Ermənistan Sürix protokollarının ratifikasiyasını dayandırmaqla özünü ifşa etdi

 

Azərbaycan - Türkiyə dostluğu bütün təzyiqlərə şərəflə davam gətirdi

 

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşdən sonra bildirdilər ki, görüş konstruktiv məcrada keçmişdir. Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke Azərbaycan Prezidentinin beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini birmənalı olaraq xüsusi qeyd etmişdir: “Mən həmişə olduğu kimi, Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə səy göstərməsinin şahidi oldum”.

 

Son aylar baş verən hadisələrin fonunda ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mark C. Tonerin fikirləri də diqqətçəkəndir: “Azərbaycan - ABŞ münasibətlərində soyuqlaşma getmir və Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar uzun müddətdir ki, Azərbaycan və Ermənistanla birlikdə münaqişənin tezliklə həlli istiqamətində hər cür səy göstərir”.

Toner ABŞ-ın bu regiondakı müttəfiqi Türkiyənin də mövqeyinə toxunmağı yaddan çıxarmır: “Türkiyə bu regionda bizim güclü tərəfdaşımız və müttəfiqimizdir. Biz əminik ki, bu ölkə regionda konstruktiv rol oynayır. Əhməd Davudoğlu ilə Hillari Klintonun görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri və Minsk prosesi müzakirə olundu. Regionda bizim əsas məqsədimiz Türkiyə-Ermənistan və Azərbaycan - Ermənistan münasibətlərinin nizamlanmasıdır. Biz bu məqsədə çatmaq üçün öz üzərimizə öhdəlik götürmüşük”.

Çox gözəl, cənab Toner! Bəs, Birləşmiş Ştatlar regionda sülhün, əmin-amanlığın, haqqın-ədalətin bərqərar olması istiqamətində hansı addımlar atır? Çox uzağa getməyək və cəmi ikicə misal çəkək. Dağlıq Qarabağ məsələsi BMT Baş Məclisinin müzakirəsinə çıxarılanda Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa, nədənsə, təcavüzkar Ermənistana işğalçısan deməkdən yayındılar. Əgər, siz Ermənistanın işğalçı, Azərbaycanın təcavüzün qurbanı olduğunu deməkdən boyun qaçırırsınızsa, onda sizin münaqişənin həllində ədalətli arbitr, vasitəçi rolunu yerinə yetirəcəyinizə inanmaq olmaz. Əgər, siz Türkiyənin regionda sizin ən güclü müttəfiqiniz olduğunu bəyan edirsinizsə, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nədən qondarma erməni soyqırımı haqqında ədalətsiz, reallıqla heç bir əlaqəsi olmayan qətnamə çıxarır? Bəlkə siz müttəfiqlərinizə dostluğunuzu və etimadınızı belə qətnamələrlə ishar edirsiniz? Nədən siz ermənilər Xocalı qətliamını törədəndə müəmmalı şəkildə susdunuz? Sizin “ədalətli mövqeyinizi” biz 1992-ci ildə təcavüzün qurbanı olan Azərbaycana qarşı sanksiya tətbiq etdiyiniz və dövlət yardımını qadağan etdiyiniz (“Azadlığa dəstək aktı”na 907-ci əlavə) zaman da yetərincə gördük.

Dünənə qədər Birləşmiş Ştatlar Türkiyəyə təzyiq göstərirdi ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirməsin və Ermənistanla münasibətləri normallaşdırsın, sərhədləri açsın, Sürix protokollarını ratifikasiya etsin. Məhz ABŞ-ın və bəzi Qərb dövlətlərinin ədalətsiz mövqeyinin, ikili standartlardan çıxış etməsinin, işğalçı Ermənistanı dəstəkləməsinin nəticəsidir ki, Ermənistan bütün regionda sülhün və təhlükəsizliyin düşməni olaraq qalır, işğalçılıq siyasətini davam etdirir.

Vasitəçilərin və beynəlxalq təşkilatların ədalətsiz mövqeyindən ruhlanan işğalçı Ermənistan aprelin 22-də beynəlxalq hüquq normaları ilə bir araya sığmayan daha bir addım atdı. Ermənistan prezidenti Serj Sarkisyan bəyan etdi ki, onun ölkəsi Sürix protokollarının parlamentdə ratifikasiyasını dayandırır. Beləliklə, Ermənistan, özünü də, himayədarlarını da beynəlxalq aləmdə ifşa etdi.

Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi beynəlxalq aləmin diqqət mərkəzindədir. Münaqişə tərəfi olan ölkə prezidentlərinin görüşündə, istərsə də Azərbaycan Prezidentinin keçirdiyi digər rəsmi görüşlər zamanı problemin aradan qaldırılmasında dövlətimizin mövqeyi qəti və birmənalı olmuşdur. Dövlətimizin başçısı qətiyyətlə bildirib ki, bu münaqişə öz həllini ancaq beynəlxalq hüquq normaları əsasında tapa bilər. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalı, Azərbaycan vətəndaşları—qaçqınlar, məcburi köçkünlər öz doğma ata-baba yurdlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər. Bu da təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Ermənistan isə qeyri-konstruktiv mövqeyindən əl çəkmir, münaqişənin nizamlanması istiqamətində elə şərtlər irəli sürür ki, bununla razılaşmaq barədə söhbət belə gedə bilməz. İşğalçı ölkənin prezidenti Serj Sarkisyan isə bu gün dediyini sabah danmaqla, verdiyi vədi heç üstündən bir neçə saat keçməmiş inkar etməklə həm öz ölkəsində, həm də beynəlxalq aləmdə qeyri-ciddi şəxs imici formalaşdırıb.

ATƏT-in Minsk qrupu tərəfindən Madrid prinsiplərinin yeniləşdirilmiş variantı təqdim olunanda Ermənistan prezidentinin qeyri-ciddiliyi bir daha aydın oldu. Azərbaycan bəzi istisnalar olmaqla bu variantı qəbul etdi. Ermənistan isə yenə də Minsk qrupunun həmsədrlərinə hörmətsizlik göstərdi. Təəccüblüdür ki, Minsk qrupunun həmsədrləri işğalçı dövlətin prezidentinin bu hörmətsizliyinə, onlara qarşı etinasızlığına yenə də dözürlər. Əslində burada elə bir qəribəlik yoxdur. Çünki iyirmi ilə yaxındır ki, münaqişənin nizamlanması istiqamətində heç bir irəliləyişə nail ola bilməməsi, çox vaxt da ikili standartlardan çıxış etməsi, haqqı qoyub nahaqqı dəstəkləməsi bu quruma olan inamı heçə endirib. Kimsə bu qurumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hansısa uğura imza atacağına inanmır. Əgər həmsədr ölkələrdən biri işğalçı dövləti dəstəkləyirsə, bu dövlətin prezidenti ilə separat danışıqlar aparırsa, ona maliyyə yardımı göstərirsə, bu zaman hansı obyektivlikdən, hansı reallıqlardan, inamdan, etibardan söhbət açmaq olar? Sərhədlərin açılmasına və diplomatik əlaqələrin qurulmasına dair, Ermənistanla Türkiyə arasında Sürixdə protokollar imzalananda Azərbaycan Prezidenti öz etirazını bildirdi və qəti olaraq vurğuladı ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə bu ölkə ilə hər hansı bir əməkdaşlıq qeyri-mümkündür. Çünki Ermənistan işğalçılıq missiyasını davam etdirməklə regionda təhlükə mənbəyinə çevrilir. Ona görə də bütün layihələrdən kənarda qalıb və qalacaq.

