Dövlətin gənclər və
idman siyasəti Şəkidə də uğurla həyata
keçirilir
Azərbaycan dövləti inkişaf etdikcə ölkədə
cəmiyyət həyatının bütün sahələrində
kifayət qədər əks-sədaya səbəb olan nailiyyətlər
əldə edilir. Belə uğurların regionlarda
qazanılması isə dövlətin qarşıya
qoyduğu vəzifələrin bölgələrdə də
daim diqqət mərkəzində saxlanılmasının, məsuliyyətlə
icra edilməsinin nəticəsidir. Biz məmnunuq ki, Şəki
Şəhər Gənclər və İdman İdarəsində
də ölkəmizdə həyata keçirilən məlum
siyasətin məzmununu, mahiyyətini və məsuliyyətini
dərindən dərk edərək müvafiq tədbirlər
həyata keçirilir. Ötən il və bu ilin ilk
rübündə gördüyümüz işlər,
qazandığımız nailiyyətlər çoxdur və
aşağıda onların bəzilərini yada
salacağıq. Ancaq əvvəlcə daha böyük əhəmiyyət
kəsb edən xüsusi bir məqamı qeyd etmək istərdim.
Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 14 aprel tarixli iclasında dövlətin qeyd edilən sahədəki çoxsaylı uğurları sadalandı. Son nəticədə ölkənin hər bir vətəndaşının rifah halının yaxşılaşmasına xidmət edən həmin göstəricilərin hamısı bizim üçün maraqlı və sevindirici idi. Ancaq cənab Prezidentin münasibət bildirdiyi bir məqam bizə — gənclər və idman siyasətini icra edənlərə daha böyük məmnunluq gətirdi: “Onu da qeyd etməliyəm ki, təkcə bu ay ərzində, yəni bir ay ərzində Bakıda dörd beynəlxalq səviyyəli, mötəbər idman yarışı keçirilir... Yəni Bakı, doğrudan da dünyanın idman mərkəzinə çevrilmişdir”. Bu fikir bizi təkcə məmnun etmədi, həm də idman ictimaiyyətində böyük bir iftixar hissi yaratdı.
Biz məmnunuq ki, ölkəmizdə iti sürətlə inkişaf edən bədən tərbiyəsi və idman tədbirlərinə, xüsusən, cənab Prezidentin daha böyük önəm verdiyi olimpiya hərəkatına Şəki idmançıları və gənclərimiz də böyük töhfələr verirlər. Təkcə 2009-cu ildə Şəki şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirlərin və gənclərimizin qoşulduğu yarışların sayı 110-dan çox olmuşdur. Bu ilin birinci rübündə isə gənclərimiz 43 belə tədbirdə iştirak etmişlər. Ona görə də ümumi sayı 150-dən çox olan tədbirlərimizin hamısı barədə söz açmaq qətiyyən mümkün deyil. Məhz bunu nəzərə alaraq bəzi xüsusi məqamları yada salmaq istəyirik.
2009-cu il yanvarın 9-da tədbirlər planına əsasən ali, orta ixtisas və peşə məktəblərinin qız və oğlan komandaları arasında 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş atıcılıq idman növü üzrə şəhər birinciliyi keçirilmişdir. Qalib komandalara idarənin diplomları və xatirə hədiyyələri, komandaların üzvlərinə isə idarənin diplomları təqdim olunmuşdur. Cəmi dörd gün sonra Gəncə şəhərində oğlan və qız komandaları arasında basketbol idman növü üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilmişdir. Həmin yarışda komandamız III yerə layiq görülmüşdür.
Elə həmin günlərdə Telekommunikasiya Qovşağının akt zalında “Azərbaycan Respublikasının Konstitusiyası”na ediləcək əlavə və dəyişikliklərlə bağlı, ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilmişdir.
