Dövlət qayğısı yüksək nailiyyətlərə etibarlı təminatdır

 

Ölkəmizin qocaman neft-qazçıxarma müəssisəsi — “Bibiheybətneft” NQÇİ-nin kollektivi son illər neft və qaz hasilatına dair plan-tapşırıqları, bir qayda olaraq, vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurlarından ruhlanan Bibiheybət neftçiləri ölkənin sosial-iqtisadi tərəqqisinə, neft sənayesinin dinamik inkişafına mühüm töhfələr verməyə çalışırlar.

 

İlin əvvəlindən uğurlu start götürən idarənin “qara qızıl” ustaları birinci rübdə 29 min 600 ton əvəzinə 29 min 639 ton neft hasil etmişlər. Hesabat dövründə idarə üzrə nəzərdə tutulmuş 3 milyon 340 min kubmetr əvəzinə 5 milyon 203 min kubmetr qaz hasil olunub dövlətə təhvil verilmişdir ki, bu da plan tapşırığının 155,8 faiz yerinə yetirilməsi deməkdir.

“Bibiheybətneft” NQÇİ-nin rəisi İlqar Həmzəyev neft və qaz hasilatı sahəsində qazanılmış yüksək nailiyyətləri idarə üzrə həyata keçirilən təşkilati-texniki tədbirlərlə əlaqələndirərək dedi:

— Kollektivimiz hasilatın sabit saxlanması məqsədilə işlək quyu fondu üzərində mühəndis işlərini son zamanlar daha da gücləndirmiş, fəaliyyətsiz quyuların bərpa edilib yenidən istismara buraxılmasına, eləcə də geoloji-texniki tədbirlərin səmərəli şəkildə həyata keçirilməsinə diqqəti xeyli artırmışdır.Belə ki, 2010-cu ilin ilk rübündə mədənlərdə 167 geoloji-texniki tədbir həyata keçirilmiş və bunun da hesabına 1333 ton neft hasil olunmuşdur. Bu isə nəzərdə tutulduğundan 65 ton çoxdur. Bundan əlavə, quyuların sabit rejimdə işləməsini təmin etmək məqsədilə mədənlərdə yeraltı və əsaslı təmir işləri də vaxtında və keyfiyyətlə yerinə yetirilir. Cari ilin yanvar-mart aylarında idarəmizin təmir briqadaları tərəfindən 1465 yeraltı və 53 əsaslı təmir işi görülmüşdür. Eyni zamanda, hesabat dövründə istehsalatda yeni texnologiyaların tətbiqi də yüksək iqtisadi səmərə ilə müşayiət olunmuşdur.

Hazırda fəaliyyətsiz quyu fondu üzərində məqsədyönlü tədbirlərin həyata keçirilməsi də yüksək səmərə verir. Məhz buna görə də əvvəllər fəaliyyəti dayandırılmış quyuların yenidən işə salınmasına diqqət getdikcə artırılır. Təkcə onu demək kifayətdir ki, 2010-cu ilin yanvar-mart aylarında fəaliyyətsiz fonddan 2 quyu yenidən işlək fonda qaytarılmış və bunun da hesabına 61 ton əlavə neft çıxarılmışdır.

“Bibiheybət” yatağının istismara başlanılmasından 160 ildən artıq vaxt ötməsinə baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Ona görə də son zamanlar yatağın ərazisində qazma işlərinə diqqət xeyli artırılmışdır. Təkcə onu demək kifayətdir ki, 2010-cu ilin birinci rübündə qazmadan istismara 5 quyu daxil edilmişdir. Yeni quyulardan isə 303 ton “qara qızıl” hasil edilmişdir.

Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, son illər Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyinin rəhbərliyi neft və qaz hasilatını həyata keçirən neft və qazçıxarma idarələrinə diqqət və qayğını xeyli artırmışlar. Məhz bu qayğı və diqqətin nəticəsidir ki, işçilərimizin xüsusi geyim vasitələri ilə təminatı, əmək haqlarının vaxtlı-vaxtında ödənilməsi, məzuniyyətlərdən vaxtında və səmərəli istifadə edilməsi, həmçinin sosial sferada məqsədyönlü işlərin həyata keçirilməsi mümkün olmuşdur. Son illər mədənlərdə iş şəraitinin yaxşılaşdırılmasına yönəldilən iri miqyaslı işlər görülür. Belə ki, 2010-cu ilin 3 ayı ərzində ümumilikdə işçilərə 14 min 812,5 manat məbləğində maddi yardım edilmişdir. Əməkçilərin iş şəraitinin yaxşılaşdırılması üçün xüsusi texnika sexinin inzibati binası yenidən tikilmiş və müasir tələblərə cavab verən mebel və otaq avadanlıqları ilə təchiz olunaraq istifadəyə verilmişdir. Həmçinin idarə aparatı üçün tikilən inzibati bina tam hazır vəziyyətdədir. Mebel alınması üçün sifariş verilmiş və yaxın vaxtlarda istismara verilməsi gözlənilir. Bundan əlavə, 4 saylı neft və qazçıxarma sexinin ərazisində fəhlələrin soyunub-geyinmə korpusunun tikintisi başa çatdırılmış və hazırda burada kommunikasiya avadanlıqlarının quraşdırılması işləri gedir...

Məlum olduğu kimi, son illər Azərbaycanda ekologiyanın qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu sahədə işlərin günün tələbləri səviyyəsində qurulması üçün dövlətimizin başçısı, Prezident İlham Əliyev 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan etmişdir. Hazırda Dövlət Neft Şirkətində iri miqyaslı ekoloji layihələr həyata keçirilir. Bu baxımdan Bibiheybət zonasında görülən işlər diqqəti xüsusilə cəlb edir. “Bibiheybətneft” NQÇİ-nin rəisi İlqar Həmzəyev bu barədə dedi:

— Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006—2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq Bibiheybət zonasında ekoloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar son zamanlar çox mühüm işlər görülmüşdür. Belə ki, Bibiheybət zonasında təmiz ekoloji mühitin yaradılması məqsədilə mədən ərazilərində mezaniki və bioloji rekultivasiya işləri davam etdirilir. Neftlə çirklənmiş ərazilərin 174 hektar sahəsində mexaniki və bioloji rekultivasiya işləri tamamlanmış, 4,8 hektar əraziyə münbit torpaq qatı verilmişdir. Həmin ərazidə 6050 ədəd şam və zeytun ağacları əkilmişdir. 2 saylı neft və qazçıxarma sexinin35 hektar ərazisində neftlə çirklənmiş sahədə mexaniki rekultivasiya işləri aparılmışdır.

Qarşımızda duran ən vacib məsələlərdən biri də çirklənmiş torpaq sahələrinin təmizlənməsi və neftçıxarmada yeni texnika və texnologiyadan istifadə etməkdir. Belə ki, sutka ərzində idarəmizin neftlə bərabər çıxarılan lay sularının təkrarən laya qaytarılması üçün geniş tədbirlər planı hazırlanır. Hazırda bu plan əsasında 3 saylı neft və qazçıxarma sexinin yeni neft-yığım məntəqəsinin tikilməsi və 1 saylı sexdə 5 min kubmetr həcmində lay sularının tutum anbarının tikintisi sürətlə davam etdirilir. Bu obyektin 2010-cu ilin ortalarına kimi istismara verilməsi nəzərdə tutulur. Bu layihələrdən sonra laydan çıxan sular qapalı sistem vasitəsilə təkrarən laya vurulacaq. Bu da gələcəkdə bizə imkan verəcək ki, neft hasilatını yüksəldək və mədən ərazisini çirklənmədən qoruyaq.

Bildiyiniz kimi cənab Prezident 2010-cu ili “Ekologiya ili” adlandırmışdır və bu da bizə imkan verir ki, cari ildə mədən ərazisində olan çirkli torpaqları təmizləyək və həmin ərazilərdə yeni ağac və kol bitkiləri əkək. Yeri gəlmişkən, 2010-cu ilin payız mövsümünədək 14 hektar ərazidə yeni münbit torpaq qatının verilməsi və salınacaq yaşıllıq sahəsində 14450 ədəd müxtəlif növ ağacın əkilməsi nəzərdə tutulmuşdur...

 

 

Mirbağır Yaqubzadə

 

Xalq qəzeti.- 2010.- 29 aprel.- S. 7.