Yasamal rayonunda bu ilin birinci rübünün sosial-iqtisadi inkişafı uğurlu olmuşdur

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək əzmlə davam etdirilməsi Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmışdır. Hazırda iqtisadiyyatın sürət tempinə görə Azərbaycan təkcə regionda deyil, dünyada lider dövlətdir. Müstəqil dövlətimizin iqtisadiyyatı dünya iqtisadiyyatına uğurla inteqrasiya edir. Qlobal maliyyə və iqtisadi böhranın törətdiyi acı fəsadlar beynəlxalq aləmdə hələ də aradan qaldırılmasa da, Azərbaycan öz iqtisadi inkişaf tempini qoruyub saxlamış, üstəlik yaxın vaxtlarda əhalinin pensiyaları və minimum əmək haqqının artırılması gözlənilir.

 

Dövlətimizin başçısı aprelin 14-də keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da pensiyaların və əmək haqlarının artırılacağını qəti olaraq bildirdi. Həmin yığıncaqda bir daha qeyd olundu ki, cari ilin birinci rübündə iqtisadiyyat 5,4 faiz, sənaye istehsalı 5,6 faiz, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. Göründüyü kimi, qlobal maliyyə və iqtisadi böhran Azərbaycana bir o qədər də təsir edə bilməmiş, inkişaf tempi aşağı düşməmişdir. Möhtərəm Prezidentimiz bununla əlaqədar olaraq demişdir: “Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşdırılmasını gündəlik həyatlarında hiss etsinlər”. Xalq artıq bu yaxşılaşmanı hiss edib və yaxın vaxtlarda pensiyaların, habelə əmək haqlarının artırılması ilə bir daha hiss edəcək.

Cari ilin birinci rübündə əldə olunmuş uğurlara Yasamal rayonu da öz töhfəsini verib. Biz bu günlərdə rayonun 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda da bunun şahidi olduq.

Birinci rübün yekunları barədə rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev ətraflı məlumat verdi. Qeyd etdi ki, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Yasamal rayonunda görüləcək işlər planlaşdırılmış və buna uyğun olaraq nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir. Hər şeydən əvvəl Bakı şəhərində 1990-cı il 20 Yanvar faciəsini əks etdirən xatirə-kompleksin və ya hər hansı bir abidənin bu vaxta qədər olmaması doğrudan da çox təəccüblü idi. Bu xatirə-kompleksinin tikintisini Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi öz üzərinə götürdü və daxili imkanlar hesabına faciənin 20-ci ildönümü günü əzəmətli xatirə-kompleksinin açılış mərasimi keçirildi. “20 Yanvar” faciəsinin 20-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə “20 Yanvar” dairəsində Həsənbəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində ümumi ərazisi 1500 kvadratmetr olan “20 Yanvar” memorial abidə-kompleksi yaradılmışdır. Kompleksin açılışında möhtərəm Prezidentimiz İlham Əliyev və xanımı YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak etmişlər. Kompleksin arxasında 2000 kvadratmetr ərazi abadlaşdırılmışdır.

İ. Mehdiyev dedi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin dekabr ayının sonlarında Heydər Əliyev məktəb-muzeyinin, yeni salınmış istirahət parkının və icra hakimiyyətinin inzibati binasının açılışını həyata keçirərkən dəyərli tövsiyələr və tapşırıqlar vermişdir. Bu tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq ulu öndər Heydər Əliyevin adını daşıyan məktəb-muzey qısa zamanda rayonun ideoloji qərargahına çevrilmiş, burada müxtəlif tədbirlərin keçirilməsi müsbət ənənə halını almışdır. Məktəb-muzey bu gün hər bir ziyalının, tələbənin, şagirdin ən çox müraciət etdiyi zəngin bilik xəzinəsinə çevrilmişdir. 2009-cu ildə 15000 nəfər, 2010-cu ilin 1-ci rübündə 3500 nəfərdən çox müxtəlif təşkilatları təmsil edən nümayəndələr, əmək və müharibə veteranları, tanınmış alimlər, görkəmli elm xadimləri də məktəb-muzeylə maraqla tanış olmuş, keçirilən tədbirlərdə iştirak etmişlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının müxtəlif sahələri və fəaliyyəti ilə əlaqədar konfranslar, dəyirmi masalar, disputlar, açıq dərslər, təqdimetmə mərasimləri keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin ilk gündən icra strukturları qarşısında müəyyənləşdirdiyi mühüm tələblərdən biri də vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddiliklə yanaşılması ilə bağlıdır. Yasamal Rayon İcra Hakimiyyəti öz fəaliyyətini bu tələblər çərçivəsində quraraq vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə vaxtında baxılmasına əməl olunması, icra aparatında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görmüşdür. 2010-cu ilin birinci rübündə rayon icra hakimiyyətinə ümumilikdə 599 müraciət, o cümlədən 364-ü yuxarı dövlət orqanlarından olmaqla ərizə, şikayət və xidməti sənəd daxil olmuşdur. İcra başçısı tərəfindən 170 nəfər qəbul edilmişdir. Rayonun müxtəlif ünvanlarında sakinlərlə birbaşa ünsiyyətə şərait yaradan 7 səyyar qəbullar keçirilmişdir. Bu görüşlərdə 780 nəfər sakin iştirak etmiş, qaldırılan 49 məsələnin hamısı öz müsbət həllini tapmışdır.

