Uydurma erməni soyqırımının anatomiyası

 

“Erməni məsələsi”ndən “erməni soyqırımı”na qət edilən yol

 

(əvvəli ötən sayımızda)

 

Beləliklə, ermənilərin və ermənipərəst mənbələrin yoxlanılmamış məlumatları əsasında İngiltərə hökumətinin adından ilk “Mavi kitab” – “Ermənilərə qarşı vəhşiliklər, xalqın məhv edilməsi” adı ilə nəşr edilir. Maraqlıdır ki, A.Toynbinin sağlığında bir daha təkrar çap olunmayan həmin “Mavi kitab”ı ABŞ-dakı erməni nəşriyyatı müəllifin ölümündən sonra bir sıra saxta sənədlərlə “zənginləşdirərək” çap etməklə ona yeni süni nəfəs vermişlər.

“Erməni soyqırımı”nın digər xaç atası İohann Lepsius (1858-1926) sayılır. Alman protestantı, şərqşünas İ.Lepsius missioner kimi Şərqi Anadolunu gəzib dolaşmış, 1896-cı ildə “Ermənistan və Avropa” kitabını dərc etdirmişdir. O, 1914-cü ildə Berlində “Alman-Erməni Cəmiyyəti”ni yaratmışdır. Cəmiyyətin məqsədi Şərqi Anadoluda Almaniyanın təsirini artırmaqdan ibarət olmuşdur. İ.Lepsius 1916-cı ildə “Türkiyədəki erməni xalqı haqqında hesabat” kitabını əlyazma şəklində çap etdirir və missionerlərə göndərir. Onun 1919-cu ildə “Almaniya və Ermənistan” kitabı dərc edilir. İ.Lepsius 1921-ci ildə Berlində Tələt paşanın qətli ilə bağlı keçirilən məhkəmə prosesində şahid qismində çıxış etmişdir. İ.Lepsiusun 46 cildlik şəxsi arxivi 1998-ci ildə İrəvana gətirilib və hazırda “Soyqırım Muzey-İnstitut”da nümayiş etdirilir. Həmin muzeydə İ.Lepsiusun xatirəsinə xüsusi guşə düzəldilmişdir.

Uydurma “erməni soyqırımının müəlliflərindən biri də ingilis Ceyms Braysdır (1838-1922). İxtisasca hüquqşünas olan C.Brays Lordlar Palatasının üzvü və İngilis-Erməni Cəmiyyətinin sədri olmuşdur. O, 1876-cı ildə Qafqaza səyahət etmişdir. 1877-ci ildə Londonda ”Transqafqaz və Ararat” kitabını dərc etdirmişdir. 1916-cı ildə isə yenə orada 626 səhifəlik “Osmanlı İmperiyasında ermənilərə münasibət” kitabını “sənədlər toplusu” kimi dərc etdirmişdir. Kitaba xristian missionerlərinin, xristian dövlətlərinin diplomatik nümayəndələrinin uydurduqları “kütləvi erməni qırğınları” barədə saxta sənədlər daxil edilmişdir.

Armin Teofil Veqner (1886-1978) də uydurma “erməni soyqırımının” həyata vəsiqə almasında xüsusi rol oynamışdır. Alman publisisti, şair və fotoqrafı kimi tanınan A. Veqner 1915-1916-cı illərdə Mesapotamiyada sanitar zabiti kimi xidmət etmişdir. O, Türkiyədə erməni qırğınlarının şahidi olduğunu iddia etmişdir Ermənilərin türklərə qarşı törətdikləri qırğınlara aid fotoları da “erməni soyqırımı” kimi qələmə vermişdir. O, çəkdiyi şəkillərin diapozitivlərini nümayiş etdirərək Almaniyanın böyük şəhərlərində “mühazirələr” oxumuşdur. Onun “Qayıtmayan yollar”, “Armeniada”, “Erməni anaları” oçerkləri çap olunmuşdur. A.Veqner Tələt paşanın qatili Soğomon Teyleryanın məhkəməsində müdafiəçi kimi çıxış etmiş və məhkəmənin kitab halında dərc edilən stenoqramına ön söz yazmışdır. O, 1927 və 1967-ci illərdə Ermənistanda olmuşdur. Onun adına İrəvanda küçə vardır. “Soyqırım Muzey-İnstitut”da A.Veqnerin qəbrindən götürülmüş torpaq nümayiş etdirilir.

