Zərdab: ilk rübün nəticələri sevindiricidir

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrlə bağlı Zərdab Rayon İcra Hakimiyyətində keçirilən geniş şura yığıncağında ilin əvvəlindən əldə olunmuş uğurlar, qarşıda duran vəzifələr geniş müzakirə olundu, yeni istiqamətlər müəyyənləşdirildi.

 

Hesabat məruzəsi ilə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirdi ki, 2010-cu ilin birinci rübündə iqtisadiyyatın bütün sahələrində müsbət irəliləyişlər baş vermişdir. Makroiqtisadi göstəricilər rayonun həm iqtisadi, həm də sosial sahələrinin daha dinamik və sürətlə inkişaf etdiyini göstərmişdir. İstehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişləndirilmiş, əhalinin pul gəlirləri xeyli yüksəlmişdir. İlin birinci rübündə rayonda iqtisadiyyatın əsas sahələrində 7779 min manatlıq məhsul istehsal edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə fiziki həcm indeksi 100,4 faiz təşkil etmişdir.

Hesabat dövründə istehsal olunmuş məhsul və xidmətlərin 3795,5 min manatı və ya 48,8 faizi kənd təsərrüfatının, 2645,4 min manatı və ya 34 faizi ticarət və xidmət sahələrinin, 822,1 min manatı və ya 10,6 faizi tikintinin, 223,3 min manatı və ya 2,9 faizi sənayenin, 226, 6 min manatı və ya 3 faizi nəqliyyatın, 66,1 min manatı və ya 0,8 faizi poçt və rabitə xidmətlərinin payına düşmüşdür. İqtisadiyyatın bütün sahələrində məhsul buraxılışı faktiki qiymətlərlə ötən ilin müvafiq dövrünə nisbətən artmış, ümumi artım 209,1 min manat və ya 2,8 faiz təşkil etmişdir. Həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ilin birinci rübü ərzində rayonda 51 daimi iş yeri yaradılmışdır.

Yerli büdcə əhəmiyyətli dərəcədə artmış, gəlirlər 2287,3 min manat, xərclər 11617,6 min manat həcmində müəyyənləşdirilmişdir.

Rayon ərazisində fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən 8702 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çox istehlak malları satılmışdır. Adambaşına düşən bir günlük əmtəə dövriyyəsi 1,8 manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1902 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 100,4 faiz çox olmuşdur.

Məruzəçi daha sonra bildirdi ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan kənd təsərrüfatında cari ilin birinci rübündə müsbət irəliləyişlər baş vermişdir. Bütövlükdə, kənd təsərrüfatı məhsullarının istehsalı üçün müsbət şərait yaradılmışdır. 1022 hektar sahədə çiyid səpini aparılması proqnozlaşdırılmışdır. Pambıq əkini üçün 100 hektar sahədə şum aparılaraq arat olunmuşdur.

17134 ha sahədə taxıl əkilmişdir ki, bu da nəzərdə tutulan tapşırıqdan 2214 hektar çoxdur. Taxıl sahəsinin 12821 hektarını buğda, 4313 hektarını arpa təşkil edir. 10034 hektar təkrar suvarılmışdır. Siçanabənzər gəmiricilərə qarşı 5586 hektarda kimyəvi mübarizə tədbirləri aparılmışdır. Taxıl sahələrinə azot gübrəsi verilir, alaq otlarına qarşı mübarizə tədbirləri aparılır. 2008-2015-ci illərdə əhalinin etibarlı ərzaq məhsulları ilə təminatına dair dövlət proqramına uyğun olaraq rayonda iri və xırda malın artırılıması diqqət mərkəzində saxlanılır.

