Məktəblə mətbuatın
əməkdaşlığı cəmiyyətin xeyrinədir
Bildiyiniz kimi, məktəb gənc
nəslin təlim-tərbiyəsi ilə məşğuldur, mətbuat
isə ictimai fikri formalaşdırır. Bunların hər
biri cəmiyyətin çox mühüm dayaqlarıdır.
Ölkəmizdə vətəndaş cəmiyyəti
quruculuğu üçün mətbuatın hər bir təhsil
müəssisəsi ilə sıx əməkdaşlığı
çox vacibdir. Bu əlaqələr obyektiv və qərəzsiz
olanda, tərəflər bir-birinə hörmət, inam, etibar
bəsləyəndə, təbii ki, bunun cəmiyyətimizin tərəqqisinə
faydası olur.
Son vaxtlar yaxşı
ki, bu iki mühüm qurum arasında münasibətlərin
qurulması, mövcud əlaqələrin daha da təkmilləşdirilməsi
istiqamətində ciddi işlər görülür. Buna
bariz nümunə olaraq bu günlərdə Azərbaycan Mətbuat
Şurası və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin birgə təşkilatçılığı
ilə paytaxtımızdakı 60 nömrəli məktəbdə
keçirilən “Təhsil müəssisəsi və media:
qarşılıqlı münasibətlər” adlanan dəyirmi
masanı göstərmək olar.
Dəyirmi masada belə
bir fikir təkrar-təkrar vurğulandı ki, bu gün məktəb
və mətbuat saf, xeyirxah niyyətlər əsasında birgə
əməkdaşlıq etməyə borcludurlar. Fikrimcə,
burada qaldırılan bir çox dəyərli təkliflərin
həyata keçirilməsi təhsil müəssisələri
ilə mətbuatın əlaqələrini gücləndirə
bilər. Məsələn, orta məktəblərdə “mətbuat
əlaqələndiricisi” ictimai vəzifəsininin təyin
edilməsi, mətbuat mövzusunda yazılan məqalələrin
müsabiqəsinin təşkil edilməsi, belə tədbirlərin
tək paytaxtda deyil, bölgələrdə də təşkil
edilməsi və başqa təkliflər irəli
sürüldü ki, bunların ümumi işimizə xeyir gətirəcəyinə
inanıram.
Tədbirdə mövzu
ilə bağlı çox səmimi və
inandırıcı arqumentlərlə çıxış
edən təhsil naziri, professor Misir Mərdanov haqlı olaraq
bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin
böyük diqqət və qayğısı nəticəsində
milli təhsilimiz son illər sürətli inkişaf yolu
keçir. Hörmətli nazirin fikrincə, indiki mərhələdə
təhsilin qarşısında duran əsas vəzifə məktəbin
və müəllimin cəmiyyətdəki nüfuzunun
qorunmasıdır. Bu istiqamətdə, təbii ki, media əvəzsiz
rol oynaya bilər.
Təhsildəki uğur
və problemlərin, nöqsan və çətinliklərin
obyektiv və qərəzsiz
işıqlandırılmasının vacibliyini tədbirdə
çıxış edən digər natiqlər də təsdiq
etdilər. Bəli, təhsil sistemi mətbuatın üzünə
açıqdır. Təhsil müəssisələrinin rəhbərləri
təhsilimizin mövcud vəziyyəti, inkişaf istiqamətləri,
üzləşdiyi qayğı və problemlər, eləcə
də çətinliklər barədə ictimai maraq
doğuran hər bir informasiyanı mətbuat orqanları vasitəsilə
cəmiyyətin müzakirəsinə təqdim etməyə
hazırdır.
Mətbuat təhsil
problemlərinin həllinə həsr olunan ciddi
araşdırmaların məhsulu olan analitik yazılarla da məktəbə
kömək edə bilər. Milli təhsilimizdə aparılan
uğurlu islahatlardan, tədris prosesindəki qabaqcıl təcrübədən,
gənc nəslin təlim-tərbiyəsi üçün fədakarcasına
çalışan pedaqoqlarımızdan yazan jurnalistlər
insafən az deyil. Lakin bəzi müxalifət və reket qəzetlərin
yazarlarının Azərbaycan məktəbinin aşkar
uğurlarını görməzliyə qoyub təhsilimizin
ünvanına daim böhtanlar yağdırması yalnız
hiddət doğurur. Başa düşmək lazımdır
ki, təhsil çox həssas sahədir, reket və müxalifət
qəzetlərində məktəbin, onun direktorunun, müavinlərinin,
eləcə də pedaqoqların ünvanına söylənilən
haqsız, qərəzli tənqid təkcə həqiqəti təhrif
etmir, həm də həmin mətbuat orqanını hörmətdən
salır.
Biz
özümüzü konstruktiv və obyektiv tənqiddən də
sığortalamaq fikrində deyilik. Təlim və tədris
prosesində müəyyən səhv və nöqsanların
da olduğunu heç kəs inkar etmir. İş olan yerdə
səhvlər də olur. Əsas odur ki, tənqid həqiqətən
təhsilimizin inkişafına xidmət etsin, nöqsanların
aradan qaldırılmasına, bir daha təkrar olunmamasına
kömək etsin. Nə yaxşı ki, tədbirdə bu məsələlərə
də toxunuldu. Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov reket qəzetlərin əməkdaşlarını
məktəbə buraxmamağı tövsiyə etdi. O, həmçinin
rəhbərlik etdiyi qurum tərəfindən təhsil müəssisələrinə
vaxtaşırı olaraq reket qəzet və jurnalların
siyahısını təqdim etməyi vəd etdi. Belə qətiyyətli
addımların atılmasına həqiqətən ehtiyac
yaranıb. Doğrudan da, bu gün məktəbi, müəllimi
haqsız tənqid və şantajlardan qorumaq lazımdır.