Gənclər və İdman İdarəsi “Ruzi” şadlıq sarayında 2 fevral — Azərbaycan Gəncləri günü münasibəti ilə şəhər gənclərinin və ictimaiyyətinin ümumşəhər şənliyini təşkil etmişdir. Tədbir yerli televiziyada işıqlandırılmışdır. Tədbirdə Şəki şəhər İcra Hakimiyyəti Aparatının, şəhər Bələdiyyəsinin, YAP-ın Şəki təşkilatının, inzibati orqanların, digər müəssisə və təşkilatların bir qrup məsul işçiləri, tələbələr, fəal gənclər, idmançılar, QHT-lərdən nümayəndələr və s. dəvət olunmuş qonaqlar iştirak etmişlər. Tədbirin sonunda respublika səviyyəli tədbirlərdə fərqlənmiş bir qrup gənc Şəki Şəhər Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunmuşdur.
25 fevral 2009-cu il tarixdə Nakam adına Mərkəzi kitabxananın akt zalında Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Gənclər və İdman idarəsi Mədəniyyət və Turizm şöbəsinin nümayəndələri ilə yanaşı hadisənin canlı şahidləri də iştirak etmişdir. Tədbir yerli və respublika televiziyalarında işıqlandırılmışdır.
Martın 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramının (2006-2010-cu illər)” icrasına nail olmaq və yerlərdə bu sahədəki işi canlandırmaq məqsədi ilə yığıncaq keçirilmişdir. Tədbirdə Şəki Şəhər Gənclər və İdman İdarəsinin, Təhsil və Mədəniyyət şöbələrinin nümayəndələri ilə yanaşı Uşaq birliyi rəhbərləri, həmçinin klub, mədəniyyət evlərinin rəhbərləri iştirak etmişlər.
Həmin ay Şəkinin şəhər və kəndlərində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinə baxış və istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılması məqsədi ilə, Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi ilə birlikdə “Novruz təranələri” devizi altında ənənəvi baxış-müsabiqə keçirilmişdir.
Bədən tərbiyəsi və idman günü münasibəti ilə şəhərin idman ictimaiyyəti ilə görüş keçirilmişdir. Görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, Gənclər və İdman İdarəsinin kollektivi və bir sıra veteran idmançı iştirak etmişdir. Tədbirdə bir qrup veteran idmançılara və respublikada yüksək nəticələr əldə etmiş idmançılara Gənclər və İdman İdarəsinin qiymətli xatirə hədiyyələri və diplomları verilmişdir.
Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Qarışıq tipli İnternat Məktəbdə dövlət himayəsində yaşayan uşaqlarla görüş və rəsm sərgisi təşkil edilmişdir.
Həmin ay Bakı şəhərində Gənclər və İdman Nazirliyi, Karate — Do Federasiyaları Assosiasiyası və Qocyu-Ryu Okinava Karate — Do və Kabudo növləri Federasiyası tərəfindən Açıq Respublika Kuboku keçirilmişdir. Şəki komandası II yerə layiq görülmüş və Gənclər və İdman Nazirliyinin diplomları, medalları və qiymətli mükafatları ilə təltif olunmuşdur.
Belə tədbir noyabrda da keçirilmişdir Həmin ayın 24-də Bakıda Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kabudo növləri federasiyasının yeniyetmələr, gənclər və kişilər arasında XII açıq respublika çempionatı keçirilsmişdir. Şəki komandası III yeri tutaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif olunmuşdur.
Ayın 25-də isə Şəki Şəhər Gənclər və İdman İdarəsi Azərbaycan Rəssamlar İttifaqının Şəki təşkilatı ilə birgə 2009-cu ilin “Uşaq ili” elan olunması ilə bağlı 5 yaşlı Məmmədova Leyla Məmməd qızının “Balaca Leylanın dünyası” adlı fərdi rəsm sərgisini təşkil etmişdir. Tədbirdə balaca rəssama diplom və xatirə hədiyyəsi təqdim olunmuş, tədbir yerli və respublikanın televiziya kanallarında işıqlandırılmışdır.
Dekabrın 30-da Şəki Şəhər Gənclər və İdman İdarəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhər gənclərinin şənliyini keçirmişdir. Tədbirdə il ərzində müxtəlif respublika səviyyəli yarış və tədbirlərdə fərqlənmiş bir qrup fəal gəncə Şəki Şəhər Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri verilmişdir.
