Ordu quruculuğu sahəsində böyük uğurlar əldə olunub

 

Ali Baş Komandan İlham ƏLİYEV: Azərbaycan Ordusu bütün cəhətlərdən Ermənistan ordusundan daha da güclüdür və daha da peşəkardır

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən və ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə Azərbaycanın qarşısında dayanan taleyüklü məsələlərin həlli baxımından xüsusi tarixi əhəmiyyət daşıyır. Öz geniş və məzmunlu çıxışına ilk növbədə, ordu quruculuğu məsələlərinin həmişə dövlətin diqqət mərkəzində dayanmasını bildirməklə başlayan cənab Prezident bu sahənin dövlət rəhbərliyi tərəfindən prioritet elan olunmasını növbəti dəfə bəyan etdi və bununla da, ölkənin suverenliyi və ərazi bütövlüyü baxımından ordu mənsublarının üzərinə böyük vəzifələrin düşdüyünü ön plana çəkmiş oldu.

 

Son illər ordu quruculuğu sahəsində həyata keçirilən davamlı tədbirlər, aparılan geniş islahatlar ölkənin müdafiə qüdrətini dəfələrlə artırmış, əldə olunan uğurların miqyasını daha da genişləndirmişdir. Müvafiq yöndə son illərin təcrübəsini yüksək dəyərləndirən Ali Baş Komandan İlham Əliyev hərbi potensialımızın gücləndirilməsi məsələsini gündəlik həyatımızın ən mühüm sahəsi kimi xarakterizə etməklə, əslində, bütün ölkə vətəndaşlarını respublikamız üçün xüsusi əhəmiyyət daşıyan bu tarixi dönəmdə daha diqqətli və həssas olmağa, vahid komandanlıq altında bir güc kimi sıx birləşməyə, eyni məqsəd uğrunda mübarizəyə səslədi.

Təsadüfi deyil ki, hər çıxışında olduğu kimi, budəfəki çıxışında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tarixi köklərinə toxunan və bu istiqamətdə üzləşdiyimiz çətinliklərin əsas səbəblərini obyektiv şəkildə şərh edən respublika Prezidenti torpaqlarımızın işğalı faktını və bu işğal zamanı təcavüzkar Ermənistan ordusunun dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri, xüsusilə də, 1992-ci ildə erməni vandalları tərəfindən Xocalı soyqırımının törədilməsini, bu dəhşətli genosid nəticəsində 600-dən çox günahsız insanın həlak olmasını bir daha xatırlatmaqla, ölkənin suverenliyi və ərazi bütövlüyü istiqamətində vətəndaşlarımızın, o cümlədən ordu mənsublarının qarşısında dayanan əsas vəzifələrin ən vacib istiqamətlərini müəyyənləşdirdi. Azərbaycan dövlətinin regionda sülhü və əmin-amanlığı dəstəkləməsini və buna rəğmən yürüdülən dövlət siyasətinin əsasən dinc xarakter daşımasını ön plana çəkən ölkə başçısı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrin bu günədək yerinə yetirilməməsindən narahatlığını ifadə etdi və bunun əsas səbəbini Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması, işğalçılıq siyasətini davam etdirməsi ilə əsaslandırdı. Bu müşavirədə ölkə başçısı tərəfindən söylənilənlər Azərbaycan xalqının fikir və iradəsini ifadə etmək baxımından da xüsusi əhəmiyyət daşıyır, xalqla dövlətin birliyini növbəti dəfə əyani şəkildə nümayiş etdirir.

Təsadüfi deyil ki, müşavirədə Azərbaycanın ərazi bütövlüyünün heç vaxt müzakirə mövzusu olmayacağını bir daha dilə gətirən Ali Baş Komandan İlham Əliyev ölkəmizin rəsmi mövqeyini açıqlayaraq demişdir: “Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Ondan sonra sülh yarana bilər, bütün kommunikasiyalar açıla bilər. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və ora qayıdacaq, orada yaşayacaq azərbaycanlılar yüksək muxtariyyət statusu çərçivəsində yaşayacaqlar. Onlar vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Yəni ki, nə bu gün, nə gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək mexanizm yoxdur”.

Təbii ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqedən əl çəkməsi, işğalçılıq siyasətinə son qoyması regionda sülhün bərpasının Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa bağlılığı baxımından son dərəcə vacib bir amildir. Bu mühüm məsələyə toxunan Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülhün bərpası naminə əlindən gələni etdiyini və ölkəmizin mövqeyinin bu məsələdə həlledici rol oynadığını vurğulayaraq demişdir: “... Biz dəfələrlə bunu demişik, bu gün həyat bizim dediyimizi təsdiq edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bu bölgədə heç bir başqa məsələ öz həllini tapa bilməz. Ona görə yox ki, Azərbaycan buna etiraz edəcəkdir, - biz öz milli maraqlarımızı bütün vasitələrlə müdafiə edirik, edəcəyik və bu sahədə uğurlara nail olmuşuq, sadəcə olaraq, ona görə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə gedən proseslərə ən ciddi mənfi təsir edən amildir.”

