Məmməd Aslan: “Şairliyi
bahardan, bənövşədən öyrəndim...”
Türk dünyasının tanınmış
ziyalısı, əməkdar incəsənət xadimi,
“Şöhrət” ordenli Məmməd Aslanla hər
görüş poeziyasevərlərin qəlbində silinməz
izlər buraxır. Azərbaycan Respublikasının Gəncliyə
Yardım Fondunda 70 yaşlı şairin iştirakı ilə
keçirilən irfan məclisi də bu baxımdan geri
qalmadı. Məclisə toplaşanlar onun sayəsində
düz üç saat başabaş sözün sehrində
qaldılar, şeirin oduna qızındılar, ana dilimizin
şəhdinə-şəkərinə bir daha
qaynayıb-qarışdılar.
Bəs niyə irfan məclisi?
Çünki irfan idrakdır, mərifət elmidir, təsəvvüfdə
haqqa tapınıb da nurlanmaq, varlanmaq, dolu olmaqdır! Bütün
bunları Məmməd Aslan kimi pir kişilərdən, pak
söz-sənət azmanlarından da öyrənməyib, kimdən
öyrənəcəyik?
Məclisin aparıcısı, xalq şairi Zəlimxan Yaqub ön sözündə dedi ki, Məmməd Aslan şüurlu həyatını irfani ədəbiyyatın yaranmasına, türk-turan düşüncəsi, ədəb-ərkan örnəklərinin araya-ərsəyə gəlməsinə həsr edən qüdrətli qələm sahiblərindəndir. O, “sərt qayalı söz dağını misra-misra çapan”, Kərəmdən sonra Ərzurumun gədiyinə varan və bizləri oğuz-türk şeirinin izlərinə aparan ünlü şairlərimizdəndir. Zəlimxan Yaqub Məmməd Aslandan əzbər söylədiyi şeir parçaları ilə məclisə cazibəli bir ovqat gətirdi. Birgə gənclik illəri, Kəlbəcər və ağdabanlı Aşıq Şəmşirlə bağlı qənimət xatirələr danışdı. Bir xatirə cığırında isə Məmməd Aslan ərklə onu saxlayıb: “Qoy, bunu mən söyləyim”, -dedi və közü öz “maşa”sı ilə qarışdıraraq ortaya dadlı-duzlu bir əhvalat çıxartdı.
Aşıq Ədalət Dəlidağlı həmin xatirələrdən “su” içmiş bir Zəlimxan şeirini telli sazın bələdçiliyi ilə səsləndirdi.
Məmməd Aslanın haqqında çəkilmiş sənədli filmdən fraqmentlər böyük maraqla seyr edildi.
Gəncliyə Yardım Fondunun təmsilçisi Ali Çinar çıxışında: “Mehmet Aslan xocamız dövrümüzün önəmli yazarlarından biri kimi Türkiyədə də çox sevilir”, -dedi və onun şeirlərindən bəzi örnəkləri şirin Anadolu ləhcəsində təqdim elədi. Sonra şairin Türkiyədəki dostlaarının təbrik teleqramları oxundu. Onlar şairə ən xoş arzularını bildirir, yaradıcılığını bundan sonra da eyni ilhamla, eyni iman vəcdi ilə davam etdirməsini diləyirdilər.
Aşıq Elbrus Şəmkirlinin ifasında Məmməd Aslandan dürlü-dürlü sözlər pərdə-pərdə qanad açdı.
Qəmbər Şəmşiroğlu, Flora Xəlilzadə, Adil Cəmil, Qulu Məhərrəmli, İbrahim İlyaslı, Cabir Umud, Zirəddin Qafarlı, Rauf Zeyni, Ələmdar Cabbarlı və başqaları da ürək sözlərini söylədilər. Şairə həsr edilən şeirlər oxudular. O məclisdə çox mətləblər açıldı, suallar cavablandı, sirlər şəyan oldu.
Şairin alim dostu və eloğlusu Şahlar Əsgərov dedi ki, Məmməd yeniyetmə vaxtı rəssam olmaq istəyib. Hətta bu məqsədlə Bakıya rəssamlıq texnikumuna oxumağa da gəlib. Amma orada yataqxana şəraiti olmadığı üçün Kəlbəcərə qayıdıb və orta təhsilini davam etdirib. Belə çıxır ki, biz onun timsalında bir rəssam itirmişik... və nə yaxşı ki, əvəzində qələmi ilə gözəl təbiət təsvirləri yaradan, insan duyğularının minbir rəngini ustalıqla vərəqlərə köçürən, ecazkar söz tabloları yaradan bir şair qazanmışıq! Özü bu barədə deyir ki, uşaq yaşlarından rəssamlığı da, şairliyi də bahardan, bənövşədən öyrənib.
Nazirlər Kabinetinin məsul işçisi Qurban Sadıqov sözügedən irfan məclisində iştirakdan hədsiz məmnunluğunu çatdırdı və bildirdi ki, bu gün Məmməd Aslan dünyasından hərəyə ən azı bir zərrə, bir şəfəq, bir könül xoşluğu və bəxtəvərlik payı düşdü.
Məclisin sonunda Məmməd Aslan tədbirə qatılanlara təşəkkürünü bildirərək: “Göylər kimi dirəksiz yaşayın!” – dedi və üç yarpaq ləngərli şeir oxudu.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 25 aprel.- S. 8.