Müasir şəraitdə kənd
təsərrüfatı istehsalının intensivləşdirilməsi
problemləri
Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan və keçmiş ittifaq respublikalarında öz
radikallığı ilə seçilən aqrar islahatlar kursu
müsbət nəticələrini vermiş, respublikamızın
kənd təsərrüfatında transformasiya
yönümlü dəyişikliklər başa
çatmışdır. Kənd təsərrüfatında
keçid dövrünün nəticələrinin təhlili
belə qənaətə gəlməyə imkan verir ki, əsas
növ ərzaq məhsulları üzrə özünütəminat
səviyyəsi yüksəldilmiş, məhsul
istehsalının artımı təmin edilmiş, kənd təsərrüfatı
istehsalının strukturunda köklü dəyişikliklər
baş vermişdir.
Ulu öndər Heydər
Əliyev dövlət müstəqilliyi dövründə Azərbaycan
Respublikasının aqrar sahəsinin inkişaf modelini
qurmuş onun layiqli davamçısı cənab İlham Əliyev
isə bu sahənin inkişaf strategiyasını müəyyənləşdirmiş
və uğurla həyata keçirməkdədir. Kənd təsərrüfatına
dövlət yardımının göstərilməsi,
ölkənin ərzaq təminatının
yaxşılaşdırılması istiqamətində son illər
dövlət tərəfindən geniş miqyaslı tədbirlər
həyata keçirilməkdədir. “Kənd təsərrüfatı
əmtəə istehsalçılarına dövlət dəstəyi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar
2007-ci il tarixli sərəncamına müvafiq olaraq artıq 3
ildir ki, kənd təsərrüfatında fəaliyyət
göstərən istehsal vahidlərinə dövlət
büdcəsindən subsidiyaların verilməsi ilə
bağlı uğurlu praktika formalaşmışdır. Bundan
əlavə ölkənin ərzaq təhlükəsizliyinin təmin
edilməsi məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət
Proqramında 2015-ci il üçün dənli bitkilərin əkin
sahələrinin 900 min hektara, məhsuldarlığın 32
sentnerə, istehsalın səviyyəsinin isə 2,8 milyon tona,
ət istehsalının 340 min tona, süd istehsalının
2,4 milyon tona, quş əti istehsalının 80 min tona, yumurta
istehsalının 1,3 milyard ədədə, kartof
istehsalının 1,12 milyon tona, tərəvəz və bostan
məhsulları istehsalının 1,72 milyon tona, meyvə
istehsalının isə 800 min tona çatdırılması
nəzərdə tutulmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ötən
ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə
qeyd etmişdir ki, Azərbaycan özünü dənli bitkilər
üzrə76% təmin edir. “Quş əti 74%, ət 94%, kərə
yağı 83%, süd məhsulları və süd 85%, un 94%,
şəkər 150%, yəni ki, 50%-i ixraca gedir, tərəvəz
102%, meyvə 127%- budur əsas qida məhsullarının
statistikası. Azərbaycanda heç vaxt özünü bu dərəcədə
təmin etmək imkanları olmayıb”. Prezident deyib ki, bu
gün yaranmaqda olan nəhəng sənaye kompleksləri 2-3 ilə
işə başlayacaq.
