Zəngilanlılar birinci
rübün yekunlarını müzakirə etmişlər
Ölkə Prezidenti İlham Əliyevin Nazirlər
Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr
olunmuş iclasındakı çıxışından irəli
gələn vəzifələrlə bağlı Zəngilan
Rayon İcra Hakimiyyətinin geniş şura iclası
keçirilmişdir. Yığıncaqda ilin əvvəlindən
ötən müddətdə əldə olunmuş
uğurlar, qarşıda duran vəzifələr geniş
müzakirə olunmuş, yeni istiqamətlər müəyyənləşdirilmişdir.
Rayon icra hakimiyyətinin
başçısı Vəli Quliyev bildirmişdir ki, əsası
ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
sosial-iqtisadi strategiyanı yeni mərhələdə inamla və
uğurla davam etdirən dövlət başçısı cənab
İlham Əliyev prezidentlik dövründə regionların
tarazlı və davamlı inkişafı, işsizlik probleminin
aradan qaldırılması, əhalinin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətlərində bir sıra
mühüm addımlar atmışdır. Cənab İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət
nəticəsində Azərbaycan dünyanın inkişaf
etmiş dövlətləri sırasına
çıxmışdır. Hazırda iqtisadiyyatın sürət
tempinə görə, respublikamız təkcə regionda deyil,
dünyada lider dövlətdir. Müstəqil dövlətimizin
iqtisadiyyatı dünya iqtisadiyyatına uğurla inteqrasiya
edir. Qlobal maliyyə böhranının törətdiyi fəsadlar,
çətinliklər dünyada hələ də tam aradan
qaldırılmasa da, Azərbaycan öz iqtisadi inkişaf
tempini qoruyub saxlamışdır.
Başçı həmçinin vurğulamışdır ki, Azərbaycan Prezidentinin fəaliyyətinin üstün cəhətlərindən biri də imzaladığı fərman və sərəncamların icrasını şəxsi nəzarətdə saxlaması, verdiyi tapşırıqlara xüsusi tələbkarlıqla yanaşmasıdır. Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasının gedişi, yeni iş yerlərinin açılması ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi, ümumiyyətlə, bölgələrdəki vəziyyətlə tanışlıq məqsədilə respublikanın əksər rayon və şəhərlərinə səfərlər etməsi bunu bir daha təsdiqləyir. Bu səfərlərin nəticəsi kimi regionlarda böyük canlanma yaranmış, abadlıq, tikinti və quruculuq işləri geniş vüsət almışdır.
Natiq çıxışında diqqəti Azərbaycanın əldə etdiyi uğurlara yönəldərkən dövlət başçısının nitqindən bir məqamı da xatırlatmışdır: “Azərbaycanın uğuru ondan ibarətdir ki, 2004-2009-cu illərdə iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Bunun üzərində əlavə iqtisadi artıma nail olmaq bir daha göstərir ki, apardığımız siyasi, iqtisadi və sosial islahatlar öz nəticələrini verməkdədir. İlin birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır. Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil etmişdir ki, bu da öz növbəsində, sosial məsələlərin həlli üçün bizə əlavə imkanlar yaradır. Demək olar ki, qiymət artımı çox az səviyyədədir. Nəzərə alsaq ki, əhalinin pul gəlirləri artır, — bunun ən gözəl göstəricisi banklara qoyulan əmanətlərin 30 faizdən çox artmasıdır, – görərik ki, inflyasiyanın bu aşağı səviyyədə saxlanması insanların rifah halına mənfi təsir göstərmir”.
Natiq çıxışında bildirmişdir ki, respublikamızda, o cümlədən, Zəngilan rayonunun həyatında sosial-mənəvi və siyasi məsələləri əks etdirən strateji bir sənəd olmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 14 aprel 2009-cu il tarixli fərmanı xüsusi əhəmiyyət kəsb etmişdir. Sözügedən fərmanın icrası ilə əlaqədar təsdiq edilmiş iş planına əsasən həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlərin iş yerləri ilə təmin edilməsində mühüm addımlar atılmışdır. Ümumiyyətlə, son üç ildə 700-ə yaxın məcburi köçkün yeni iş yeri ilə təmin olunmuşdur.
Başçı çıxışında bir mühüm məqamı da vurğulamışdır. Bildirmişdir ki, ölkə Prezidentinin “2009-2015-ci illərdə əhalinin ərzaq məhsullarına etibarlı təminatına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 25 avqust 2008-ci il tarixli sərəncamında qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər hazırda da davam etdirilir. Öz vəzifələrini bu sərəncamın müddəaları baxımından hərtərəfli təhlil edən rayon icra hakimiyyəti fəaliyyətdə olan kənd təsərrüfatı müəssisələrinin rentabelli işləmələri üçün onlara mümkün olan bütün köməklikləri göstərir.
Rayon icra hakimiyyəti keçən il olduğu kimi, cari ilin birinci rübündə də məcburi köçkünlərin fərdi təsərrüfatlarının genişləndirilməsini və inkişaf etdirilməsini öz gündəlik fəaliyyətinin əsası hesab etməklə onlara lazımi köməkliklər göstərmişdir.
