Yeni neft strategiyasının uğurları ölkəmizi potensial investora çevirir

 

2010-cu ilin birinci rübü ölkəmizin sosial-iqtisadi həyatı üçün son dərəcə uğurlu olmuşdur. Belə ki, ilin əvvəlindən həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində əvvəlki dövrlərdə əldə olunmuş iqtisadi artım davam etmiş, Azərbaycan inkişaf dinamikasına görə regionda liderlik mövqeyini qoruyub saxlamışdır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası xeyli sürətlənmiş, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir.

 

Bütövlükdə isə əsaslı yüksəliş və tərəqqi dövrü kimi xarakterizə olunan son altı ildə Azərbaycan iqtisadiyyatının həcmi 2,8 dəfə artmışdır ki, bu da dünya üzrə analoqu olmayan bir göstəricidir. Son illərin sosial-iqtisadi inkişafını təsdiqləyən mühüm amillərdən sayılan məşğulluq strategiyasının həlli istiqamətində ölkəmizdə böyük uğurlar əldə edilmişdir. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda 830 min yeni iş yeri açılmışdır ki, bunun da əksəriyyəti daimi olmaqla ölkənin qeyri-neft sektorunun payına düşür. Artıq ölkənin regional, tarazlı inkişafı da, demək olar ki, təmin edilmişdir. Elə yeni iş yerlərinin 85 faizindən çoxunun regionlarda yaradılması da bu faktı təsdiqləyir.

Ölkə iqtisadiyyatının lokomotivi sayılan neft sənayesinin də dinamik inkişafı getdikcə sürətlənir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin iqtisadi dayaqlarını ilbəil möhkəmləndirir. Elə son illər sənayedə qeydə alınmış yüksək artım da, əsasən, ölkədə neft istehsalının çoxalması hesabına baş verir. Təkcə onu demək kifayətdir ki, ötən il Azərbaycanda neft hasilatının həcmi 50 milyon tonu ötüb keçmişdir ki, bu da ölkəmizin neft sənayesi üçün rekord göstərici hesab olunur. Xatırladaq ki, Azərbaycanda neft hasilatının ən yüksək göstəricisi 1941-ci ildə qeydə alınmışdı (23 milyon 482 min ton). Ölkəmizin yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində hasilat sahəsində qeydə alınan rekord nəticə isə qarşıdan gələn növbəti hər bir ildə təzələnərək 60-65 milyon tona çatacaq. Bu da ölkəmizin iqtisadi qüdrətinin artmasında, xalqımızın rifah halının yaxşılaşmasında əvəzsiz rol oynayacaq.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təməli isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının reallaşdırılması ilə qoyulmuşdur. Belə ki, yeni neft strategiyasının başlanğıcı sayılan “Əsrin müqaviləsi” ilə ölkəmizin zəngin ənənələrə malik neft-qaz sənayesində misli görünməmiş yüksəliş baş vermişdir. Ötən illər ərzində dünyanın 14 dövlətinin 24 aparıcı neft şirkəti ilə aparılan birgə fəaliyyət nəticəsində neft sənayesinin infrastruktur imkanları xeyli genişləndirilmiş, Azərbaycan Respublikası dünyanın potensial neft və qaz ixrac edən ölkəsinə çevrilmişdir. Son 15 ildə Azərbaycanın neft sənayesinə 38 milyard dollar sərmayə yönəldilmişdir ki, bunun da 20 milyard dolları “Azəri — Çıraq — Günəşli” layihəsinin reallaşdırılmasına sərf olunmuşdur.

2010-cu ilin birinci rübündə Azərbaycanın neft sənayesi üçün daha bir uğurlu hadisə baş vermişdir. Məlum olduğu kimi, mart ayının 9-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə tərəfdaşlıqda işləyən xarici neft şirkətlərindən ibarət konsorsiumun rəhbər komitəsi tərəfindən yeni “Çıraq” layihəsinə sərmayə qoyulmasına dair qərar qəbul olunmuşdur. Xatırladaq ki, adı çəkilən layihənin reallaşdırılmasına 6 milyard dollar sərmayə yönəldiləcək. “Azəri — Çıraq — Günəşli” yatağının 15 il əvvəl başlanılmış işlənməsinin davamı olan yeni “Çıraq” layihəsindən ilk neftin 2013-cü ilin sonlarında hasil edilməsi nəzərdə tutulur. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev “Çıraq” layihəsinə start verilməsini ölkəmizin neft-qaz sənayesi üçün çox əlamətdar bir hadisə kimi dəyərləndirərək demişdir: “... Bu, çox böyük bir layihədir. Əlbəttə ki, ”Azəri — Çıraq — Günəşli" yataqları üzrə “Əsrin müqaviləsi”nin icrası çərçivəsində görüləcək işlərdir. Ancaq əhəmiyyəti nəzərə alınaraq bu layihəyə xüsusi bir istiqamət, xüsusi bir ad verildi. “Çıraq” layihəsi əlavə 6 milyard dollar investisiya qoyuluşunu tələb edir. Minlərlə yeni iş yerinin açılmasını təmin edəcəkdir. O iş yerlərindən 90 faizindən çoxu Azərbaycanda açılacaqdır. Beləliklə, Azərbaycanda həm neft hasilatının artımı təmin ediləcək, həm də hasilatın sabit vəziyyətdə saxlanılması üçün əlavə imkanlar yaranacaqdır".