Daim sülhü, əmin-amanlığı dəstəkləməsinə baxmayaraq, Azərbaycanın müharibə şəraitində olması günümüzün reallığıdır və bu reallıq ölkənin öz müdafiə qüdrətini daim artırmasını, ordu quruculuğu işinin həmişə diqqət mərkəzində saxlanılmasını zəruri edir. BMT-nin ən ali orqanının qəbul etdiyi qərarların icrasız qalması və dünya ictimaiyyətinin bu qərarlara, o cümlədən Ermənistanın qeyri-konstruktiv mövqeyinə biganə yanaşması Azərbaycanın regionda daha çevik siyasət yürütməsini təxirəsalınmaz bir vəzifəyə çevirir və bu vəzifə özündə ilk növbədə ordu quruculuğu işini ehtiva edir. Təsadüfi deyil ki, ölkə başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı öz çıxışında Azərbaycanda hərbi xərclərin son 5-6 ildə 10 dəfədən də çox artırıldığını, hərbi hazırlığın yüksək səviyyədə olduğunu, bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyinin hökm sürdüyünü və nəhayət, orduya xeyli sayda hərbi texnika, silah-sursat alındığını bildirdi. Bunu həm də Azərbaycanın iqtisadi imkanlarının gündən-günə artması və ölkəmizin bu sahədə son beş-altı il ərzində dünyada birinci yeri tutması ilə əlaqələndirən Ali Baş Komandan Ermənistanın Azərbaycandan müqayisəyə gəlməyəcək dərəcədə geridə qaldığını da dilə gətirdi: “ Əlbəttə, heç kimə sirr deyil ki, bu gün Ermənistanla Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm bütün başqa sahələrdə fərq çox böyükdür. Deyə bilərəm ki, bu fərq gündən-günə böyüyür və bu uçurum gündən-günə genişlənir.” Yuxarıda deyilənlərin təbii nəticəsi kimi, Azərbaycan Ordusu da Ermənistan ordusundan daha güclü, daha peşəkardır. Ermənistan silahlı qüvvələrində xidmət edən əsgərlərin kütləvi şəkildə Azərbaycan tərəfinə keçməsi və öz orduları haqqında dedikləri fikirlər Ermənistanda vəziyyətin nə qədər acınacaqlı olduğunu və erməni əsgərlərinin Azərbaycan tərəfinə keçməsinin konkret səbəblərini bir daha üzə çıxarmışdır. Bu gün Ermənistan nəinki öz ordusunu komplektləşdirmək, hətta təmas xəttinə belə əsgər göndərməkdə kifayət qədər ciddi problemlərlə üzləşib. Ölkədə demoqrafik vəziyyət dözülməz həddə çatıb. İnsan resursları tükənmək üzrədir.

Ermənistanın müvafiq yöndə üzləşdiyi problemi, səfərbərliyə alınacaq şəxslərin yaş həddini artırmaqla aradan qaldırmaq cəhdləri, təbii ki, effektli nəticə verməyəcək. Ən azı ona görə ki, ölkə vətəndaşları yerlərdəki mövcud dözülməz vəziyyətə tab gətirməyərək məcburiyyət qarşısında qalıb xarici dövlətlərə üz tuturlar. Bunun qarşılığında Azərbaycanda vəziyyət bir qayda olaraq yüksələn xətlə inkişaf edir. Əhalinin sayı gündən-günə artır. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində əsaslı dönüş yaradılıb. Ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialı artdıqca, strateji əhəmiyyətli sahələrə dövlət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı da artır. Xüsusilə, ölkənin hərbi sənayesinə külli miqdarda vəsaitin ayrılması və bu vəsaitin ilbəil artırılması müvafiq sahədə də son illər müstəsna irəliləyişlərin qeydə alınması ilə nəticələnmişdir. Belə ki, Bakıda və regionlarda son illər çoxsaylı hərbi zavodların inşası ölkənin silah-sursat baxımından idxaldan asılılığını xeyli azaltmışdır”.

Bununla belə, ölkə başçısı silah-sursat təminatı ilə bağlı Azərbaycanın öz qarşısında heç bir problem görmədiyini, müvafiq prosesin bundan sonra da yüksələn xətlə davam etdiriləcəyini xüsusi vurğulamışdır. Ümumiyyətlə, müşavirədə ölkə rəhbəri tərəfindən Silahlı Qüvvələrimizə yüksək inam və etimad göstərildiyini ifadə edən fikirlərə geniş yer ayrılmışdır. Buna cavab olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanına raport verən müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dövlət başçısına ordudakı mövcud vəziyyətlə bağlı ətraflı məlumat verərək bildirmişdir ki, dövlətimizin və hökumətimizin gündəlik qayğısı nəticəsində Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf edir, onun beynəlxalq əlaqələri genişlənir və nüfuzu artır. Cari ildə Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət göstəricilərinə nail olunmuşdur. Birinci əməliyyat eşalonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülmüş, müdafiə sistemi təkmilləşdirilmiş, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılmışdır.

Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlər artan sürətlə davam etdirilir. Daha sonra ayrı-ayrı qoşun növləri üzrə ordumuzdakı vəziyyətlə bağlı Ali Baş Komandana ətraflı məlumat verən müdafiə naziri Silahlı Qüvvələrimizin müasir standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən və aparılan islahatlardan danışdı. Qeyd etdi ki, dövlət rəhbəri tərəfindən göstərilən etimada, diqqət və qayğıya cavab olaraq bu gün Azərbaycan ordusunun şəxsi heyəti öz üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir və döyüş hazırlığını durmadan artırır. Ordu mənsubları Vətənimizin ərazi bütövlüyü və suverenliyi naminə bundan sonra da əlindən gələni əsirgəməyəcək, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirəcəklər.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2010.- 29 aprel.- S. 4.