Elektron kitabxana sistemi: ümumi informasiya mərkəzinin yaradılması zəruridir

 

Ali məktəb kitabxanaları ali məktəblərin struktur bölmələri arasında önəmli yer tutur. Yüksək ixtisaslı kadrların hazırlanmasında ali məktəb kitabxanalarının rolu danılmazdır. Təxmini hesablamalara görə, kitabxana təhsil aldığı dörd il müddətində hər bir tələbəyə, oxu zallarından əlavə, azı 30-40 dəfə müxtəlif növ xidmət göstərir.

 

Tədris prosesində olduğu kimi təlim-tərbiyə işində də kitabxana kadr hazırlığında yaxından iştirak edir. Ali məktəb kitabxanalarında işin düzgün təşkili oxuculara yüksək xidmət göstərmək deməkdir. Hazırda ölkəmizdə ali məktəb kitabxanalarının fəaliyyətini dünyanın ən qabaqcıl ali məktəb kitabxanaları səviyyəsinə çatdırmaq günün tələbi kimi qarşıda durur. Dünyada İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) sürətli inkişafı və kitabxana işinə tətbiqi Azərbaycan ali məktəb kitabxanalarında bu sahəyə diqqəti artırmağı tələb edir.

Təsadüfi deyil ki, 2003-cü ilin dekabrında Brüsseldə hökümət və dövlət başçılarının informasiya cəmiyyəti mövzusunda sammitində kitabxanaları “informasiya cəmiyyətinin ürəyi” adlandırmışlar. Dövlətin inkişaf səviyyəsi onun əhalisinin intellektual səviyyəsi ilə ölçüldüyündən, kitabxanaların əhəmiyyətli rolundan danışmağa dəyər.

Azərbaycan ali məktəb kitabxanalarında elektron texnologiyaların tətbiqinə keçən əsrin 70-ci illərindən təşəbbüs göstərilmişdir. O dövrdə informasiya kommunikasiya texnologiyaları kifayət qədər inkişaf etməmişdi. İlk dəfə olaraq BDU-nun Elmi kitabxanasında “ERA” və “VEQA” surətxıçarma aparatlarından istifadə edilirdi. Bu cihazlar əslində sırf kitabxana işində heç bir effekt vermir, yalnız onda bəzi sənədlərin surətləri çıxarılırdı. 1990-cı illərdən başlayaraq bütün dünya kitabxanalarında, o cümlədən ali məktəb kitabxanalarında informasiya texnologiyaları geniş tətbiq edilməyə başlandı.

Azərbaycanın ali məktəb kitabxanalarında yeni informasiya texnologiyalarının tətbiqinə dövlət səviyyəsində diqqət yetirilir. Respublikamızın Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin may ayında imzaladığı “Azərbaycan ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda ali məktəb kitabxanalarının işinin və onların təminatının günün tələblərinə cavab vermədiyi, elektron kitabxana və dərsliklərin elektron variantının yaradılması işinin ləng getdiyi qeyd edilir, ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq informasiya kommunikasiya şəbəkəsinə qoşulmasının təmin edilməməsinin narahatlıq doğurduğu bildirilir. Bu barədə Prezidentin imzaladığı digər sənəd “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2009-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının tətbiq edilməsi” adlanır. Bu sərəncamda ölkədə olan bütün kitabxanalarda fondun komplektləşdirilməsi mexanizminin elektron variantının yaradılması və kompyuterləşdirilmiş kitabxana-informasiya şəbəkələrinin yaradılması vəzifəsi qarşıya qoyulur.

Ali məktəb kitabxanalarında informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, ali məktəbdə yerinə yetirilən elmi-tədqiqat, tədris prosesini daha yüksək səviyyədə aparmaq, onların informasiya tələbatını daha yüksək səviyyədə ödəmək üçün tədris-informasiya vasitələrinin inkişafı tələb olunur. Ancaq bu halda ali məktəb kitabxanaları texnoloji cəhətdən yeniləşdirilmiş elmi-tədris mərkəzinə çevrilə bilər.