İ. Mehdiyev Nazirlər Kabinetinin I rübün yekunlarına həsr olunmuş yığıncağında möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi bir məsələni xüsusilə vurğuladı. Bu da Azərbaycanda istehsal olunan keyfiyyətsiz mallara, o malları istehsal edənlərə qarşı ciddi tədbirlərin görülməsidir. Bu məqsədlə rayon icra hakimiyyəti başçısının xüsusi sərəncamı ilə rayonda istehsal olunan qida məhsullarının keyfiyyəti və satışına nəzarət üzrə ictimai komissiya yaradılmışdır. Bundan sonra rayonda hazırlanan qida məhsullarına ciddi nəzarət həyata keçiriləcəkdir.

Rayon icra hakimiyyəti əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də rayon əhalisinin xüsusi qayğıya ehtiyacı olan hissəsinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlamışdır. Hər zaman olduğu kimi, hesabat dövründə də şəhid ailələrinə, əlillərə və digər aztəminatlılara maddi və ərzaq yardımları edilmişdir.

Yoxsulluğun azaldılmasına xidmət edən “Ünvanlı dövlət sosial yardımı” proqramı davam etdirilmişdir. Bu işdə şəffaflığı təmin etməklə cari ilin I rübündə 1052 yoxsulluq həddində yaşayan ailəyə (3827 nəfər) ünvanlı sosial yardım təyin edilmişdir. Sosial yardım alan 129 ailəyə 1 yaşınadək olan uşaqlar üçün 20 manat məbləğində əlavə müavinət ödənilmişdir.

Hesabat dövründə rayon icra hakimiyyəti bir sıra mədəni, kütləvi tədbirlər də həyata keçirmişdir. Bu barədə məlumat verən başçı dedi ki, “20 Yanvar” faciəsinin 20-ci ildönümü ilə əlaqədar, 26 fevral – Xocalı Soyqırımı Günü və 31 Mart Azərbaycanlıların Soyqırımı günləri ilə əlaqədar anım mərasimləri və xeyriyyə tədbirləri, beynəlxalq qadınlar günü münasibətilə rayonun fəal qadınlarının iştirakı ilə böyük bayram tədbiri keçirilmişdir. Novruz bayramı şənlikləri rayonda daha yüksək səviyyədə təşkil olunaraq yeni parkda geniş xalq gəzintisi şəklində qeyd olunmuşdur.Novruz bayramı günlərində aztəminatlı, köçkün ailələrdən olan əlil uşaqlar üçün Novruz şənliyi keçirilmişdir. Bu tədbirlərdə 300 nəfərdən çox uşağa bayram ziyafəti və hər bir uşağa hədiyyələr verilmişdir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. Bu sahədə görülən irimiqyaslı işlərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi hələ də yaşayış üçün yararlı olmayan binalarda çox ağır şəraitdə yaşayırlar. Başçı diqqətə çatdırmışdır ki, rayonumuzda Ermənistan Respublikasından didərgin düşmüş 319 ailə – 1238 nəfər qaçqın və işğal olunmuş rayonlardan 5621 ailə – 22353 nəfər məcburi köçkün bu günədək rayon icra hakimiyyətinin qeydiyyatından keçmişdir. 2010-cu ilin yanvarında rayon ərazisində məskunlaşmış məcburi köçkünlərin bir qismi yaşayış yeri ilə təmin olunaraq köçürülmüşdür. İ. Mehdiyev yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır ki, rayon ərazisində yaşıllaşdırma işi daim diqqət mərkəzində saxlanılmışdır. Cari ilin birinci rübündə bu sahəyə xüsusi həssaslıqla yanaşılmışdır.

