Laçınlılar
qarşıda duran vəzifələri yerinə yetirmək
üçün səfərbər olurlar
Laçın Rayon İcra Hakimiyyətinin
geniş şura iclasında Prezident İlham Əliyevin Nazirlər
Kabinetinin ilin birinci rübünün yekunlarına və
qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunmuş yığıncağında
çıxışından irəli gələn məsələlər
diqqət mərkəzində oldu. Rayon icra hakimiyyətinin
başçısı Ramiz Cəbrayılovun hesabat məruzəsində
ilin birinci rübündə ölkəmizdə
qazanılmış uğurlara, həllini gözləyən
problemlərə münasibət bildirildi. Başçı
qeyd etdi ki, mühüm dövlət proqramlarının
ardıcıl yerinə yetirilməsi nəticəsində
respublikanın hər yerində olduğu kimi,
laçınlı məcburi köçkünlərin məskunlaşdıqları
ərazilərdə də önə çəkilmiş əksər
vəzifələr uğurla yerinə yetirilmişdir.
Adamların yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində bir
çox tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə Taxtakörpü qəsəbəsi və məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə tikinti-abadlıq işləri davam etdirilmişdir. Taxtakörpü qəsəbəsində şəhidlərin xatirə kompleksinin tikintisi sürətlə davam etdirilmişdir. May ayının əvvəlinə tikinti və ətrafındakı abadlıq işlərinin başa çatdırılması nəzərdə tutulmuşdur. Qəsəbənin girəcəyində 747 kvadratmetr səki aqlay tavalarla üzlənmişdir. Gənclər parkında 200-dək müxtəlif ağac və gül kolları əkilmişdir. Prezident İlham Əliyevin 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan etməsi ilə bağlı rayon sakinlərinin məskunlaşdığı ərazilərdə rüb ərzində 3 minədək ağac əkilmiş və onlara qulluq göstərilməsi ilə bağlı lazımi şərait yaradılmışdır.
Ərazidə məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin həll olunması məqsədilə 2 transformatorda, 5000 metr uzunluğunda elektrik hava xəttində əsaslı, 50-dək müxtəlif güclü transformatorda, 100 kilometr xətdə cari təmir işləri aparılmış, 8 dayaq yenisi ilə əvəz olunmuşdur.
Taxtakörpü ərazisində təsərrüfat suyuna olan təlabatın ödənilməsi məqsədilə 10 nasos, 13 hidrotexniki qurğu əsaslı və cari təmir edilmişdir. 1 kilometr uzunluğunda boru kəmərində qaynaq işləri aparılmış, 10,7 kilometr uzunluğunda kanallar lildən təmizlənmişdir.Ötən ildən ərazidə aparılan meliorasiya işləri davam etdirilir. İçməli su təminatının yaxşılaşdırılması məqsədilə ərazidəki şəbəkələrdə yararsız xətlərin 385 metr hissəsi yenisi ilə əvəz edilmiş və 1450 metrdə təmir işləri aparılmışdır. “Dünyaya baxış” beynəlxalq humanitar təşkilatı ilə aparılmış məqsədyönlü iş nəticəsində Taxtakörpü Su Anbarından Qarakeçdi və Şeylanlı obalarına gedən və magistral su xəttinin yararsız vəziyyətdə olan 5450 metr hissəsinin plastik boru ilə əvəz olunmasına başlanılmışdır.
Prezident İlham Əliyevin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq Taxtakörpü ərazisindəki Alxaslı və Qarakeçdi obalarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılacaqdır. Rayonun 55 saylı Yol İstismar İdarəsi Taxtakörpü — Mais və Taxtakörpü —Alxaslı avtomobil yolunun 19 kilometr hissəsində cari təmir işləri həyata keçirilmiş, daxili yollara 991 kvadratmetr asfalt-beton örtük salınmışdır.
Prezident İlham Əliyevin laçınlı məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq artıq Taxtakörpü qəsəbəsinə təbii qaz çəkilişinə başlanılmış, may ayının 10-dək xəttin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramına əlavələrin 1.8-ci bəndinə uyğun olaraq, Taxtakörpü ərazisində məskunlaşmış məcburi köçkünlər üçün qəsəbələr salınacaq 3137 evin tikintisi üçün 627,4 hektar torpaq sahəsi ayrılmış və layihələndirmə işlərinə başlanılmışdır.
Məruzəçi daha sonra bildirdi ki, 2010-cu ilin I rübü ərzində respublikanın 10 şəhər və rayonundakı 26 yaşayış məntəqəsində rayonumuzun deputatı Sevindik Hətəmovun iştirakı ilə idarə, müəssisə rəhbərləri ilə birgə görüşlər keçirilmiş, 202 nəfər məcburi köçkün qəbul edilmişdir. Qaldırılmış problemlər ciddi nəzarətə götürülmüş və icra hakimiyyəti səviyyəsində problemlər həllini tapmışdır.
Hesabat dövründə məcburi köçkünlərin yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır. Novruz bayramı ərəfəsində Qızıl Aypara Cəmiyyəti Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış 30 nəfər tənha, imkansız və şəhid ailəsinə ərzaq payı vermiş, həmkarlar təşkilatları maddi cəhətdən imkansız 185 ailəyə maddi kömək göstərmişdir. Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin zona şöbəsi 60 nəfər əlilə 1200 manat məbləğində yardım ödəmişdir. Taxtakörpü ərazisindəki 3 mindən çox ailəyə ərzaq yardımı paylanılmışdır.