2009-cu ildə təbii iqlim şəraitinin əlverişsiz keçməsinə baxmayaraq ölkə üzrə rekord miqdarda 2988,3 min ton taxıl, 192 min ton şəkər çuğunduru, 983 min ton kartof, 178,6 min ton tərəvəz, 410,8 min ton bostan məhsulları, 718,2 min ton meyvə, 129,2 min ton üzüm, 177,1 min ton ət, 1433,1 min ton süd, 15,2 min ton yun, 1209,4 min ton yumurta istehsal edilmişdir. 2003-cü illə müqayisədə taxıl istehsalı 45%, şəkər çuğunduru istehsalı 49%, kartof istehsalı 27,8%, tərəvəz istehsalı 12,6%, bostan məhsulları istehsalı 15,2%, meyvə istehsalı 25,5%, üzüm istehsalı 98,8% artmışdır. 2009-cu ildə yanacaq və motor yağlarına görə kompensasiya olaraq əmtəə istehsalçılarına 59,8 mln. manat, buğda və çəltik səpininə görə isə 22,9 mln. manat büdcə vəsaiti ödənilmişdir. Dövlət büdcəsindən ödənilən birbaşa subsidiyalarla yanaşı, kənd təsərrüfatı əmtəə istehsalçılarına dolayı büdcə yardımı olaraq vergi güzəştlərinin tətbiqi də davam etdirilmişdir. Belə ki, 2007-ci ildə əmtəə istehsalçılarına 114 mln. manat, 2008-ci ildə 128 mln. manat, 2009-cu ildə isə 142 mln. manat vergi güzəştləri tətbiq edilmişdir.
Dövlət Proqramında qarşıya qoyulan hədəflərə nail olunması kənd təsərrüfatında geniş təkrar istehsal prosesinin uğurla həyata keçirilməsi və məhsul istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsi maddi-texniki bazanın davamlı olaraq yaxşılaşdırılmasından və istehsalın intensivləşdirilməsindən bilavasitə asılıdır. Kənd təsərrüfatı məhsulları istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsində maddi-texniki bazadan səmərəli şəkildə istifadə edilməsi mühüm rola malikdir.
Kənd təsərrüfatında maddi-texniki resursların yeniləşdirilməsi geniş təkrar istehsal prosesinin əsas motivini təşkil etməklə istehsalın intensivləşdirilməsi ilə sıx əlaqədardır. Maddi-texniki resursların iqtisadi mahiyyəti əslində əsas etibarı ilə əsas və dövriyyə fondlarının yenidən qurulmasını özündə əks etdirir. Kənd təsərrüfatında geniş təkrar istehsal prosesi də məhz əsas və dövriyyə fondlarının kəmiyyət və keyfiyyət xarakteristikalarının yüksəldilməsini özündə birləşdirir. Yuxarıda qeyd etdiyimiz kimi kənd təsərrüfatında stabil və dinamik inkişafın təmin edilməsi geniş təkrar istehsal prosesində intensivləşdirmənin rolunu davamlı olaraq yüksəltməkdədir. Kənd təsərrüfatı məhsulları istehsalının intensivləşdirilməsi nəticə etibarı ilə davamlı inkişafın təmin edilməsinin başlıca ilkin şərti kimi çıxış etməklə ərzaq bazarında yerli istehsalın xüsusi çəkisinin yüksəldilməsini özündə əks etdirir. Bu baxımdan müasir şəraitdə kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi bilavasitə istehsalın intensivləşdirilməsinə əsaslanmalıdır. İstehsalın intensivləşdirilməsi isə bütövlükdə məhsuldarlığın səviyyəsinin yüksəldilməsini özündə əks etdirməklə mahiyyət etibarı ilə geniş təkrar istehsal prosesinin uğurla başa çatdırılmasını özündə əks etdirir. Bu baxımdan kənd təsərrüfatında geniş təkrar istehsal prosesinin həyata keçirilməsində istehsalın intensivləşdirilməsinin rolunu xarakterizə edərkən bu prosesin mahiyyətinə və spesifik xüsusiyyətlərinə xüsusi diqqət yetirilməsi lazım gəlir.
İstehsalın intensivləşdirilməsinə istiqamətlənmiş tədbirlər iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatında da mühüm strateji əhəmiyyətə malikdir. Bu baxımdan klassik genetikanın və seleksiyanın nailiyyətlərindən istifadə etməklə mahiyyət etibarı ilə təbii iqlim şəraitinin zərərli təsirlərinə effektiv şəkildə uyğunluq göstərə bilən və eləcə də immunitet qabiliyyəti yüksək olan bitki sortları və heyvan cinslərinin yaradılması və onların rayonlaşdırılması kənd təsərrüfatında xüsusilə mühüm əhəmiyyətə malikdir.
