Rənglərin poeziyasını
yaradan sənətkar
Rəssamlıq çox mürəkkəb, fitri istedad
tələb edən sənətdir. Bu gün dünyanın məşhur
rəssamlarının yüz illər əvvəl çəkdikləri
əsərlərə tamaşa edərkən bu sənətin
aliliyinə bir daha inanırsan. Azərbaycanda rəssamlığın
dəqiq yaranma tarixini demək çətin olsa da
xalqımız bu gün bu sənəti yaradanları
böyük hörmət və məhəbbətlə yad
edir. Onların adlarını sadalamaq fikrimizcə, o qədər
də vacib deyil. Amma müasirimiz olan, ancaq bu gün aramızda
olmayan rəssamlarımızı xatırlamaq, onların
yaradıcılığı ilə gənc nəsli
tanış etmək çox vacibdir. Bəhruz Kəngərli,
Əzim Əzimzadə, Səttar Bəhlulzadə və digər
rəssamlarımızın yaradıcılıq yolu əsl məktəbdir.
Elə haqqında söhbət açacağımız
Mikayıl Abdullayevin də.
Onun əsərləri
bütövlükdə milli ruhda köklənmişdi. SSRİ
və Azərbaycanın xalq rəssamı, SSRİ Dövlət
mükafatı və Beynəlxalq Cəvahirləl Nehru
mükafatı laureatı Mikayıl Abdullayev bütün
yaradıcı həyatını Azərbaycan təbiətinin,
onun qəhrəman insanlarının, tarixinin şanlı səhifələrinin
vəsfinə həsr etmişdir. Təsviri sənətimizin
inkişafında mühüm xidmətləri olan bu
böyük sənətkarın boyakarlıq və qrafika
janrında yaratdığı əsərlər incəsənətimizin
çox qiymətli səhifələrini təşkil edir. Dünyanın
bir çox ölkələrinin muzeylərində dəyərli
eksponat kimi saxlanılan Mikayıl Abdullayev
yaradıcılığının nümunələri milli mədəniyyətimizin
əsl təbliğatçılarıdır. Bu əsərlərdə
Azərbaycanın əsrarəngiz təbiəti var, milli-mənəvi
dəyərlərimiz sənətkarlıqla bu tablolarda qorunub
saxlanmışdır.
Mikayıl Abdullayev sənətinin
qüdrəti bir də onda idi ki, o, Azərbaycanımızın
rəssamlıq ənənələrini böyük
ustalıqla inkişaf etdirmiş, ona yeni çalarlar gətirmişdi.
Mikayıl müəllim
bütün əsərlərinə öz qəlbinin hərarətini
əlavə edirdi, ona görə də bu əsərlər əbədiyaşardır,
xalqımızın tarixinin rənglərdən bəhrələnən
səhifələridir. O, Vətən laləzarının
vurğunu idi.
Mikayıl Abdullayev
1921-ci ildə Bakıda doğulmuşdu. Təhsilini də elə
Bakı Rəssamlıq Məktəbində, sonra Moskvada
almışdı.
Bu böyük sənətkarın
yaradıcılığı o qədər zəngin və rəngarəngdir
ki, bir məqalədə onu bütövlükdə əks
etdirmək qeyri-mümkündür. Burada biz bu böyük
yaradıcılığın bəzi məqamları barədə
məlumat verəcəyik.
40-cı illər M. Abdullayev yaradıcılığında ilkin dövrü təşkil edir. Bu dövrdə yaratdığı tablolardan ikisinin adını qeyd etmək istərdim. Onlardan biri 1944-cü ildə çəkilmiş “Axşam”, ikincisi isə 1947-ci ildə yaradılmış “Mingəçevir işıqları” tablolarıdır. Hər iki əsər yüksək professional səviyyədə yaradılmış sənət nümunələridir və onlar bu gün də əvvəlkitək qiymətlidir və təsviri sənətimizin tarixində əhəmiyyətli əsərlər kimi dəyərləndirilir. “Axşam” tablosu, rəssamın özünün də etiraf etdiyi kimi, ən əlamətdar və məzmunlu lövhələrdən biridir. Bu əsəri yaradarkən, rəssamın cəmi 26 yaşı var idi. Burada Qarabağ milli geyimlərində təsvir edilən Azərbaycan qadınlarının surəti mənalı və gözəldir.
Mikayıl Abdullayev kənd adamlarının həyatını və məişətini böyük ustalıqla öz əsərlərinə gətirirdi. Elə “Masallı silsiləsi”ndən olan “Körpəsinin ardınca”, “Manqabaşçısı Rəxşəndə” tabloları bu mövzuda ən qiymətli əsərlərdəndir.
Bu istedadlı sənətkarın yaradıcılığında nikbin bir ruh yaşayır. O, yaratdığı əsərlərdə həmişə bu nikbinliyi qorumağa çalışır. “Tarlada”, “Lənkəranlı kolxozçu qadın”, “Abşeronda”, “Astarada çay yığımı”, “Çəltikçi qızlar” və s. əsərlərinə tamaşa edənlər bunu aydın hiss edirlər.
