AFFA AccessBankla müqavilə imzaladı

 

Park İNN otelində AFFA ilə AccessBank arasında sponsorluq əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirin aparıcısı, tanınmış şoumen Murad Dadaşov mərasimi açaraq AFFA ilə AccessBank arasında əməkdaşlığın Azərbaycan futbolunun inkişafında xüsusi rol oynayacağını bildirib.

 

Sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev mərasim iştirakçılarını salamlayaraq dedi: “Ölkəmizdə futbolun inkişafı üçün AFFA tərəfindən müxtəlif tədbirlər, yeni layihələr həyata keçirilir. Respublika Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəaları yerinə yetirilir. Sevindirici haldır ki, futbolumuzda qazanılan nailiyyətlər, əldə olunan uğurlar ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin AFFA ilə əməkdaşlıq etməsinə marağı gücləndirir. İnanıram ki, bu gün AFFA ilə AccessBank arasında imzalanan əməkdaşlıq və sponsorluq haqqında müqavilə Azərbaycan futbolunun inkişafına öz töhfəsini verəcək”.

Çıxışına iştirakçıları Azərbaycan dilində salamlamaqla başlayan AccessBankın İdarə Heyətinin sədri Endryu Pospilovski bildirib ki, AccessBank Azərbaycanda bir çox sahələrin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. O, AFFA ilə rəhbərlik etdiyi bankın birgə fəaliyyətinin Azərbaycan futbolunun inkişafında, milli komandalarımızın uğurlu nəticələr əldə etməsində xüsusi rol oynayacağına əminlik ifadə etdi.

AFFA AccessBankın rəhbərlərinin çıxışından sonra tərəflər arasında müqavilə imzalandı. Rövnəq Abdullayev üzərində futbolçuların imzaları olan Azərbaycan milli komandasının formasını Endryu Pospilovskiyə, AccessBankın İdarə Heyətinin sədri isə üzərində 500 avroluq əskinas həkk olunmuş rəmzi hədiyyəni AFFA prezidentinə təqdim etdi.

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsa söz verildi. Almaniyalı mütəxəssis AFFA ilə AccessBank arasında sponsorluq əməkdaşlıq müqaviləsinin bağlanmasını yüksək qiymətləndirərək, bu münasibətlə millinin, eləcə aşağı yaş qruplarından ibarət yığma komandaların üzvlərini təbrik etdi.

Çıxışlar başa çatdıqdan sonra səhnəyə İsraildən dəvət olunmuş, topla janqlyorluq məharətinə görə adı iki dəfə Ginnesin rekordlar kitabına düşmüş Eyal Horon çıxdı. O, müxtəlif idman növlərində - futbol, reqbi, tennis - istifadə olunan topları çiləməklə mərasim iştirakçılarına əyləncəli anlar yaşatdı.

Mərasimdəki digər əyləncəli məqam da, Bakıda keçirilmiş top festivalının qalibi olan Rəhman Şabanovun tədbirdə top çiləmək məharətini növbəti dəfə nümayiş etdirməsi oldu.

Tədbir başa çatdıqdan sonra jurnalistlər üçün brifinq keçirildi. AFFA-nın prezidenti Rövnəq Abdullayev, AccessBankın İdarə Heyətinin sədri Endryu Pospilovski Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

 

 

İlqar

 

Xalq qəzeti.- 2010.- 29 aprel.- S. 7.