“Aqrolizinq” ASC-nin Zərdab Aqroservis filialı 2010-cu ilin birinci rübündə torpaq mülkiyyətçilərinə 83,5 ton azot gübrəsi, 100 litr amin duzu, 16 litr puma super preparatı satmışdır. Əkin sahələrinin optimal müddətlərdə suvarılmasını təmin etmək məqsədilə Suvarma Sistemləri İdarəsi kompleks tədbirlər həyata keçirmişdir. Çoxillik əkmələr və meşə sahələrinin 1168 hektarı, həyətyanı təsərrüfatların 1932 hektarı suvarma suyu ilə təmin olunmuşdur. 80 kilometrdən çox məsafədə kənddaxili su kanalları lildən təmizlənmişdir. Dövlət Proqramında Zərdab rayonunda suvarma drenaj şəbəkələrinin bərpası üçün nəzərdə tutulmuş işlərin həyata keçirilməsi istiqamətində indiyədək, ümumilikdə, 1731 min manatlıq iş görülmüşdür.

Natiq qeyd etdi ki, rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinin də inkişafı istiqamətində də müəyyən işlər görülmüşdür. Şəhər 2 nömrəli uşaq bağçasında 23 min manatlıq təmir işləri aparılması nəzərdə tutulmuş, birinci rüb ərzində 6 min manatlıq təmir işi görülmüşdür. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 29954 manatlıq bərk və yumşaq inventar alınıb gətirilmişdir. Yerli büdcə vəsaiti hesabına Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində 5 min, Məmmədqasımlı kənd sahə xəstəxanasında 3 min manatlıq təmir aparılmışdır. Rayon mədəniyyət evində 4 min manatlıq təmir işləri görülmüş, 9850 manat dəyərində 5 ədəd kondisioner alınmışdır. Şəhər Mərkəzi Stadionu Novruz bayramı ərəfəsində əsaslı təmir edilmiş, yeni su xətti çəkilmiş, 2 mindən çox ağac və gül kolları əkilmişdir.

Xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. İlin əvvəlindən başlayaraq qəza vəziyyətinə düşmüş dayaqlar yeniləri ilə əvəz olunmuşdur. Rayon ərazisində 10/0,4 kv-luq hava elektrik veriliş xətlərinin normal istismarına xələl gətirən ağacların budanması tədbirləri həyata keçirilmişdir. Hesabat müddətində 102 ədəd yeni sayğac quraşdırılmış, 22 ədəd sıradan çıxmış sayğac yenisi ilə əvəz edilmişdir. 8,4 milyon kvt/saat elektrik enerjisi istehlak olunmuş, dəyəri 503,5 min manat təşkil etməklə, ödəmə 89,9 faiz olmuşdur. Əhali üzrə isə ödəmə 89 faiz təşkil etmişdir. Ötən mart ayında əhali tərəfindən istehlak olunan elektrik enerjisinin dəyəri 100 faiz ödənilmişdir.

Əhalinin fasiləsiz və keyfiyyətli mavi yanacaqla təmin edilməsi üçün də bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda 15-ci məhəllə və Təzəkənd yaşayış məntəqələrində qaz çəkilişi işləri aparılır. Bu günə qədər 10000 metr qaz xətti çəkilmiş və bu iş davam etdirilir. Rayonun Qaravəlli, Gəlmə, Salahlı kəndlərinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanmış, ikinci rübdə qaz çəkilişinin başlanması nəzərdə tutulmuşdur. 2010-cu ilin birinci rübü ərzində dəyəri 271,1 min manat olmaqla 2711,5 min kubmetr təbii qaz istehlak olunmuş, ödəmə 111 faiz təşkil etmişdir. Əhali üzrə ödəmə faizi isə 115 faiz olmuşdur. Mart ayında isə qazın dəyəri rayon, o cümlədən əhali sektoru üzrə 130 faiz ödənilmişdir.

Rayon əhalisinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. 2009-2013-cü illər üzrə Dövlət Proqramına uyğun olaraq şəhərin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması məqsədilə “Azərsu” ASC tərəfindən layihə-smeta sənədləri tərtib olunmuşdur. Lakin bu məqsəd üçün vəsait ayrılmadığından yenidənqurma işlərinə başlanılmamışdır.