“Erməni soyqırımı”na yaşıl işıq yandıran müəlliflərdən biri də avstriyalı Frans Verfeldir (1890-1945). O,erməni katoliklərinin təsiri altında olmuşdur. Onun imzası ilə saxta sənədlər əsasında 1934-cü ildə işıq üzü görən “Musa dağda 40 gün” romanı bir çox dillərə tərcümə edilmişdir. Qəribəsi odur ki, həmin kitabı 1999-cu ildə Hakan Sarakul adlı erməni 4 min nüsxə ilə İstanbulda türk dilində dərc etdirmişdir. 2000-ci ildə isə tərcüməçinin iştirakı ilə İrəvanda həmin kitabın təqdimat mərasimi keçirilmişdi.

Diqqəti çəkən odur ki, vaxtilə “erməni soyqırımı ideyasına “xaç atalığı” edən xristian müəlliflərinin törəmələri bu gün də erməni lobbisinin diqqət mərkəzindədirlər. Məsələn, H.Morqentaunun nəvəsi üçüncü Henri Morqentau Kembric Universitetində çıxış edərək Türkiyəni Almaniyadan nümunə götürməyə (Almaniyanın yəhudi xolokostunu tanımasına işarədir) çağırmışdır. İ.Lepsiusun və A.Veqnerin törəmələri də 24 aprel ərəfəsində İrəvanda “Soyqırım Muzey-İnstitut”a baş çəkirlər.

“Erməni soyqırımı”na həyat vəsiqəsi verən xristian müəlliflərin yalnız bir qismi haqqında söhbət açdıq. Bu gün həmin müəlliflərin saxta əsərləri erməni tədqiqatçılarının istinad mənbəyidir və erməni lobbisinin köməyi ilə tərcümə edilib dünyaya yayılır. Bütün bunlarla yanaşı, “erməni soyqırımı”na “xaç atalığı” edən xristian müəlliflərinin də əsl niyyətləri, onların ermənilərdən alət kimi istifadə etmələri barədə tutarlı əsərlər yazılır. İndi ABŞ-da yaşayan bəzi erməni alimləri də etiraf edirlər ki, 1915-ci ildə Türkiyədə ermənilərə qarşı soyqırım törədilməyib və ermənilər Türkiyəni parçalamaq istəyən böyük dövlətlərin siyasətlərinin məkrli siyasətlərinin qurbanı olublar.

 

Niyə 1923?

 

Uydurma “erməni soyqırımı”nın konkret olaraq hansı tarixdə baş verdiyini irəli sürmək barədə erməni elmi fikrində yekdil rəy yoxdur. Hələ XX əsrin 60-cı illərinin ortalarında ermənilərin “1915-ci il soyqırımı” kimi dövriyyəyə buraxdıqları tezis sonradan dəfələrlə yeni biçimdə ortaya atılıb. Bu mövzuya aid istər erməni müəlliflərinin, istərsə də ermənilərin sifarişi ilə yazılan kitablarda “erməni soyqırımı”nın müxtəlif modifikasiyalarına rast gəlmək olar. Uydurma “erməni soyqırımı”nı təbliğ edən kitablar (bu mövzuda 1000-dən artıq kitab dərc edilmişdir) arasında Birinci Dünya müharibəsi dövründən bəhs edən kitablar üstünlük təşkil edir. Son vaxtlaradək bu mövzunu təbliğ edən müəlliflərin əksəriyyəti 1915-ci ildə ermənilərin soyqırıma məruz qaldıqlarını iddia edirlər. Bəzi ədəbiyyatlarda isə 1915-1918-ci illərdə ermənilərin “Qərbi Ermənistanda” – yəni Türkiyənin Şərqi Anadolu regionunda ermənilərin yığcam yaşadıqları 6 vilayətdə (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir və Sivas) ermənilərin guya soyqırıma məruz qoyulduqları iddia edilir.

1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra “soyqırım ideoloqları” fikirləşdilər ki, müasir Türkiyə dövlətindən təzminat qoparmaq və ərazi iddiası irəli sürmək üçün “soyqırım” illərini uzatmaq lazımdır. Məhz bundan sonra “1915-1923-cü illərdə ermənilərə qarşı soyqırım” ideyası dövriyyəyə buraxılmışdır.

