Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımla əlaqədar Türkiyədə fotosərgi nümayiş etdirilmişdir

 

Azərbaycanın dünya miqyasında da geniş tanınması, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri terror aktları, soyqırımları barədə məlumatların dünya ictimaiyyətinə daha əhatəli çatdırılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Ötən il Türkiyənin ən böyük turizm bölgələrindən biri olan Alanyada Dağlıq Qarabağla bağlı broşürlərin çap olunması və orada əcnəbilərə paylanması böyük rezonans doğurmuşdur. Parlament Jurnalistləri Birliyi tərəfindən həyata keçirilən bu aksiya Alanya Qəzetçilər Cəmiyyətinin (AQC) dəstəyi ilə baş tutmuşdu.

 

Bu ilin əvvəllərində Alanya Qəzetçilər Cəmiyyətinin üzvlərindən ibarət nümayəndə heyəti Bakıya gəlmişdi. Onlar Bakıda, eləcə də Qubada oldular, ermənilərin azərbaycanlılara və digər millətlərə qarşı törətdikləri vəhşiliklərin dəhşətli nəticələrinə şahidlik etdilər. Bu səfər zamanı Xocalı soyqırımı və digər faciələrimizlə əlaqədar Alanyada, Ankarada və Türkiyənin digər şəhərlərində fotosərgilərin keçirilməsi barədə razılıq əldə olundu. AzərTAc-da keçirilən görüşdə bu təşəbbüs yüksək qiymətləndirildi və tədbirin 31 Mart — Azərbaycanlıların soyqırımı ərəfəsində keçirilməsi qərara alındı. Martın 30-da Alanyada, 31-də isə Türkiyənin paytaxtı Ankarada “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımları fotolarda” adlı fotosərgi təşkil olundu.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşəbbüsü və dəstəyi, habelə Parlament Jurnalistləri Birliyinin (PJB) iştirakı ilə Türkiyə Qəzetçilər Federasiyası (TQF) və Alanya Qəzetçilər Cəmiyyətinin (AQC) köməyi ilə keçirilən fotosərgidə ermənilərin 1918-ci ildə Azərbaycanın müxtəlif regionlarında törətdikləri kütləvi qırğınları, 1990-cı il 20 Yanvar qətliamını, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını, habelə 1988-1994-cü illərdə erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri digər dəhşətləri, eləcə də tarixi-mədəni abidələrin faciəvi aqibətini əks etdirən fotolar nümayiş etdirilmişdir. Bu tədbirdə Alanya Qəzetçilər Cəmiyyətinin sədri Məhmət Əli Dim, AzərTAc-ın əməkdaşı Xətai Əzizov və PZB-nın sədri Elşad Eyvazlı çıxış edərək, sərginin əhəmiyyətindən danışmış, ermənilərin zaman-zaman türklərə və azərbaycanlılara qarşı irəli sürdükləri əsassız ərazi iddiaları, erməni vəhşilikləri barədə ətraflı məlumat vermişlər.

Bu ilin əvvəllərində Azərbaycana səfəri çərçivəsində Qubadakı kütləvi məzarlığı ziyarət etdiyini vurğulayan Məhmət Əli Dim ermənilərin 1918-ci ildə Azərbaycanda törətdikləri qətliamlardan dəhşətə gəldiklərini bildirmişdir. O demişdir ki, sərgini təşkil etməkdə əsas məqsəd bir daha dünya ictimaiyyətinin diqqətini bu cür faciələrə yönəltməkdir. Bu şəkillərə baxdıqdan sonra hamıya aydın olur və faktlar bir daha sübut edir ki, əsl soyqırımını məhz ermənilər törətmişlər.