Kənd təsərrüfatında intensivləşdirmənin həyata keçirilməsi bütövlükdə məhsuldarlığın səviyyəsinin yüksəldilməsinə əsaslanmaqla istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsini nəzərdə tutur. Məlum olduğu kimi kənd təsərrüfatının inkişaf etdirilməsi əsas etibarı ilə ekstensiv və intensiv formada həyata keçirilir. Kənd təsərrüfatının ekstensiv əsaslarla inkişaf etdirilməsi əsas etibarı ilə torpaq sahəsinin həcminin yüksəldilməsini və heyvanların baş sayının artırılması hesabına istehsal həcminin yüksəldilməsini özündə əks etdirir. Ekstensiv inkişaf əsas etibarı ilə texniki şəraitin dəyişməməsi şərti ilə təbii münbitliyin qorunub saxlanılmasına və ondan istifadə edilməsinə əsaslanır. Məhsul istehsalının artırılmasında intensiv vasitələrdən istifadə edilməsi isə ilk növbədə torpaq sahələrindən istifadə edilməsinin yaxşılaşdırılmasını və elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin istehsalda tətbiqi hesabına məhsuldarlığın səviyyəsinin yüksəldilməsini və istehsalın təşkili formalarının təkmilləşdirilməsini özündə əks etdirir.
Kənd təsərrüfatında ekstensiv amillər əsas etibarı ilə kənd təsərrüfatının inkişafının ilkin mərhələlərində məhsul istehsalının artırılmasında önəmli rol oynamışdır. Bundan əlavə bir sıra ölkələrdə yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi hazırda da davam edir və bu o deməkdir ki, ekstensiv inkişaf bir sıra hallarda ayrı-ayrı ölkələrin təcrübəsində hələ də tətbiq edilməkdədir. Bununla belə tarixi təcrübə göstərir ki, dünyanın əksər ölkələrində intensivləşdirmə kənd təsərrüfatının inkişafının prioritet istiqaməti kimi səciyyələnməkdədir.
Bazar iqtisadiyyatı kənd təsərrüfatının bütün sahələrində istehnsalın iqtisadi cəhətdən səmərəli şəkildə həyata keçirilməsini tələb edir. Bu baxımdan kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi üçün tam mənası ilə obyektiv şərtlər mövcuddur ki, bu şərtlərə də aşağıdakıları şamil etmək olar:
- kənd təsərrüfatı təyinatı məqsədi ilə istifadə edilən münbit torpaq sahələrinin həcminin məhdud olması;
- məhsuldar qüvvələrin inkişafı, kənd təsərrüfatında istifadə edilən əmək vasitələrinin təkmilləşdirilməsi;
- ictimai əmək bölgüsünün şərtləri;
- şəhər əhalisinin artımı və bunun nəticəsində kənd təsərrüfatı məhsullarına olan ehtiyacların yüksəlməsi.
Kənd təsərrüfatında geniş təkrar istehsalın həyata keçirilməsi baxımından istehsalın intensivləşdirilməsi heç də torpaqlardan ekstensiv şəkildə istifadə olunmasını ehtiva etmir.