Hesabatda göstərildi ki, şəhər və kənd yollarının təmiri və yenidən qurulması istiqamətində də xeyli iş görülmüşdür. Azərbaycan Respublikası Kənd İnvestisiya Layihəsi çərçivəsində Xanməmmədli və Hüseynxanlı kəndləri üzrə 10,4 km uzunluğunda çınqıl örtüyü döşənmişdir. Əlibəyli bələdiyyəsinin vəsaiti hesabına kənddaxili yollara çınqıl tökülmüşdür. Çallı, Qaravəlli, Məlikumudlu, Körpükənd, Şəftəhal, Qoruqbağı kəndlərində 4 km məsafədə kənd yollarında təmir işləri aparılmışdır. Zərdab şəhərinin yollarının asfaltlaşdırılması istiqamətində hazırlıq işlərinə başlanılmış və 71 min manatlıq təmir-bərpa işləri aparılmışdır. Zərdab —Mollakənd və Zərdab – Bəyimli yollarının təmirinə başlanılmışdır.

Cari ilin birinci rübü rayonun rabitə müəssisələri üçün də uğurlu olmuşdur. Rayonun İsaqbağı və Böyük Dəkkə kəndlərinin hər birində xətt şəbəkəsi rekonstruksiya olunmuşdur. Mövcud avtomat telefon stansiyalarının elektron avtomat telefon stansiyaları ilə əvəz olunması istiqamətində tədbirlər davam etdirilir. Mərkəzi Avtomat Telefon Stansiyasının rekonstruksiyası başa çatdırılmış və xətt şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər görülmüşdür. Hesabat dövründə mərkəzi Elektron Avtomat Telefon Stansiyasının istifadə tutumu 2311 nömrəyə çatdırılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir. “Azərpoçt” Dövlət Müəssisəsinin Zərdab filialı birinci rübdə 14,6 min manat tarif gəlirləri proqnozuna qarşı 15,5 min manat gəlir əldə edərək, plana 106 faiz əməl etmişdir.

Birinci rübdə kənd ərazi vahidlərində magistral yol boyunca 3280 ədəd, kəndarası yolların kənarında 1586 ədəd, kənd daxilində 3990 ədəd, torpaq mülkiyyətçilərinin pay torpaqlarında 6065 ədəd olmaqla, cəmi 14921 ədəd ağac əkilmişdir. Regional Meşəsalma Müəssisəsində fəaliyyət göstərən Çallı meşəbəyiliyi üzrə 18 ha, Alıcanlı meşəbəyiliyi üzrə 14 ha, Bıçaqçı meşəbəyiliyi üzrə 13 ha ərazidə cəmi 45 ha yaz əkini aparılmış, 148500 ədəd nar, qovaq, akasiya, qara ağac, iydə ağacları əkilmişdir. Rayonun ağaca olan ehtiyacını təmin etmək məqsədilə 1,5 ha sahədə tinglik salınmışdır. Əkilmiş ağacların mühafizə olunması üçün nəzarət və tələbkarlıq artırılmışdır.

Məruzəçi sonda göstərdi ki, istehsalın genişləndirilməsi, yol təsərrüfatı və nəqliyyat, elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə xidmətlərinin, su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı, yenidən qurulması ilə bağlı əsaslı tədbirlər nəzərdə tutulmuşdur. Dövlət proqramında rayon üzrə 7 əsas bənddə nəzərdə tutulmuş 13 mühüm tədbirdən 7-sinin icrasına başlanılmışdır. Bu sənədin icrası ilə ciddi məşğul olmaq və Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmək, rayonun tərəqqisi üçün bütün imkanlardan səmərəli istifadə etmək üçün bütün zəruri tədbirlər vaxtında həyata keçiriləcək.

Toplantıda maliyyə şöbəsinin müdiri Cərulla Cərullayev, Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadıqov və digər qurumların rəhbərləri başçılıq etdikləri sahələrin durumu barədə hesabat verdilər. Yığıncaqda qeyd olundu ki, zərdablılar ilin qalan dövrü ərzində də imkan və səylərini rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına səfərbər edəcək, ölkə Prezidentinin zərdablılara göstərdiyi diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklər.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 25 aprel.- S. 4.