Xalqımızın daş
yaddaşı
Zəngəzur qəbiristanlıqlarındakı bu
“yaddaşı” pozanları tarix bağışlamayacaq
...Nə zamansa bu daşlara
bir dil tapan tapılacaq,
Bu daşların,
qayaların
keçmişini oyadacaq...
Məmməd ARAZ
Mənim dünyaya göz
açdığım kənd — Ağdü Zəngəzurun ən
qədim, yaşı əsrlərin o tayına gedib
çıxan bir oba, yurd idi. Yaylaq yerlərində itib-batmaqda
olan qəbiristanlıqlar vardı. Kəndin mərkəzində
alban abidəsi ucalırdı. O qəbiristanlıqlardakı
başdaşıların, o abidənin üzərindəki
yazılar, rəmzlər bu yerlərin ulu türk
dünyasının bir parçası olduğundan xəbər
verirdi.
O yazılar, rəmzlərlə
ermənilər daha çox maraqlanırdılar: gəlib
baxırdılar, öz aralarında sakitcə xosunlaşıb
gedirdilər. Gəlişlərində ümid, gedişlərində
təəssüf hissi oxunurdu. Səbəbini yaxşı başa
düşürdük: o daşların üzərindəki
yazılar türkün keçmişindən soraq verirdi,
soyumuzun tarixin yaddaşına sığmayan zənginliyini
nişan verirdi...
Kəndimizdən bir az
aralı — İşıqlı dağının ətəyində
“Kənd yeri” adlanan bir yurd yerinin xarabalıqları vardı.
Yaxınlığındakı itib-batmaqda olan qəbirsitanlığın
tarixi isə uzaq qərinələrə gedib
çıxırdı. Həmin qəbiristanlıqda bir məzarın
sinə daşındakı yazını atamın
naxçıvanlı tarixçi-arxeoloq dostu oxuyub demişdi:
— Bilirsən, müəllim, burada nə yazılıb?!.
Yazılıb ki, mənim soydaşlarım, var-dövlət, sərvət
hərisi yox, torpaq, yurd-məkan əsiri olun!... Bu
dağ-daşı, bu suyu — havanı sizə əmanət qoyub
gedirəm...
O yurd yerləri indi
düşmən tapdağındadır. İndi Salvartı,
İşıqlı yaylaqlarında yağılar at
oynadırlar. Yəqin ki, didərginliyimizdən sonra ulu
babamızın vəsiyyətinin həkk olunduğu “daş məktubu”
da ermənilər it-bata salıblar.
Görəsən,
günahımızı və
günahsızlığımızı bizdən yaxşı
bilən, əsirlikdə qovrulan o “daş məktub”un sahibi olan
babamızın ruhu Vətəndə Vətən həsrəti
ilə gün keçirən bizlər barədə nə
düşünür?!Günahımız varsa, bizi
bağışlayarmı?!. Çətin sualdır, deyilmi?!.
***
Dünyanın
gül-çiçəyə bürünən
çağı idi. Dağ-dərələr üzə
gülürdü, ağaclar yaşıllaşmış,
çiçəkləmişdı. Təbiətin bu gözəlliyi
insanları sevindirmirdi. Üz-gözlərdən qayğı,
kədər oxunurdu — didərginlik dalğası
başlayırdı. İllərlə min bir əzab-əziyyətlə
tikilib-qurulan evlər boşaldılırdı...
Ömrünün ahıl çağını yaşayan
atamla rayon mərkəzinə uzanan yolun kənarındakı
daşın üstündə oturub maşın gözləyirdik.
Ətrafa səpələnmiş mamırlı xırda
daşlar sanki insan kimi dil açıb
danışırdı: uzaq əsrlərdən bu günəcən
burada yaşayırıq, bundan sonra da burada qalacağıq,
heç hara getməyəcəyik — bura Vətəndir...
Gözləri bu xırda daşlara dikilən və nə
fikirləşdiyini bilmədiyim atam əlindəki əsanı
həmin yerə, həmin daşlara döyəcləyib qəflətən,
gözləmədiyim halda hönkürdü: “Oğul, bax, bu
daşların hər biri bir tarixdir — kökümüzün,
soyumuzun bu kəndə, bu yurda
bağlılığının möhürüdür. Bu
daşlar, çınqıllar uzaq əsrlərin arxasından
bizə baxan gözlərdir — bu baxışlarda bizə məzəmmət
var: “Hara gedirsiniz, ay etibarsızlar?! Vallah,
ata-babalarınızın qəbirləri od tutub yanacaq... Vətən
həsrətindən qovurğa kimi qovrulacaqsınız...”
