Ermənistanın qondarma soyqırımı iddiaları iflasa məhkumdur

 

Tarixi həqiqətləri saxtalaşdırmaq və təhrif etmək yolu tutan erməni ideoloqları yarım əsrdən çox müddətdə dünya ictimaiyyətini mif üzərində qurulmuş qondarma soyqırımı iddiaları ilə çaşdırmağa, təkcə qardaş Türkiyənin deyil, ümumən türk dünyasının, o cümlədən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Uzun illərin müşahidələri göstərir ki, real əsası olmayan bu saxta iddianın davamlı şəkildə gündəmdə saxlanılmasına yönəlmiş səylər ermənilərin başqa dövlətlər hesabına daha geniş coğrafi əraziyə yiyələnmək üçün həyata keçirdikləri soyqırım, terror və deportasiya siyasətini pərdələmək, diqqəti özlərinin işğalçılıq faktından yayındırmaq məqsədi güdür.

 

Son iki əsrdə Dənizdən-dənizə böyük Ermənistan xülyasını milli məqsədə çevirən bədxah qonşularımız ərazi ilhaqı siyasəti həyata keçirərkən bəşəriyyət əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərə əl atdıqları halda, insanlığa sığmayan bu vandalizm aktlarını bir qayda olaraq türklərin və azərbaycanlıların adına yazmağa çalışmışlar. Müsəlmanlara, əsasən də türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regionda çirkin ərazi iddialarını gerçəkləşdirmək üçün bu qondarma soyqırım iddialarının ayrı-ayrı ölkələrdə tanınmasına yönəlmiş genişmiqyaslı kampaniya aparırlar. 1915-ci il aprelin 24-də Osmanlı Türkiyəsinin guya 1,5 milyon nəfər ermənini milli-etnik zəmində qətlə yetirməsi kimi iftira xarakterli kampaniya da erməni mifomaniyasının real təhlükəlilik dərəcəsini aşkar nümayiş etdirir.

Acınacaqlısı həm də budur ki, özləri haqqında daim məzlum xalqobrazı yaratmağa çalışan ermənilər bu çirkin iddialarını Türkiyəyə və Azərbaycana xoş münasibətdə olmayan bəzi dövlətlərə və təşkilatlara qəbul etdirə bilmişlər. Məsələyə siyasi motivlərlə yanaşan, özlərinin merkantil maraqları naminə ikili standartlara yol verərək ermənilərin qondarma iddialarını dəstəkləyən, əldə bəhanə edən həmin dövlətlər və təşkilatlar əslində tarixi həqiqətin nədən ibarət olduğunun qətiyyən fərqində deyillər. Tarixən erməni məsələsindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi yararlanmış həmin qüvvələr bu gün də rəsmi Ankaraya təsir göstərmək üçün qondarma erməni soyqırımı iddialarından bəhrələnirlər. Açıq demək lazımdır ki, məsələnin mahiyyətində bəzi dövlətlərin ermənilərə rəğbəti deyil, daha çox, türk və islam dünyasına olan kin-küdurəti, aşkar qərəzi dayanır.

 

Soyqırımı mifomaniyası

 

Patoloji baxımdan yalançılıqla üzvi surətdə bağlı olan xəstəlik psixologiyada mifomaniya kimi səciyyələndirilir. Məkrli xislətləri ilə yalan və böhtanı dövlət siyasətinə çevirmiş ermənilərin 50 ildən çox müddətdə dünyanı qondarma soyqırım kampaniyası ilə çaşdırmaq cəhdləri onların məhz belə bir psixoloji vəziyyətdə olduqlarına şübhə yeri qoymur. Uydurduqları yalanlara sanki özləri də inanmış kimi görünən ermənilər kompakt yaşadıqları bütün dövlətlərdə soyqırımına məruz qalmış millət olduqlarını iddia edir, saxta təbliğatlarını zehinlərə yeritmək üçün dəridən-qabıqdan çıxırlar. Tarixi faktlar isə göstərir ki, ötən əsrin əvvəllərində ənənəvi olaraq havadarlarının himayəsinə sığınaraq onlardan hər cür dəstək alan ermənilər qonşu xalqların əzəli əraziləri hesabına dövlət qurmaq üçün azərbaycanlılara və türklərə qarşı misli görünməmiş soyqırım və terror aktları törətmişlər. Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapır. Həmin tarixi sənədlər 1915-ci ilin aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər tərəfindən qətlə yetirilməsi barədə yayılan informasiyaların da cəfəngiyyat olduğunu təsdiqləyir.