İclasda vurğulanmışdır ki, rayon icra hakimiyyətinin başçısı sözügedən dövrdə 12 yaşayış məntəqəsində (12 şəhər və rayonda) səyyar qəbullar keçirmişdir. Bu görüşlərdə 473 nəfər iştirak etmiş, 38 müxtəlif xarakterli təklif, müraciət və şikayətlər səslənmişdir. Onlardan 55 faizini təhsil, mənzil verilməsi, mənzil tikintisi üçün torpaq verilməsi sahəsi ayrılması, məcburi köçkünlərin məskunlaşdıqları binaların təmiri, 13 faizini sosial obyektlərin kommunal təchizatı, təmiri, asfalt yolların çəkilişi, ünvanlı sosial yardım verilməsi, 26,3 faizini maddi yardım verilməsi və 5,4 faizini digər xarakterli məsələlər təşkil etmişdir. Həmçinin, 2010-cu ilin birinci rübündə səyyar qəbullar vaxtı qaldırılan məsələlərdən 13-ü müsbət həll edilmiş, 2-si haqqında müvafiq tədbir görülmüş, 23-ü haqqında aidiyyəti üzrə məsələ qaldırılaraq müvafiq orqanlara məktublar göndərilmiş və nəzarətdə saxlanılmışdır.
Möhtərəm dövlət başçımızın məcburi köçkünlərə qayğısının bariz nümunəsi olan Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində aparılan böyük işlər nəticəsində ağır şəraitdə yaşayan bir çox məcburi köçkün ailələrinin mənzil şəraitləri yaxşılaşdırılmış, demək olar ki, mənzil problemləri həll edilmişdir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə diqqət artırılmışdır. Nərimanov rayonu ərazisində yarımçıq binada və şəraitsiz otaqlarda məskunlaşan 49 ailə lazımi şəraitlə təmin edilmiş, yeni mənzillərə köçürülmüş, 260 şagird yeri olan yeni tipli məktəb binası tikilib məcburi köçkün uşaqların istifadəsinə verilmişdir.
İclasda qeyd edilmişdir ki, rayon üzrə birinci rübdə 5141 nəfər pensiyaçıya xidmət göstərilmişdir. Sosial Müdafiəyə ehtiyacı olan bu təbəqənin pensiya və müavinətləri plastik kart vasitəsilə vaxtında ödənilir, bu sahədə heç bir problem yoxdur. Bundan başqa, 238 ailə ünvanlı sosial yardıma cəlb edilmişdir. Rayon icra hakimiyyəti başçısının xeyriyyə fondundan 112 nəfər məcburi köçkünə 3130 manat məbləğində maddi yardım göstərilmişdir.
Rayonun kənd təsərrüfatı sahəsində də uğurlar əldə edilmişdir. 2010-cu təsərrüfat ili üçün 242,87 hektar taxıl əkini aparılmışdır. Birinci rübdə rayon üzrə məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artıq olmaqla 78,4 min manat təşkil etmiş, mal-qaranın və ev quşlarının sayı əvvəlki ilə nisbətən artmışdır.
Natiq xatırlatmışdır ki, ölkə Prezidenti tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə bağlı rayon icra hakimiyyətinin geniş şura yığıncağında bu məsələ ətraflı müzakirə olunmuş, tədbirlər planı hazırlanmış, yaz və payız mövsümündə ağac əkini üçün yerlər müəyyənləşdirilmişdir. Ötən ilin yaz-payız mövsümündə məcburi köçkün ailələrin məskunlaşdıqları Sabirabad rayonu ərazisində yerləşən yeni qəsəbənin daxilində və qəsəbəyə gedən yolun kənarlarında, habelə Pirşağı qəsəbəsində, ərazi baxımından kütləvi məskunlaşma yerlərinin həyətlərində zeytun, meyvə və şam ağaclarının əkini aparılmışdır. Bu iş 2010-cu ilin I rübündə də davam etdirilmiş, 2,42 hektar sahədə 2301 ədəd ağac əkilmişdir. Tədbirlər planında nəzərdə tutulduğu kimi, əkilmiş ağaclara qulluq göstərilməsi və becərilməsi aidiyyəti üzrə müvafiq adamlara və təşkilatlara həvalə edilmişdir.
İclasda göstərilmişdir ki, Pirşağı yaxınlığında salınmış yeni qəsəbədə məskunlaşan 39 ailə tərəfindən onlara yaradılan şəraitə, “Ekologiya ili” ilə əlaqədar qəsəbənin ərazisində aparılan ağac əkini ilə bağlı abadlıq işlərinə görə sakinlər möhtərəm Prezidentə müraciət edərək minnətdarlıqlarını bildirməklə “ekologiya ili”ndə daha fəal iştirak edəcəklərini bildirmişlər.
İclasda rayonun əlaqədar qurumlarının rəhbərləri də başçılıq etdikləri sahələrin fəaliyyəti barədə hesabat vermişlər.
Yığıncaqda vurğulanmışdır ki, zəngilanlılar ilin qalan dövrü ərzində də imkan və səylərini rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına səfərbər edəcək, ölkə Prezidenti cənab İlham Əliyevin zəngilanlılara, eləcə də məcburi köçkünlərə diqqət və qayğısına əməli işləri ilə cavab verəcəklər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 28 aprel.- S. 5.