2010-cu ildə keçirilən çoxsaylı tədbirlərimizdən biri də martın 5-də təşkil etdiyimiz və bilavasitə özümüzə aid olan görüş idi. Belə ki, “Edem” şadlıq sarayında bədən tərbiyəsi və idman müəllimləri ilə görüş təşkil olunmuşdur. Görüşdə Şəki Şəhər Gənclər və İdman İdarəsinin kollektivi, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Z.Cavadova, bədən tərbiyəsi və idman müəllimləri, məşqçilər, KİV-lərin nümayəndələri və s. iştirak edirdilər. İdmanın inkişafında fərqlənən məşqçi-müəllimlərə İcra Hakimiyyətinin fəxri fərmanını və qiymətli hədiyyəsi təqdim edilmişdir. Daha sonra fərqlənən 20 nəfər bədən tərbiyəsi və idman müəllimi Şəki Şəhər Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olundu.
Martın 13-də isə Gənclər və İdman İdarəsi ACCESS Bankla birlikdə ümumtəhsil məktəblərinin şagirdləri arasında “İlin ən yaxşı şagirdi” nominasiyası üzrə xüsusi televiziya proqramı hazırlamışdır. Novruz bayramı münasibəti ilə Heydər Əliyev prospektində qızlar və oğlanlar arasında kross üzrə şəhər turniri yarışı keçirmişdir. Yarışın qalibləri Şəki Şəhər Gənclər və İdman İdarəsinin diplomları və xatirə hədiyyələri ilə təltif olunmuşlar. Şəki Şəhər İcra Hakimiyyəti və Musiqi Texnikumu ilə birlikdə sərhəd qoşunlarının Şəkidə yerləşən hərbi hissəsində Novruz bayramı münasibəti ilə şənlik təşkil edilmişdir.
Daxili Qoşunların Şəkidə yerləşən N saylı hərbi hissəsində Novruz bayramı münasibəti ilə görüş keçirilmiş, şəhər gənclərinin diskotekası təşkil edilmişdir. Sonra İdman Sağlamlıq Mərkəzində Novruz bayramına həsr olunmuş yunan-Roma güləşi üzrə şəhər turniri keçirilmişdir. Müxtəlif çəki dərəcələrində qalib olmuş idmançılara Şəki Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunmuşdur.
Şəki Pedaqoji Texnikumu ilə birgə “31 Mart Azərbaycanlıların soyqırımı günü” münasibəti ilə tədbir keçirilmişdir.
Ümumiyyətlə, Şəki Şəhər Gənclər və İdman İdarəsi həm ölkənin, həm də şəhərimizin ictimai həyatında daim fəal rol oynayır. Təkcə idman yarışları, gənclərlə bağlı tədbirlər deyil, eləcə də şəhərimiz və Şəkinin kəndləri ilə bağlı istənilən tədbirdə özünəməxsus şəkildə iştirak edir. Azərbaycan inkişaf etdikcə Şəki də öz yeni tərəqqisinə qovuşur. Həmin tərəqqiyə az da olsa töhfə vermək, şəkili gənclərin və idmançıların adının müxtəlif mötəbər tribunalardan eşidilməsini, fərqlənənlər siyahısına düşməsini təmin etmək üçün daim çalışır, əlimizdən gələni əsirgəmirik. Bu işdə biz həm Şəki Şəhər İcra Hakimiyyətinin, həm də Gənclər və İdman Nazirliyi rəhbərliyinin daimi qayğı və köməyini görürük.
Yuxarıda sadaladığım tədbirlərdən də göründüyü kimi Şəkidə elə bir təşkilat yoxdur ki, biz onunla birgə layihə reallaşdırmayaq və ya müştərək tədbir keçirməyək. Bu isə ümumi işimizə xeyir və səmərə gətirir. Şəki Şəhər Gənclər və İdman İdarəsi bundan sonra da dövlətin gənclər siyasətini uğurla davam etdirəcək, istənilən addımda dövlətin və dövlət başçımızın siyasətini dəstəkləyəcəkdir.
Vüqar İSGƏNDƏROV,
Şəki Şəhər Gənclər
və İdman İdarəsinin rəisi
Xalq qəzeti.- 2010.- 25 aprel.- S. 5.