Qədim yurdun bugünkü cəlalının vəsfi

 

Bu gün Azərbaycan özünün hərtərəfli inkişafı ilə bütün dünyada tərəqqinin, uğurların yeni ünvanı kimi ad çıxarır. Sevindirici haldır ki, bu yüksəlişin önündə gedən bölgələrimizdən biri də iyirmi ilə yaxın düşmən mühasirəsində, məhrumiyyətlər içərisində yaşamış Naxçıvan Muxtar Respublikasıdır. Min illərin zəngin tarixinə və mədəniyyətinə malik olan Nəqşi-cahanın — Naxçıvanın müasir cah-cəlalı ədəbi-bədii əsərlərdə, yeni musiqi parçalarında, rəngkarlıq nümunələrində də yetərincə vəsf edilir. Əslən Naxçıvandan olan əməkdar artist Nuriyyə Hüseynovanın məharətlə ifa etdiyi “Naxçıvanım” mahnısı da həmin qəbildən olan yeni musiqi parçalarındandır.

 

Respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun yenicə qələmə aldığı mahnının sözləri Prezident təqaüdçüsü, Gürcüstanın “Şərəf” ordeni ilə təltif edilmiş şair Ramiq Muxtardır. Tofiq müəllim əvvəllər də bu mövzuya müraciət etmiş, xalq çalğı alətləri orkestri üçün üç hissədən ibarət “Naxçıvan” süitasını yazmışdı. Həmin əsər professor Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin ifasında lentə alınmışdır. “Naxçıvanım” mahnısı isə respublikanın xalq artisti Ağasəlim Abdullayevin rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Baba Salahov adına xalq çalğı alətləri ansamblının müşayiəti ilə yuxarıda qeyd etdiyimiz kimi Nuriyyə Hüseynovanın ifasında lentə alınmış və radionun “qızıl fondu”na qəbul edilmişdir.

Mahnının yaranma tarixi barədə söz açan bəstəkar qeyd etmişdir ki, təkcə sosial-iqtisadi həyata deyil, eləcə də ölkənin ədəbi-mədəni həyatındakı proseslərə də böyük diqqətlə yanaşan Naxçıvan rəhbərliyi elm-incəsənət xadimlərinin yubileyinin və ya xatirə gününün qeyd edilməsi ənənəsini də yaratmışdır. Bu silsilədən olan tədbirlərdən biri də Tofiq Bakıxanovun 75 illiyinin muxtar respublikada yüksək səviyyədə qeyd edilməsi idi: “Biz qədim diyarın bu günki inkişafının, həmin inkişafın Naxçıvan təbiəti və mədəniyyəti ilə mükəmməl bir şəkildə uzlaşmasının şahidi olduq. Ramiq Muxtar həmin təəssüratlarımızı maraqlı bir şerə çevirdi və beləliklə də “Naxçıvanım” mahnısı yarandı”.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2010.- 25 aprel.- S. 8.