Hazırda özünün enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan Respublikası Avropa ölkələrinin də enerji təminatına mühüm töhfələr verir. Buna isə ölkəmizin zəngin karbohidrogen ehtiyatları imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan enerji təhlükəsizliyi məsələlərinə nail olmuş və bu gün başqa ölkələrin enerji təhlükəsizliyi üçün fəaliyyət göstərir. Bu, ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər gətirir, bizim üçün yeni imkanlar açır. Təsadüfi deyil ki, Xəzərin enerji resurslarına, Azərbaycanın karbohidrogen ehtiyatlarına beynəlxalq maraq getdikcə güclənir. İndi ölkəmiz bir çox enerji layihələrinin mərkəzinə çevrilməklə, həm də regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr verir.

Ölkəmizin yeni neft strategiyası çərçivəsində əldə edilmiş ən böyük uğurlardan sayılan “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin istismara daxil edilməsi ilə “Əsrin müqaviləsi” çərçivəsində yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi mərhələsi sona çatdırılmışdır. Bundan əlavə, xam nefti qəbul edib onu texnoloji emal prosesindən keçirdikdən sonra ixrac sisteminə vurmaq məqsədilə Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmiş, lazımi qurğu və obyektlərin inşası uğurla tamamlanmışdır. Bütövlükdə isə son 5 ildə “Azəri” və “Günəşli” yataqlarının tam istismara daxil edilməsi, burada quraşdırılmış platformalardan yeni quyuların qazılması, eləcə də 12 il əvvəl istismara verilmiş “Çıraq” yatağındakı quyuların neft veriminin artırılması məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatı ilbəil artır. Təkcə onu demək kifayətdir ki, 1997-ci ilin noyabr ayından indiyədək “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində 200 milyon tona yaxın neft hasil edilmişdir.

Son illər Azərbaycan neftini dünya bazarına çıxaran ixrac marşrutları da uğurla fəaliyyət göstərmişdir. 2006-cı ilin iyun ayında istismara daxil edilən Heydər Əliyev adına Bakı -Tbilisi-Ceyhan boru kəməri ilə indiyədək təqribən 120 milyon ton xam neft nəql olunmuşdur. Ötən müddətdə Azərbaycan nefti yüklənmiş 1100-dək tanker Ceyhan limanından dünya bazarına çıxarılmışdır.

Azərbaycanın yeni neft strategiyasının ən uğurlu layihələrindən sayılan “Şahdəniz” qaz-kondensat yatağının istismarı da müvəffəqiyyətlə həyata keçirilir. Qeyd edək ki, Azərbaycanda böyük qaz hasilatının əsasını qoymuş “Şahdəniz” yatağının istismara verilməsi, həm də ölkəmizi “mavi yanacaq” ixrac edən dövlətə çevirmişdir. Məlum olduğu kimi, hazırda “Şahdəniz” qazı Gürcüstan, Türkiyə və Yunanıstana ixrac olunur. Göründüyü kimi, neft strategiyasının icrası və Azərbaycanda böyük qaz yataqlarının kəşfi və işlənilməsi nəticəsində ölkəmiz artıq qaz idxal etmir, əksinə öz qazını başqa dövlətlərə ixrac edir. Artıq Azərbaycan Avropa ölkələrinin qaza artan tələbatının ödənilməsinə mühüm töhfələr verir. Elə yaxın illərdə reallaşdırılması nəzərdə tutulan “Cənub dəhlizi” layihəsi üçün əsas mənbələrdən biri də məhz Azərbaycan qazının olacağı artıq təsdiqlənmişdir.

Yeri gəlmişkən, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşdırılması neftlə yanaşı, qaz hasilatının da kəskin şəkildə artmasına səbəb olmuşdur. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildə ölkəmizdə 16,3 milyard kubmetrdən çox əmtəəlik qaz hasil edilmişdir ki, bu da son illər üçün yüksək göstəricidir.

Göründüyü kimi, ölkəmizin yeni neft strategiyasının uğurları ilbəil artır. Artıq Azərbaycanın neft gəlirləri getdikcə çoxalır və ölkəmizə böyük həcmdə valyuta daxil olur. Bu gəlirlər isə mənfəət neftinin satışı, tranzit haqları, akr hesabları, bonuslar və s. ödənişlər hesabına formalaşır. Bundan əlavə, Azərbaycandakı iri neft layihələrinin iştirakçısı olan xarici şirkətlər ölkəmizə böyük məbləğdə vergilər ödəyirlər. Təqribi hesablamalara görə, Azərbaycan təkcə “Əsrin müqaviləsi”ndən 200 milyard dollardan çox gəlir əldə edəcəkdir. Bu gəlirlər isə ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, indiki və gələcək nəsillərin firavanlığının təmin olunmasına yönəldiləcək. Eyni zamanda, Azərbaycanın yeni neft strategiyasının uğurları, əldə olunmuş valyuta ehtiyatları gələcək nailiyyətlərə geniş imkanlar açır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı yekun nitqində bildirmişdir: “Bu ilin birinci rübündə neft-qaz sektorunda vacib hadisələr baş vermişdir. O hadisələr bir daha göstərir ki, neft-qaz strategiyamız həm uğurludur, həm də uzunmüddətlidir. On beş ildən çoxdur ki, bu siyasət aparılır. Azərbaycanın neft-qaz yataqlarına maraq azalmır”.

İndi, demək olar ki, Azərbaycan investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə çevrilməkdədir. Mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən Azərbaycan Dövlət Neft Fondunun başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasına cəlb olunmasını yüksək qiymətləndirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı uğurludur. Bu da Azərbaycanın bərabərhüquqlu tərəfdaş kimi növbəti illərdə dünya iqtisadiyyatına daha çox inteqrasiya etməsinə imkan yaradacaqdır. Bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkətinin bir çox xarici ölkələrdə nümayəndəliklərinin açılması, həmin dövlətlərin iqtisadiyyatına investisiya yönəltməsi də öz növbəsində ölkəmizin neft strategiyasının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 23 aprel.- S. 1.