Mən ürəyəm,
döyünməsəm – ölərəm
Həqiqi dahi o
adamdır ki, ürəyi hamı üçün
döyünür.
R.ROLLAN
İnsanın gözəlliyi onun sözünün
gözəlliyidir
Çox təəssüf ki, mənə Rəsul Rza ilə üzbəüz dayanmaq, onun fəlsəfə və məntiqə söykənən fikirlərini dinləmək və duymaq qismət olmayıb. Düşünürəm ki, bizdən əvvəlki nəslin xoşbəxtliyi onda olub ki, ədəbiyyat tarixinə korifey kimi imza atan və xatırlanan simalarla eyni dövrü bölüşdürüblər. Bizim gənclik payımıza həyatın ilk pillələrini adlayan məktəblilər kimi onların əsərlərini oxumaq, qəhrəmanlarının duyğularına şərik olmaq, şeirlərini əzbərləmək düşüb. Hər tarixin öz yazısı var. 1950-60-cı illər tarixi Azərbaycan ictimaiyyətinin ədəbi yaddaşına nələri həkk edib, nələri köçürüb? Bu yaddaşa açar salmaq üçün mütləq Rəsul Rza poeziyasına bələdçiliyin olmalıdır. Rəsul Rza poeziyasının formalaşdığı – onun yaradıcılığının çiçəkləndiyi dövrdə mənim cəmi 10-11 yaşım olardı. Dünyanın atom silahlarına etiraza qalxdığı, ədalət və sülh uğrunda mübarizə apardığı bir zamanda biz hələ ətrafımızda baş verənləri dərk etmirdik. Qarşımızda geniş perespektivli üfüqlər açılmışdı və biz sovet məktəbliləri də taleyin üfüq xəttinə yürüşə çıxmışdıq. Bütün bu olanları-bizi əhatə edən dünyanın mübarizəsi, sevgisi, şirinliyi, ən nəhayət həyəcanı zərrə-zərrə sonradan oxuyub bələd olduğumuz Rəsul Rza poeziyasına hopurmuş həmin vaxtlar. Və həmin tarixin zərrələri toplanmış Rəsul Rza irsi haqqında danışmamaq mümkün deyil.
Azərbaycan poeziyasının nəfəsində,
arzusunda yaşayan Rəsul Rza
Şair. Ssenarist. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi. Mahnı mətnlərinin müəllifi....
Rəsul Rza – Azərbaycan şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan xalq şairi, Azərbaycan əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı...
Bir insan ömrünün sığa biləcəyi ömür çərçivəsi, bir insan taleyinin yaza biləcəyi ən zəngin bioqrafiyalardan biri...
Bu bioqrafiyaya, bu ömür çərçivəsinə daha nələri sığışdırmaq olar? Bu sualın cavabını Rəsul Rza ömrünün nəhayətindən – 1981-ci ildə torpağa qovuşandan sonra yazılan məqalələr, monoqrafiyalar, araşdırma və tədqiqat yazıları verib.
Böyük klassik – torpağın şair oğlu Rəsul Rza özü sualın cavabını verib getmişdi: “Mən ürəyəm, döyünməsəm – ölərəm!”
Beləcə öz yaradıcılığı ilə bir bilməcə qoyub getmişdi Rəsul Rza müasirlərinə. Ona görə müasirləri yazıram ki, ədəbiyyat heç zaman köhnəlmir və həmişə cəmiyyətlə çağdaş olur. Bu pozulmaz məntiqdən yanaşanda biz də öz müasirimizin -Rəsul Rzanın bilməcəsinə yazımız boyu cavab axtaracağıq...
Böyük eşqin fədaisi
Rəsul Rza
şairlikdən öncə övlad – doğulduğu
torpağın vətəndaşı idi. Bu övladın Ana
dediyi torpaq- başı dərdli, qəlbi dağlı Azərbaycan
bütöv deyilsə, param-parça olmuş bu
torpağın övladı tam ola bilməzdi. Bütöv
olmayanın xoşbəxtliyi də üfüq xətti kimi əlçatmazdır,
ha yüyürsə yetmək olmaz: “Mən
torpağam, məni atəş yandırmaz” deyə dünyaya
car çəkən şair həqiqi torpaq-yurd aşiqi, Vətən
– bütöv Azərbaycan idi, bir sərhədlə çevrələnmiş
Gəncə idi, Təbriz idi, Marağa, Şəki, Şirvan,
Borçalı, Göyçə mahalı, Zəngəzur, Dərbənd,
Qarabağ – bir sözlə parçalanmış,
bütövləşməyincə xoşbəxt ola bilməyən
Azərbaycan torpağı idi. Amma o torpağın sərhədlərinin
çərçivəsi sındırılmış,
Marağası, Ərdəbili, Savalanı əlçatmaz
edilmişdi. Həsrət və qovuşmaq yanğısı,
azad və hürr olmaq istəyi sonsuz bir eşqin fədaisinə
çevirmişdi bu insanı:
Son zamanlar
səni yuxuda görürəm,
Təbrizim,
Hər gecə.
