Hər bir partiya sədri ilk
növbədə öz ölkəsinin mövqeyini
qorumalıdır
Müsahibimiz Azad
Respublikaçılar Partiyasının sədri Kamil Seyidovdur.
— Kamil müəllim,
siyasi partiya sədri olaraq son illər ölkəmizin
ictimai-siyasi həyatında baş verən hadisələrə
münasibətinizi bilmək istərdik.
— Bu, bir faktdır ki, artıq Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Aparılan uğurlu islahatlar, iri infrastruktur layihələrin reallaşdırılması, Azərbaycanın öz təbii sərvətlərini Avropa və dünya bazarlarına heç bir ölkənin vasitəçiliyi olmadan çıxarması ölkəmizin iqtisadi qüdrətini xeyli artırmış, əhalinin güzəranını yaxşılaşdırmış, yoxsulluğun səviyyəsini azaltmışdır. Aparılan uğurlu islahatlar beynəlxalq aləmin diqqət mərkəzində olmuşdur. Dünya Bankının Azərbaycanı dünyada ən islahatçı ölkə kimi təqdim etməsi də bundan xəbər verir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılmasından, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanılmasından sonra Azərbaycanın beynəlxalq aləmdəki əlaqələri daha da möhkəmlənmişdir. Bütün bunlar ölkənin iqtisadi cəhətdən daha da inkişafına, dünya iqtisadiyyatına uğurlu inteqrasiyasına təkan verdi və Azərbaycan iqtisadiyyatın sürət tempinə görə nəinki regionda, hətta dünyada ən sürətlə inkişaf edən ölkə oldu. Hazırda bir sıra iri infrastruktur layihələrin reallaşdırılmasında Azərbaycanın razılığı əsas götürülür. Ümumiyyətlə, Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı bir layihənin həyata keçirilməsi qeyri-mümkündür. Məhz bunun nəticəsidir ki, ötən il dünyanı bürüyən qlobal iqtisadi böhran Azərbaycana elə bir ciddi təsir göstərə bilmədi. Dünyada iri şirkətlərin əksəriyyəti öz fəaliyyətini dayandırsa da, Azərbaycanda beynəlxalq standartlara uyğun yeni müəssisələr yaradıldı, iş yerləri açıldı, pensiyalar artırıldı, qaçqın və məcburi köçkün kimi yaşayan bir milyondan artıq soydaşımızın sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Təbii ki, bütün bunlara ölkəmizin davamlı iqtisadi bazası zəmin yaratdı. Bu, həm də dövlət başçısının düşünülmüş iqtisadi strategiyasının nəticəsi idi. Onu da qeyd edim ki, hazırda Azərbaycan iqtisadi göstəricilərini daha da artırır, nəzərdə tutulan iri layihələrin reallaşdırılması uğurla həyata keçirilir.
— Bu gün hər birimizi düşündürən məsələ Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində görülən işlər, Azərbaycanın bu sahədə yeritdiyi siyasətdir. Sizin də bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.
— Azərbaycanın xarici siyasət sahəsindəki uğurları göz qabağındadır. İlk növbədə onu qeyd edim ki, artıq Ermənistan bütün dünyada işğalçı dövlət kimi tanınıb. Hətta BMT Təhlükəsizlik Şurası və AŞPA bu barədə rəsmi sənədlər qəbul ediblər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəlincə, dünyanın demək olar ki, bütün ölkələri, həmçinin beynəlxalq təşkilatlar problemin aradan qaldırılmasında Azərbaycanın dövlət başçısının mövqeyini dəstəkləyirlər.