Həmin dövrün hadisələri ilə ümumi tanışlıq deməyə əsas verir ki, hələ XIX əsrin sonlarında Türkiyədə yaşayan ermənilər müxtəlif iddialarla bu ölkədə üsyanlar təşkil etmiş, məkrli niyyətlərini həyata keçirməyə çalışmışlar. Anadolunun Şərqində sıx şəkildə yaşayan ermənilərin ilk üsyanı 1890-cı ildə baş vermiş, Van, Sason, Adana ərazilərini əhatə etmişdir. 1905-ci ildə hətta türk sultanına qarşı sui-qəsd planlaşdıran ermənilər çirkin niyyətlərini həyata keçirməyə müvəffəq olmamışlar. Həmin vaxt bölgədə fəallaşan və təşkilatlanan erməni komitələri mülki əhaliyə qarşı xüsusi zorakılıq və amansızlıq nümayiş etdirmişlər.

1914-cü ildə I Dünya müharibəsinin başlanması ilə ermənilərin Türkiyə əleyhinə daha geniş və fəal iş aparmasına əlverişli tarixi şərait yaranmışdır. 1915-ci ilin əvvəllərində çar Rusiyası Türkiyəyə müharibə elan edərkən məhz ermənilərdən vasitə kimi yararlanmış, Anadolu vilayətinin şərqində yaşayan erməni əhalisini yağlı vədlərlə aldadıb öz tərəfinə çəkməyə nail olmuşdur. Çar II Nikolay türklərə qarşı vuruşmaq istəyən erməni əsgərlərinin digər cəbhələrdən ayrılıb Qafqaz cəbhəsinə gəlmələri üçün xüsusi dekret də imzalamışdır. Türkiyədə yaşayan erməniləri silahlandırıb müharibəyə hazırlamaq, bu ölkənin daxilində üsyanlar təşkil etmək, türk ordusunun arxa cəbhə ilə əlaqəsini kəsmək, rus ordusunun geriyə hərəkətini asanlaşdırmaq üçün daşnak ideoloqlarına külli miqdarda maliyyə vəsaiti ayrılmışdır. Çar Rusiyası Osmanlı imperiyasını diz çökdürüb hakimiyyəti ələ alacağı təqdirdə, erməniləri ali vəzifə kürsülərində əyləşdirəcəyi, onlara azadlıq və geniş səlahiyyətlər verəcəyi, habelə regionda müstəqil erməni dövlətinin yaranmasına kömək göstərəcəyi ilə bağlı üzərinə müəyyən öhdəliklər də götürmüşdür. Bu vədlərdən şirniklənən Anadolu erməniləri isə sürətlə silahlanaraq dinc əhaliyə qarşı kütləvi qırğınlara başlamış, çar Rusiyasının Türkiyə ilə müharibədə qalib gəlməsinə çalışmışlar. Erməni terror təşkilatlarından xüsusi təlimat almış, silahlanmış ermənilər həmin dövrdə Türkiyənin bir çox yaşayış məntəqələrini dağıtmış, türklərlə yanaşı, kürdləri də qətlə yetirmiş, dinc insanlara divan tutmuşlar.

Anadoludan və Qafqazın bəzi vilayətlərindən gətirilmiş 5 diviziyalıq könüllülər dəstəsi Andronikin rəhbərliyi altında yüz min nəfərdən çox günahsız türkü öz doğma ata-baba torpaqlarında ağır işgəncələrlə qətlə yetirmişdir. Türkiyədə fəaliyyət göstərən müxtəlif erməni partiyalarının liderləri, çoxsaylı özək rəhbərləri, həmçinin Eçmiədzin kilsəsinin din xadimləri bu qətliamlar zamanı öz soydaşları olan daşnaklara hər cür kömək göstərmişlər.

