Binəqədidə Çernobıl əlillərinə
maddi yardım edilmişdir
Dünən Binəqədi
Rayon İcra Hakimiyyəti aparatında Çernobıl qəzasının
24-cü ildönümü ilə əlaqədar tədbir
keçirilmişdir. Rayon icra hakimiyyətinin
başçısı Alı Qocayev bildirmişdir ki,
1986-cı il aprelin 26-da Çernobıl AES-in 4-cü blokunda
baş verən qəza bəşəriyyət
üçün böyük təhlükə idi. Elə buna
görə də o dövrdə Sov.İKP MK Siyasi Bürosunda
keçirilən iclasda dahi şəxsiyyət Heydər Əliyev
faciə barədə dərhal rəsmi və dolğun məlumat
verilməsini tələb etmiş, qəzanın aradan
qaldırılması məqsədilə görülən
işlərin aşkarlıq şəraitində
aparılmasının vacibliyini vurğulamışdır. Ulu
öndərimiz göstərmişdir ki, yalnız bu yolla və
beynəlxalq yardım vasitəsilə qəzanın zərərini
azaltmaq və nəticələrini aradan qaldırmaq
mümkündür. Dahi Heydər Əliyev o vaxtkı SSRİ
rəhbərliyində olan şəxslər arasında yeganə
insan idi ki, fəlakətin miqyasını dəqiq,
düzgün dərk etmiş, onunla mübarizə
üçün nə etmək lazım olduğunu konkret
bildirmişdir.
Natiq
çıxışında göstərmişdir ki, Çernobıl
qəzasının nəticələrinin aradan
qaldırılması məqsədilə yaradılan fövqəladə
komissiyanın sədri Heydər Əliyev bu dövrdə də
nə qədər uzaqgörən, müdrik, səriştəli
olduğunu nümayiş etdirmişdir. Fəlakət bölgəsində
xilasetmə işləri başlayan andan dahi öndərimiz bu
mürəkkəb problemin həllində əsl fədakarlıq,
yüksək rəhbərlik qabiliyyəti göstərmişdir.
Ulu öndərimiz Heydər
Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun
tapşırığı ilə
çernobılçılara diqqət artırıldı.
Milli Məclisdə müvafiq qanun qəbul edildi və həmin
qanun ölkə Prezidenti tərəfindən 1993-cü il
dekabrın 6-da imzalandı.
Başçı
çıxışında daha sonra bildirmişdir ki, həmin
vaxtdan ötən dövrdə respublikamızda
çırnobılçılara dövlət səviyyəsində
qayğı göstərilir. Onların sosial problemlərinin həllində
ardıcıl tədbirlər reallaşdırılır.
Tədbirdə Azərbaycan
“Çernobıl” Əlillər İttifaqının Binəqədi
rayon şöbəsinin sədri Məhərrəm Ağayev
çıxışında çernobılçılara
göstərilən dövlət qayğısından, əlillərin
himayə edilməsindən, cəmiyyətin isti münasibəti
ilə əhatə olunmalarından, maddi problemlərinin həllinə
həssaslıqla yanaşılmasından ətraflı
danışmışdır.
Tədbirin sonunda
M.Ağayevə rayon icra hakimiyyətinin fəxri fərmanı
təqdim olunmuş, eyni zamanda bir qrup
çernobılçıya maddi yardım edilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 27 aprel.- S. 7.