2010-cu ilin I rübündə 3650 nəfərə əmək pensiyası, 1581 nəfərə sosial müavinət ödənilmiş, 24 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Hazırda orta aylıq məbləğ 94 manat olmaqla 1320 nəfəri əhatə edən 287 ailəyə ünvanlı sosial yardım ödənilir. Rayonun 64580 nəfər məcburi köçkün sakininə yemək xərci müavinətinin vaxtında ödənilməsi təmin edilmişdir. I rübdə yerli vergidaxilolmaları 408172 manat proqnoza qarşı 370421 manat və ya 90,8 faiz yerinə yetirilmişdir. Rayonun yerli xərcləri isə 4,4 milyon manat proqnoza qarşı 3,9 milyon manat və ya 89,7 faiz icra olunmuşdur.
Əhali və fermer təsərrüfatlarında 29089 baş iri, 194093 baş xırda heyvan vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 1902 və 1231 baş çoxdur. Hesabat dövründə 3864 sentner ət, 31887 sentner süd istehsal olunmuşdur. 3095 hektar payız dənliləri səpilmişdir ki, onun da 953 hektarı buğda sahəsidir. Buğda istehsalçılarının istifadə etdikləri yanacaq və motor yağlarına görə kompensasiya ödənişi plastik kartlarla öz sahiblərinə çatdırılmışdır. Aqroservis filialı fermerlərə 70 faiz güzəştlə 125 ton azot gübrəsi paylamışdır.
İlin I rübündə rayonun təhsil, mədəniyyət və səhiyyə sahəsində xeyli işlər görülmüş, müəssisələrinin fəaliyyətində irəliləyişlərə nail olunmuşdur.
Məruzədə daha sonra göstərildi ki, rayonun tarixində ən əlamətdar hadisələrdən biri 2010-cu ilin fevral ayında Möhtərəm Prezident İlham Əliyevin xeyir-duası ilə qocaman təhsil ocağı Minkənd orta məktəbinin 120 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsidir. Yubiley münasibəti ilə ölkə başçısının müvafiq sərəncamları ilə 2 nəfər müəllim “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 nəfər müəllim isə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
Aparılmış uğurlu əməkdaşlıq nəticəsində “Dünyaya baxış” beynəlxalq humanitar təşkilatı Taxtakörpü qəsəbəsində 200 yerlik iki uşaq bağçasının tikintisinə başlamışdır. Həmin bağçaların cari ilin sentyabr ayında fəaliyyətə başlaması istiqamətində müvafiq işlər aparılır. 127 nömrəli texniki peşə məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əmək intizamının gücləndirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Mədəniyyət və turizm şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində də tədbirlər davam etdirilmişdir. Taxtakörpü qəsəbəsindəki Şamkənd uşaq musiqi məktəbinin fəaliyyətində irəliləyişə nail olunmuşdur. Rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə bədii özfəaliyyət kollektivi fəallıq göstərmişdir.
Rüb ərzində mərkəzi xəstəxana rayonun 80 nəfər məcburi köçkün sakininin respublikanın ixtisaslı xəstəxanalarında güzəştli şərtlərlə müayinə və müalicəsini təşkil etmiş, tibb müəssisələri 18150 nəfər xəstəyə ambulator xidmət göstərmişdir. Xəstəxananın qeydiyyatında olan 248 nəfər şəkər, xroniki vərəm və ruhi-əsəb xəstəsi pulsuz dərmanlarla təmin edilmişdir. 2010-cu ilin I rübündə rayonun hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə sahəsində aparılan işlər davam etdirilmiş, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, əhalidə qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının yığılmasında müsbət irəliləyişlərə nail olunmuşdur.
Başçı sonda bildirdi ki, 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, Taxtakörpü ərazisində və laçınlı məcburi köçkünlərin məskunlaşdığı digər ərazilərdə mövcud olan bütün problemlər öyrənilmişdir. Bununla bağlı 14 bənddən ibarət təkliflər İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuşdur. Prezident İlham Əliyevi əmin edirik ki, laçınlılar bundan sonra da qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə çalışacaqlar. Rayonun sosial-iqtisadi inkişafı üçün zəruri və mümkün olan bütün tədbirlər vaxtında həyata keçiriləcək.
Toplantıda çıxış edən Təhsil şöbəsinin müdiri Şahlar Xəlilov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Arif Feyzullayev, Vergilər İdarəsinin rəisi Fariz Zeynalov, “Qayğı” qəsəbəsinin icra nümayəndəsi Yunis Həsənov və digər natiqlər rəhbərlik etdikləri sahələrdə qazanılmış uğurlar və həlli vacib məsələlərdən söz açdılar. Məruzə və çıxışlarda rayonda görülmüş müsbət işlərlə yanaşı, mövcud problem və çatışmamazlıqlar da qeyd olundu. Toplantıda qarşıda duran yeni vəzifələr müəyyən edildi. Tədbirdə Taxtakörpü ərazisində istehlak məhsullarının qiymətinə və keyfiyyətinə nəzarət edəcək ictimai komissiya yaradıldı.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 28 aprel.- S. 5.