Bildirildi ki, dövlət başçısı İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan etmişdir. Bu il paytaxtın ekoloji durumunun yaxşılaşdırılması məqsədilə təkcə cari ilin birinci rübü ərzində rayon ərazisində məhəllə daxili ərazilərdə, küçə və prospektlər boyunca, idarə, müəssisələrin ərazilərində 7000-dən çox müxtəlif ağaclar əkilmişdir. 10000 kvadratmetr sahədə yaşıllıqlar salınmışdır. Bu işlərin görülməsində rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyi, telefon qovşağı, rabitə şöbəsi, 1 və 2 saylı tibb məktəbləri, Rabitə Kolleci, Pedaqoji Kollec, Respublika Mərkəzi Xəstəxanası, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, rayon sosial-müdafiə mərkəzi, poliklinikalar, rayon bələdiyyəsi və digər müəssisələr yaxından iştirak etmişlər. Rayonda abadlıq işlərinin aparılması həlli vacib məsələ kimi qarşıya qoyulmuşdur. Nümunəvi həyətlərin yaradılması işi də davam etdirilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə daha 3 məhəllədə – N.Hikmət 25, 27, Şərifzadə 78, 192, Talıblı 24 a, 26, 28 və Akim Abbasov küçəsi 9a, 9b ünvanlarında nümunəvi həyətlər yaradılır. Son tamamlama işləri aparılan bu həyətlərdə 300 ədəd ağac əkilmiş, 2000 kvadratmetr yaşıllıqlar salınmış, 40 ədəd oturacaq, 19 ədəd uşaq-əyləncə elementləri və idman qurğuları, 3 ədəd günlük quraşdırılmışdır.

Faşizm üzərində qələbənin 65-ci ildönümünün yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işlərinin aparıldığını deyən İ. Mehdiyev bu məqsədlə dövlət başçısının təsdiqlədiyi Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirildiyini diqqətə çatdırdı və bildirdi ki, artıq bu sahədə konkret işlər görülür.

2010-cu ilin seçki ili olduğunu qeyd edən İ.Mehdiyev dedi ki, ötən seçkilərdə olduğu kimi, bu seçkilərin də demokratik və şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə olunacaq dedi və bu işə artıq başlanılıb.

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etdiyini xatırladan başçı dedi ki, cənab Prezident Avropa təsisatları ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq “növbəti seçkilərin də tam azad, şəffaf, demokratik şəraitdə keçirilməsinə hökumətin hər cür şərait yaradacağını” bəyan etdi. Vətəndaşların aktiv seçki hüququnun təmin olunması məqsədilə sorğularımıza əsasən mütəmadi qaydada rayon polis idarəsi qeydiyyata düşən və qeydiyyatdan çıxan, vəfat etmiş, rayon hərbi komissarlığı isə həqiqi hərbi xidmətə çağrılan və tərxis olunmuş şəxslərin siyahılarını rayon icra hakimiyyətinə təqdim etmişlər. Bunlarla yanaşı, növbəti seçkilərdə seçicilərin fəallığının təmin olunması məqsədilə seçki prosesində mühüm amillərdən birini təşkil edən – seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində rayon icra hakimiyyəti artıq bir sıra araşdırmalar apararaq müəyyən tədbirlər həyata keçirmişdir.

Digər görülən işlər barəsində məlumat verən İ.Mehdiyev qeyd etdi ki, cari ilin I rübündə Yasamal rayonu möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində böyük uğurlar qazanmış, bu işləri gələcəkdə daha yüksək səviyyədə davam etdirəcək.

Milli Məclisin deputatı Gülər Əhmədova, Yasamal bələdiyyəsinin sədri Zakir Fərəcov və digər çıxış edənlər I rübün yekunlarını məqbul hesab etmişlər.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 25 aprel.- S. 4.