Yaranmış ağır vəziyyətdə Ənvər Paşanın rəhbərlik etdiyi Türkiyə hökuməti ölkədə azğınlıq edən bəzi erməni dəstələrinin Rusiya ilə işbirliyinin qarşısını almaq və tərksilah etmək, habelə dinc əhalinin təhlükəsizliyini qorumaq üçün onları müharibə zonalarından uzaqlaşdırmaq qərarına gəlmişdir. Osmanlı dövlətinin 1915-ci 27 may tarixli Köç qərarı da ermənilərin müharibə olan bölgələrdən sabit regionlara köçürülməsinin şərtlərini, qaydalarını, mal-mülkün haqqının ödənilməsini, köçürülmə karvanlarının hərəkət istiqamətlərini, onların yollarda qorunmasını, dayanma məntəqələrini, hərəkət xəttini və digər məsələləri özündə əks etdirmişdir.

Həmin dövrdə Osmanlı dövləti ermənilərlə müsəlmanlar arasında müəyyən toqquşmaların qarşısını almaq üçün müvafiq tədbirlər də görmüşdür. Ermənilərin ağlasığmaz vəhşiliyindən dəhşətə gəlmiş Osmanlı dövlətinin daxili işlər naziri Tələt Paşa dövlətçilik əleyhinə təxribatla məşğul olan 2345 nəfər cinayətkar erməninin həbsi barədə sərəncam vermişdir. Bundan sonra türk təhlükəsizlik qüvvələri ermənilərin ruslarla işbirliyinə son qoymaq məqsədilə 1915-ci il aprelin 24-də 2345 nəfər erməni təxribatçısını - Qnçaq, Daşnaksütyun, Ramqavar kimi terrorçu təşkilatlarının fəallarını həbs etmişdir. Həmin şəxslərə qarşı milli-etnik zəmində hər hansı soyqırım aktı həyata keçirilməmiş, onlar sadəcə, xəyanətlərinə və dinc əhaliyə divan tutduqlarına görə qanun qarşısında cavab vermişlər. Ermənilərin dünyaya car çəkərək soyqırımı adlandırdıqları bu hadisə əslində, Osmanlı dövlətinin fərmanı əsasında ruslarla iş birliyinə gedən 2345 nəfər erməni terrorçusunun tutulub saxlanmasıdır.

Bu hadisədən dərhal sonra Eçmiədzin katalikosu Gevorq Türkiyədə ermənilərə qarşı guya kütləvi qırğınlar törədildiyi barədə ABŞ prezidentinə teleqram göndərmiş, erməni terrorçularının cəzalandırılmasını soyqırımı aktı kimi qələmə vermişdir. O, təcili surətdə günahsız və əzabkeş erməni xalqına kömək əlinin uzadılmasını xahiş etmiş, çar Rusiyasının ABŞ-dakı səfiri isə Amerika hökumətini bu qondarma soyqırımı barədə məlumatlandırmışdır. Həmin mərhələdən etibarən Daşnaksütyun və digər erməni terror təşkilatları, Eçmiədzin kilsəsi, bütövlükdə erməni ictimaiyyəti dənizdən-dənizə böyük Ermənistan xülyalarını gerçəkləşdirmək üçün qondarma erməni soyqırımı iddialarını dünya xalqlarının beyninə yeritmək istiqamətində geniş təbliğat kampaniyasına start vermişlər. O vaxtdan bəri 24 aprel tarixinin Ermənistanda qondarma soyqırım qurbanlarının anma günü kimi qeyd olunmasına başlanılmışdır.

