“Düşdüm eşqin sevdasına”

 

Əsən yellər, bir Allahın eşqinə,

Ərzimi o doğma vətənə yetir,

Bəndədən bəndəyə kəramət olmaz,

Qeyzinən xeybəri atana yetir.

 

Ozan sənəti vurğunlarının dillər əzbəri olan bu misraların müəllifi, 46 il ömür sürmüş, tanınmış el sənətkarı Əlimərdanlı Aşıq Nəcəfin 110 illik yubileyi Gənc Tamaşaçılar Teatrında qeyd edildi. Ədəbi-bədii gecədə sənətkarın yubileyi münasibətilə onun yaradıcılığına həsr edilmiş “Düşdüm eşqin sevdasına” kitabının təqdimatı aşıq sənətinin vurğunları, ziyalılar tərəfindən yüksək qiymətləndirildi.

Tədbiri giriş sözü ilə açan professor Qəzənfər Paşayev ozan sənətinin milli mədəniyyətimizdə mühüm yer tutduğunu, bu sənətə verilən qiymətdən danışdı. Kitaba rəy vermiş professor bildirdi ki, aşıq Nəcəfin yazdığı gəraylı, qoşma, ustadnamə kimi müxtəlif səpkili şeirlər aşıq poeziyasının dəyərli nümunələri sırasındadır. Millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə işıq üzü görmüş “Düşdüm eşqin sevdasına” kitabının redaktorları, əməkdar elm xadimi Bəhlul Abdulla və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri, gənc şair Əkbər Qoşalı, toplayıb tərtib edəni şair Bağman Babadır.

Kitaba ön söz yazmış Q. Paşayeva çıxışında Azərbaycan mədəniyyətində önəmli irs qoyub getmiş insanların gələcək nəslə çatdırılmasında bu cür tədbirlərin əhəmiyyətini vurğuladı və kitabın ərsəyə gətirilməsində dəstəklərini əsirgəmədikləri üçün sənətkarın ailəsinə, xüsusən də nəvələrinə təşəkkür etdi. Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub aşığın yaradıcılığına bu cür qiymət verdi: “Sənətkarın şeirləri kitablardan yox, ustad aşıqların dilindən yaddaşıma hopub. Şairin xoşbəxtliyi odur ki, o kitabdan əvvəl yaddaşlara köçür. Aşıq Nəcəf belə aşıqlardan idi.”

Şair Əkbər Qoşalı aşıq Nəcəf kimi bir sənətkarın kitabının üzərində çalışmasının onun üçün bir bəxtiyarlıq olduğunu söylədi. O bildirdi ki, el sənətkarının yaradıcılığında milli kimliyimizlə dini mənsubluğumuz vəhdət təşkil edir. Ədəbi-bədii gecədə ozan sənətini öz nəğmələri və ifa tərzləri ilə bu gün də yaşadan tanınmış aşıqlar el sənətkarının şeirlərini oxudular, ifa olunan müxtəlif saz havaları tamaşaçıların zövqünü oxşadı. Aşıq Nəcəf 1900-cü ildə Azərbaycanın sazlı-sözlü bölgələrindən birində – Tovuzun Əlimərdanlı kəndində dünyaya göz açıb. Yaradıcılığa erkən yaşlarda başlamış aşığın şeirləri hələ 1926-cı ildə Bakıda “El aşıqları” toplusunda işıq üzü görüb. O, tanınmış ustad Aşıq Hüseyn Bozalqanlının şəyirdi olub, ondan bu sənətin sirlərini öyrənib. 1928-ci ildə keçirilmiş Azərbaycan aşıqlarının birinci qurultayında nümayəndə kimi iştirak etmiş aşıq Nəcəf 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib. Kitabda kəşməkəşli həyat sürmüş, İkinci dünya müharibəsinin iştirakçısı olmuş Aşıq Nəcəfin müxtəlif mövzulara həsr etdiyi gəraylı, müxəmməs, gözəlləmə, qoşma, təcnis və divaniləri yer alır. Aşıq Nəcəfin Çoban Həsənlə və Dilşad xanımla deyişmələri, eləcə də el sənətkarına ithaf olunmuş şeirlər də kitaba daxil edilib. Aşıq Nəcəf cəbhədə yaralanaraq sağ gözünü itirib. Müharibənin ona vurduğu fiziki-mənəvi yaralar, həyatdan şikayət, Bakıda və Ufa şəhərlərində müalicə aldığı dövrlər aşığın bir sıra şeirlərində öz izini qoyub. Tədbir iştirakçıları son illər dövlətimizin mədəniyyətə, xüsusilə də aşıq sənətinə qayğı və diqqətindən söz açdılar. Qeyd olundu ki, aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması, Parisin Luvr Muzeyində Azərbaycan aşıqlarının konsertinin keçirilməsi və aşıq musiqisindən ibarət diskin işıq üzü görməsi Azərbaycan musiqi sənətinə göstərilən diqqət və marağın nəticəsidir.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2010.- 23 aprel.- S. 7.