Bu məqamda Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin təhsilə verdiyi çox qiymətli sözləri xatırlatmağı özümə borc bilirəm. Ulu öndər demişdir : “Təhsil nə sənayedir, nə ticarətdir, nə də kənd təsərrüfatıdır. O cəmiyyətimizin intellektual səviyyəsini əhatə edən fəaliyyət sahəsidir. Təhsil sisteminə çox diqqətlə yanaşılmalıdır. Bu sitemə münasibət də çox həssas olmalıdır”.
Xüsusi qürur hissi ilə qeyd edim ki, 2002-ci ilin 2 senyabr günü bizim məktəbin həyatında olduqca əlamətdar bir hadisə baş vermişdir. Həmin gün ümummilli liderimiz Heydər Əliyev məktəbimizdə olmuş, şagird və müəllim kollektivi ilə görüşmüş və onların qarşısında dərin məzmunlu çıxış etmişdir. Dahi siyasətçi Heydər Əliyevin təhsillə bağlı tövsiyələrini biz öz gündəlik fəaliyyətimizdə daim rəhbər tuturuq. Yeri gəlmişkən, ümummilli liderin anadan olmasının 87-ci ildönümü ərəfəsində “Ulu öndər və Azərbaycan məktəbi” mövzusunda geniş tədbir keçirməyə hazırlaşırıq. Bu mühüm tədbirə məktəbin pedaqoji kollektivi ilə bərabər şagirdlərimiz də çox böyük həvəslə hazırlaşırlar.
İndi isə məktəbimizin son uğurları barədə qısa da olsa məlumat vermək istəyirəm. Hazırda burada təhsil alan 1662 şagirdin təlim-tərbiyəsi ilə 244 müəllim məşğul olur. Məktəbin şagirdləri müntəzəm olaraq məktəblilərin fənn olimpiadalarının rayon və respublika mərhələlərində yüksək yerlər tuturlar. Bütün fənlər üzrə məktəbin göstəriciləri TQDK tərəfindən keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, orta respublika səviyyəsindən yüksək olmuşdur. 2008-2009-cu tədris ilində məktəbi XI siniflər üzrə 185 nəfər məzun bitirmişdir. Onlardan ali məktəblərə 165 məzun sənəd vermiş, 82 nəfər ali məktəbə qəbul olunmuşdur. Məzunlardan iki nəfəri Nərgiz Hüseynova və Gülsurə Əhmədzadə fərqlənmə attestatı ilə orta məktəbi bitirərək hər ikisi ATU-ya daxil olmuş, N.Hüseynova Prezident təqaüdünə layiq görülmüşdür.
Məktəbin uğurlarında fəadakar, təcrübəli müəllimlərin zəhməti çoxdur. Riyaziyyat müəllimi, əməkdar müəllim Şahab İsayevin, dil-ədəbiyyat müəllimi Pərvanə Qulamovanın , rus bölməsində çalışan ibtidai sinif müəllimi Valentina Qaydamakinanın və başqalarının səyləri nəticəsində məktəbimiz ötən il “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinə təqdim olunmuş və qalib olmuşdur.
Məktəbimiz 1993-cü ildə Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş məzunumuz Ələkbər Eyvazovun adını daşıyır. Məktəbin foyesində onun şanlı döyüş yoluna həsr olunmuş gözəl guşə yaradılıb. Orada daim tər çiçəklər, güllər düzülür. Lap bu yaxınların söhbətidir: Şəhidin anası Əminə xala Novruz bayramı ərəfəsində oğlunun adına səməni gətirmişdi. Ağbirçək ana bizim orada Ələkbərin adına qoyduğumuz gözəl xonçanı görüb kövrəldi. Hamımız, bu görüşdə iştirak edən uşaqlar da çox təsirləndilər. Belə görüşlər uşaqların yaddaşında dərin iz qoyur.
Bu hadisəni ona görə qeyd edirəm ki, mətbuat məktəblərdə hərbi-vətənpərvərlik mövzusuna da diqqəti artırmalıdır. Axı bizim Qarabağımız hələ də düşmən pəncəsindədir. Savadlı, bilikli, vətənpərvər oğullar tərbiyə etmək məktəblə bərabər ailənin, bütün cəmiyyətin vəzifəsidir. Bu istiqamətdə də məktəblə mətbuatın faydalı əməkdaşlığı vacibdir.
Sözümün məğzi odur ki, bu gün hər bir pedaqoq, eləcə də hər bir jurnalist özündə əsl vətəndaşlıq təəssübkeşliyi hiss edərək cəmiyyətimizin tərəqqisi üçün əlindən gələni etməyə borcludur. Məqsəd və əqidə birliyi olanda problemləri birgə səylərlə həll edərək irəli getmək də asan olur.
Elmira İSMAYILOVA,
275 nömrəli məktəbin
direktoru,
pedaqoji elmlər namizədi
Xalq qəzeti.- 2010.- 28 aprel.- S. 8.