 

Qondarma soyqırımı iddiaları erməni terrorizmi üçün zəmindir

 

Qondarma genosid iddiaları ilə dünyada özləri haqqında əzabkeş və məzlum millət imici yaratmağa çalışan ermənilərin özlərinin 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırım törətməsi tarixi faktlarda dolğun əksini tapmışdır. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar. Bir neçə gün ərzində təkcə Bakıda 12 min insan sırf milli-etnik zəminində qətlə yetirilmiş, kütləvi qətliamlar Azərbaycanın Şamaxı, Quba, Qarabağ və digər bölgələrini də əhatə etmişdir. Yalnız 1918-ci ilin sentyabrında Nuru Paşanın başçılıq etdiyi ordunun Bakını xilas etməsindən sonra bu qırğınların qarşısı qismən alınmışdır.

Qondarma erməni soyqırımı iddiaları uzun illər ərzində Türkiyə və Azərbaycana, həmçinin hər iki ölkənin görkəmli ictimai-siyasi xadimlərinə qarşı törədilmiş terror aktlarına və digər cinayətkar əməllərə zəmin hazırlamaq məqsədi güdmüşdür. Tarixi faktlar göstərir ki, məhz ermənilərin fitvası ilə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi xadimlərinin N.Yusifbəyli, F.Xoyski, X.Xasməmmədov, H.Ağayev vəhşicəsinə qətlə yetirilmişlər.

Daşnaksütyun partiyasının yaratdığı Nemesis (Cəza) adlı xüsusi terror qrupu isə 1920-ci il martın 15-də Osmanlı hökumətinin daxili işlər və hərbi müdafiə naziri olmuş Tələt Paşaya Berlinin böyük prospektlərindən birində atəş açmışlar. Onun qatili Soqomon Teyləryan həbs olunsa da, Berlin dairə məhkəməsi hüquqi deyil, siyasi qərar çıxararaq erməni soyqırımını əldə rəhbər tutan erməni terrorçusuna bəraət hökmü çıxarmışdır. Bu rüsvayçı hökmdən ruhlanan erməni terrorçuları İstanbulda, Romada, Berlində, Tiflisdə, Buxarada və digər şəhərlərdə tanınmış türk ictimai-siyasi xadimlərinə qarşı qanlı terror aktları həyata keçirmişlər.

1972-1991-ci illərdə erməni terrorçuları dünyanın əksər ölkələrində Türkiyənin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adamlarına qarşı 300-dən çox terror əməliyyatları törətmişlər. Bu terror aktlarının 100-dən çoxu Asala terror təşkilatının Orli, 9 İyun və 3 Oktyabr qruplaşmaları tərəfindən 24 ölkənin 38 şəhərində həyata keçirilmişdir.

1988-ci ildən Azərbaycana qarşı növbəti dəfə aşkar ərazi iddiaları ilə çıxış edən Ermənistan ərazisində yaşayan azərbaycanlıları deportasiya edərkən müxtəlif vandalizm aktlarına, o cümlədən terror aktlarına əl atmışdır. Sonrakı mərhələdə bəzi dövlətlərin himayəsi və dəstəyi ilə Azərbaycan ərazilərini işğal edən Ermənistan dinc əhalinin ölümü ilə nəticələnmiş çoxlu sayda terror aktları planlaşdırmış və həyata keçirmişdir. Ərazi ilhaqı məqsədi ilə terrorçuluğu və separatizmi özünə başlıca vasitə seçən ermənilər 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı törətmiş, nəticədə 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil etmişdir.

 

Qondarma erməni soyqırımı iddiası nə üçün tanınır

 

Ermənilərin qondarma soyqırımı iddialarının həqiqətdən tamamilə uzaq olduğunu təkcə tarixi faktlar deyil, elə onların özlərinin müəyyən isterik davranışları da tamamilə təsdiqləyir. Ümumiyyətlə isə, qondarma erməni soyqırımı iddiaları 4 məkrli məqsədin həyata keçirilməsinə xidmət edir: 1) Soyqırımın bütün dünyada tanınması; 2) Türkiyənin soyqırımı etiraf etməsi; 3) Türkiyənin soyqırıma uğramış adamların vərəsələrinə təzminat ödəməsi; 4) Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi. Şübhəsiz, belə cəfəng iddialar həm də Türkiyəni Ermənistana münasibətdə yumşalmağa - sərhədləri açmağa məcbur etmək, habelə qardaş ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək, onun Avropa Birliyinə gedən yolunu bağlamaq məqsədi güdür.

