Nəsimi rayonunda qarşıya qoyulan vəzifələr vaxtında icra edilir

 

Nəsimi rayonunda 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları ilə bağlı iclas keçirilib.

 

Tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, bu ilin birinci rübündə də Azərbaycanın sosial-iqtisadi inkişafında uğurlar əldə edilmişdir. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan siyasi, iqtisadi və sosial islahatların və bütün sahələrdə həyata keçirilən böyük inkişaf proqramının nəticələridir. İlin birinci rübündə ölkə iqtisadiyyatında 5,4 faiz artım olmuşdur. Sənaye istehsalında artım 5,6, kənd təsərrüfatında 1,5 faiz təşkil etmişdir. Bu gün Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Ölkəmizin iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətinə görə, birinci yerdədir.

N.Məhəməliyev demişdir ki, ölkəmizdə əldə edilən iqtisadi yüksəliş, nəhəng quruculuq və abadlıq işləri və əhalinin həyat səviyyəsinin yüksəldilməsində Nəsimi rayonunun da payı vardır. 2010-cu ilin I rübü ərzində rayonda 4 milyon 60,3 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 100,6 faiz çoxdur. Rayonda sosial məsələlər uğurla həll edilir. İlin birinci rübündə orta əmək haqqı artaraq 340,2 manat və ya ötən illə müqayisədə 105,1 faiz təşkil edib. Yanvar-mart ayları ərzində rayonda 485 yeni iş yeri yaradılmışdır. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisə və təşkilatlarda kvota üzrə müəyyən edilmiş xüsusi iş yerlərində rüb ərzində 40 nəfər işlə təmin olunmuşdur. Bu dövr ərzində 38 nəfərə işsizlik müavinəti verilmişdir. Hazırda Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 12,656 nəfər ünvanlı dövlət sosial yardımı alır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,682 nəfər çoxdur. Mərkəzdən 4,037 nəfər sosial müavinət və təqaüd alan vətəndaşa ödənişlərin həyata keçirilməsində problemlər ortaya çıxmır.

2010-cu ilin yanvar-mart aylarında rayonun təhsil və səhiyyə ocaqlarında bir sıra tikinti və yenidənqurma işləri aparılmışdır. 42 saylı orta məktəbdə 4 mərtəbəli 160 şagird yerlik əlavə korpusun inşası başa çatmaq üzrədir. Kliniki Tibbi Mərkəzin Təcili Yardım korpusunda əsaslı təmir işləri aparılır, Ə.Qarayev adına Kliniki Uşaq Xəstəxanasında isə əsaslı təmir işlərinə başlanmışdır. Tibb Universitetinin 14 mərtəbəli Tədris Terapiya Korpusunda tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.

Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq, quruculuq işləri davam etdirilir. Küçə, meydan, park və xiyabanlar səliqə-sahmana salınır və burada yaşıllıqlar yaradılır. 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi ilə bağlı ilin əvvəlindən rayondakı H.Seyidzadə, 20 Yanvar, S.Vurğun, Cavadxan küçələrində, Vaqif, Azadlıq, Neftçilər, Tbilisi prospektlərində, 3,4 və 5-ci mikrorayonlarda, ümumilikdə 3120 ədəd ağac və dekorativ gül kolları əkilmişdir. Yeni yaşıllıqların salınması, ötən illərdə yaradılmış nümunəvi həyətlərdə, uşaq oyun meydançalarında və digər yerlərdə oturacaqların, istirahət guşələrindəki elementlərin təmiri işlərinə başlanılmışdır.

İcra hakimiyyəti başçısının birinci müavini Ağəli Əhmədov hesabat məruzəsi ilə çıxış etmişdir. O bildirmişdir ki, əhaliyə göstərilən xidmət növlərinin səmərə və keyfiyyətinin yüksəldilməsi başlıca vəzifələrdən biri hesab edilir. Yanvar-mart aylarında istehlak və xidmət bazarlarında əhaliyə satılmış istehlak mallarının və göstərilən pullu xidmətlərin həcmi 131 milyon 743,2 min manat və ya ötən illə müqayisədə 150,6 faiz təşkil etmişdir.

Hesabat dövründə rayonda müxtəlif diametrli 724,0 metr su xətti dəyişdirilmiş, magistral və məhəllədaxili su kəmərlərində müxtəlif diamterli 20 ədəd siyirtmə təmir edilmişdir. Məhəllədaxili nasos stansiyalarında 6 ədəd elektrik mühərriki və 6 ədəd nasos təmir edilmişdir. Ümumi həcmi 130 metr olan kanalizasiya şəbəkələrində əsaslı təmir işləri aparılmış, Neftçilər prospektində yeni kanalizasiya xətti çəkilmişdir. Abonentlərin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə 111 saylı, “Dağlıq” və “Liman” yarımstansiyalarında hazırda tikinti və yenidənqurma işləri aparılır. 2 ədəd yeni transformator məntəqəsi inşa edilmiş, 200 binanın mənzillərindəki elektrik sayğacları yeniləri ilə əvəz edilərək pilləkan meydançalarına çıxarılmışlar. Bu dövrdə yaşayış binalarının 6600 kvadratmetr sahəsinin dam örtükləri təmir edilmiş, 450 kvadratmetr keçid meydançaları və pilləkanların təmiri başa çatdırılmışdır.

Sonra Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, Nəsimi Rayon Bələdiyyəsinin sədri Natiq Abbasov və başqaları çıxış edərək görülmüş işlərdən və qarşıda duran məsələlərdən danışmışlar.

İclasa rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun vurmuşdur. O bildirmişdir ki, Nəsimi rayonunda sosial-iqtisadi ikişafın sürətləndirilməsi ilə bağlı tədbirlər davam etdiriləcək və qarşıda duran vəzifələrin icraçı üçün zəruri işlər görüləcəkdir.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2010.- 22 aprel.- S. 5.