“Erməni vandalizmi” kitabı təqdim edildi
Dünən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin
təşkilatçılığı ilə şair-publisist Mirkazım Seyidovun üç dildə: Azərbaycan, rus və ingilis dillərində çapdan
çıxmış “Erməni
vandalizmi” kitabının
təqdimat mərasimi
keçirildi. Bir sıra
ziyalıların, millət
vəkillərinin iştirakı
ilə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən mərasimdə
əvvəlcə tədbir
iştirakçıları foyedə ermənilərin
xalqımıza qarşı
törətdikləri vandalizm
aktlarına həsr olunmuş fotostendlə tanış oldular.
Tədbirin rəsmi
açılışından sonra Rusiyanın Novosibirsk şəhərində
Xocalı faciəsinə həsr edilmiş mətbuat
konfransının qısa videoyazısı nümayiş
etdirildi. Tədbiri giriş sözü ilə açan M.
Seyidov bu kitabı ürək ağrısı ərsəyə
gətirdiyini söylədi. O bildirdi ki, ermənilərin
tarixin müxtəlif dövrlərində azərbaycanlılara
qarşı törətdiyi terror və soyqırım
aktlarının əks olunduğu kitab 3000 tirajla çap
edilib. “Hesab edirəm ki, bu tip nəşrlərin, kitabların
xaricdə geniş yayılması dünyada qondarma erməni
soyqırımına və təbliğatına tutarlı
cavabdır. Xaricdə fəaliyyət göstərən
güclü diasporumuz bundan sonra da dövlətimizlə birgə
sıx fəaliyət göstərməli, xaricdə ölkəmiz
barədə düzgün və ədalətli ictimai rəy
yaradılmasına öz töhfələrini verməlidir.”
Daha sonra
çıxış edən natiqlər belə bir kitabın
məhz ölkədən kənarda – Rusiyada nəşr edilməsi
və yayımlanmasının əhəmiyyətinə
toxundular. Pedoqoji elmlər doktoru, professor Nurəddin Kazımov
kitabın rus və ingilis dillərində nəşr edilməsini
vacib addım kimi dəyərləndirdi. O bildirdi ki, Qarabağ
müharibəsinin həqiqətləri, ermənilərin azərbaycanlılara
qarşı müxtəlif illərdə törətdiyi terror
aktları barədə ölkə daxilində kifayət qədər
kitablar və nəşrlər işıq üzü
görüb. Onun sözlərinə görə sözügedən
kitabla və əcnəbi dillərdə nəşr edilən
vasitələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq
daha vacib fəaliyyətdir: “Arzu edərdim ki, bu kitab daha
böyük tirajla çap edilib, ABŞ, Fransa kimi ölkələrdə
də yayılsın”.
Millət vəkili Fazil
Mustafayev kitabı uydurma erməni soyqırımına
qarşı təbliğat vasitəsi kimi yüksək dəyərləndirdiyini
və bu tip fəaliyyətlərin ümumi işə
böyük fayda verdiyini vurğuladı.
Moskvada yaşayan
soydaşımız, hüquqşünas, Rusiyada işıq
üzü görən “Azərbaycan və qanunvericilik” qəzetinin
baş redaktoru İntiqam Zeynalov M.Seyidovun Rusiyada ictimai fəaliyyətini
təqdir etdi. O bildirdi ki, müəllifin kitabları Rusiyada
daim maraqla qarşılanır.
Suraxanı rayon məhkəməsinin
sədri Araz Kazımov və eləcə də digər
çıxış edən ziyalılar belə nəşrlərin
ermənilərin türk xalqlarına qarşı törətdikləri
soyqırımın dünya ictimaiyyəti tərəfindən
tanınmasında əhəmiyyətli vasitə olduğunu
qeyd etdilər və müəllifə sonrakı fəaliyyətində
yaradıcılıq uğurları arzuladılar. Sonda tədbir
iştirakçılarına M. Seyidovun “Erməni vandalizmi”
kitabı hədiyyə edildi. Forumun Xocalı
soyqırımına siyasi və hüquqi qiymət verilməsi
ilə əlaqədar ABŞ Prezidenti Barak Obamaya, Rusiya
Federasiyasının Prezidenti D. Medvedevə və bir sıra
beynəlxalq təşkilatlara ünvanladığı
müraciətin surətləri, Xocalı faciəsinə həsr
edilmiş təqvimlər paylandı.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 25 aprel.- S. 6.