Hələ 2005-ci ilin aprel ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti R.Köçəryana müraciətlə qondarma erməni soyqırımı iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını, bu məsələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etmişdir. Türkiyə Arxivləri İdarəsinin rəhbəri Yusuf Sarınay isə ermənilərin hər il aprelin 24-ü tarixini dünyaya erməni soyqırımı günü kimi təqdim etmələrinin yalan olduğunu sübuta yetirmək məqsədilə Osmanlı dövrünə aid arxivlərin qapılarını dünya ölkələrinin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan etmişdir. Bu təklifə indiyədək cavab verməyən ermənilərin real faktlara əsaslanmadığı, bu qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə yararlandığı indi dünya ictimaiyyətinə də yaxşı bəllidir.

Məlumat üçün bildirək ki, 1944-cü ilədək soyqırım anlayışı beynəlxalq ictimaiyyətə məlum olmamış, bu termin ilk dəfə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən işlədilmişdir. O soyqırımı müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsi kimi səciyyələndirmişdir. 1945-ci ildə isə Nürnberq Hərbi Tribunalı faşist liderlərini bəşəriyyət əleyhinə cinayətlərdə ittiham etmişdir. İlk dəfə olaraq Nürnberq Hərbi Tribunalının Nizamnaməsinin 6-cı maddəsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmiş, eləcə də soyqırım cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına daxil edilmişdir.

BMT-nin Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında 9 dekabr 1948-ci il tarixli Konvensiyasının 2-ci maddəsinə görə, Soyqırım hər hansı milli, etnik, irqi və dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: a) bu cür qrup üzvlərinin öldürülməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqasına verilməsi. Soyqırım cinayətinin ictimai təhlükəliliyi hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən məhv edilməsi, yaxud məhv edilməsi təhlükəsinin yaranması, habelə həmin qrupların tarixi, mədəni, mənəvi və s. dəyərlərinin yer üzündən silinib getməsi, yaxud bunun üçün şəraitin yaradılması ilə xarakterizə olunur. BMT-nin Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında 9 dekabr 1948-ci il tarixli Konvensiyasında aşkar göstərilir ki, soyqırım cinayətinin baş verməsi üçün xüsusi niyyətin olması zəruri hesab edilir. Qondarma iddialarla çıxış edən ermənilər isə Osmanlı imperiyasının milli-etnik zəmində guya bu millətə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyən heç bir fakt ortaya qoya bilməmişlər.

Təəssüflə demək lazımdır ki, buna baxmayaraq erməni soyqırımı iddiaları ötən əsrin ortalarında, yəni soyqırım ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlmişdir. Erməni kilsəsinin irəli sürdüyü iddialar sonradan Amerika və Avropada erməni lobbisinin fəal iştirakı ilə məkrli bir kampaniyaya çevrilmişdir. Bədnam qonşularımız özlərinin qondarma soyqırım iddialarını ilk dəfə 1965-ci il aprelin 20-də Uruqvayda tanıdılmasına nail olmuşlar. 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərəzli qərara imza atmışdır. Daha sonra Argentina, Rusiya, Yunanıstan, Kanada, Livan, Belçika, Vatikan, İtaliya, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, o cümlədən Avropa Parlamenti qondarma erməni soyqırımını tanımaq barədə qətnamə və bəyanat qəbul etmişdir. Təkcə 2010-cu ildə ABŞ və İsveçin qanunverici orqanları müvafiq qətnamə layihəsini təsdiqləmiş, Böyük Britaniya və İspaniya isə erməniləri məyus etmişdir. Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası isə Azərbaycan diasporunun fəal iş aparması nəticəsində erməni soyqırımının tanınması haqqında ədalətsiz qərarını ləğv etmişdir.

