Dünya dini liderlərinin Bakı sammiti sivilizasiyalararası dialoqun gücləndirilməsinə mühüm töhfə verəcək

 

Bakıda dünya dini liderlərinin görüşləri artıq ənənəvi xarakter almışdır. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər müxtəlif dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində, bir ailə kimi yaşamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır. Biz çox şadıq ki, son vaxtlar Bakıda sivilizasiyalararası dialoqun işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlər keçirilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan dövlətində insanların əksəriyyəti islam dininə etiqad edir. Lakin burada pravoslav və yəhudi icmaları da ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlərarası münaqişələr olmamışdır. Müasir terminologiyadan istifadə etək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu deyərdik.

 

KİRİLL,

Moskvanın və Bütün Rusiyanın patriarxı

 

Son illər Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması, əməkdaşlıq əlaqələrinin genişlənməsi artıq yüksək tribunalardan da səslənməkdədir. Ölkəmizin inkişaf etmiş demokratik dövlətlərlə bir sıraya qoşulması, mötəbər beynəlxalq tədbirlərdə fəal iştirakı, belə tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın dünyada inkişaf etmiş dövlətlərdən olduğunu bir daha təsdiqləyir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir-birinin ardınca Bakıda keçirilən iri miqyaslı tədbirlər ölkəmizin milli-mənəvi sərvətlərini, adət-ənənələrini, mədəniyyətini, incəsənətini dünya miqyasında daha geniş şəkildə tanıtmışdır. Bu günlərdə dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsi beynəlxalq aləmdə Azərbaycanın nüfuz sahibi olmasından ölkəmizə böyük etimad göstərilməsindən xəbər verir.

 

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da iştirak etdikləri sammitdə 33 ölkədən dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak etmişdir. Bununla yanaşı, bu nüfuzlu tədbirə 14 mötəbər beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışlar. Belə mötəbər bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın müstəqillik tarixində böyük siyasi hadisədir. Bu, Azərbaycana və dövlətimizin başçısına dünya birliyi tərəfindən olan böyük etimad və inamın məntiqi nəticəsidir. Sözsüz ki, Azərbaycanda yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün həmin ənənin yüksək səviyyədə qorunub saxlanması və daha da inkişaf etdirilməsi ulu öndərin siyasi kursunun ləyaqətlə davam etdirilməsindən xəbər verir. Həm möhtərəm Prezidentimiz İlham Əliyevin, həm də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın dünya miqyasında daha yaxından tanınması sahəsindəki yorulmaz fəaliyyətinin nəticəsi olaraq növbəti mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi baş tutmuşdur.

Azərbaycan hələ Sovet dönəmində müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadıqları, fəaliyyət göstərdikləri məkan olmuşdur. SSRİ-nin süqutu ilə əlaqədar müttəfiq respublikalar müstəqillik qazandıqdan sonra da ölkəmizdə bu ənənə qorunub saxlanılmışdır. Bu gün Ermənistanda, ermənilərdən başqa digər millətlər yaşamır. Bu ölkədə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində digər xalqların nümayəndələri köçürülmüşdür. Əslində Ermənistan yaşamağa layiq ölkə deyil. Burada yaşayan ermənilərin səviyyələri acınacaqlı vəziyyətdədir. Belə olan halda digər xalqların nümayəndələri bu ölkədə necə yaşasınlar. Azərbaycan isə gündən-günə inkişaf edir, insanların həyat səviyyəsi getdikcə yaxşılaşır, digər xalqların nümayəndələrinə dost, qardaş münasibəti bəslənilir. Ölkəmiz dünyada sülh, əmin-amanlıq tərəfdarı kimi tanınır. Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür. Əsrlər boyu burada müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşamışlar. Ona görə də dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsi heç də təsadüfi deyil. Möhtərəm Prezidentimiz də sammitin açılış mərasimində belə bir tədbirin məhz Bakıda keçirildiyini yüksək qiymətləndirərək dedi: “Mən şübhə etmirəm bu gözəl görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır. Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxırıq. Bir tərəfdən, bunu Azərbaycanda dini və milli zəmində vəziyyətin çox yaxşı olmasının təzahürü kimi qiymətləndiririk. Bu, bizim üçün böyük bir şərəfdir. Digər tərəfdən, dinlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verə bilər, verir və verməyə davam edəcəkdir”.