Qeyd etmək lazımdır ki, kənd təsərrüfatında istər intensiv və istərsə də ekstensiv inkişaf yolunun seçilməsi əslində mövcud iqtisadi şəraitdən bilavasitə asılıdır. Bu isə əsas etibarı ilə əlavə kapital qoyuluşu imkanlarının məhdudluğu, eyni zamanda, kənd təsərrüfatı məhsullarına olan tələbin artımı və ən nəhayət istehsalın iqtisadi cəhətdən səmərəliliyi ilə bağlı şəraitin mövcudluğu halında mümkündür. Təhlil göstərir ki, bir sıra hallarda praktikada məhsul istehsalının artırılması üçün əslində inkişafın hər iki formasından eyni şəraitdə istifadə edilməsi halları mövcud ola bilər. Bu zaman nəzərə almaq lazımdır ki, kənd təsərrüfatında inkişafın ekstensiv formaları əslində iqtisadi cəhətdən səmərəli istehsal prosesini həyata keçirmək halları mümkün olduğu şəraitdə tətbiq edilə bilir. İstehsalın səmərəsizliyi baş verdiyi halda kənd təsərrüfatında ekstensiv inkişafdan imtina hallarına rast gəlinir. Ümumiyyətlə, götürdükdə istər nəzəri və istərsə də praktik tədqiqatlar göstərir ki, kənd təsərrüfatının intensivləşdirilməsi əslində geniş təkrar istehsalın əsas forması hesab olunmaqla bütövlükdə sahə vahidində məhsul çıxımının yüksəldilməsi üçün elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin istehsalda tətbiqini, eləcə də əmək məhsuldarlığının yüksəldilməsini məhsul vahidinə çəkilən xərclərin həcminin aşağı salınmasını özündə əks etdirir. Kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi əslində bir-birilə əlaqəyə malik olan üç qarşılıqlı situasiyanı özündə əks etdirir ki, bu situasiyaya da xərclər, torpaq və məhsul sxemi şamil edilə bilər. Qeyd etmək lazımdır ki, kənd təsərrüfatında geniş təkrar istehsal prosesinin həyata keçirilməsi üçün tətbiq edilən intensivləşdirmə şəraiti ətraf mühitin təsirindən də bilavasitə asılıdır. Belə ki, ətraf mühitin qorunması, eləcə də ekoloji baxımdan əlverişli şəraitin mövcud olduğu halda intensivləşmə prosesi sosial-iqtisadi cəhətdən səmərə verə bilər. Bundan əlavə intensivləşmə prosesinin həyata keçirilməsi üçün mahiyyət etibarı ilə ekoloji tarazlığa mənfi təsir göstərən amillərin mövcudluğu bütövlükdə intensivləşmə prosesinin mənfi destruktiv təzahürlərini ön plana çəkə bilir ki, məhz belə bir şəraitdə də bütövlükdə bu tendensiyadan imtina etmək vacibliyə çevrilir. Qeyd etmək lazımdır ki, son dövrlər ekoloji cəhətdən təmiz məhsul istehsalının həyata keçirilməsi məhsul istehsalında gübrələrdən və digər zərərverici bitki mühafizəsi vasitələrindən istifadə olunması hallarının məhdudlaşdırılmasına daha çox önəm verilir ki, bu da bütövlükdə əhalinin ekoloji cəhətdən təmiz məhsul istehlakının yaxşılaşdırılması ilə sıx bağlıdır.
Kənd təsərrüfatının intensivləşdirilməsi dedikdə əsas etibarı ilə maddi-texniki resursların həcminin artırılması və bu sahəyə əlavə kapital qoyuluşunun həyata keçirilməsi başa düşülür. Kənd təsərrüfatında mövcud torpaq sahəsinə daha çox vəsait qoyulması elm və texnologiyanın nailiyyətlərinin təkmilləşdirilməsi ön plana çəkilir ki, bu da ilk növbədə torpaqların iqtisadi cəhətdən münbitliyinin yüksəldilməsi hesabına məhsul istehsalının artırılması məqsədlərinə xidmət edir. Yuxarıda qeyd edilən anlayışlar nəticə etibarə ilə intensivləşmənin maddi əsasını özündə əks etdirir. İntensivləşmənin maddi əsasları həm də məhsulun keyfiyyətinin yüksəldilməsinə və əməyin ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə vəsait qoyuluşunun həcminin artırılmasını da nəzərdə tutur. İntensivləşmə prosesinin gedişində maddi xərclərin artımı ön plana çəkilir ki, bu da mahiyyət etibarı ilə əmək məhsuldarlığının və hektardan məhsuldarlığın yüksəldilməsi hesabına son nəticədə məhsul vahidinin maya dəyərinin aşağı salınmasını özündə əks etdirir və bütövlükdə adı çəkilən amillər ərzaq bazarında qiymətlərin səviyyəsinin sabitləşdirilməsinə xidmət edir və geniş təkrar istehsal prosesinin səmərəli başa çatdırılmasını qabaqlayan amillərdən biri kimi səciyyələnir.