***
...Səksən səkkizdən
bəri didərgin doğmalarımın neçəsi o həsrətin
ağırlığını, yükünü çəkə
bilməyib haqq dünyasına qovuşdu, qalanlarsa hansısa
bir sehrin, tilsimin gücünə ümid bəsləyir —
zülmət gecədən sonra nurlu sabahlar
açılır...
***
...Zəngəzurun köhnə
qəbiristanlıqlarında zaman keçdikcə
sıraları seyrələn qoç heykəllərinə
rast gəlmək olardı. Yaxşı xatırlayıram, belə
heykəllərdən biri də gətirilib məktəbimizin
həyətində, çarhovuzun qırağında
qoyulmuşdu. Etiraf edim ki, o vaxt biz şagirdlər bu abidəyə
elə-belə, adi bir heyvan qabartması kimi baxırdıq.
Heç müəllimlərimiz də bunun nə məqsədlə,
nə zaman düzəldildiyindən
danışmırdılar. Çox-çox sonralar tarix müəllimimiz,
rəhmətlik Seyfəli müəllim bu barədə söz
düşəndə dedi ki, sovet ideologiyası imkan vermirdi ki,
həmin heykəlin hansı məna-məzmun
daşıdığından söhbət açaq... Seyfəli
müəllimin fikrincə, xalqımızın mifoloji
inamlarında qoç heykəlləri şəri qovmaq, şərlə
mübarizə aparmaq, şərə üstün gəlmək
anlamlarını verib.
Yazının bu yerində
bir məqamı da xatırlatmaq istərdim. Bir gün məktəbə
gələndə çarhovuzun qırağındakı abidəni
yerində görmədik. Öyrəndik ki, maarif şöbəsinin
müdiri Eduard Mkrtıçyanın göstərişi ilə
rayondakı tarix muzeyinə aparılıb...
Müəllimlərimizi deyə
bilmərəm, amma biz şagirdlər bu yerdəyişməyə
adi bir hal kimi baxdıq. Başqa cür də ola bilməzdi. Axı
sovet ideologiyası ab-havasında, beynəlmiləlçilik
ruhunda böyüyürdük, tərbiyə, təhsil
alırdıq. Təkcə bu ideologiya, bu ruh, sən demə,
erməni düşüncəsinə, erməni əxlaqına
təsir edə bilmirmiş.
Bax, beləcə ermənilər
qədim tariximizi mənimsəyirdilər, saxtalaşdırırdılar,
özününküləşdirirdilər... Ermənilər
özlərini bu yerlərin əzəli, qədim sakinləri
kimi “təsdiqləmək” üçün hətta
yaşı bilinməyən, izi-rizi itməkdə olan türk
qəbiristanlıqlarına soxulub “araşdırma” aparmaq,
müxtəlif mifoloji inamları daşıyan rəsmlər
qabardılmış başdaşılarını, sinədaşlarını
“oxunub, sonra yerinə qoyulacaq” adı ilə oğurlamaq kimi iyrənc
əməllərdən belə çəkinmirdilər...
Sonra həmin daş rəsmlər erməni mifoloji təfəkkürünün
məhsulu kimi tarix muzeylərində yerləşdirilirdi.
***
1988-ci ildə
soydaşlarımızın Qərbi Azərbaycandan
deportasiyası başlanandan sonra ermənilər bu dəfə
qəbiristanlıqlarımızı dağıtmağa
başladılar. Özü də bu vəhşilik, bu vandalizm
tarixdə görünməmiş miqyas aldı: qəbiristanlıqlar
buldozerlə dağıdıldı. Ulularımızın
uyuduqları bu məkan elə günə salındı ki,
sanki bu yerlərdə heç nə olmayıb.
...Qəbiristanlıqlar
bütün zamanlarda, bütün dövrlərdə müqəddəs
yer sayılıb. Fatehlər, hökmdarlar ayaq basdıqları
torpaqlarda nəyə əl vursalar da, nəyi dağıtsalar,
xaraba qoysalar da qəbiristanlıqlara xətər yetirməyiblər.
Onlar dünyanın əbədiliyinin,
başdaşlarındakı yazılarla, rəsmlərlə isə
ömrün vəfasızlığının, çərxi-dövranın
amansızlığının göstəricisi olan bu dilsiz, səssiz-səmirsiz
məkanın nizamına toxunmayıblar. Amma mənəviyyatsız
ermənilər üçün bunun heç bir fərqi
yoxdur.
Bəli, Zəngəzur qəbiristanlıqları
təkcə ulularımızın uyuduqları məbədgah
deyildi. Həm də bir elin, bir obanın, mahalın
soy-kökünün tarixi idi. Bu tarix sənduqələrdə,
qoç və at heykəllərində (fiqurlarında),
başdaşlarında və sinədaşlarındakı rəsmlərdə
yaşayırdı. Bu tarix daşlar üzərindəki
oymalarla, həkketmələrlə babalarımızın
İslama qədərki və İslamdan sonrakı mədəniyyətini,
məişətini, adət-ənənələrini
yaşadırdı...