Suyun,
çörəyin varmı?
Nəğmən
necə?
Yenə “Qaragilə”,
Yoxsa daha qəmlidir?
Göy məscid
necədir?
Ərk
qalası necə?
Yanıq dağ qupqurudur,
Ya nəmlidir?
Yuxuma girirsən Təbrizim,
Yoxsa incimisən uzun
həsrət yorub səni,
yoxsa dözüb-dözüb
İndi yaman qəribsəmisən?
Təbrizim,
Mənsizim...
Bu xitabda,
müraciətdə övladına həsrət atanın
iztirabları öz əksini tapıb. İndiyə qədər Təbrizin-
bir zamanlar bütöv Azərbaycan dövlətinin baş kəndinin
şəninə ünvanlanmış şeirlərdən,
gözəlləmələrdən fərqli olaraq Rəsul Rza
poeziya nümunəsi yaratmırdı, qəlbində ovxarlanan
dərdini dilə gətirirdi. Övladından ayrı
düşmüş ata kimi dindirirdi Təbrizi “Suyun,
çörəyin varmı?”, “İndi yaman qəribsəmisən,
Təbrizim, Mənsizim...”
Neçə şeir
yazılıb anaların adına!
Anadan kim
doyub, kim?
Şöhrətimin şəhəri,
Bakım!
Göy gözlü Xəzərimin
sahil yaraşığı!
Abşeiron gecələrinin
sayrışan işığı!
Və yaxud
Sinəsi qabarıq:
Nağıllardan gəlmiş
Bir qəhrəmandır
Şuşam mənim.
Mərdlik ilə, gözəlliklə
Qoşam mənim...
Oxucu dərhal
bir ata qüruru, iftixarı duyur bu sətirlərdə. Sevinc, fərəh
və həsrət. Rəsul Rza
poeziyasından hədsiz bir həsrət boylanır, bəzən
oxucu yanıb-yaxılır bu həsrətin şiddətindən,
bəzən əriyib itir bu həsrətin burulğanında.
Bu həsrət oxucunu xoşbəxt olmağa
qoymur. Bayronun “İnsan gülüşlə
göz yaşları arasında dolaşan varlıqdır”
deyimi necə də yerinə düşür. Üstəlik,
bu insanın əlində qələm, dilində söz, qəlbi
də ki, Xəzər kimi çağlayan, coşub-daşan duyğular
yuvası ola...
Torpağı
bölünmüş, sərhəd-sərhəd
parçalanmış bir Vətənin övladı heç
vaxt tam xoşbəxt ola bilməz və
oxucunu həmişə qələm sahibinin ən yüksək
mərtəbədə belə xoşbəxtlik duyğusuna
sahib ola bilməməsindən heyrətlənir və dərk
edir ki, bu oxuduqları sehrinə düşüb itdikləri elə
onun – oxucunun öz ürəyindən keçənlərdir.
Heç zaman xoşbəxt ola bilməyən
qalib türk xalqının çərçivələnmiş
məkana sığınmağa məcbur övladı həmişə
öz ürəyinə, iç dünyasına çəkilib:
İki böyük dünya
var
İçi günəşlərlə,
planetlərlə dolu
Bir dünya var kainatın bir
hissəsi
İrili-xırdalı məmləkətlərlə
dolu
Bir dünya var –
Mənim dünyam...
Ümidli, sevincli, kədərli
Bir dünya var
könlümüzdə...
Bu dünyada – şairin
könül dünyasında hər şey, insanın
arzuladığı, əlçatmaz görünən
bütün vasitələr – sözlər, sözlərin
yaratdığı fikirlər, ifadələr və onların
yaratdığı poeziya, bu poeziyanın ehtiva etdiyi arzular və
niyyətlər bu günümüzə, işıqlı
günlərimizə körpü olub, yol gəlib:
Mən işığam –
qaranlığın qənimi
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti
söyləməyə qadir olan
dilim var.
Mən həyatam,
həmişə yoldayam,
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm,
qoldayam.
Mən ürəyəm..
İctimai xadim
Hətta qorxu
da var Rəsul Rza poeziyasında. Amma bu qorxu artıq
şair kimi yox, ictimai xadim kimi onu narahat edir. Şairin təəssüf,
ağrı dolu sözlərinin alt qatında nə gizləndiyini
axtarmaq üçün çox düşünmək
lazım gəlmir:
...Diri qalmaq,
əbədi susmaq qorxusu
bağlamışdı dilimi.