Azərbaycanda dini-mənəvi mühiti əks etdirən real göstəricilər dünyanın bütün dini liderləri tərəfindən yüksək qiymətləndirilir. Son illər ölkəmizdəki tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyacların təmin olunması dövlətin daim diqqət mərkəzində saxladığı məsələlərdən olmuşdur. Bakı sammitində iştirak edən dini liderlər də bu dini məsələləri yüksək qiymətləndirmiş, Azərbaycanda digər xalqlara məxsus dini abidələrin və etiqad azadlığının yüksək səviyyədə qorunmasından məmnun qaldıqlarını bildirmişlər. Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan dövlətinin başçısı ilə görüşü zamanı sammitin belə yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar özünün və Azərbaycan pravoslav icmasının adından minnətdarlığını bildirdi, həmçinin Azərbaycan xalqının sülhsevər xalq olduğunu yüksək dəyərləndirdi. O dedi ki, Azərbaycanın daxili həyatı üçün, onu əhatə edən ölkələrlə, həmçinin dünyanın bütün ölkələri ilə münasibətlərin qurulmasında böyük əhəmiyyət kəsb edən mehriban dinlərarası əlaqələr yüksək qiymətə layiqdir.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də dini dözümlülüyü ilə diqqət çəkən Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsinə görə məmnunluğunu ifadə etdi. Hətta ermənilərin baş patriarxı katolikos II Qaregin də sammitin yüksək səviyyədə keçirilməsinə görə təşəkkürünü bildirdi. Erməni katolikosunun minnətdarlığını xüsusi qeyd etməyimiz heç də təsadüfi deyil. Çünki kimliyindən, şəxsiyyətindən, tutduğu vəzifəsindən asılı olmayaraq ermənilər heç vaxt Azərbaycan haqqında əsl reallıqları olduğu kimi deməyiblər. Onlar o qədər xəbis millətdirlər ki, Azərbaycan haqqında yaxşını dillərinə gətirə bilmirlər. Katolikas II Qaregin belə bir mötəbər tədbirdə-dünya dini liderlərinin sammitində də əsl həqiqəti deməsəydi, din xadimlərinin qınağına tuş gələrdi. O, etnik münaqişələrin mövcudluğunun bir çox dini dəyərləri təhlükə altına saldığını deyəndə, çox güman ki, öz ölkəsini nəzərdə tuturmuş. Axı, bir gün Ermənistandan başqa heç bir ölkədə digər xalqlara məxsus dini məbədgahlar yandırılmır, qəbiristanlıqlar dağıdılmır. Bu vəhşiliklər, antidini hərəkətlər yalnız ermənilərə xas olan xüsusiyyətdir. Görünür, ölkəsinin terror təşkilatlarının elə Ermənistan silahlı qüvvələrinin günahsız insanların qətlə yetirilməsindən II Qaregin də cana doyub. Çünki çıxışında azad və dinc həyata doğru getməyin vacibliyini də vurğuladı. Ancaq o unudur ki, bu sözləri qonşu dövlətin ərazisinin 20 faizini işğalda saxlayan və bir milyondan artıq dinc, günahsız əhalini öz doğma ev-eşiyindən didərgin salan Ermənistanın dövlət rəsmilərinə çatdırmaq lazımdır.

Bir faktı da diqqətə çatdırmaq istərdim. Bu sammitin keçirilməsi üçün məhz Azərbaycanın paytaxtı Bakının seçilməsi tolerantlığın xalqımızın və dövlətimizin milli-mənəvi dəyərlərindən olmasını təsdiqləyir. Bakı sammiti ölkəmizin və regionumuzun tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Belə nüfuzlu tədbirlərin vaxtaşırı keçirilməsi çox vacibdir. Çünki bu tədbirlər millətlərarası və dinlərarası münasibətlərin davamlı inkişafına daha da təkan verəcək. Bununla yanaşı, dinlərarası dialoqun ölkələr arasında yaranan münaqişələrin nizamlanmasına da müsbət təsir edəcəyi vurğulandı.

...Bakı daha bir mötəbər beynəlxalq tədbirin keçirildiyi məkana çevrildi. Sammit iştirakçılarının böyük razılıq və minnətdarlıq hissləri isə, heç şübhəsiz, Azərbaycana beynəlxalq aləmdə olan böyük etimaddan xəbər verir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 28 aprel.- S. 1.