İndi dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və qəbul edir. Münaqişənin isə nizamlanmasında ərazi bütövlüyü əsas kimi qəbul edilib. Artıq Ermənistan tərəfi də bu varianta üstünlük verdiyini rəsmi şəkildə bildirib. 2008-ci ilin sonunda Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladıqları bəyannamədə də bunun şahidi olduq. Söz yox ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün dediklərini sabah danır, ancaq onun rəsmən imzaladığı sənədlər var. Həmin sənədlər bir daha təsdiqləyir ki, Ermənistan prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət qarşısında çıxılmaz vəziyyətdə qaldı və münaqişənin ölkələrin ərazi bütövlüyü çərçivəsində nizamlanmasına razılıq verdi. Əgər Ermənistan tərəfi sülh variantından imtina edərsə, o zaman digər vasitələrə əl atmaq məcburiyyətində qalacağıq. Hər bir ölkənin öz sərhədlərini qorumaq beynəlxalq hüququn norma və prinsipləri ilə tənzimlənir. Biz də bu hüquqdan istifadə edərək işğal altında olan ərazilərimizi azad etmək hüququna malikik. Bundan ötrü bizim qüdrətli və nizami ordumuz var. Bu gün Azərbaycanda silah istehsal edən zavodların fəaliyyətə başlaması Ermənistan hökumətini bərk qorxuya salıb. Beynəlxalq aləmdə qeyri-ciddi şəxs kimi tanınan Ermənistan prezidenti Serj Sarkisyan indi də silahlı müqavimət göstərməmək haqqında saziş imzalamaq fikrinə düşüb. Doğrudan da bu adam qeyri-ciddi, sərsəm xəyallara düşən şəxsdir. Ermənistan silahlı qüvvələri demək olar ki, hər gün atəşkəsi pozur, ərazilərimizi işğalda saxlayır, ancaq bu ölkənin prezidenti silahlı müqavimət göstərməmək barədə saziş imzalamaq istəyir. Ümid edirik ki, Azərbaycan Prezidentinin düşünülmüş xarici siyasəti Ermənistanı getdikcə daha ağır vəziyyətə salacaq və xalqımız öz istəyinə nail olacaq.
— Siz Azərbaycanın daxili və xarici siyasətində qazandığı uğurlardan faktlarla söhbət açdınız. Bəs nədən son vaxtlar bəzi müxalifət nümayəndələri mitinq keçirmək həvəsinə düşüblər? Belə aksiyalara səbəb varmı?
— Açığını deyim ki, bir partiya sədri olaraq bu gün mən Azərbaycanda real müxalifət görmürəm. Mitinq keçirmək istəyən siyasi partiyalar əslində onlara çirkli pullar verən ağalarının göstərişlərini yerinə yetirmək istəyənlərdir. Əgər diqqətlə fikir versəniz, görərsiniz ki, mitinq keçirmək istəyən “müxalifət” nümayəndələri bir vaxtlar AXC-Müsavat hakimiyyətində təmsil olunanlardır. Onlar o vaxt vəzifələrini dondurmuşdular. Görünür dondurulmuş vəzifə sahiblərinin donu hələ indi açılıb və müxalifət adı ilə peyda olublar. Onların mitinq keçirmələrinin səbəbini qəzetlərdə oxumuşam. Guya korrupsiyaya və rüşvətxorluğa etiraz edəcəklər. Belə yerdə lap bişmiş toyuğun da gülməyi gəlir. Öz gözlərində tiri qoyub başqalarının gözündə tük axtarırlar. Görəsən onlar hakimiyyətdə olduqları vaxt dövlət malını acgözlüklə taladıqlarını, ölkənin təbii sərvətlərini öz xeyirləri naminə xırıd etdiklərini, büdcəni viran qoyduqlarını yaddan çıxarıblar? Bu gün onların həyat tərzlərinə, dəbdəbəli kabinetlərinə, bahalı maşınlarına, cangüdənlərinə baxanda düşünürsən ki, bu qədər pul haradandır? Axı onlar 15 ildən çoxdur ki, heç yerdə işləmirlər. Ancaq hamıdan yaxşı yaşayırlar. Hətta uşaqları da məktəbə xidməti maşınla gedib-gəlirlər. Bu korrupsiya deyil, bəs nədir? Söz yox ki, onlara xarici himayədarları da çirkli pullar ötürürlər, ancaq vəzifədə olduqları qısa müddətdə o qədər pul toplayıblar ki, nəvə-nəticələrinə də bəs edər. Görünür indi cibləri bir qədər boşalıb, ona görə də mitinq keçirməklə kimlərəsə xoş görünüb və ya kimlərinsə sifarişini yerinə yetirməklə bunu aradan qaldırmaq istəyirlər. Amma onların səslərinə səs verən olmayacaq. Hansı meydana çıxsalar, quru çinar ağacı kimi tək görünəcəklər. Ona görə də mərkəzdə, əhalinin gur olan istirahət parklarını arzulayırlar. Hələ bir utanmaz -utanmaz özlərini “lider”, “ana müxalifət” adlandırırlar. Bu adları kim verdi onlara? Xalqın içərisinə çıxmağa üzü olmayanların özlərini “lider” adlandırmaları belələrinin hansı əqidə sahibi olmasından xəbər verir. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasındadırsa, beynəlxalq aləmdə söz sahibinə çevrilibsə, mövqeləri getdikcə möhkəmlənirsə, bundan sevinmək lazımdır. Bu uğurları görənlərdən bəziləri paxıllıqdan ürək xəstəliyinə tutulubsa, onları necə azərbaycanlı adlandıraq?
