Azərbaycan Ordusu xalqın və dövlətin etibarlı dayağıdır

 

Prezident İlham ƏLİYEV: Heç kim bizim maraqlarımızı kənara qoya bilməz və bizi müəyyən mənada təcridetmə planları baş tuta bilməz

 

Müstəqil Azərbaycanın son 15 ildə əldə etdiyi çoxsaylı möhtəşəm nailiyyətlərdən biri də qüdrətli ordunun formalaşdırılmasıdır. Bu gün hərbi-strateji cəhətdən əməkdaşlıq etdiyimiz ölkələrin hamısının ekspertləri ən mötəbər beynəlxalq tribunalardan etiraf edirlər ki, Azərbaycan dövləti Qafqazda lider ölkə olduğu kimi Azərbaycan Ordusu da ən yüksək səviyyədə təchiz olunmuş ordudur.

Silahlı qüvvələrimizin maddi-texniki bazasının müasirləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin yaradılması, ordudakı nizam-intizamın gündən-günə möhkəmləndirilməsi, Milli Orduda qabaqcıl Avropa ölkələrinin hərbi quruculuq təcrübəsinin və NATO standartlarının tətbiqi, eləcə də ordu ilə bağlı digər çoxsaylı faktlar bugünkü Azərbaycan həqiqətləri sırasında özünəməxsus yer tutur. Vaxtilə fərariliyin baş alıb getdiyi (indi Ermənistan ordusu məhz həmin gündədir), ayrı-ayrı siyasi qüvvələrin tabeçiliyində olan Azərbaycan ordusu bu gün sözün həqiqi mənasında sivil dünya orduları sırasında dayanmağa layiq, vahid mərkəzdən idarə edilən, peşəkar Silahlı Qüvvələr nümunəsinə çevrilmişdir. Təsadüfi deyil ki, erməni ekspertlər bugünkü Ermənistan ordusunu xarakterizə edərkən ironiya ilə yada salırlar ki, 2010-cu il Ermənistan ordusu 1992-ci ilin Azərbaycan ordusu ilə müqayisə olunmaq səviyyəsindədir. Bunu ermənilər deyirlər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi Silahlı Qüvvələrimizin bugünkü vəziyyətini, qarşıda duran vəzifələrin daha intensiv şəkildə həyata keçirilməsini, ən başlıcası Milli Ordunun işğal edilmiş ərazilərimizin düşməndən azad edilməsinə hazır olduğunu nəzərdən keçirmək baxımından çox əhəmiyyətli idi. Dövlət başçımız müşavirədəki çıxışında təkcə bu mövzuda və bu məkanda müşavirənin keçirilməsini deyil, eləcə də Azərbaycanda ordu quruculuğunun sürətləndirilməsinə ayrılan diqqəti sırf təbii yanaşma adlandırdı: “Sirr deyil ki, Azərbaycan başqa sahələri inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu, bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək”.

Burada başqa bir məqamı da yada salaq. Qarabağda minlərlə azərbaycanlının qanını tökərək hakimiyyətə gəlmiş, prezident seçiləndən sonra isə yüz minlərlə erməninin qanını içən Serj Sarkisyan utanmadan və abır-həya etmədən car çəkir ki, Azərbaycan hərbi qüdrətini artırmaqla regionda təhlükə mənbəyinə çevrilir. Yüz illərdən bəri regionda təhlükə mənbəyi olan, çoxsaylı müharibə və münaqişələrin baiskarı kimi lənətlənən xalqın nümayəndəsinin öz ərazi bütövlüyünü bərpa etmək istəyən dövlətin ədalətli mövqeyini təhlükə mənbəyi kimi qəbul etməsi o qədər də qeyri-adi məsələ deyil. Çünki Serj Sarkisyanın qanı riyakarlıqla, həyasızlıqla doludur. Ancaq qeyri-adi görünən başqa məsələdir. Ermənistan prezidenti dünya ictimaiyyətinin üzünə baxa-baxa yenə də rəzilcəsinə yalan danışır: “Azərbaycan dövləti neft sahəsindən əldə etdiyi gəlirləri hərbi xərclərə istiqamətləndirir və bunu dünya ictimaiyyətindən gizlədir”. Əvvəla, Azərbaycan öz təbii sərvətlərindən əldə etdiyi gəlirləri işğal olunmuş torpaqlarını qaniçənlərdən, vandallardan təmizləmək üçün xərcləməyib ermənini dilənçilikdən qurtarmaq üçün xərcləməlidirmi? İkinci, Azərbaycan dövləti ordu quruculuğuna ayırdığı vəsaitin həcmini dünya ictimaiyyətindən necə gizlədir ki, dövlət başçısı İlham Əliyev istənilən toplantıda həmin məsələyə açıq şəkildə toxunur və konkret rəqəmlər söyləyir. Elə son müşavirədə də Ali Baş Komandan bu sahəyə ayrılan vəsaitin durmadan artdığını konkret rəqəmlərlə göstərdi:

“Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır”. Görünür bəzi paytaxtlarda başı sığallanan, onsuz da uşaq ağlında olan Serj Sarkisyan o qədər ərköyünləşib ki, indi həmin tərbiyədə olan uşaq kimi kitaba-dəftərə baxmaqdan tamamilə vaz keçib. Qəzetə-jurnala baxsaydı görərdi ki, Azərbaycan dövləti öz hərbi xərclərini nəinki dünya ictimaiyyətindən gizlətmir, hətta, onun ən şəffaf şəkildə, hamıya bəyan edilməsinin nümunəsini yaradıb.

Başqa bir məsələyə diqqət yetirək. “Bizim hərbi imkanlarımız gündən-günə güclənir, biz heç kimin yardımından asılı deyilik” – deyən Prezident İlham Əliyev düşmən ölkədəki vəziyyəti Azərbaycanla müqayisəli şəkildə xarakterizə edərək söyləyir: “Azərbaycanda əhalinin sayı ildən-ilə artır və bu il artıq 9 milyonuncu vətəndaş dünyaya gəlmişdir. Ermənistanda isə demoqrafik vəziyyət ildən-ilə pisləşir. Həm təbii azalma müşahidə olunur, eyni zamanda, Ermənistandan köçüb gedənlərin sayı artır.

Bu gün – 2010-cu ildə vəziyyət belədir. Yəni biz bilirik ki, hətta, təmas xəttində, o təmas xəttini qorumaq üçün Ermənistan ordusunda canlı qüvvə çatışmır. Bu yaxınlarda o ölkədə elan edilmiş bəzi tədbirlər onu göstərir ki, onlar hansı çətin vəziyyətdədirlər. Yəni onlar səfərbərliyə cəlb ediləcək insanların yaş həddini artırırlar. Orada olan canlı qüvvə Azərbaycanda olan insani potensialla müqayisə oluna bilməz. Bu vacib məsələdir və üstünlük bizim tərəfimizdədir. Digər bütün başqa sahələrdə də üstünlük bizim tərəfimizdədir”.

Yeri gəlmişkən, Müdafiə Nazirliyində keçirilən müşavirədən dərhal sonra bəzi əcnəbi ekspertlər şərh verdilər ki, guya rəsmi Bakı son zamanlar beynəlxalq aləmdə gedən (Azərbaycana sərf etməyən – red.) siyasi proseslərə cavab vermək üçün hərbi məzmunlu müşavirə keçirmişdir. Guya Azərbaycan Prezidentinin nüvə sammitinə dəvət edilməməsindən sonra ABŞ rəsmilərinin söylədiyi “böyük bir fürsət əldən verilmişdir” — ifadəsinə cavab verən Bakı başa salmaq istəyir ki, fürsət bizim üçün yox, sizin üçün əldən verilmişdir. Ancaq əslində bu müşavirənin konkret olaraq o şəkildə qiymətləndirilməsi məntiqsizlikdir. Belə ki, biz yuxarıda da qeyd etdiyimiz kimi bilavasitə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış Minsk qrupu 20 illik danışıqların nəticəsində heç nəyə nail ola bilməmişdir. Daha doğrusu, işğalçı Ermənistanın beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarına cavab verməsi təmin edilməmiş, Azərbaycan əraziləri işğaldan təmizlənməmişdir. Ona görə də rəsmi Bakı öz hərbi qüdrətini ildən-ilə deyil, aydan-aya artırır. Dövlət başçısının sədrliyi ilə keçirilən məlum müşavirə də həmin siyasi kursun davamıdır. Burada hansısa sammitlə və ya kiminsə kiməsə himayədarlıq etməsi ilə bağlı əlamət axtaranlar məsələnin əsas məğzindən uzaq düşmüş olurlar.