Qarabağ avantürasının ideoloqlarından biri, on minlərlə günahsız insanın qırılmasının baiskarlarından olan Zori Balayan 2004-cü il aprelin 8-də “Qolos Armeniya” qəzetində dərc etdirdiyi “Növbə” məqaləsində qeyd edirdi ki, indiyədək göstərilən tarixlərin heç biri “erməni soyqırımı”nın bütün dövrlərini özündə əks etdirmir.

Qaniçən Z.Balayan yazır ki, 1915-ci ildə ermənilərin “soyqırıma” məruz qaldığını söyləmək türklərin dəyirmanına su tökmək kimi bir şeydir. O, “erməni soyqırımı”nı inkar edən tədqiqatçılardan birinin arqumentini misal gətirir: “Ermənilər 1915-ci il “soyqırmı”nın tanınması məsələsini qaldırırlar. Kimə məlum deyil ki, 1915-ci il Birinci Dünya müharibəsinin şiddətli dövrüdür və Türkiyə Rusiyaya qarşı müharibə aparır. Kimə məlum deyil ki, Türkiyədə yaşayan ermənilər həmişə Rusiyanın tərəfini saxlayırmışlar. Əgər Türkiyə müharibə dövrünün qanunlarına əsasən “erməni elementlərini” müharibə meydanından köçürmək məcburiyyətində qalıbsa, hansı soyqırımdan söhbət gedə bilər? Bəli, orada qəddarlıq olmuşdur. Lakin hər bir müharibədə olduğu kimi”.

Qaniçən Z.Balayan 24 aprel “soyqırım günü”ndə heç bir qırğın törədilmədiyini etiraf edir. O, bunu 30 illik dəhşətli günlərdən biri hesab edir. Z.Balayan hesab edir ki, ermənilərin “soyqırıma” məruz qaldığı dövr kimi 1893-1923-cü illər götürülməlidir.

Fikrini əsaslandırmaq üçün Z.Balayan yəhudi xolokostunu nümunə çəkir. Yəhudilərin öz xolokostlarını konkret hansısa illə bağlamadıqlarını, geniş şəkildə “yəhudilərin soyqırımı (xolokost)” anlayışını hazırladıqlarını qeyd edir və yəhudi xolokostunun 1933-1945-ci illəri əhatə etdiyini vurğulayır.

Z.Balayan təəssüflə qeyd edir ki, dərc edilən məqalələrdə, rəsmi və qeyri-rəsmi sənədlərdə, ayrı-ayrı çıxışlarda ehkam kimi ermənilərin “1915-ci il soyqırımı” ifadəsi işlədilir. O, 22 noyabr 1988-ci ildə Ermənistan SSR Ali Sovetinin qəbul etdiyi qanunun “1915-ci ildə Osmanlı imperiyasında ermənilərin soyqırımı haqqında” adlandırılmasından da narazıdır. Z.Balayan Ermənistan parlamentinə tövsiyə edir ki, həmin qanunun adında dəyişiklik edilərək “1893-1923-cü illərdə Osmanlı İmperiyasında və Şərqi Ermənistanda ermənilərin soyqırımı haqqında Ermənistan Respublikasının qanun”u kimi yeni redaksiyada müzakirəyə çıxarsın.

Uydurma erməni soyqırımının tarixinin 1923-cü ilədək uzadılmasından məqsəd müasir Türkiyə Cümhuriyyətini suçlamağa hüquqi əsas əldə etməkdən, maddi təzminat qoparmağa nail olmaqdan, ona qarşı ərazi iddiası irəli sürməkdən ibarətdir.

Vaxt gələcək, Ermənistan parlamenti soyqırım iddiasını təkcə 1915-ci ilə bağlamaqdan imtina edəcək və onun müddətini 1923-cü ilədək uzatmaq haqqında qərar qəbul edəcək.

 

Ermənilər müzakirələrdən nə vaxtadək qaçacaqlar?