Azərbaycan ali məktəb kitabxanalarında bütün respublikanı əhatə edə biləcək informasiya strukturu yaratmaq mümkündür. Respublika ali məktəb kitabxanalarında yeni informasiya texnologiyaları bu və ya digər şəkildə az da olsa, tətbiq edilir. BDU-nun Elmi kitabxanasında bu sahədə xeyli iş görülmüş, lokal şəbəkə yaradılmışdır. Bütün ali məktəb kitabxanalarında bu sahədə görülən işləri birləşdirib, vahid informasiya mərkəzi yaratmaq günün tələbidir. Bunun üçün də növbədə elektron kitabxana formalaşdırılmalı, elektron kataloq tərtib edilməlidir.

Vahid elektron informasiya mərkəzi yaradılarkən hər bir ali məktəb kitabxanasının xüsusiyyəti, fərdi cəhətləri, profili, oxucu kontingentinin tərkibi nəzərə alınmalıdır. Mərkəzləşdirilmiş İnformasiya Mərkəzi - yeni Elektron Kitabxana və Elektron kataloq ali məktəb kitabxanaları arasında ən qabaqcılında təşkil oluna bilər.

Ali məktəb kitabxanalarında mərkəzləşdirilmiş informasiya mərkəzi yaradarkən bütün iştirakçı kitabxanalar birlikdə layihə hazırlamalı, zəruri texniki məsələlər həll edilməlidir. Proyektin planı hazırlanarkən, dünya miqyasında istifadə edilən standartlardan, qabaqcıl təcrübədən istifadə edilməlidir. Proyekt elə qurulmalıdır ki, elektron kitabxana və kataloqun bütün sistemləri layihənin texnologiyasına uyğun gəlsin. Müxtəlif bilik sahələrinə aid ədəbiyyatın elktron variantı təsnifata uyğun olaraq, elə verilməlidir ki, lazım gəldikdə orada dəyişiklik etməyə imkan olsun.

Hər bir ali məktəbin yaratdığı məlumat bazası universitetin profilinə uyğun spesifik olmaqla bərabər, həm də ümumi məlumat bazasına malik olur. Bütün bu məlumat bazaları hər bir kitabxanada fayllar şəklində saxlanılaraq, avtomatik olaraq mərkəzləşdirilmiş məlumat bazasına ötürülə bilər.

Bu işi düzgün təşkil etmək üçün mərkəzləşdirilmiş informasiya mərkəzini idarə edən kitabxanalararası şəbəkə yaradılmalı, şəbəkə müasir texniki avadanlıqlar və bu sahəni yaxşı bilən mütəxəssislərlə təmin edilməlidir.

Şəbəkədə informasiya ehtiyatlarının yalnız vahid axtarış sistemi ilə deyil, həm də kitabxanaların şəbəkəyə daxil olan saytında verilmiş siyahı üzrə həyata keçirilməsi təmin edilməlidir. Mərkəzləşdirilmiş məlumat bazasında şəbəkədənkənar, internet vasitəsilə onlayn rejimi üzrə də axtarış təmin olunmalıdır. Bu rejim distansiya təhsil sistemi üzrə də böyük əhəmiyyət kəsb edər.

Ali məktəb kitabxanalarında mərkəzləşdirilmiş informasiya mərkəzinin yaradılması ilə respublika ali məktəb kitabxanalarının fondunda olan 20 milyon nüsxə dərslik və elmi ədəbiyyatdan bütün ali məktəblərin oxucularının istifadə etməsinə imkan yaranar.

Bu sistemin yaranması bütün ali məktəb kitabxanalarında ümumi fənlər üzrə ədəbiyyatın alınması ehtiyacını azaldar ki, bu da dövlət vəsaitinə xeyli qənaət deməkdir. Tələbə və müəllimlər istədiyi vaxt, istənilən yerdə elektron rabitə vasitəsilə kitabxanadan istifadə edə bilər.

Nəzərə alsaq ki, Azərbaycan ali məktəbləri Avropa təhsil sisteminə inteqrasiya olunur, onların kitabxanaları da Avropa təhsil sistemində fəaliyyət göstərən kitabxanalar səviyyəsinə çatdırılmalıdır. Bu barədə düşünməyin vaxtıdır.

 

 

Zülfünaz HƏSƏNOVA,

BDU-nun Elmi kitabxanasının

elmi-biblioqrafiya və informasiya

şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2010.- 29 aprel.- S. 7.