Himayədarlıq məsələsinə gəlincə xüsusilə qeyd edilməli bir məqam var. Avropa Şurası Parlament Assambleyasına Türkiyə siyasətçisinin rəhbərlik etməsi, ATƏT-ə sədrliyin Qazaxıstana keçməsi və 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının sədrliyinin Türkiyəyə veriləcəyi barədə xəbərlər İrəvanda çox böyük təlaş yaratmışdır. Üstəlik müəyyən dairələrdə Türkiyənin Minsk qrupunun həmsədrlərindən biri olacağı barədə fikirlər də dolaşmaqdadır. Bütün bunların həyəcanını yaşayan rəsmi İrəvan Türkiyənin Azərbaycana himayədarlıq etməsini regional əməkdaşlıqda yolverilməz sayır. Bu mövqe cəfəng və absurd olmaqla yanaşı, həm də iyrəncdir. Çünki dünya ölkələri arasında Ermənistandan çox himayədarı olan bir ölkəni kimsə tanımır. Himayədarı olmayan, zənciri tək öz əlində olan ölkə bu qədər həyasızlıq etməz. Türkiyə-Azərbaycan münasibətlərinə gəlincə isə eyni kökdən, qandan olan iki ölkənin bir-birinə dayaq olması, problemlərin həllinin birlikdə axtarılması tamamilə təbiidir. Biz bu əməkdaşlığı etməsək tariximiz və sabahımız qarşısında günah işlətmiş olarıq. Azərbaycan öz dövlət müstəqilliyinə qovuşandan dərhal sonra bizə ilk yardım əlini uzadan məhz Türkiyə olmuşdur. Azərbaycan suverenliyini və dövlət müstəqilliyini qoruyub saxladıqdan, regionda və dünyada özünəməxsus siyasəti olan dövlət kimi möhkəmləndikdən sonra isə bir zamanlar dəstək aldığı Türkiyəyə beynəlxalq aləmdə dəstək verməyə başlamışdır. Yəni ermənilərin “Türkiyə Azərbaycana himayədarlıq edir” ifadəsi Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətini kiçiltmək kimi iyrənc bir məqsədə xidmət edir. Əslində isə Türkiyə və Azərbaycan təkcə regionun deyil, bütövlükdə Avropanın sözü keçən, öz siyasi xətti, müstəqil yolu olan ölkələrindəndir. Bu gün heç bir ölkənin rəsmisi Ankaranı və ya Bakını öz platsdarmı adlandıra bilməz. İrəvanı öz platsdarmı adlandıranlar isə o qədər çoxdur ki, hərdən onların arasındakı münaqişə zamanı İrəvanın mövqeyi tamamilə yaddan çıxır.

Bir sözlə, aprelin 23-də Müdafiə Nazirliyində Prezident İlham Əliyevin sədrliyi ilə keçən müşavirə Azərbaycanın hərbi qüdrətinin mövcud vəziyyəti ilə növbəti tanışlıq və düşmənin Azərbaycan həqiqətlərini daha dərindən bilməsi üçün müstəsna əhəmiyyətli bir tədbir idi. Bu müşavirə bədxahlarımıza və ikili standartlardan əl çəkə bilməyənlərə layiqli mesaj kimi də qiymətləndirilir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 25 aprel.- S. 2.