Çünki mənim nə
qədər
könül sözüm vardı
xalqa deyəsi...
Bu gün,
artıq Rəsul Rza irsinə baş vurarkən, o irsi vərəq-vərəq
çevirərkən bu qorxunun əbəs olduğunu
görürük. Çünki zaman və Rəsul Rza irsi
sübut edib ki, o sözünü deyib gedənlərdəndir.
Eyni zamanda əbədiyaşar söz sahibidir.
Onun milli şüur və milli iftixar hissi ilə qələmə
aldığı məqalələrinə kiçik bir nəzər
söylədiklərimizin danılmaz həqiqət olduğunu
bir daha isbatlayır: “Belələri bir meyvəni üzmək
üçün böyük bir budağı qanırıb
qırar “uf” da deməzlər. Bir gülü
döşünə taxmaq üçün bütün
gül topasını kökündən çıxararlar, bir
şiş kabab üçün bir maralı, ceyranı
öldürər təəssüf etməzlər”. Milli
şüur və ictimai düşüncə
üçün mübarizə aparan əsgər-cəmiyyətdə
gördükləri, şahidi olduqlarını nəzmə
köçürməklə, nəsrə gətirməklə
dahi Füzulidən (Salam verdim, rüşvət deyildir deyə
almadılar) daha qədim yoldan başlanan maarifçilik
missiyasını da unutmurdu, özünün ictimai vəzifəsi
hesab edirdi. Milli şüurun formalaşması
üçün qələm çalan, milli iftixar hissi,
qürur naminə gecəsini gündüzünə qatan
şairin yuxusuz gecələrinin məhsulu olan şeirləri
də başdan-başa ictimai düşüncəyə
hesablanıb:
– Badam gözlü keyşə,
Belə məzlum
dayanmısan
Kədərlisən
neyşə?
Baxdı mənə uzaq-uzaq
baxışlarla
O gözlərdə nələr
vardı, nələr
Qiyməti kəsilmiş təbəssümün
acısı
Gözləri piyli ehtirasla
geyişə-geyişə
Eyham atanlara nifrət
Bir də... adi insan məhəbbətinə
ümidsiz həsrət...
Bütün
yaradıcılığı bu ruhda idi, bu ideyaya köklənmişdi
Rəsul Rzanın. Hətta ən kiçik şeiri belə oxucusuna “insan
ol deyirdi-təbiətin əşrəfi insan adına
layiq ol!” deyə mesaj verirdi.
Keçmişdən gələcəyə
Keçmişi
qorumaq lazımdır ki, gələcək tarixin dürüst
yazılsın. Daha bir aforizm var: keçmişinə güllə atsan,
gələcək səni topa tutar. Bu aforizmi
boş-boşuna xatırlamadım. Rəsul
Rzanı xatırlayanda ədəbiyyatın həmişəyaşar
atalar və oğullar problemi də xatırlanır. Atalar oğullar probleminin 90-cı illərdən
indimizə qədər kəskin şəkil alması
yazarlarımızı iki cəbhəyə bölüb və
mübarizəni “müharibə şəraitinə” gətirib
çıxarıb. Aydındır ki, bunun ilkin səbəbi
70 il yaşadığımız rejimin dəyişməsi
idi. Sovet rejimində yaşayıb yaratmaq qismətinə
düşməyən (hələ bilmək olmazdı bu
gün sovet inqilabından bir şeir yazan şairləri xalq
düşməni elan edən gənclər özləri o
dövrdə yaşasaydılar necə davranardılar) gənc
yazarlar klassiklərimizi çox qınağa çəkdilər.
Keçmişi pisləmək hər şeyi
yoluna qoymaq və ya dəyişmək deyil. Keçmiş təcrübədir, ondan dərs almaq
lazımdır. Keçmişi həm də
öyrənmək lazımdır. Sağlığında
canlı klassikə çevrilmiş Rəsul Rzanın
şeirinin 50-ci illərin bir qədər naşı hökumətini
hərəkətə gətirmək qüdrəti vardı,
bir şeiri ilə əsgəri olduğu hökumət siyasətini
ifşa etmək, hökuməti bu siyasətə bir qədər
tənqidi yanaşmağa sövq etmək gücü
vardı. Rəsul Rza poeziyasının dünyanın
tarixini daşımaq kimi tutumunu da bura əlavə etsək, bu
gün ədəbiyyatın “atalar-oğullar müharibəsindən”
kimin qalib çıxdığını dilə gətirməyə
ehtiyac qalmaz.
