Azərbaycan dövlətinin ərazi
bütövlüyümüzü bərpa etmək qətiyyəti
öz müsbət nəticələrini verəcəkdir
Prezident İlham Əliyev: Hesab edirəm ki, biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində həlledici mərhələyə qədəm
qoymuşuq
Zaman sübut etdi ki, dünyanın istənilən
nöqtəsində baş vermiş hansısa münaqişənin
həll edilməsi üçün bir neçə
mühüm amilin olması vacibdir: beynəlxalq ictimaiyyətin
bu münaqişənin ədalətli şəkildə həllini
istəməsi, vasitəçilərin ikili standartlardan əl
çəkməsi, tərəflərin öz məsuliyyətini
dərk etməsi və nəhayət, münaqişədə
olan toplum rəhbərlərinin qətiyyəti ilə
xalqın iradəsinin üst-üstə düşməsi.
Bir neçə il əvvələ
qədər konfliktoloqlar bu qənaətdə idilər ki,
münaqişə tərəflərinin
qarşılıqlı kompromisə getməsi problemin dərhal
həll edilməsinə gətirib çıxarar. Hətta, bu
resepti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə tətbiq etmək istəyənlər
də var idi. Özü də hər yerdə. Ancaq Azərbaycan
diplomatiyasının uğurlu addımları, xüsusən,
Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyət
nəticəsində dünya ictimaiyyətinə sübut
edildi ki, tərəflərin “qarşılıqlı kompromisə
getməsi” tezisini Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə tətbiq etmək qətiyyən
mümkün deyil. Nə üçün?
Əvvəla, ərazisinin
20 faizi işğal edilmiş, düşmən dövlətin
yeritdiyi etnik təmizləmə siyasəti nəticəsində
1 milyon qaçqın və köçkünün problemləri
ilə üz-üzə qalmış ölkənin
işğalçı dövlətə hansısa güzəştə
getməsi təklifi nəinki absurddur, hətta,
gülüncdür. Bu ancaq və ancaq münaqişənin həlli
üçün vasitəçilik missiyasını öz
üzərinə götürmüş ölkələrin
ikili standartdan əl çəkə bilməməsinin nəticəsində
təklif xatirinə ortaya atdıqları məntiqsiz
çağırışdır.
İkinci, Azərbaycan tərəfi
qeyd edilən münaqişədə zərərdidə
olduğu halda münaqişənin sülh yolu ilə,
danışıqlar vasitəsilə həll edilməsinə
razılıq verməsinin özü ən böyük
güzəştdir. Münaqişənin sülh yolu ilə həll
edilməsi təklifini Azərbaycan tərəfi ortaya
atmayıb. Bu təklifi Xəzərin Azərbaycan sektorundan
çıxarılan karbohidrogen ehtiyatlarının
alıcısı, istehlakçısı qismində
çıxış edən siyasi qüvvələr,
böyük ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar
ortaya atıblar. Onlar çox yaxşı bilirlər ki,
regiondakı münaqişələr yenidən hərbi
müstəviyə gətirilərsə, Azərbaycana
özünün enerji təhlükəsizliyinin təmin edilməsində
mühüm ünvanlardan biri kimi baxan ölkələr daha
çox ziyan çəkəcəklər. Məhz bu səbəbdən
münaqişənin hərbi yolla deyil, sülh yolu ilə,
danışıqlar vasitəsilə həllini istəyirlər.
Rəsmi Bakı da siyasi
və iqtisadi partnyorlar olan həmin ölkələrin
maraqlarını təmin etmək məqsədilə sülh
yolunu məqbul sayır. Avropa, Qərb və ya “tərəflərin
qarşılıqlı kompromisi” ifadəsini dilinə gətirən
hər kimsə Azərbaycandan bundan da böyük güzəşt
umurmu? Kim nə boyda güzəşt umur, umsun, rəsmi
Bakının güzəşt limiti tükənib.
Üçüncü, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası işğal edilmiş Azərbaycan torpaqlarından təcavüzkar Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasını tələb elən 4 qətnamə qəbul edib. ATƏT-in Lissabon sammitində, Avropa Şurasının bir neçə sessiyasında qəbul edilmiş beynəlxalq sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınıb. Münaqişənin həlli üçün yaradılmış Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa dövlətlərinin bütün rəsmiləri dönə-dönə elan ediblər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və bu münaqişənin həllində ölkələrin ərazi bütövlüyünün bərpası prinsipini üstün tuturuq. Beynəlxalq ictimaiyyətin bu qədər qərar-qətnaməsindən sonra Azərbaycan hansı güzəştə getməlidir?