***
Zəngəzur qəbiristanlıqlarındakı
qəbir daşları üzərində
qarşı-qarşıya durmuş
...Tarixi mənbələrdə
...Babalarımız oda
inanıblar, odu müqəddəs sayıblar. Atəşpərəstliyi
böyük ideologiya səviyyəsinə yüksəldən
ulu Zərdüşt “Hər dəfə oda sitayiş edəndə,
yaxşı şeylər haqqında fikirləşmək istəyirəm”
deyib, üzünü Günəşə tutaraq “Ey
böyük Günəş, aydınladacaq bir şeyin olmasa,
bəxtin nə olardı?!” söyləyib...
Qədim bir inama görə,
Oğuz da oddan yaranıb — ata Qaraxan (qaranlıq səma), ana
Umay (bədirlənmiş Ay) olub...
Zəngəzurun köhnə
qəbiristanlıqlarında qəbir daşları üzərində
təsadüf olunan Günəş təsvirləri
(oymaları) da ulularımızın oda (Günəşə)
bağlılığını, tapınmağını
göstərən tutarlı dəlildir.
Yeri gəlmişkən, Qədim
inamlarda Od-Günəş həm də həyatın əbədiliyini,
yaşarlılığını bildirir. Buna vaxtilə qəbir
daşlarında Günəş şüasının həkk
olunması misal ola bilər. Mifik təsəvvürlərdə
Günəş şüası Dünyanın daimiliyinin,
kainatın sonsuzluğunun rəmzidir. Bununla yanaşı, bu rəmz
həm də dünyadan köçən insanın pis
ruhlardan qorunduğuna işarədir.
Bir sıra qəbir
daşlarında maralın, öküzün, qoçun üzərinə
qonmuş və qanadları açılmış vəziyyətdə
olan qartal rəsmləri də tarixin minilliklərlə
ölçülən bir zamanından xəbər verirdi.
Etnoqraf alimlərin fikrincə, belə rəmzlərə
türk xalqları tərəfindən İslamdan
çox-çox əvvəl sitayiş edilib.
***
Zəngəzurun qaya-daş,
abidə rəsmləri həm də əcdadlarımızın
həyat tərzinin, mədəniyyətinin min illər bundan əvvəl
hansı səviyyədə olmasından xəbər verirdi. Ov
səhnəsi, yallı getmək və s. rəsmlər — dilsiz
sənət əsərləri bu torpağın aborigenlərini
— Oğuz türklərini dünyanın ən qədim mədəni
xalqları sırasında göstərirdi...
***
Həyətimizdən baxanda
Salvartı dağı bütün əzəməti ilə
görünürdü. Yayın ürəkləri qarsalayan
günlərində dağa qalxıb zirvədəki, ətəklərdəki
qardan ovuclayıb sərinləmək keçirdi ürəyimizdən.
Uşaq ağlımızla ora necə getmək
üçün yollar arayıb-axtarardıq. Əsas çətinliyimizsə
Salvartı ilə kəndimizin arasından axan dəli-dolu
Bazarçayını adlamaq idi.
Bizim sinəsində gəzmək,
qarından ovuclayıb yemək həsrəti ilə
yaşadığımız o dağın qoynunda azəri
türklərinin neçə-neçə yurd yerlərinin
xarabalıqları qaralırdı — Yayçı,
İrmiş, Bəhlullu, Alışar, Dulus, Alullu, Pulkənd,
Şükar, Qalacıq... 1918-ci ildə Andranik Ozanyanın
quldur dəstəsi həmin kəndlərin sakinlərini vəhşicəsinə
qırmış, ocaqlarını
söndürmüşdü.
Erməni vəhşiliyinin dəhşətlərindən
ömrünün sonuna kimi ürəkağrısı ilə
danışan Cəfərxan babam deyərdi ki, qaralan yurd
daşlarından azca aralı ta qarlı ətəklərədək
ərazi İsmayıl bəyin örüş yeri olub.
İsmayıl bəy hələ sağlığında ikən
usta çağıraraq böyük bir saldaşın üzərində
oyma yolu ilə vəsiyyətini yazdırır: “...Mal-dövlətdən
gözüm doydu. Torpağa, yurda sevgim tükənmədi.
Torpaq, yurd əmanətinə kiminsə xəyanət etməsini
bağışlamayın”.
...İsmayıl bəy, əmanətinə
nankor ermənilər xəyanət etdi. Soydaşların bu xəyanəti
heç zaman bağışlamayacaq. Qisas qiyamətə
qalmaz...
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 25 aprel.- S. 8.