İntensivləşmə əsas etibarı ilə əlavə kapital qoyuluşu kimi səciyyələnir ki, bu da ilk növbədə istər əmək və istərsə də maddi vəsaitlərin artırılması və məhsuldar texnologiyanın tətbiq edilməsini nəzərdə tutur və son nəticədə kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi torpaqların münbitliyinin yüksəldilməsinə və sahə vahidindən məhsul götürülməsinin yüksəldilməsini nəzərdə tutur. Bu baxımdan maddi və əmək vəsaitlərinə əlavə kapital qoyuluşu mahiyyət etibarı ilə istehsalın təşkilinin formasının dəyişdirilməsini, texnika və texnologiyanın yeniləşdirilməsini özündə əks etdirir. Texnika və texnologiyanın yeniləşdirilməsi isə ilk növbədə məhsuldarlığın və əmək məhsuldarlığının səviyyəsinin artırılması hesabına məhsul istehsalının həcminin yüksəldilməsinə təminat verir.
Kənd təsərrüfatında intensivləşmənin faktorlarını aşağıdakı üç qrupda birləşdirmək mümkündür:
- birinci qrupa daxil olan faktorlar əsas etibarı ilə kənd təsərrüfatı bitkilərinin və heyvanların məhsuldarlığının davamlı şəkildə artımını özündə əks etdirir. Bu qrupa əkinçilikdə əsas etibarı ilə gübrələmənin tətbiqini, toxumçuluqda aqrotexniki tədbirlərin həyata keçirilməsinin təkmilləşdirilməsini, yüksək məhsuldar bitki sortlarından istifadə edilməsini, suvarma və aqrotexniki tədbirlərə optimal zaman kəsiyində əməl edilməsini şamil etmək olar. Bu amillərə əməl edilməsi nəticəsində 2009-cu ildə taxıl sahələrinin hər hektarından Şəmkir rayonunda 38,9 sentner, Saatlıda 38,5 sentner, Beyləqanda 37,5 sentner, Samuxda 36,7 sentner, Sabirabadda 36,5 sentner, Bərdədə 34,6 sentner, Astarada 34,1 sentner, Tərtərdə 33,9 sentner, Hacıqabulda 33,1 sentner, İmişlidə 31 sentner məhsul əldə edilmişdir. Heyvandarlıqda isə intensivləşməni xarakterizə edən birinci qrup faktorlara əsas etibarı ilə yem bazasının möhkəmləndirilməsini, damazlıq və baytarlıq xidmətinin yaxşılaşdırılmasını, heyvanların cins tərkibinin yaxşılaşdırılmasını və s. şamil etmək olar.
-ikinci qrup faktorlara isə kənd təsərrüfatı bitkilərinin və heyvanların yetişdirilməsi ilə bağlı əmək məsariflərinin aşağı salınmasını şamil etmək olar. Bu isə bir qayda olaraq kompleks mexanikləşdirmə və kənd təsərrüfatı istehsalının elektrikləşdirilməsi və ən nəhayət əmək haqqı kənd təsərrüfatında əməyin təşkili formalarının təkmilləşdirilməsi ilə reallaşdırılır.