Dördüncü, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə razılıq verdikdən dərhal sonra Prezident Heydər Əliyev bəyan etmişdi ki, biz Dağlıq Qarabağa Azərbaycan Respublikası daxilində beynəlxalq hüququn imkan verdiyi, dünya təcrübəsində mövcud olan ən yüksək statusu verməyə hazırıq. Oradakı ermənilərin azərbaycanlılarla bərabər hüquqda, tam təhlükəsizlik şəraitində yaşamasına da ən yüksək səviyyədə təminat verilir. Öz iyrənc separatizmi ilə qanlı terrorlar törətmiş, çoxsaylı cinayətlərə əl atmış insanların təhlükəsizliyinə təminat verilməsi rəsmi Bakının separatçılara etdiyi çox böyük güzəşt idi. Fəqət ermənilər münaqişənin həlli üçün öz məsuliyyətlərini dərk etmədilər, onların havadarları isə ikili standartlardan əl çəkmədilər.
Beləliklə, 1993-2003-cü illərdə Azərbaycan dövləti ermənilərin 200 ildən bəri qurduğu fitnə-fəsad torunu söküb dağıtmaqla məşğul oldusa, 2003-cü ildən sonra rəsmi Bakı beynəlxalq aləmin ikili standartlardan əl çəkməsi üçün böyük siyasi-diplomatik tədbirlər həyata keçirməli oldu.
Əlbəttə, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlardan əl çəkildiyini birmənalı şəkildə söyləmək mümkün deyil. Bunu rəsmi Vaşinqtonun son günlər atdığı addımlar bir daha sübut etdi. Ərazisinin 20 faizi işğal edilən, on minlərlə insan itkisi verən, bir milyon qaçqın-köçkünü olan Azərbaycan hələ ötən əsrin son onilliyinin əvvəlindən “907-ci düzəliş” adlı tamamilə ədalətsiz bir sanksiya ilə üz-üzədir. Bu azmış kimi regionda marağı olan bütün ölkələrin istəyinin əksinə olaraq, Vaşinqton yenə də İrəvanın nazı ilə oynayır. Beynəlxalq təşkilatlar və rəsmilər münaqişənin törədilməsində və qanlı qırğınların – xüsusən, Xocalı faciəsinin təşkilində müstəsna “xidmətləri” olmuş Serj Sarkisyanın hoqqalarından xəbərsizdirmi?
Çoxsaylı faktlar və arqumentlər sübut edir ki, dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllini istəyir və buna çalışır. Son günlər ABŞ-dakı bəzi narahatlıq doğuran məqamların aradan qaldırılacağına ümid edirik. Çünki Ağ ev Qafqazdakı etibarlı tərəfdaşlarının – Türkiyə, Azərbaycan və Gürcüstanın mənafeyini uzun müddət dilənçi Ermənistanın ayağına verə bilməz. Vasitəçilərin ikili standartlardan əl çəkməsinə gəlincə isə qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev özünün daxili və xarici siyasəti ilə həmin məsələnin müsbət həllinə tam zəmin yaratmışdır. Tərəflərin öz məsuliyyətini dərk etməsi məsələsində Azərbaycanla bağlı heç bir problemin olmadığı beynəlxalq aləmdə hamıya məlumdur. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana öz məsuliyyətini başa salmalıdır. Çünki yuxarıda qeyd etdiyimiz kimi Ermənistan öz məsuliyyətini başa düşməyəcəyi təqdirdə münaqişənin həlli yenidən hərbi müstəviyə gətirilə bilər və o zaman ən çox itirən regionda külli miqdarda sərmayəsi olan Avropa, Qərb dövlətləri olacaq. Odur ki, Ermənistana öz məsuliyyətini başa salmaq missiyası bilavasitə adı çəkilən ölkələrin üzərinə düşür.
Nəhayət, münaqişədə olan toplum rəhbərlərinin qətiyyəti və xalqın iradəsi məsələsinə gələk. Azərbaycandan fərqli olaraq Ermənistanda bu gün lider yoxdur. Ölkə ictimaiyyəti Serj Sarkisyanın adi müharibə cəlladı olduğunu, hakimiyyətə gəldikdən sonra da qarət və talançılıqla xalqın böyük nifrətini qazandığını yaxşı bilir. Ona görə də münaqişənin həll edilməsi Sərkisyana qətiyyən sərf etmir. Mövcud vəziyyət ona daha çox var-dövlət toplamaq üçün sərf edir. Ermənistan əhalisinin iradəsinə gəlincə isə ekspertlər “xalqın iradəsi yoxdur” ifadəsindən əvvəl “xalqın özü yoxdur” ifadəsini işlədirlər. Hətta bəzi yerli ekspertlər bu gün Ermənistanda milyon yarım əhalinin yaşadığını yazırlar. Rusiya KİV-ində isə bu rəqəm 2 milyona yaxın göstərilir.