1957-ci ildə fırça ustası üç aylıq Hindistana yaradıcılıq ezamiyyətinə getmişdi. Vətənə qayıdarkən öz təəssüratlarını, özü ilə gətirdiyi saysız-hesabsız etüdlər, eskizlər, portretlər, mənzərələr və ayrı-ayrı həyat səhnələrinini çox qiymətli rəsm əsərlərinə çevirdi. M.Abdullayev bu silsilə üzərində on beş il məhsuldar işləmişdir. “Racastan qadınları”, “İşdən qayıdarkən”, “Benqal qızları” və başqa əsərləri bu silsilədəndir. Təsadüfi deyildir ki, o, Hindistanın Cavahirləl Nehru mükafatına layiq görülmüşdür.
Sənətşünaslardan biri yazırdı: “M.Abdullayevin sənəti bəşəriyyətin qurub-yaratmağa mənəvi əzmini ifadə etdiyi üçün, məhz bu baxımdan hər hansı əsl sənət əsəri kimi elmi kəşflərlə bərabər tutula bilər”.
M.Abdullayev tematik tablolar
ustası idi. Onun yaratdığı portretlər
qalereyasında məşhur sənət adamlarının
çox qiymətli portretləri var. “M. Qorki 1928-ci ildə
Bakıda”, “Üzeyir Hacıbəyov” , “Səməd
Vurğun”, “M.F.Axundov”, “M.P.Vaqif”, “İmadəddin Nəsimi”,
“Pianoçu F. Bədəlbəyli” və s. əsərlər
rəssamın böyük portret ustası olduğunu bir daha təsdiq
edir. Eyni zamanda, unudulmaz rəssam qrafika əsərlərinin -
illüstrasiya və kitab tərtibatı nümunələrinin
müəllifi kimi də tanınırdı. Onun “Kitabi Dədə
Qorqud” dastanına, Füzulinin “Leyli və Məcnun”
poemasına, Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” mənzum
əsərinə, Süleyman Rəhimovun və bir çox
başqa qələm sahiblərinin
yaradıcılıqlarına çəkdiyi təsvir
nümunələri oxucular tərəfindən maraqla
qarşılanmışdı. Rəssamın kətan üzərində
yaratdığı obrazlar - “Yüz yaşlı usta”, “Şair
Süleyman Rüstəm”, “Ornament ustası Lətif Kərimov”,
“Yazıçı Həsən Seyidbəyli” bu gün də
tamaşaçıların zövqünü oxşayır.
Ustad sənətkarı həmkarlarından fərqləndirən
bir cəhəti heç unutmaq olmur. Onun zəngin biliyi, bənzərsiz
müşahidələri vardı. Deyərdi: “Hər gün ən
azı 4 saat mütaliə edirəm, 2 saat yazıram, 8 saat
molbert önündə dayanıram”. Bakının
küçələrini gəzər, Dənizkənarı
parka çıxardı. 1970-80-ci illərdə onun “Kommunist”,
“Ədəbiyyat və incəsənət”, “İzvestiya”,
“Literaturnaya qazeta” qəzetlərində, “Azərbaycan”,
“Qobustan” jurnallarında sənət haqqında dəyərli məqalələri
dərc olunmuşdu. Mərhum kinorejissor Həsən Seyidbəyli
deyirdi ki, “Nəsimi” bədii filmində Nəsimi rolunu oynayacaq
aktyoru seçməyimdə Mikayıl Abdullayevin eyniadlı məşhur
tablosu imdadıma çatdı.
Yeri gəlmişkən,
fırça ustasının fantaziya və təfəkkürünün
vəhdətindən yaranmış həmin portret milli təsviri
sənətimizin qızıl fonduna daxil olmuş boyakarlıq
nümunələrindən biridir. Azərbaycanın
iftixarı Üzeyir bəy Hacıbəyovun naturadan portretini
çəkməsindən qürur hissi ilə
danışardı: 1943-cü ildə dünya şöhrətli
bəstəkarın yağlı boya ilə obrazını
yaratmışdım. Əsər Üzeyir bəyin çox
xoşuna gəlmişdi. Onu muzeyə verməyib, evində
saxladı. Məni görüşünə
çağırıb pul təklif etdi. Götürmədim.
Çünki Moskvada Ali Rəssamlıq Məktəbində təhsil
alanda, bir çox tələbələr kimi, mənə də
qayğı, yardım göstərmişdi”.
M.Abdullayevin
yaradıcılığında Bakı metrosunun “Nizami”
stansiyasının interyerinin tərtibatı da xüsusi yer
tutur. Oradakı təsvirlər mozaika sənətinin ən
gözəl nümunələri kimi zövq oxşayır.
Metronun bu stansiyasını yeraltı muzey də adlandırmaq
olar. Rəssamın teatrımızın inkişafında da
xidməti çox olmuşdur. O, “Leyli və Məcnun”,
“Koroğlu” operalarına, Niyazinin “Çitra” baletinə bədii
tərtibat vermişdi. Görkəmli bəstəkar Fikrət Əmirov
onu “Bəstəkar ürəkli rəssam”
adlandırmışdı. Qədirbilən
tamaşaçılarla rənglərin diliylə
danışan mahir fırça ustası tez-tez onların
görüşünə gedər, ölkəmizi oba-oba gəzərdi.
Ürəkaçan nə görərdisə, min bir həvəslə
kağız-kətan üzərində əbədiləşdirərdi.
Onun yaratdığı məktəbin
yetirmələri olan onlarca sənətkar bu gün milli rəssamlıq
sənətimizin inkişafına xidmət etməkdədir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 29 aprel.- S. 8.