 

Rəsmi Türkiyənin mövqeyi belədir ki, “erməni soyqırımı” ideyası bir araşdırma mövzusu kimi siyasətçilərin deyil, tarixçilərin müzakirə predmetidir. Türkiyə dəfələrlə bəyan edib ki, Osmanlı dövrünün arxivləri xarici ölkələrin, o cümlədən də erməni tarixçilərinin üzünə açıqdır. Lakin erməni tarixçiləri istinad etdikləri “sənədlərin” saxta olmasının sübut olunacağından qorxaraq Türkiyə arxivlərinə üz tutmurlar. Tərəfsiz xarici tədqiqatçılar isə Türkiyə arxivlərində tədqiqat apardıqdan sonra “erməni soyqırımı” iddiasının uydurma olması qənaətinə gəlmişlər və bu səpkidə artıq onlarla kitab dərc edilmişdir.

Son illərdə Türkiyənin xarici ölkələrdəki səfirliklərinin təşəbbüsü ilə erməni və türk tarixçilərinin ayrı-ayrı elm mərkəzlərində görüşləri təşkil edilib. Bir neçə il öncə Çikaqoda, Miçiqanda, Minesotedə bağlı qapılar arxasında erməni-türk münasibətləri müzakirə edilmişdir. Həmin tədbirlərdə erməni diasporunu təmsil edən tarixçilər müzakirələrə qatılmaqdan adətən imtina etmişlər.

Erməni və türk tarixçilərini bir araya gətirmək üçün 2003-cü ilin dekabrında Vyana Universitetinin təşəbbüsü ilə Türk-Erməni Platforması (TEP) təşkil edilmişdi. TEP-in qurulmasının təşəbbüskarları Vyana Universitetinin tarixçiləri Artyom Ohancanyan, Dieteç Bil və Kerstin Tomenedal idilər. Onlar Türk Tarix Qurumuna və Ermənistan Elmlər Akademiyasına məktub göndərərək bu məsələ ilə bağlı tərəflərin hər birindən 100 sənədin TEP-ə göndərilməsini istəmişdilər. Əldə edilən ilkin razılaşmaya görə, TEP-ə göndərilən arxiv materiallarının və digər sənədlərin müzakirəsinə Türkiyə tərəfindən Türk Tarix Qurumunun başqanı professor Yusuf Hacıoğlu və doktor İnanc Atılcan, Ermənistan tərəfindən isə İrəvandakı “Soyqırım” Muzey-İnstitutunun direktoru professor Aşot Melkonyan qatılmalı idilər.

45 ildir ki, Vyanada yaşayan A.Ohancanyan Bakıda doğulub. İki yaşında ikən onun ailəsi Bakıdan Tehrana köçüb. A.Ohancanyan 1915-ci il “erməni qırğınları”na aid kitabların müəllifidir. TEP-in digər qurucuları Dister Bil və Kerstin Tomenendal da “erməni məsələsi” üzrə mütəxəssis idilər. Məsələnin mahiyyətinə bələd olan tarixçilər toplantıları “erməni soyqırımı” iddiası adı altında deyil, “Arxiv sənədlərinə görə 1915-ci ildə türk-erməni məsələsi” adı altında müzakirə edəcəkdilər. Razılaşmaya görə türk və erməni tarixçiləri əllərində olan sənədləri əvvəlcə TEP-ə göndərəcək, o da öz növbəsində Türkiyədən göndərilən sənədləri Ermənistan Elmlər Akademiyasına, Ermənistandan göndərilən sənədləri isə Türk Tarix Qurumuna göndərəcəkdi. Tərəflər onlara çatan sənədləri araşdırdıqdan sonra yenidən TEP-ə göndərməli və 2004-cü ilin sonunda Ermənistan və Türkiyə tarixçilərinin iştirakı ilə Vyanada tam heyətdə müzakirələrə başlayacaqdılar. İlkin olaraq Türkiyənin Vyanaya göndərilən sənədlərə Almaniya və Avstriya-Macarıstan imperatorluğunun dövlət arxivlərində saxlanılan və “erməni soyqırımı” iddiasını inkar edən materiallar daxil edilmişdi. Bu sənədlər həmin dövrdə Türkiyədə çalışan səfirlərin, konsulların, hərbi attaşelərin, bankirlərin və başqalarının imzaları ilə arxivlərə daxil olmuş materialları əhatə edirdi.

2004-cü il iyulun 16-da erməni və türk tarixçiləri Vyanada görüşərək arxiv sənədlərini mübadilə etmişdilər. Vyanada keçirilən görüşdə Türkiyəni Türk Tarix Qurumunun rəhbəri Y.Halacoğlunun rəhbərliyi altında tarixçilər təmsil etmişlər. Həmin görüşdə Ermənistanı “Soyqırım” Muzey-İnstitutunun direktoru və Elmlər Akademiyasından bir professor təmsil etmişdilər.