Ötən il broşürləri yayan zaman iki erməni Alanyanın mərkəzi küçələrinin birində tədbirə mane olmaq istəmişdi. O zaman bir amerikalı onlara sərt şəkildə demişdir ki, siz həqiqətən də qəddarsınız. Bunu faktlar da təsdiqləyir. Tədbirin açılışına mane olmaq istəyən ermənilər bir-iki gün qabaq sərgi barədə küçələrdə asılmış elanları cırıb atmağa cəhd göstərmişdilər. Lakin onların bu planı da baş tutmamışdı, əksinə sərgi daha geniş təşkil olundu və çox böyük rezonans yaratdı. Tədbirdə iştirak edən AzərTAc-ın əməkdaşı X. Əzizov bildirdi ki, sərginin açılışında Alanyanın bələdiyyə sədri Hülusi Doğan da çıxış etmişdir və o, sərginin təşkilinin qardaş Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. Sədr bu cür sərgilərin təşkilinin vacibliyini qeyd etmiş, rəhbərlik etdiyi qurumun belə tədbirlərə hər cür dəstək verməyə hazır olduğunu bildirmişdir.

Sərgini ziyarət edənlər arasında Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu, Azərbaycanın erməni daşnaklarından azad olunmasında əvəzsiz xidmətləri olmuş Ənvər Paşanın nəvəsi Osman Mayatəpə, Alanyanın rəsmiləri, siyasi partiyaların və ictimaiyyətin nümayəndələri, alman, ingilis, polyak turistləri də olmuşlar. Bu tədbir bir həftə davam etmişdir.

Martın 31-də isə Türkiyə Jurnalistlər Federasiyasının, AzərTAc-ın və PJB-nin təşkilatçılığı ilə Ankarada “Azərbaycanda erməni zülmü fotoşəkillərdə” adlı sərgi açılmışdır.

Ermənilərin Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri qətliamları əks etdirən sərginin açılışında Baş nazir Rəcəb Tayyib Ərdoğanın məktubu oxundu. Bundan başqa, sərgidə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının, MHP, CHP və digər partiyalarının liderlərinin müraciətləri də səsləndirilmişdir. Onlar da bu cür sərgilərin təşkilinin ermənilərin iç üzünün açılmasında mühüm rol oynadığını bildirmişlər. Bütün bunlar sərginin yüksək səviyyədə təşkilindən və keçirilməsindən xəbər verir. Sərginin açılışında Türkiyə Nazirlər Kabineti Mətbuat və Nəşriyyat İdarəsinin baş direktor əvəzi Salih Mələk çıxış etmişdir. O da bu sərginin bütün dünyada saxta “soyqırımı” təbliğatı aparan ermənilərə daha bir layiqli cavab olduğunu bildirmişdir.

Türkiyə Jurnalistlər Federasiyasının sədri Atilla Sertel də öz ürək sözlərini demiş və belə bir tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Sərgi aprel ayında da davam etdirilmişdir.

Ankarada olarkən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu sərginin iştirakçısı olan azərbaycanlı nümayəndələrlə görüşmüşdür. Bu görüşdə Azərbaycan–Türkiyə əlaqələri, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Türkiyədə təşkil olunmuş fotosərgilərin əhəmiyyəti, Azərbaycan – AŞPA münasibətlərinin genişləndirilməsində mətbuatın rolu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. AŞPA-nın sədri Ankarada və Alanyada təşkil olunmuş sərgilərin əhəmiyyətindən danışmış, bu cür tədbirlərin zəruriliyini vurğulamışdır.

Onu da deyim ki, bu tədbirin davamı olaraq aprelin 22-də İzmirdə də fotosərgi açılmışdır. İzmir Jurnalistlər Cəmiyyəti, AzərTAc və PJB-nin birgə təşkil etdikləri “Azərbaycanda erməni zülmü fotolarda” mövzusunda sərginin açılışında İzmirdə səfərdə olan Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və İzmir şəhər bələdiyyəsinin sədri Əziz Kocaoğlu çıxış edərək iki qardaş ölkədə qondarma “erməni soyqırımı” təbliğatına qarşı aparılan işlərdən bəhs etmişlər.

X. Əzizov söhbət zamanı sərgilərin təşkilində, broşürlərin çap edilərək yayımlanmasında göstərdikləri dəstəyə və yüksək səviyyəli təşkilatı işlərə görə AzərTAc-ın baş direktoru Aslan Aslanova, bu işdə öz köməkliyini əsirgəməyən Milli Məclisin deputatları Çingiz Əsədullayevə, Novruz Aslana, Nazim Məmmədova, Hacı Fərrux Zeynalova, Əhəd Əhmədova və Alanyadakı iş adamı Xudaverdi Məmmədova minnətdarlığını bildirdi.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 29 aprel.- S. 7.