Mən ürəyəm,
mən insanam, mən torpağam, yəni Azərbaycanam deyən
bu qələm sahibinin yaradıcılığı
böyük və şərəfli bir mübarizənin səlnaməsidir.
Fərd kimi
eşqi yolunda – (Rəsul və Nigar dastanı Azərbaycan ədəbiyyatının
hələ yazılmamış mövzusudur), Vətəndaş
kimi ölkəsinin, torpağının aşiqi olan Rəsul
Rza şair kimi millətinə aşina idi. İnsan kimi
isə dünyanın-planetin dərdini qələmə
alırdı. Bunu isbatlamaq çətin
deyil. Şairin səfər dəftərinin səhifələrini
vərəqləyin – İraqa, Praqaya, Afrikaya, Türkiyəyə
və digər ölkələrə səfərlərindən
sonra yaranmış şeirləri, o şeirlərin təşkil
etdiyi silsilələri bir də oxuyun...
Ölkəsinin böyük
bir quruluşa doğru – hər kəsin bərabər, bir
tutulduğu böyük kibernetik aləmə doğru
yürüşünü alqışlayan şair bu
yürüşdə onu, milləti, xalqı və nəhayət
doğma vətənini qane etməyən çalarlar görəndə
yenə də əlini qələmə atır:
Sığınmışıq
qəlbimə
Ümid, Şübhə, kədər
və mən.
Xeyli keçib gecədən
yağış yağır,
külək əsir
ümid deyir
Yağış kəsəcək
Külək kəsəcək
Qaranlıq əriyib sabah olacaq
Günəş doğacaq
Qızıl telləri
saçaq-saçaq
Şübhə deyir
– haçaq
– haçaq?..
Qəlbinin
“Haçaq???” sorğusuna şair “Ezop dili” ilə cavab vermək
məcburiyyətində qalır.
– Yorğundum: fikirdən
qayğıdan,
qayğılarım özümünkü də,
özgəninki də.
Özgə
qayğısı deyəndə
İnsan
övladlarının
bu günü sabahilə
Nigaranlıq
Uzun üzüntülü
Təsəlli gülə-gülə
Huş apardı məni
Fikir dolaşağında
Ezopu gördüm
İnsan
qarışığında
Başını
qaldırdı ağır-ağır
Baxdım-baxdım
Hıçqırıb
hönkürdüm...
Yaşamaq,
yaratmaq həmişə var olmaq deməkdir. Maksim Qorkinin “Dankonun ürəyi”
əsərinin qəhrəmanı kimi qaranlıqlara
işıq salmaqdan ötrü yanmaq üçün
mübarizələrin məhvedici dalğalarında
çırpınmaq... eyni zamanda, yazmaq yaratmaq, cəmiyyətin
aparıcı şəxsiyyətinə, fikir
sütunlarından birinə çevrilmək, onun
ağrı-acısını qələmə alaraq yazı
tarixinə çevirmək... Bu ikinci tale də birinci qədər
faciəli və çətindir:
...Mən buludam, səhraları
susuz görüb
ağlaram...
Mən İNSANAM...
Bütün bu
manevrlər təhlükə dolu illəri arxada qoymuş bir
insanın sözünü deyə bilmək, savaşmaq
bacarığından xəbər verir. Şair həm
də savaşçıdır.
Bir insan, fərd,
vətəndaş və nəhayət şair olaraq
böyük bir eşqin fədaisi idi Rəsul Rza. Və bu eşqin inancı
oxucusuna da sirayət edir, o coşqun sevdanın seli oxucusunu da həmən
qoynuna alırdı:
Pəncərəmi
açmışam
Günəş gəzir
otaqda
Küsmüş bir qonaq kimi
Xəbərsiz getdi şaxta
...Qışı yola salana
İnanın bu da bəsdir
Havadan birəm-birəm
Enir qar
İnsanlar, ay insanlar
Könlümüzdədir
bahar!
İnsanlar onun
üçün millətlərə bölünmürdü. İnsanlar
onun üçün təbiətdən ayrı bir varlıq
deyildilər. Onlar Rəsul Rza
üçün Yer kürəsinə, Göy qübbəsinə
bağlı, qalaktikaların bir zərrəsi,
yarandıqları Təbiətin ruhunu cisimlərində gəzdirən
bir varlıq idilər. Ona görə də Rəsul Rza
poeziyası həmişə çağdaşdı və o
poeziyanın pıçıltıları həmişə
qulaqlarımızdadır:
– İnsanlar!!! Ay
İnsanlar!!!
Ənvər SEYİDOV,
hakim, professor
Xalq qəzeti.- 2010.- 25 aprel.- S. 7.