Ustad şahmatçı ilə görüş

 

Bu gün Azərbaycan şahmatçıları beynəlxalq miqyaslı yarışlarda yüksək ustalıq nümayiş etdirir, layiqli qələbələr qazanırlar. Bu uğur ölkəmizdə şahmata göstərilən dövlət qayğısından qaynaqlanır. Respublikamızda şahmatın inkişafına böyük enerji və zəka sərf edən mütəxəssislərdən biri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovdur. Bu günlərdə 70 illik yubileyini qeyd edən Faiq müəllim Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda şahmatın inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif olunmuşdur.

 

Əməkdar idman xadimi, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun anadan olmasının 70 illiyi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yubilyarla görüş keçirilmişdir. Məclisi giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov yubilyarı salamlamış, onun respublikamızda şahmatın təbliği və inkişafı istiqamətində fəaliyyəti və uğurları barədə ətraflı məlumat vermişdir.

Gorüşdə qeyd olunmuşdur ki, ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda şahmata dövlət səviyyəsində qayğı və diqqət artmış, respublikada 60-a yaxın uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilmişdir. Bundan sonra Azərbaycan şahmat məktəbinin yetirmələri beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etməyə başlamışlar. Azərbaycanda müxtəlif beynəlxalq şahmat yarışlarının yüksək səviyyədə təşkil olunmasının nəticəsidir ki, Beynəlxalq Şahmat Federasiyası bir çox belə tədbirlərin keçirilməsini Bakı şəhərinə həvalə etmişdir.

Faiq Həsənov bu yarışların, bir çox Dünya və Avropa çempionatlarının, 2 dəfə Ümumdünya Şahmat Olimpiadasının, planetin aparıcı şahmatçılarının iştirakı ilə keçirilən bir sıra super turnirlərin baş hakimi olmuşdur. O, 40 ilə yaxındır ki, Azərbaycan Televiziyasında “Şahmat klubu” verilişinin müəllifi və aparıcısıdır. Respublikamızda yüzlərlə yeniyetmə və gəncdə şahmata həvəsin yaranmasında bu verilişin təsirli rolu olmuşdur.

Faiq müəllimin qazandığı uğurların nəticəsidir ki, o, “Şöhrət” ordeni ilə təltif olunmuş, şahmatın inkişafına verdiyi töhfələrə görə FİDE-nin “Qızıl diplomu” ilə mükafatlandırılmışdır.

A.Əsgərov 70 illik yubileyi və ölkə başçısı tərəfindən Fəxri diplom ilə təltif olunması münasibəti ilə beynəlxalq dərəcəli hakim Faiq Həsənovu rayon ictimaiyyəti adından təbrik etmiş, Azərbaycan idmanının inkişafında ona yeni uğurlar arzulamışdır.

Sonda çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov əməyinə verilən qiymətə, şahmatsevərlərin diqqətinə görə minnətdarlığını bildirmişdir.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2010.- 23 aprel.- S. 8.