“Soyqırım” Muzey-İnstitutunun direktoru L.Barseğyan və Tarix İnstitutunun direktoru Aşot Melkonyan isə Ermənistan mətbuatının verdikləri açıqlamalarda bildirmişdilər ki, Vyana görüşü barədə əvvəlcədən əldə edilmiş razılığı Türkiyə tərəfinin təmsilçiləri pozduqları üçün onlar bu görüşə qatılmamışlar. Professor A.Melkonyan bildirmişdi ki, onlar danışıqların baş tutması üçün “erməni soyqırımı” faktını deyil, “soyqırımın nəticələrinin aradan qaldırılmasına aid məsələnin müzakirə edilməsini şərt kimi irəli sürmüşlər. Bu isə o demək idi ki, uydurma “soyqırımı” Türkiyə fakt kimi qəbul etməklə yanaşı, onun törədilməsinə görə də təzminat ödənilməsini öz üzərinə götürməli idi. Erməni tarixçiləri masanın üzərinə qoyulan sənədləri araşdırmaqdan boyun qaçırmışdılar. Çünki bilirdilər ki, tarixdə olmayan faktı sübut etmək olmayacaq. Ona görə də, türk tarixçilərini “soyqırım”ın deyil, guya olmuş hadisə kimi, onun nəticəsini müzakirə etməyə çağırırdılar. Vyana görüşlərinə erməni tarixçilərinin getməmələri bir daha sübut etdi ki, onlar ifşa olunacaqlarından qorxurlar.

Keçən il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzalayıblar. İkinci protokola əsasən erməni, türk, İsveçrə və digər beynəlxalq ekspertlərin iştirakı ilə tarixi müstəvi ilə məşğul olan alt komissiya yaradılmalıdır. Komissiya iki xalq arasında qarşılıqlı etimadın bərpa edilməsinə yönəlmiş, o cümlədən tarixi sənədlərin və arxivlərin qərəzsiz elmi tədqiqi yolu ilə problemlərin dəqiqləşdirilməsi üçün dialoq qurulması və tövsiyələr hazırlanması ilə məşğul olmalıdır. Ermənilərin bu protokola imza atmasını bəzi ekspertlər rəsmi Ermənistanın soyqırım iddiasını şübhə altına alması kimi izah edirlər. Qərb dövlətlərinin bir sıra qəzetləri tarixi araşdırmaq üçün komissiyanın yaradılmasını “soyqırım” iddiasını şübhə altına salan məqalələrlə çıxış etdilər. ABŞ-dakı “Hay Dad” təşkilatının rəhbəri Kiro Manoyan “erməni soyqırımının” ildönümünün 95 illiyinin qeyd olunduğu ərəfədə tarixi sənədlərin araşdırılması üçün komissiya yaradılmasına razılıq verilməsinin “soyqırım” iddiasının tanınmasına qarşı çıxan qüvvələrin əlinə fürsət verdiyini və onların bu fürsətdən istifadə edə bilməmələri üçün erməni diplomatiyasının gücünün səfərbər edilməsinin vacibliyini bildirib.

Sürix protokolları Ermənistan və Türkiyə parlamentlərində ratifikasiya olunsa belə, (hərçənd ki, rəsmi Türkiyə dəfələrlə bəyan edib ki, iki ölkə arasında münasibətlərin normallaşması Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsindən sonra mümkün ola bilər) ermənilər tarix komissiyasının fəaliyyətinə hər vasitə ilə mane olacaqlar. Çünki ifşa olunacaqlarından qorxurlar. Ermənilərin ifşa olunmaları onunla nəticələnəcək ki, rəsmi İrəvanın xarici siyasətinin əsas istiqamətinə çevrilmiş uydurma “erməni soyqırımı”nın tanınması prosesinə son qoyulacaq. Ermənistan Türkiyəyə qarşı ərazi və təzminat iddiasından əl çəkmək məcburiyyətində qalacaq. Nəticədə ermənilərin saxta və həyasız millət olduqları bütün dünyaya bəlli olacaq.

 

 

Nazim MUSTAFA,

AMEA-nın Tarix İnstitutunun elmi işçisi

 

Xalq qəzeti.- 2010.- 25 aprel.- S. 3.