Kənd təsərrüfatında intensivləşdirməni şərtləndirən üçüncü qrup faktorlara əslində istehsal resurslarından səmərəli istifadə olunması ilə bağlı əlverişli mühitin yaradılmasını şamil etmək olar. Bu əsas etibarı ilə torpaq, maddi və əmək resurslarından səmərəli istifadə ilə bağlı zəruri əlverişli mühitin yaradılmasını özündə əks etdirir. Təbii ki, adı çəkilən faktorlar ilk növbədə elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin istehsalda tətbiqi ilə sıx bağlıdır. Bütövlükdə üçüncü qrup faktorlar həm də kənd təsərrüfatı istehsalında ixtisaslaşma, təmərküzləşmə və kooperasiya əlaqələrinin genişləndirilməsini, təsərrüfatçılığın və mülkiyyətin müxtəlif formalarının təkmilləşdirilməsini, kənd təsərrüfatı istehsalında iqtisadi mexanizmlərin aktiv şəkildə tətbiq edilməsini şamil etmək olar. Bundan əlavə kənd təsərrüfatında intensivləşmənin üçüncü qrup faktorlarına həm də əmək ehtiyatlarının geniş təkrar istehsalı ilə bağlı mövcud şəraiti də aid etmək olar ki, nəticə etibarı ilə kənd təsərrüfatında əmək resursları məhsuldar qüvvələrin mühüm tərkib hissəsi kimi çıxış edir. Bu qəbildən istər kənd təsərrüfatı istehsalının nəticələri və istərsə də kənd təsərrüfatında əmək resurslarından səmərəli istifadə edilməsi də nəticə etibarı ilə geniş təkrar istehsal prosesinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Kənd təsərrüfatında istehsal prosesinin həyata keçirilməsi əslində istehsal faktorları ilə məhsul istehsalının nəticələri arasında qarşılıqlı əlaqənin formalaşdırılmasından bilavasitə asılıdır. Bu baxımdan kənd təsərrüfatında məhsul istehsalının həyata keçirilməsi və bütövlükdə istehsalın yekun nəticələri əslində intensivləşmə faktorlarının düzgün şəkildə bir-biri ilə elmi cəhətdən əsaslandırılmış şəkildə əlaqələndirilnməsindən bilavasitə asılıdır. Belə ki, istər bitkiçilik və istərsə də heyvandarlıqda məhsuldarlığın səviyyəsi əslində bir qrup limitləşdirici, yəni hədləyici faktorlardan bilavasitə asılıdır ki, bu faktorlara da əslində disproporsiyaların aradan qaldırılmasını şamil etmək olar. Bu baxımdan kənd təsərrüfatında intensivləşmənin iqtisadi səmərəliliyi nəticə etibarı ilə istehsal faktorlarından balanslaşdırılmış şəkildə istifadə edilməsini və istehsal faktorları arasında disproporsiyanın aradan qaldırılmasını aid etmək olar.
Kənd təsərrüfatında istehsalın intensivləşdirilməsi əslində maddi-texniki resurslara olan tələbatının ödənilməsindən bilavasitə asılı olmaqla yanaşı, həm də maddi-texniki resurslardan səmərəli şəkildə istifadə edilməsi ilə də sıx şəkildə bağlıdır. Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı əmtəə istehsalçılarının maddi-texniki resurslara olan tələbatının ödənilməsi məqsədilə dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkə Prezidentinin 23 oktyabr 2004-cü il tarixli “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamı”na müvafiq olaraq “Aqrolizinq” ASC və onun regional filialları yaradılmışdır. 17.02.2010-cu il tarixə ölkəyə 990 taxılyığan kombayn, 3003 traktor, 140 ədəd ekskavator, 5779 ədəd kənd təsərrüfatı texnikası, 46 ədəd texnoloji avadanlıq gətirilmişdir. “Aqrolizinq” ASC tərəfindən alınaraq lizinqə verilmiş traktorların 1382 ədədi Gəncə avtomobil zavodundan alınmışdır. 2005-2009-cu illərdə ölkəyə 254,9 min ton gübrə gətirilmişdir. “Aqrolizinq” ASC-nin xətti ilə respublikaya 770 baş damazlıq düyə və 7189 ton buğda toxumu gətirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq bu fəaliyyəti genişləndirmək məqsədilə 3 mln. manat vəsait ayrılmışdır.
Kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində toxum istehsal edən əmtəə istehsalçılarına subsidiyaların verilməsi də əhəmiyyətli rol oynayır. Belə ki, 2007-2009-cu illərdə ölkə üzrə I və II reproduksiyalı toxumlara görə verilmiş subsidiyaların həcmi 9276,6 min manat təşkil etmişdir. 2007-ci ildə I və II reproduksiyalı toxum istehsal edən təsərrüfatlara verilən subsidiyaların həcmi 891,6 min manat, 2008-ci ildə 3781,4 min manat, 2009-cu ildə isə 4603,4 min manat təşkil etmişdir. 2009-cu ildə toxum istehsal edən dövlət kənd təsərrüfatı müəssisələrində məhsul istehsalının nəticələri 2004-cü illə müqayisədə yüksəlmişdir. Belə ki, 2009-cu ildə toxum istehsal edən dövlət kənd təsərrüfatı müəssisələrinin əkin sahəsi 4591 hektar olmuşdur. 2004-cü illə müqayisədə 2009-cu ildə toxum istehsal edən dövlət kənd təsərrüfatı müəssisələrində hektardan məhsuldarlığın səviyyəsi 29%, məhsul istehsalının həcmi 3 dəfə, kondisiyalı toxum istehsalının həcmi 5,5 dəfə yüksəlmişdir. Dölət kənd təsərrüfatı müəssisələri içərisində məhsuldarlığın səviyyəsi yüksək olan təsərrüfatlar içərisində Tovuz rayon 1 saylı Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsini (30,7 sentner), Beyləqan rayon “Şəfəq” Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsini (26,7 sentner) göstərmək olar.
Bir sıra kənd təsərrüfatı əmtəə istehsalçıları əsas etibarı ilə aşağı səmərəli istehsal resurslarından istifadə edirlər. Bununla əlaqədar intensivləşmənin əsas istiqamətlərinin tətbiqi kimi bütövlükdə istehsalda resursqoruyucu texnologiyanın tətbiq edilməsini şamil etmək olar. Resursqoruyucu texnologiyalar əsas etibarı ilə birbaşa əmək məsrəflərinin aşağı salınmasını, məhsulun material tutumunun aşağı salınmasını, istehsal proseslərinin səmərəli təşkilini və eləcə də torpaq resurslarından istifadə ilə bağlı ekoloji mühitin qorunub saxlanılmasını və ən nəhayət mənfəətin və məhsul çıxımının maksimum şəkildə əldə edilməsini şamil etmək olar. Kənd təsərrüfatında geniş təkrar istehsal prosesinin uğurlu şəkildə həyata keçirilməsində intensivləşmənin mühüm amili kimi növbəli əkin dövriyyəsindən istifadə edilməsi və eləcə də maşın sisteminin mövcudluğu və ixtisaslı kadrların işə cəlb edilməsi də mühüm amillərdən biridir. Qeyd etmək lazımdır ki, xüsusilə əkinçilikdə texnologiyanın təkmilləşdirilməsi intensivləşmənin başlıca amili kimi səciyyələnir və bu zaman aşağıdakı istiqamətlərin tətbiq edilməsi zəruridir:
- kənd təsərrüfatında aqrotexniki tədbirlərin həyata keçirilməsinin keyfiyyətinin yüksəldilməsi və gübrələmənin səviyyəsinin yüksəldilməsi;
- kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarından istifadə edilməsi;
- bitkilərin və eləcə də torpaqların və texnikanın səmərəli istifadə edilməsi ilə bağlı istehsalın yerləşdirilməsinin səmərəli sxeminin tətbiq edilməsi;
- kənd təsərrüfatında məhsul istehsalının bütün mərhələlərində, o cümlədən məhsul istehsalı ilə bağlı aqrotexniki tədbirlərin həyata keçirilməsi və məhsul yığımı ilə bağlı bütün hallarda texnologiyanın idarə olunmasının təkmilləşdirilməsi.
2009-cu ilin yekunları ilə bağlı cənab Prezidentin çıxışında qeyd edildiyi kimi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi kənd təsərrüfatı məhsulları istehsalının intensivləşdirilməsindən başlanır. Bu məqsədlərə nail olunması üçün ilk növbədə Kənd Təsərrüfatı Nazirliyinin və aqrar rayonların icra hakimiyyətlərinin qarşısında mühüm və həlli vacib vəzifələr durur.
Aslan ASLANOV,
Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin müavini
Xalq qəzeti.- 2010.- 28 aprel.- S. 4.