— Bəzi partiya sədrləri ölkəmiz əleyhinə xarici ölkə qəzetlərində məqalələr dərc etdirirlər. Buna necə baxırsınız?
— Mən partiya sədri olaraq deyərdim ki, öz ölkəsinin mənafeyini çirkli pullara satan, var-dövlət naminə hansısa bir xarici kəşfiyyatın əlində oyuncağa çevrilən partiya sədri bu ölkənin vətəndaşı deyildir. Kimliyindən, həyatda tutduğu mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlı, siyasi partiya sədri öz xalqının, ölkəsinin təəssübünü çəkməli, şərəfini, ləyaqətini qorumalıdır. Bir tərəfdən ermənilər, bir tərəfdən Azərbaycanı gözü götürməyən qüvvələr, bir tərəfdən isə adını azərbaycanlı qoyan siyasi partiya sədri ölkəmiz əleyhinə xarici mətbuatda əleyhimizə böhtan xarakterli təbliğat aparır. İndi siz özünüz fikirləşin, bu azərbaycanlının düşmənlərimizdən fərqi nə oldu? Pula, var-dövlətə görə Vətənin əleyhinə çıxmağın yalnız bir adı var — milli xəyanətkar.
Mən “The
Washington Post” qəzetində AXCP sədri Əli Kərimlinin
Azərbaycan əleyhinə dərc etdirdiyi məqalənin mətni
ilə tanış olanda təəccüblənmədim. “The Washington Post” kimi qəzetlər
belə məqalələri dərhal dərc edirlər.
Müstəqilliyini qazandıqdan sonra qısa müddət ərzində
sürətli inkişaf yoluna qədəm qoymuş bir ölkəni
— Azərbaycanı təbii ki, gözü götürməyənlər
tapılacaqdı. Onlardan biri də “The Washington Post” qəzetidir.
Azərbaycanın təbii sərvətləri bu gün
çoxlarının gözlərini qamaşdırıb. Bu təbii
sərvətlərin dünya bazarlarına müstəqil
çıxarılması isə bir sıra ölkələrə
böyük dərd olub. Ona görə də AXCP sədrinin
antimilli ruhlu məqaləsi xarici ölkə mətbuatı
üçün göydəndüşmə olub. Mən təəssüf
edirəm ki, Əli Kərimli xalqın, ölkənin əsas
problemlərini, milli mənafelərimizi bir kənara qoyaraq
öz şəxsi mənafelərini qabardıb. Bu, lap
qarın davasına bənzəyir. Bu gün adlarını
müxalifət qoyanlar öz daxili didişmələrini
ört-basdır etmək üçün belə üsullara əl
atır, ictimaiyyətin diqqətini başqa istiqamətə
yönəltməyə çalışırlar. Neçə
vaxtdır ki, Müsavat Partiyasında başqanlıq davası
gedir. “Azadlıq” bloku adlı qurumda birincilik üstündə
qırğındı, AMİP-də sədrlik üstündə
vuruşmadı... Hansı birini deyim. Budur onların iç
üzləri. Neçə vaxt idi səs-soraqları yox idi.
Parlament seçkiləri yaxınlaşdıqca indi yaz göbələkləri
kimi üzə çıxmağa başlayıblar. Ancaq
unutmamalıdırlar ki, zəhərli göbələklər
heç kimə lazım deyil. Xalqın, millətin təəssübünü
çəkməyənlərə xalq arasında yer yoxdur.
Müsahibəni qələmə aldı: Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 25 aprel.- S. 2.