Bir faktı da vurğulamaq lazımdır ki, ermənilər mərkli iddialarını tanıtmaq üçün hələ sovetlər birliyi dövründən fəal iş aparmış, qondarma soyqırım qurbanlarına abidələr ucaltmışdılar. SSRİ rəhbərliyinin bu məsələdə maraqlı olması erməni şovinistlərini daha da ruhlandırır, soyqırım kampaniyasının sistemli şəkildə aparılmasına imkan yaradırdı. Sovet hökuməti Azərbaycana münasibətləri dostluq notları üzərində kökləməyi məsləhət gördüyü halda, erməniləri sanki yeni-yeni təxribatlara şirnikləndirmək yolu tutmuşdu. Əslində, ötən əsrin 80-ci illərinin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi iddiaları da məhz bu çirkin kampaniyanın məntiqi nəticəsi olmuşdur.

Ermənilər son 50 ildə qondarma iddialarını ayrı-ayrı ölkələrdə tanıtmaqla kifayətlənməmiş, qondarma abidələrin, xatirə lövhələrinin qoyulmasına nail olmuşlar. Bu məqsədlə virtual məkanın imkanlarından da geniş şəkildə istifadə edən ermənilər saxta iddialarını təbliğ edən 45 min veb-sayt yaratmış, habelə çoxsaylı kitablar, filmlər çəkdirmişlər. Almaniyada bu saxta mövzu hətta dərsliklərə salınmış, Fransa Milli Assambleyası isə qondarma erməni soyqırımını tanımamağa görə cinayət məsuliyyəti nəzərdə tutan qərar qəbul etmişdir. Bütün bunlar bir daha göstərir ki, erməni mifomaniyası bu gün Avropa ölkələrinin böyük əksəriyyətinin başı üstünü qara kabus kimi almışdır.

 

Türkiyəyə və Azərbaycana qarşı təzyiq kartı

 

Qondarma erməni soyqırımı ilə bağlı qətnamə və bəyanat qəbul edən dövlətlərin nümayəndələri nə Türkiyə, nə digər Qərb dövlətlərinin arxivlərində olmuş, sadəcə, siyasi motivli qərəzli və ədalətsiz qərarı rəsmiləşdirmişlər. Belə qərar qəbul edən dövlətlərin əksəriyyətinin Avropa Birliyinin üzvü olması da təsadüfi görünmür. Siyasi müşahidəçilərin fikrincə, həmin dövlətlər belə süni maneələrlə müsəlman dövləti olan Türkiyənin təşkilata gedən yoluna sipər çəkməyə, Avropa Birliyini xristian klubu kimi qoruyub saxlamağa çalışırlar. Bu da təsadüfi deyildir ki, hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma erməni soyqırımını tanıyan Avropa Parlamenti 2005-ci ildə həmin ədalətsiz qərarını yeniləmiş, üstəlik Türkiyə hökuməti qarşısında Ermənistanla sərhədləri açmaq tələbini irəli sürmüşdür. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri soyqırım kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilmişdir. Doğrudur, direktiv Kopenhagen meyarlarından fərqli olaraq, Avropa Parlamentinin qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır. Amma son mərhələdə Türkiyənin təşkilata tamhüqüqlü üzvlüyünə səs verəcək qurum məhz Avropa Parlamenti olmalıdır. Əgər Türkiyə həmin mərhələyə qədər gedə biləcəksə, çox ehtimal ki, Ankaranın bu şərtləri yerinə yetirməsi tələb ediləcəkdir.

