Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş

 

Bu il may ayının 9-da faşizm üzərində qələbənin 65-ci ildönümü tamam olacaq. O dəhşətli illərdən uzun bir vaxt keçsə də müharibənin vurduğu yaralar hələ də yaddaşlardan silinməyib. Müharibənin törətdiyi ağır fəsadlar, analara, bacılara çalın-çarpaz dağ çəkməsi unudulan dərd deyil.

 

Azərbaycanın mərd oğul və qızları Böyük Vətən müharibəsində mərdliklə vuruşmuş, qəhrəmanlıq zirvəsinə qədər yüksəlmişdir. Onların şanlı, şərəfli yolunu davam etdirən yetişən nəsil də torpaqlarımızın bir qarışını belə düşmənlərə qıymır, sinələrini güllə qabağına verərək şəhidlik zirvəsinə ucalırlar. Belə insanlar həyat durduqca yaşayacaqlar.

Böyük Vətən müharibəsinin iştirakçıları arasında sağ qalanlar — o illərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Dövlət başçımızın həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiələri getdikcə möhkəmləndirilir, yaşayış tərzləri daha da yaxşılaşdırılır. Veteranlarla vaxtaşırı görüşlər keçirilir və onlar yetişən gənc nəslə əsl qəhrəmanlıq təcəssümü kimi təqdim olunurlar. Qələbənin 65-ci ildönümü ərəfəsində Böyük Vətən müharibəsinin iştirakçıları daha tez-tez yad edilir, onlara gül dəstələri, müxtəlif hədiyyələr təqdim olunur.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı şəhər Veteranlar Şurasının və Böyük Vətən müharibəsinin veteranlarının iştirakı ilə Qələbənin 65-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Müharibə iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir.

Tədbiri Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, veteranları təbrik etmiş, tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının və qəhrəman həmvətənlərimizin böyük xidmətləri olduğunu bildirmişdir. O demişdir ki, həmvətənlərimiz istər ön cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstərmişlər. Rektor, həmçinin Azərbaycanda yaradılmış milli diviziyaların şərəfli döyüş yolu keçməsindən, bir çox həmvətənlərimizin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsindən danışmışdır.

S.Qəndilov veteranlara dövlət qayğısından söhbət açaraq demişdir ki, bu işdə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri vardır. Həmçinin, 9 May Qələbə Gününün müstəqil Azərbaycanda dövlət bayramı kimi qeyd olunmasını məhz ulu öndərin qəbul etdiyi müdrik qərarın nəticəsi kimi dəyərləndirmişdir. O, tarixdə heç nəyin izsiz ötüşmədiyini, heç nəyin unudulmadığını, heç bir kəsin yaddan çıxmadığını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Çünki baş verən hər şey bilavasitə insan taleləri ilə bağlı olur. Beşillik müharibə milyonlarla insanın ömrünə son qoydu, Sovet İttifaqı adlanan böyük bir ölkənin iqtisadiyyatını iflic etdi, yüz minlərlə şəhər, kənd viran qaldı. Lakin bu müharibə əzmimizi, iradəmizi qıra bilmədi.

Rektor qeyd etdi ki, ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev müharibə veteranlarına — daim diqqət və qayğı göstərir. Müharibə veteranlarının sosial müdafiəsi xeyli gücləndirilmiş, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Tədbirdə Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışov, Respublika Veteranlar Şurası Plenumunun üzvü, general mayor Bahadur Hüseynov, Respublika Veteranlar Şurasının sədr müavini Surxay Tağızadə, Qarabağ, Əfqanıstan müharibəsi iştirakçısı, Bakı Veteranlar Şurasının məsul işçisi — Bəhram Şeydayev, Milli Elmlər Akademiyası veteranlar təşkilatının sədr müavini — Mütəllim Rəcəbov, Yasamal rayon veteranlar şurasının sədri — Almaz Qasımova, veteranlardan Daməd Nəbiyev və Bəkir Məmmədov iştirak edirdilər.

Veteranlar adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, möhtərəm Prezidentimizin Qələbənin 65-ci ildönümünün yüksək səviyyədə keçirilməsi və veteranların sosial müdafiəsinin daha da gücləndirilməsi ilə əlaqədar təsdiq etdiyi Dövlət Proqramı çox yüksək qiymətə layiqdir.

Torpaqlarımızın erməni işğalında qalmasından narahatlıqlarını bildirən veteranlar əminliklə demişlər ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız azad olunacaq, soydaşlarımız öz doğma ata-baba ocaqlarına qayıdacaqlar.

Azərbaycanın dünya miqyasında şöhrətlənməsindən qürur hissi keçirdiklərini deyən müharibə veteranları onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına, həmçinin Qələbənin 65-ci ildönümü ərəfəsində onlarla belə görüşləri təşkil edənlərə, minnətdarlıqlarını bildirdilər.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 25 aprel.- S. 7.