Ekspertlər ölkə əhalisinin sayının azalmasını etnik təmizləmə, iqtisadi tənəzzül, işsizlik, ordudakı özbaşınalıq, siyasi qarşıdurmalar, demokratik dəyərlərin ayaq altına atılması, qarabağlı-irəvanlı ziddiyyətlərinin getdikcə daha da dərinləşməsi ilə bağlayırlar. Yəni insanlar bu səbəblərdən baş götürüb istənilən ölkəyə gedirlər.
Münaqişədə olan toplum rəhbərlərinin qətiyyəti ilə xalqın iradəsinin üst-üstə düşməsi məsələsini Azərbaycana tətbiq etdikdə isə biz bu münaqişənin ədalətli şəkildə həllinə çox böyük zəmin olduğunu tam qətiyyətlə deyə bilərik. Çünki Prezident İlham Əliyevin bu sahədəki qətiyyəti hamıya məlumdur. O, ölkənin iqtisadi qüdrətini artırır, ordu quruculuğunu sürətləndirir, hərbi potensialı artırır, müdafiə sənayesini formalaşdırır, danışıqlar prosesinin intensivləşdirilməsinə nail olur, Azərbaycanın dostlarını çoxaldır, beynəlxalq ictimaiyyətin Azərbaycana münasibətinin müsbət məcrada dəyişməsinə nail olur, düşmənə qarşı informasiya müharibəsini təmin edir, diplomatik kanalların daha da fəallaşması üçün lazım olan bütün addımları atır və s. Ona görə də xalqın öz torpaqlarını işğaldan azad etmək barədə iradəsi Prezidentin qətiyyəti ilə üst-üstə düşür.
Yeri gəlmişkən, Prezident İlham Əliyev aprelin 14-də Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün aparılan danışıqların indiki vəziyyəti, Azərbaycanın həyata keçirdiyi tədbirlər, beynəlxalq ictimaiyyətin Praqa prosesi çərçivəsində, Madrid prinsipləri əsasında aparılan danışıqlara münasibəti və bir çox başqa məsələlər ətrafında əhatəli şəkildə söz açmışdır. Dövlət başçımızın xüsusilə qeyd etdiyi məqamlardan biri də bəzi xarici qüvvələrin Ermənistana nəfəs vermək üçün Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün göstərdiyi cəhdlər idi: “Türkiyə-Ermənistan sərhədlərinin açılması Türkiyə və Ermənistanın işidir. Buna heç kim qarışmamalıdır”.
Ən başlıcası, Prezident İlham Əliyev növbəti dəfə dünya ictimaiyyətini xəbərdar edir: “Əgər gördük ki, burada heç bir ümid yoxdur, onda danışıqlar dayanmalıdır və əlbəttə ki, bu prosesdə yeni mərhələ başlanacaqdır. O mərhələ nədən ibarət olacaq, bunu hələ ki, demək tezdir”.
Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların mövcud vəziyyəti ondan ibarətdir ki, Azərbaycan ərazi məsələsində heç kəsə heç nəyi güzəştə getməyəcəyi barədə möhtəşəm qətiyyət nümayiş etdirir. Türkiyə Cümhuriyyəti regiondakı münaqişələrin tezliklə və ədalətli şəkildə həll edilməsi üçün öz siyasi-diplomatik səylərini gücləndirir. Rusiya Federasiyası öz ətrafında hansısa münaqişə və toqquşmanın olmaması üçün varinatlar axtarır. Avropa Birliyi enerji daşıyıcıları aldığı ölkələrin problemlərinin həllinə maraq və səylərini artırır. Əfqanıstanda və İraqda işi düyünə düşmüş ABŞ Qafqazlarda və Orta Asiyada növbəti problemlə üzləşməmək üçün öz strateji tərəfdaşları ilə münasibətləri daha da yaxşılaşdırmağa çalışır. Amma...
Məhz bu məqamda yenə də ortaya erməni lobbisinin planlaşdırdığı məkrli hiylələr gəlir. Rusiyalı ekspert Dmitri Vorontsovun fikrincə, Ağ evin beynəlxalq aləmdəki imicini iki qüvvə ayaq altına ata bilər: Ben-Laden və ABŞ-dakı erməni lobbisi. Fakt göz qabağındadır. ABŞ Türkiyə və Azərbaycan kimi strateji tərəfdaşlarının maraqlarını işğalçı, separatçı, dilənçi, terrorçu, millətçi Ermənistanın maraqlarına tay tutursa...
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 22 aprel.- S. 1-2.