Türkiyəni həzm edə bilməyən Avropadan fərqli olaraq, qardaş ölkənin strateji müttəfiqi sayılan ABŞ-ın qanunverici orqanı olan Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində də analoji qərarın qəbulu qətiyyən başa düşülən deyildir. Aşkar görünür ki, son illər müstəqil siyasət yeridən, iqtisadi cəhətdən daha da qüdrətlənən, hətta Fələstinə görə İsraillə münasibətlərini gərginləşdirən, Azərbaycanla strateji müttəfiqlik əlaqələrini qoruyub saxlamaq üçün Ermənistanla sərhədləri açmaqdan qətiyyətlə imtina edən Türkiyənin bu addımları ABŞ-ı ciddi şəkildə qayğılandırır. Lakin onu da etiraf etmək lazımdır ki, ABŞ-da qondarma erməni soyqırımının tanınması ilə bağlı başlanmış məkrli kampaniyanın 30 ildən artıq tarixi vardır. 1978-ci ildə ilk dəfə sabiq ABŞ prezidenti Cimmi Karter 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrlə bağlı çıxış etmişdir. Bill Klintonun prezidentliyi (1993-2001-ci illər) dövründən isə bu, hər il aprelin 24-də təkrarlanan ənənəyə çevrilmişdir. Konqresə qədər qondarma erməni soyqırımının ABŞ-ın 42 ştatında tanınmasını da acı təəssüflə vurğulamaq lazımdır.

Doğrudur, seçkiqabağı kampaniya zamanı verdikləri vədlərə baxmayaraq, hələlik ABŞ-ın heç bir prezidenti ingilis dilində erməni soyqırımı ifadəsini işlətməmiş, Türkiyənin gözlənilən reaksiyasından çəkinmişlər. Lakin ermənilər qarşısında müəyyən öhdəliklər götürmüş Barak Obama administrasiyasının bu məsələdə nisbətən irəli getmək niyyəti də aydın sezilir. 2009-cu il aprelin 24-də ABŞ Prezidenti erməni soyqırımı sözünü işlətməsə də, erməni dilində eyni anlama gələn Metz yegern ifadəsinə istinad etməklə guya vəziyyətdən çıxmağa çalışmışdır. Lakin ABŞ Konqresinin məlum qərarına kifayət qədər sərt təpki göstərən Türkiyənin Vaşinqtondakı səfirinin yenidən iş başına qayıtması onu göstərir ki, Barak Obama bu dəfə də erməniləri məyus etmək məcburiyyətində qalacaqdır. Hər halda, türkiyəli siyasi müşahidəçilər də nüvə təhlükəsizliyi ilə bağlı tədbirə qatılmaq üçün bir müddət əvvəl Vaşinqtona səfər etmiş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da bununla bağlı ciddi təminatlar aldığını qeyd edirlər. Barak Obamanın iştirakı ilə Türkiyə Baş naziri ilə Ermənistan prezidenti arasında görüşün təşkili də məhz Ermənistanı sakitləşdirmək məqsədi güdür. Aşkar görünür ki, bu arada ABŞ Ermənistanla sərhədləri açması, məlum protoklları ratifikasiya etməsi üçün Ankara ilə daha fəal iş aparmaq niyyətindədir.

 

İşğalçını vəziyyətdən çıxarmaq cəhdi

 

Qondarma erməni soyqırımı ilə bağlı kampaniyanın hələ bu ilin mart ayından yenidən fəal şəkildə gündəmə gətirilməsi heç də təsadüfi deyildir. Siyasi müşahidəçilər haqlı olaraq bu məsələni həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin həlledici mərhələyə qədəm qoyması ilə əlaqələndirirlər. Bunu mart ayının əvvəllərində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da açıq-aşkar bəyan etmişdi. O, Münhendən qayıdarkən təyyarədə media nümayəndələrinə açıqlamasında bildirmişdi ki, Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarı, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə Serj Sarkisyanın destruktiv mövqedən çıxış etməsi və son olaraq soyqırım layihəsinin Konqresdə gündəmə gətirilməsi göstərir ki, erməni tərəfi bunları qabaqcadan planlaşdırmışdır. Türkiyənin xarici işlər naziri həmin müsahibəsində 24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən doğruluğuna inanmadığımız addımı atacağımızı gözləməsinlər demişdi.