Türkiyə 1993-cü ildə Ermənistanla sərhədləri bağlayanda da əsas səbəb kimi Dağlıq Qarabağ münaqişəsini, Azərbaycan ərazilərinin işğal edilməsini, Ermənistanın Türkiyəyə qarşı ərazi və uydurma soyqırımı iddiasının geri götürülməsi məsələsini göstərmişdir. Məgər indi bu problemlər aradan qaldırılıbmı ki, Türkiyə-Ermənistan sərhədləri açılsın və iki ölkə arasında diplomatik əlaqələr bərpa edilsin? Həm Azərbaycan, həm də Türkiyə tərəfi eyni mövqe nümayiş etdirdi: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində mühüm irəliləyiş əldə edilməsə, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməsə, Türkiyəyə qarşı apardığı ərazi və qondarma “erməni soyqırımı” iddiasından əl çəkməzsə və Azərbaycanın milli maraqları nəzərə alınmazsa, Cənubi Qafqazda süni şəkildə tətbiq edilən hər hansı nizamlama prosesi əhəmiyyətsiz olacaq. Qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da Amerikada bu ölkənin Prezidenti Barak Obama ilə keçirdiyi görüşdə qəti olaraq bildirdi ki, Ermənistanla sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından keçir. Öz növbəsində Azərbaycan tərəfi də həmişə Türkiyənin yanında olmuş, protokolların imzalanması zamanı qardaş ölkəyə təzyiqlər göstəriləndə, həmçinin yüksək səviyyəli beynəlxalq tədbirlərdə Azərbaycan həmişə Türkiyəni dəstəkləmiş və hər iki tərəfin nümayəndələri eyni mövqedən çıxış etmişlər. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri yüksək səviyədədir və sarsılmazdır. Azərbaycanın və Türkiyənin milli maraqlarını hər şeydən yüksəkdə tutan Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkəyə təzyiqlər göstərilən zaman və işğalçı Ermənistana qarşı tərəfkeşlik ediləndə də sarsılmaz siyasi iradə və qətiyyət nümayiş etdirmiş, ciddi etirazını bildirmişdir. Dövlətimizin başçısı əsl siyasi liderə xas olan iradə, uzaqgörənlik nümayiş etdirməklə dövlətimizin mənafelərinə zidd siyasətin həyata keçirilməsinə imkan vermədi. Azərbyacan Prezidentinin Türkiyəyə səfərdən və ABŞ Prezidenti Barak Obama ilə görüşdən imtina etməsi bunun əyani sübutudur. Bu, dövlətimizin başçısının öz iradəsini reallaşdırmaq üçün yüksək siyasi potensiala malik olduğunu bir daha təsdiqlədi. Həmçinin Ermənistan-Türkiyə sərhədlərinin açılmasında da qardaş ölkəyə təzyiqlər olunması kəskin pislənildi. Prezident İlham Əliyev aprelin 14-də Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında qətiyyətlə demişdir: “Nə üçün məhz Türkiyə-Ermənistan sərhədləri açılsın və Ermənistana elə bil ki, nəfəs gəlsin?... Heç şeydən xəbəri olmayan, bölgədə gedən proseslərdən xəbəri olmayan tərəflər təzyiqlə, şantajla, qara yaxmaqla nəyə nail olmaq istəyirlər? Biz bunu belə qəbul edirik. Bu açıq şəkildə Azərbaycanın maraqlarına zidd olan bir siyasətdir. Azərbaycan dövləti öz siyasətində adekvat addımlar atır və atacaqdır”.

Qardaş Türkiyə ona göstərilən bütün təzyiqlərə ləyaqətlə davam gətirdi və Azərbaycanın milli maraqlarının onun üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirdi. Bəs Ermənistan tərəfi özünü necə göstərdi? Bu dəfə də Minsk qrupunun həmsədrlərinə, xüsusilə bu ölkənin nazı ilə oynayan ABŞ-a qarşı saymamazlıq etdi. Nəyə görə Ermənistan prezidenti S.Sarkisyan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını, diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan Sürix protokollarının parlamentdə ratifikasiyasının dayandırıldığını bəyan etdi. Ermənistan nəyə görə özünü və öz ağalarını ifşa etdi? Axı bu protokolların imzalanması üçün məlum dövlətlər çox fəallıq göstərirdilər. Bəli, Ermənistan prezidenti bu bəyanatı ilə nə qədər qeyri-ciddi, bu ölkənin isə oyuncaq olduğunu, böyük dövlətlərin əlində alətə çevrildiyini yenidən təsdiqlədi.

Hadisələrin gedişi bir daha göstərir ki, Azərbaycan—Türkiyə dostluq və qardaşlıq əlaqələri sarsılmazdır. Azərbaycan Prezidenti öz düşünülmüş siyasi gedişləri ilə bir daha sübut etdi ki, onun üçün ölkənin milli maraqları hər şeydən üstündür və müstəqil dövlətimizin mənafelərinə zidd siyasətin həyata keçirilməsinə heç zaman imkan verməyəcək. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəlincə isə bu, yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində mümkündür. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycanın torpağı olaraq qalacaq.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 24 aprel.- S. 2.