənqurma işləri aparılmaqla xəstəxananın
müasir tibb avadanlığı və inventar təchizatı
reallaşdırılır.
İkitərəfli xarici əməkdaşlıq
sahəsində böyük təcrübəyə malik olan
Sumqayıt çoxtərəfli əməkdaşlıq əlaqələrini
genişləndirməkdədir. Eurocities-Avropa Şəhərləri
İttifaqı və “Merlər sazişi” təşəbbüsü
kimi inkişaf etmiş Avropa şəhərlərini
özündə birləşdirən təşkilatlarla tərəfdaşlıq
edən Sumqayıtda xarici ekspertlərin iştirakı ilə
davamlı energetika üzrə fəaliyyət planı
hazırlanır. Bu beynəlxalq layihələrdə Azərbaycandan
yeganə şəhər olan Sumqayıt ölkəmizin
nüfuzunun dünya miqyasında artırılması sahəsində
də xüsusi rol oynamaqdadır.
Yığıncaqda
rübün uğurları qeyd edilməklə bərabər,
qarşıda duran vəzifələr də müəyyənləşdirildi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 22 aprel.- S. 5.