Bütün bunlar göstərir ki, ABŞ-da qondarma erməni soyqırımı ilə bağlı başlanmış kampaniyanın kökündə Türkiyə və Azərbaycana təsir göstərmək, hər iki strateji müttəfiq ölkəni prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır. Bu da aşkar sezilir ki, Barak Obama Administrasiyası yaranmış vəziyyətdə Ermənistanı düşdüyü ağır siyasi və iqtisadi vəziyyətdən çıxarmağa çalışır. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ-ın belə aşkar erməni təəssübkeşliyi isə rəsmi Bakını haqlı olaraq narahat edir. Son günlərdə ölkə rəsmiləri bununla bağlı haqlı giley və narahatlıqlarını bəyan etmiş, Azərbaycanın səmimi və dost addımları müqabilində ABŞ-ı da analoji mövqedən çıxış etməyə, ikili standartlardan əl çəkməyə çağırmışlar.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında Azərbaycanın son vaxtlar cərəyan edən proseslərlə bağlı qətiyyətli mövqeyini bir daha ortaya qoymuşdur: Əlbəttə ki, əgər bizim maraqlarımız kənara qoyulursa, əgər torpaqlarımızın işğalına göz yumulursa və işğalçı dövləti çətin, ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün min bir səy göstərilirsə, Azərbaycan ictimaiyyəti bunu necə qəbul edə bilər?! Nə üçün işğalçı ölkəyə təzyiqlər göstərilmir?! Nə üçün Azərbaycan bugünkü danışıqlarda demək olar ki, ən böyük konstruktivlik nümayiş etdirir, Ermənistan danışıqları pozur?! Ermənistanı bu ağır vəziyyətdən çıxarmaq cəhdlərini biz görürük. Nə üçün məhz Türkiyə-Ermənistan sərhədləri açılsın və Ermənistana elə bil ki, nəfəs gəlsin?! Birincisi, Türkiyə-Ermənistan sərhədlərinin açılması Türkiyə və Ermənistanın işidir. Buna heç kim qarışmamalıdır. Nə biz qarışmalıyıq, nə də ki, başqaları. Baxmayaraq ki, ölkələrin bəziləri hesab edir ki, hər işə qarışmalıdır. Bu, iki ölkə arasında olan münasibətlərdir. Qoy bu iki ölkə münasibətləri həll etsin. Əlbəttə ki, bu ölkələr münasibətləri həll edəndə regionda gedən prosesləri nəzərə alacaqlar, tarixi nəzərə alacaqlar, tarixi münasibətləri nəzərə alacaqlar. Heç şeydən xəbəri olmayan, bölgədə gedən proseslərdən xəbəri olmayan tərəflər təzyiqlə, şantajla, qara yaxmaqla nəyə nail olmaq istəyirlər?! Biz bunu belə qəbul edirik. Bu açıq şəkildə Azərbaycanın maraqlarına zidd olan bir siyasətdir. Azərbaycan dövləti öz siyasətində adekvat addımlar atır və atacaqdır. Ümumiyyətlə, qondarma erməni soyqırımı ilə bağlı cəfəng iddialar göstərir ki, regionda bir qayda olaraq qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırma səyləri də səmimiyyətdən tamamilə uzaqdır. Əksinə, rəsmi Ankaranın Azərbaycanın maraqları əleyhinə hansısa qərar qəbul etməməsindən daha da qıcıqlanan erməni lobbisi müəyyən aparıcı dövlətlərin köməyi ilə Türkiyəyə təsir göstərməyə çalışır. Lakin Türkiyə və Azərbaycanın qırılmaz strateji müttəfiqliyi fonunda ermənilərin bu istiqamətdəki məkrli cəhdlərinin də iflasa uğrayacağına heç bir şübhə yoxdur. Dövlət başçısı İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, türk və Azərbaycan diasporlarının son illərdəki birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır. Zaman keçdikcə, bədnam qonşularımızın soyqırım iddialarının məkrli və qərəzli kampaniya olduğunu daha çox dövlət başa düşür, ermənilərin saxta göz yaşlarına inanmırlar.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2010.- 24 aprel.- S. 3.